Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə

 

Sizi - məktəbinizin müəllim kollektivini, şagirdləri və məzunlarını Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məktəbiniz milli təhsil sisteminin inkişafına və maarif-mədəniyyət tariximizə dəyərli töhfələr vermişdir. Ədəbi-ictimai fikrimizin bir çox görkəmli simalarının təhsil aldıqları bu tədris müəssisəsi yarandığı vaxtdan bəri ölkəmizdə mütərəqqi fikirli yeni ziyalılar nəslinin və milli kadrların yetişməsində, mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər göstərmişdir.

Şuşa şəhər məktəbi maarifpərvər insanların fədakar əməyi sayəsində uzun illər respublikamızın zəngin təcrübəyə malik bir ümumtəhsil ocağı olaraq tanınmışdır. Burada vaxtilə görkəmli alimlər, mədəniyyət və incəsənət xadimləri təhsil almışlar. Məktəbin məzunları bu gün də ölkəmizin sosial-iqtisadi, mədəni-intellektual potensialının artırılmasında bilik və bacarıqlarını əsirgəmirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız doğma yurd-yuvalarından didərgin salınmış, silahlı erməni quldur dəstələri tərəfindən işğal altına alınan torpaqlarımızda, o cümlədən xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadisosial infrastruktur büsbütün dağıdılmışdır. Şuşa şəhəri 1 nömrəli orta məktəb 1992-ci ildən Bakı şəhərində məskunlaşmaq məcburiyyətində qalmışdır. Məktəbiniz ötən illərdə özünün pedaqoji ənənələrini qoruyub yaşatmaq üçün böyük əmək sərf etmişdir. İnanıram ki, məktəbin müəllim kollektivi gənc nəslin mənəvi saflığı, bilikləri lazımınca mənimsəməsi və yurdumuzun layiqli övladları kimi yetişdirilməsi naminə bundan sonra da var qüvvə ilə çalışacaqdır.

Hamınıza cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 1.