Xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət daim qayğı göstərir

 

Xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət daim qayğı göstərir. Bu fikir Fransada təhsil alan azərbaycanlı gənclərlə ölkəmizin nümayəndə heyətinin görüşündə səsləndirilmişdir.

Azərbaycan Prezidentinin xaricdə təhsil alan gənclərə diqqət və qayğısının davamı olaraq dekabrın 5-də Azərbaycanın Fransadakı səfirliyində bu ölkənin müxtəlif ali təhsil ocaqlarının azərbaycanlı tələbələri ilə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin deputatı və "İrəli" ictimai birliyinin sədri Ceyhun Osmanlı, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərov və nümayəndə heyətinin digər üzvlərinin görüşü təşkil edilmişdir.

Görüş dövlət və qeyri-dövlət proqramları üzrə təhsil alan azərbaycanlı tələbələrin problemləri və qayğıları ilə ümumi tanışlıq xarakteri daşımışdır.

Toplantını açan səfir Elçin Əmirbəyov həm tələbələri, həm də nümayəndə heyətini salamlamış, tədbirin əsas məqsədinə diqqəti cəlb edərək 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Fransadakı tələbələrimizin təhsili, onların və məzunların təşkilatlanması, Azərbaycanda baş verən bütün proseslər barədə fransız ictimaiyyətini məlumatlandırmaqda rolu və sair məsələlərin müzakirəyə çıxarıldığını bildirmişdir.

E.Əmirbəyov canlı debatda tələbələri fəal olmağa, onları düşündürən problemlərlə yanaşı, hər hansı təkliflərini səmimi şəkildə nümayəndə heyətinə çatdırmağa çağırmışdır.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Prezident İlham Əliyevin sərəncamına əsasən 2007-2015-ci illərdə xaricdə təhsil alan tələbələrin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə Dövlət Proqramının qəbul edildiyini xatırlatmış, bugünkü toplantıda proqramın necə həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılmasının vacibliyini vurğulamışdır.

Xaricdə təhsil alan gənclərlə ilk görüşə Fransadan başladıqlarını diqqətə çatdıran nazir növbəti görüşün İngiltərədə, daha sonra isə digər ölkələrdə təhsil alan və məzun olmuş gənclərlə keçiriləcəyini bəyan etmişdir. O, belə görüşlərin heç də formal xarakter daşımadığını, gələcəkdə davam etdiriləcəyini bildirmişdir. Son vaxtlar Avropada "Azərbaycan gəncləri həftəsinin" keçirildiyini xatırladan A.Rəhimov noyabrın sonlarında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin birinci konqresinin keçirilməsinin, Berlindəki Humbolt Universitetində "Azərbaycan tarixi" kafedrasının açılmasının ölkəmizlə bağlı həqiqətlərin onun hüdudlarından uzaqlarda tanınması istiqamətində mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etmiş, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun dünyanın ayrı-ayrı ölkələrində təhsil alan gənclərin bir araya gəlməsində böyük rol oynadığını bildirmiş və Fransada təhsil alan tələbələri bu təşkilata üzv olmağa və onunla birlikdə fəaliyyət göstərməyə, səfirliklərlə və ölkəmizdəki müxtəlif qurumlarla sıx əlaqələr yaratmağa və onları düşündürən, narahat edən problemləri onlarla bölüşməyə çağırmışdır.

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov xaricdə təhsil alan gənclərlə Dövlət Proqramının qəbul edildiyi vaxtdan üç il ötsə də, belə bir görüşün ilk dəfə keçirildiyini qeyd etmiş və bildirmişdir ki, bu görüşlər Avropanın başqa şəhərlərində də həyata keçiriləcəkdir. Qarşıda Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya və digər ölkələr durur. Əsas məqsədimiz tələbələrin vəziyyəti ilə yaxından tanış olmaq, yaşayışınız, təhsiliniz, gördüyünüz işlərlə bağlı məlumat əldə etməkdən ibarətdir. Bilmək istəyirik ki, həm dövlət, həm də qeyri-dövlət xətti ilə bu gün burada təhsil alan və yaşayan azərbaycanlı gənclər nə ilə məşğuldurlar, hansı ideyalara xidmət edirlər? Digər tərəfdən, bilirik ki, bəzi məişət qayğıları ilə də rastlaşırsınız. Məhz səfərimizin əsas məqsədlərindən biri də qarşılaşdığınız belə problemləri sizinlə daha yaxından müzakirə etməkdən, tələbələrə kömək göstərməkdən ibarətdir.

Digər önəmli məsələ isə diaspor işinin təşkilində yeni bir mərhələyə keçməkdir. Hamınıza aydındır ki, indi ciddi informasiya müharibəsi gedir. Bizə düşmən olan ölkə bu məsələdə həddən artıq fəaldır. İnformasiya mübarizəsində dövlətimiz əlindən gələni edir. Aydın məsələdir ki, təkcə dövlət qurumları informasiya mübarizəsi ilə bağlı bütün işləri həyata keçirə bilməz. Bu sahədə dövlət həm vətəndaş cəmiyyətinə, həm də xaricdə təhsil alan gənclərə arxalanır.

Nəhayət sonuncu məsələ kimi sizin həyat perspektivlərinizi müzakirə etmək istəyirik. Sizin bu gün formalaşmağınızdan, hansı həyati perspektivləri qarşınıza qoymağınızdan, hansı addımları atacağınızdan asılı olaraq, biz də öz işimizi bu istiqamətdə qurmalıyıq ki, vətənə qayıtdıqdan sonra sizin işlə təmin olunmağınız öz həllini tapsın.

Şöbə müdiri böyük nümayəndə heyətinin bu səfərə gəlişinin heç də təsadüfi xarakter daşımadığını, dövlətimizin başçısının xaricdə təhsil alan gənclərə qayğı və diqqətinin təsdiqi olduğunu xüsusi vurğulamışdır.

Təhsil nazirinin müavini Elmar Qasımov Prezident Administrasiyasının bu görüşə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, bu görüşün keçirilməsindən əsas məqsəd xaricdə təhsil alan gənclərin problemləri ilə müvafiq qurumların yaxından tanış olması və onları yerindəcə həll etməsindən ibarətdir. E.Qasımov bildirmişdir ki, hazırda Dövlət Proqramının icrası ilə bağlı əsasən iki təşkilat - Təhsil Nazirliyi və Dövlət Neft Fondu məşğuldur. İndiyədək 766 tələbə Dövlət Proqramı ilə əhatə olunmuşdur. Onların arasında 34 gənc Fransanın ali məktəblərində təhsil almaqdadır. Artıq məzun adını qazanmış 36 keçmiş tələbəmiz hazırda ölkəmizdə çalışır. Bir neçə aydan sonra 100-ə yaxın gəncin diplom alması gözlənilir. Tam məsuliyyət hissi ilə deyə bilərəm ki, Dövlət Proqramı çox uğurla həyata keçirilir və artıq bu proqramın bəhrələri görünür.

Bir neçə gün əvvəl vaxtilə Fransada təhsil almış iki məzunla söhbət etdiyini xatırladan E.Qasımov onların Lion şəhərindəki Tibb Universitetini uğurla bitirdiklərini və ölkəmizdə dərhal işlə təmin edildiklərini diqqətə çatdırmış, bugünkü tələbələri onlardan nümunə götürməyə çağırmışdır.

Dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən Dövlət Proqramının çox faydalı sənəd olduğunu bildirən nazir müavini proqramın əhəmiyyətindən bəhs etmişdir.

Xaricdə təhsil alan gənclərin təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə toxunmuş E.Qasımov bəzi tələbələrin lazımi sənədləri vaxtında təqdim etmədiklərindən müəyyən narazılıqlar yarandığını, nanotexnologiya, mühəndis və tibb ixtisasları üzrə kadrlara böyük ehtiyac olduğundan dövlətin bu sahə üzrə gənclərin xaricdə təhsil almalarında maraqlı olduğunu bildirmişdir.

E.Qasımov tədris prosesində çox yüksək nəticələr əldə edən bir qrup tələbəyə təşəkkür etmiş, doğma Azərbaycanın adını, onun imicini yüksək tutmağa çağırmışdır.

Nümayəndə heyətinin səfəri çərçivəsində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təqdimat mərasimi keçirilmişdir. ASAİF-in sədri Orxan Əkbərov rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri barədə məlumat vermiş, 10 illik fəaliyyət dövründə 32 ölkədə təmsil olunduqlarını qeyd etmişdir.

Təşkilatın Azərbaycanın maraqlarına xidmət etdiyini diqqətə çatdıran O.Əkbərov ASAİF-in milli dəyərlərə bağlı fəaliyyət göstərməyi, müasir dünyaya inteqrasiya etməyi, ölkədən kənarda gənclərimizin təşkil etdiyi tədbirlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verməyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə düzgün çatdırmağı, ali təhsil aldıqları müəssisələrdə "Azərbaycan günləri" və "Erməni işğalına yox deyək" aksiyalarını təşkil etməyi, xarici kütləvi informasiya vasitələrində ölkəmizin həqiqətləri ilə bağlı yazılar dərc etdirməyi, tələbə gənclərin diasporun təşkilatlanmasına və fəaliyyətinə cəlb olunması, Xocalı faciəsinin hər il qeyd edilməsi, BMT və digər beynəlxalq təşkilatların ölkəmizin ərazisinin işğalı ilə bağlı qərar və qətnamələrinin təhsil aldıqları və yaxud yaşadıqları ölkələrin vətəndaşlarına olduğu kimi çatdırılmasını özünün əsas fəaliyyət proqramı kimi qəbul etdiyini bildirmişdir.

Sonda nümayəndə heyətinin üzvləri tələbələrin xaricdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi, ordu sıralarına çağırılması, mütəxəssislərin Azərbaycanda işlə təmin olunmaları və digər məsələlərlə bağlı suallarına ətraflı cavab vermişlər.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 2.