Azərbaycanın
özü qədər əbədi
Bol günəşli,
məlahətli bir may günü idi. İstanbulda
qatıldığım tədbirdə Rumıniyanın
keçmiş Prezidenti İon İlieskunu gözüm
aldı. Dərhal yaxınlaşıb
Azərbaycandan olduğumu və müsahibə
üçün bir neçə dəqiqəlik
müsaidəsini rica etdiyimi bildirdikdə, səlis ruscası
ilə - Məgər Heydər Əliyevin yerlilərinə
etiraz etməkmi olar? Məmnuniyyətlə! - dedi və
dərhal da vaxt təyin etdi.
"Əgər
səndən soruşsalar - kimsən? - onda kimliyini
göstərən sənədləri, ya da pasportunu
göstərə bilərsən. Xalqdan kimliyini
soruşanda isə o, sənədəvəzi öz alimini,
yazıçısını, rəssamını,
bəstəkarını, siyasi xadimini, sərkərdəsini
göstərir".
Rəsul
Həmzətovun məşhur "Mənim
Dağıstanım" kitabını uzaq
tələbəlik illərində mütaliə
etmişəm.
Ədəbi materialı daha çox pritça
üzərində qurulduğundan yaddaşıma ilişib
qalan məqamları az deyil. Yuxarıda
gətirdiyim iqtibas da həmin kitabdandır. Bizdə də bu xüsusda söylənmiş
çox ibrətamiz və müdrik bir ifadə var. Deyirlər
ki, hər bir kəsi evində öz adı,
məhəlləsində atasının adı, vətənindən
uzaqlarda isə məmləkətinin adı ilə
tanıyırlar.
Azərbaycanın
bəşər mədəniyyətinin yaddaşına yaza
biləcək ismi az deyil. Dədə
Qorqudu, Babəki, Nizamisi, Füzulisi var bu məmləkətin.
Üzeyiri, Mirzə Cəlili, Əli bəy Hüseynzadəsi,
Heydər Əliyevi, istənilən millətin tarixinə
öyünc və güvənc ola
biləcək onlarla müqtədiri var bu diyarın.
Azərbaycan bu
gün 50 milyondan artıq azəri türkünün
hamısına qucaq aça bilməsə də,
hamımızı bu odlar diyarının adı ilə
tanıyırlar. Ancaq bu coğrafi tanıtım başqa
ölkələrinkindən bir qədər fərqlənir.
Təyini söz birləşməsinin bir
tərəfini neftlə yanaşı, həm də Heydər
Əliyevin adı təşkil edir. Dağlı
şairin təbirincə desək, artıq dünyanın
hər hansı bir guşəsində şəxsiyyət
vəsiqəsi əvəzinə Heydər Əliyevin yerlisi
olduğumuzu desək, kifayət edər.
Tam yeddi ildir
ki, Azərbaycan öz varlığını Heydər
Əliyevsiz sürdürür. O millət xoşbəxtdir ki, onun
övladları tarix kitablarını
vərəqləyərkən bu cür
fövqəlinsanın, vətənkeş dövlət
xadiminin canbir, qanbir azərbaycanlısı olduğunu
öyrənəcək və bundan intəhasız qürur
duyacaqdır. Çünki Heydər Əliyev
tək azəri türklərinin deyil, - mən türkəm -
iftixarını bölüşən hər bir türkün,
bütün türk dünyasının mənəvi
mirasıdır. O, qosqoca tarixin hələ də azman
şəxsiyyətlər yetirməyə qadir olduğunu
öz varlığı ilə isbatlayan nadir dühalardan biri
idi.
Hər bir insanın
qəlbində ən həzin xatirələrinin uyuyub ünvan
tapdığı bir hücrə var. Ürəyimizi
isidən, şirin duyğularımızı hər yada düşdükcə
çalxalayan, köksümü qabardan həmin
xatirələrin bir qismi də türk dünyasının
iftixarı və həmişəyaşar möcüzəsi
sayılan Heydər Əliyevlə bağlıdır.
Böyük dövlətçi idi Heydər Əliyev
Heydər
Əliyev Azərbaycanın, Türkiyənin və
bütün türk dünyasının böyük
dövlət adamı olaraq daim xatırlanacaq, görkəmli
lider kimi yada salınacaq.
S. Dəmirəl
"Dövlət,
ümumiyyətlə, yaşamaq üçün deyil,
xoşbəxt yaşamaq üçün qurulur..." Qədim yunan filosofu Aristotelin "Politika"
əsərində dövlətin lokomotiv prinsipinin təsvir
olunduğu bu müddəa ümummilli liderin
dövlətçilik konsepsiyasının əsas qayəsini
təşkil edirdi.
Bu gün
əsas nailiyyətimiz sayılan ictimai-siyasi sabitliyin
davamlı prosesə çevrilməsi, onilliklər boyu
xalqın iqtisadi rifahını təşkil edəcək yeni
neft strategiyasının hazırlanması, dövlətin
mövcudluğunu şərtləndirən hüquqi-siyasi
islahatların aparılması və bu kimi digər
mütərəqqi proseslər də həmin konsepsiyanın
vacib elementlərindəndir.
Milli
iftixarımız Heydər Əliyev dövlətpərəst
şəxsiyyət idi. Onun millət qarşısında ən
böyük tarixi xidmətlərindən biri məhz
güclü və nüfuzlu Azərbaycan dövlətini
qurmasıdır. Bu gün siyasi
məfkurə və baxışlarından asılı
olmayaraq hamı etiraf edir ki, Heydər Əliyev müasir
Azərbaycanın həqiqi müstəqilliyinin
memarıdır.
O, siyasi sabitliyi təmin
etməklə yanaşı, demokratik dövlət modelini
həyata keçirməyə başladı. Ulu
öndərin Azərbaycan dövlətçiliyi uğrunda
apardığı fəal mübarizə, siyasi əzm və
qətiyyət, vətəndaş cəsarəti insanı
təkrar-təkrar heyrətə gətirir.
Ulu
öndərin xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasdakı uğurlu və cəsarətli addımları,
milli məqsədlər naminə ən nüfuzlu
kürsülərdən bacarıq və məharətlə
istifadə etməsi Azərbaycan dövlətçiliyinin
gələcəyi baxımından son dərəcə
əhəmiyyətli fəaliyyət idi.
Heydər
Əliyev siyasi kursu bütün istiqamətlərdə
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanması, möhkəmləndirilməsi və inkişaf
etdirilməsi prinsiplərinə söykənir. Hüquqi
dövlət quruculuğu, ölkənin iqtisadi və sosial
inkişafı, Azərbaycanda mülki cəmiyyətin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
problemlərinin həlli, milli-mənəvi inkişaf
istiqamətində görülən işlər
bütünlüklə müstəqillik amilinin praktiki
baxımdan bərqərar olmasına yönəlmişdir.
Onun
idarəçilik qabiliyyətindən, dövlətçilik
dərslərindən söhbət açmaq bütöv bir
tarixi mərhələyə işıq tutmaq, dəqiq və konkret
elmi-nəzəri fikirlərə əsaslanan bir təlimdən
bəhs etmək kimi məsuliyyətli bir işdir. Zəka və
müdrikliyi ilə bəşər övladını
təkrar-təkrar heyrətləndirməkdən qalmayan
Heydər Əliyev dühası zəngin fikir və hikmət
xəzinəsi idi. Akademik Ramiz Mehdiyevin
fikrincə, "Belə bir tarixi simanın tədqiqinə
müxtəlif yöndən - onun şəxsiyyət və
dövlət xadimi kimi öyrənilməsi, yaxud onun
formalaşıb siyasi lider kimi təşəkkül
tapdığı mühitin müfəssəl təhlili
yönündən yanaşmaq mümkündür. Onun dövlətçilik fəaliyyətinin müxtəlif
mərhələlərinin təsviri kimi geniş
yayılmış yanaşma da məqbul sayıla
bilər".
Azərbaycanda
milli dövlətçiliyin təşəkkülünün
əsas ideya və yolları barədə müntəxəbat
fikirlərini Heydər Əliyev 1992-ci ildə yaratdığı
Yeni Azərbaycan Partiyasının siyasi platformasında əks
etdirmişdi.
Ulu öndər hələ 1990-cı ilin yazında deyirdi:
"İstəyirəm ki, xalqımız
mütəşəkkil olsun, Milli qürur hissi daha da
güclənsin, tariximizi sevək, Vətən
qarşısında xidməti olan insanların qədrini
bilək". Bu fikirlərini
söyləyərkən Heydər Əliyevin ən ülvi
və qocaman arzusu xalqın birliyinə, bütün
azərbaycanlıların həmrəyliyinə
söykənən milli dövlətin yaradılması
olmuşdur.
Heydər Əliyevin
onilliklərə söykənən təcrübəsi və
siyasi uzaqgörənliyi iqtisadiyyat, milli siyasət,
mədəniyyət, elm, təhsil, səhiyyə,
xüsusən neft strategiyası, xarici siyasət, milli ordu
quruculuğu və digər sahələrin yeni məzmunda
formalaşdırılmasına rəvac verdi.
Heydər Əliyev milli dövlətçiliyin
təməllərinin sarsılmazlığını elə
təmin etdi ki, bu gün hər bir vətənpərvər
Azərbaycan vətəndaşı bu dövlətçiliyin
əbədi yaşayacağına qətiyyətlə
inanır. Ümummilli lider sübut etdi ki,
güclü iqtisadiyyata, müstəqil xarici siyasətə,
demokratik imicə, mənəvi yüksəlişə malik
olmayan xalq güclü dövlət qura bilməz.
Müasir Azərbaycan adlı əsərin
müəllifidir
Heydər Əliyev
Heydər
Əliyev Azərbaycanın simvolu idi. O, Azərbaycanla ilgili hər şeyi
dünya səviyyəsinə qaldıra bildi. İqtisadi
layihələrlə ölkəsinin gələcəyini
təmin etdi.
B. Şaffer
Ulu öndərin
müstəqil dövlət konsepsiyasında azərbaycanlılara
bir çağırış var. O, dövlətçiliyi
sevmək və müasirləşmək yolları haqda
kifayət qədər zəngin irs qoyub
gedib.
Ümummilli
liderin formalaşdırdığı və inkişaf etdirdiyi
azərbaycançılıq fəlsəfəsi
Azərbaycanın müasir dünyada yerini müəyyən
etdi, milli dövlətçiliyimizin ideya əsasına
çevrilərək dünya azərbaycanlılarının
həmrəyliyi üçün möhkəm zəmin
yaratdı. Azərbaycan ziyalısını son
yüzilliklərdə ən ciddi bir şəkildə
düşündürən milli dirçəliş
problemləri bütöv şəkildə Heydər Əliyevin
həmin illərdəki fəaliyyəti ilə strateji
dövlət siyasətinə, elmdən, sosiologiyadan və
fəlsəfədən əməli siyasət
müstəvisinə keçdi.
Azərbaycanın
iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft
müqaviləsi ölkə iqtisadiyyatının dinamik
inkişafının əsasını qoydu və bu gün
onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın
iri beynəlxalq layihələrdə iştirakı,
Böyük İpək yolunun bərpası, transmilli
nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən
keçməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
çəkilişi Heydər Əliyevin uzaqgörən
siyasətinin bəhrəsidir.
Bu gün siyasi
baxışlarından asılı olmayaraq, obyektivlik hissini
itirməyən hər bir azərbaycanlı müasir
Azərbaycan dövlətinin qurucusunun Heydər Əliyev
olduğunu etiraf edir. Zəngin mənəviyyata və
dünyagörüşünə, konkret həyat amalına
malik kamil şəxsiyyət olan ulu öndər
dövrünün problemlərinə əsl
vətəndaş təəssübkeşliyi ilə
yanaşmış, xalqının nicatına, təminatlı
gələcəyinə xidmət edən savab
əməllərin sahibinə çevrilmişdir. Hələ Azərbaycana birinci rəhbərliyi
dövründə böyük təzyiqlərlə,
təqiblərlə üzləşməsinə baxmayaraq,
Heydər Əliyev heç bir riskdən
çəkinməyərək əzmkar fəaliyyəti
ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili,
mədəniyyəti, milli adət-ənənələri
və düşüncə sistemi barədə dolğun
təsəvvürlər formalaşdıra bilmişdir.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli
rəhbərliyinin ən sanballı göstəricisi də
məhz Azərbaycançılıq məfkurəsinin, milli
ruhun hədsiz yüksəlməsi, milli
özünüdərkin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi
fundamental prinsiplər əsasında milli
dövlətçilik arzularının və hisslərinin
güclənməsi, real siyasi amilə çevrilməsidir. Həmin illərdə ulu öndər dövlət
müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və
hüquqi addımlar atmış və ciddi nailiyyətlər
əldə etmişdir.
Heydər
Əliyev Azərbaycan dövlətinin bütün
sahələri kimi, onun xarici siyasətini də ən
mürəkkəb, çətin
mərhələlərdən keçirərək bu
siyasətin ən taleyüklü mərhələsini
çiyinlərində daşıyıb. Bu siyasi kursun
başlıca cəhətlərindən olan
balanslaşdırma prinsipi Azərbaycanda marağı və
geosiyasi iddiası olan böyük dövlətlərin
maraqlarını nə qədər uzlaşdırıbsa, bir
o qədər də Azərbaycanın milli, dövləti
mənafelərinə uyğun olub. İndi
həmin siyasət, sadəcə, bacarıqla, təmkinlə
və ən əsası, qətiyyətlə davam etdirilir.
Heydər
Əliyev ən yeni Azərbaycanın tarixinə iyunun 15-ni
Qurtuluş günü kimi yazmış insandır. Onun nadir
idarəçilik məziyyətlərindən biri kimi siyasi
konynkturanı milli maraq və dövlətçilik
mənafelərinin məxrəcinə gətirə bilmək
istedadı çıxış edirdi. İdarəçilik
məsələlərində onun üçün ikinci
dərəcəli heç nə yox idi. Məhz
Heydər Əliyev xalqın istək və arzularını
onun dövlətçilik ənənələri, milli maraq
və mənafeləri üzərində kökləyə, bu
qüdrətli və təbii qaynaqdan düzgün istifadə
etməklə dilindən, dinindən və milliyyətindən
asılı olmayaraq ölkə ərazisində yaşayan
bütün insanların həyati maraqlarını vahid
məqsəd - dövlətçilik ideyası
ətrafında birləşdirə bilmişdi.
Heydər
Əliyev həmişə birləşdiricilik missiyasından
çıxış edib. Onun qismətinə
Azərbaycan xalqını birləşdirmək, bütövləşdirmək,
gücləndirmək missiyası yazılmışdı.
Və O, buna vəzifə, borc deyil, funksional zərurət, bir
qədər də irəli getsək, mənəvi
çağırış, alın yazısı,
labüdlük kimi baxıb.
Mənəviyyat mücəssəməsi idi Heydər
Əliyev
H.Əliyev
işıqlı, geniş, təhlükəsiz Xalq Evi kimi
müstəqil dövlət yaratmağı arzulayırdı. Prezidentliyinin on ili ərzində bunun üçün çox
işlər görə bildi.
O. Süleymenov
O, vicdanlı,
şərəfli, ləyaqətli, comərd bir ömür
yaşadı. Bu ömrün
səhifələri nəslimizin mənəvi
boyartımının güzgüsü olmağa layiq və
qadirdir. Bu ömür tarixə
cahanşümul sərkərdələr, filosoflar, söz
xiridarları bəxş etmiş bir millətin son 30 ildə
gəldiyi keşməkeşli yolun əxlaq kodeksi, mənəviyyat
əlifbası olmağı bacardı. Heydər
Əliyev istər məişətdə, istərsə də
siyasi həyatda son dərəcə səmimi, harizmatik,
təvazökar və yüksək dərəcədə
alicənab bir şəxs idi. Ürəyinin
dərinliyindən çeşmə təki
pıqqıldayıb gözlərinə,
çöhrəsinə axan şirin təbəssümü
istənilən adamı tərksilah edirdi.
O, ətrafındakılardan
da mənəviyyatlı, vicdanlı, ədalətli
olmağı tələb edirdi.
O öyrədirdi ki,
sərvət toplamaq, dünyanın ən ləzzətli
təamlarını nuş etmək, son dəblə
geyinmək mümkündür, insanın imkanları
daxilindədir. Amma hər bir insan və
millət ilk öncə özünün mənəvi varidatına
sahib çıxmalıdır, adət-ənənəsini,
mental dəyərlərini qorumalıdır.
Gələcək nəsillərə bəlkə də
iqtisadi mirasdan daha çox mənəvi irs
ərməğan edilməlidir.
2001-ci ilin avqustunda
özünün mənəviyyatla bağlı məşhur
bəyanatında ulu öndər deyirdi: "...Biz öz
milli-mənəvi dəyərlərimizi,
adət-ənələrimizi, əxlaqi dəyərlərimizi
qorumalıyıq və gənc nəsli sınaqdan
keçmiş bu mənəvi-əxlaqi dəyərlər
ruhunda tərbiyələndirməliyik".
Heydər
Əliyev prinsipsiz, qətiyyətsiz, iradəsiz, yarınmaq
xatirinə əl çalmaqdan əli, məddahlıqdan dili,
çoxüzlülükdən sifəti qabar
bağlamış buqələmun adamları xoşlamazdı. Təəssüflər
olsun ki, belələri o vaxt da olublar, elə indinin
özündə də çoxdurlar.
Heydər
Əliyev insanlardan həmişə konkret mövqe
tələb edib. Lazımi anda, lazımi məqamda mövqe
nümayiş etdirmək bacarığı, təpəri,
sədaqəti. Çünki konkret mövqeyi olan,
prinsipial adama hansı məfkurə
daşıyıcısı olmasından asılı olmayaraq
iş tapşırmaq, etibar etmək olar.Heydər Əliyev
Azərbaycanın körpəsindən ixtiyarınadək
hamıya bacardığı yaxşılığı etdi. Bəzən yaxşılıqlarına pisliklə
cavab verib nankorluq etsələr, müxənnət
çıxsalar da, ərliyindən,
yaxşılığından sonadək qalmadı.
Heydər
Əliyev bütün zamanlar üçün bizim
mənəvi peyğəmbərimiz olaraq qalacaqdır.
Ən böyük
azərbaycanlı idi Heydər Əliyev
H.Əliyev
müasir Azərbaycanın inkişafının
təməlini qoyan dövlət xadimi kimi
xatırlanacaqdır. Onun qoyduğu irs unudulmayacaqdı.
lord C. Robertson
"Hər bir
insan üçün milli mənsubiyyəti onun qürur
mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun
də fəxr edirəm ki, mən Azərbaycanlıyam" -
ulu öndərin dilindən səslənən və
günü bu gün də azərbaycançılıq
fəlsəfəsinin aparıcı leytmotivinə, əsas
qayəsinə çevrilmiş həmin qürur dolu etiraf
dünya azərbaycanlılarını vahid milli-mənəvi
başlanğıcda, özgün mental dəyərlər
çətiri altında bir araya gəlməyə
səsləyən taleyüklü çağırışa
çevrilmişdir.
Heydər
Əliyev hər bir postulatı özü tərəfindən
hazırlanmış və dövlətçilik elminin
nəzəri-metodoloji əsası kimi
dəyərləndirilməyə layiq mükəmməl bir
Əliyevçilik nəzəriyyəsini yaratdı. Akademik Ramiz Mehdiyev həmin
nəzəriyyənin əsas qayəsini bu cür
görür:
"... Müstəqil
Azərbaycanın təməl prinsipi olan Əliyevçiliyin
əsas qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik,
ədalətlilik, demokratiya, milli tərəqqi,
bəşərilik və bu kimi məfhumlar təşkil
edir".
Azərbaycan
ziyalılarını son yüz ildə ən çox
düşündürən milli dirçəliş,
mənəvi-estetik intibah problemləri
bütövlükdə Heydər Əliyevin fəaliyyəti
ilə strateji dövlət siyasətinə, elmdən,
sosiologiyadan və fəlsəfədən əməli
siyasət müstəvisinə keçmişdir.
Heydər
Əliyevin milli azadlıq strategiyası öz mənbəyini
1969-cu ildən götürmüşdür. Açıq-aşkar
olmasa da, O, mövcud ideoloji qəliblər hüdudunda
daxilən böyük bir sistemə qarşı
müxalifətdə qalaraq Azərbaycanda milli ruhun
təşəkkülünə və inkişafına
kömək etdi. O, dar regionçuluq
düşüncəsini azərbaycançılıq
fəlsəfəsi ilə əvəz etməyi bacardı.
Heydər Əliyev
idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi
istiqamətləri kimi aşağıdakı koordinatları
göstərmək olar: xalqın milli özünəqayıdış
və özünüifadəsinin bütün forma və
vasitələrinin geniş vüsət alması və milli
şüurun yüksəlməsinə təkan verən
sürətli inkişaf strategiyası.
Heydər
Əliyev müstəqil Azərbaycanı öz
arzularının üfüqündə daha real
gördüyündən milli məfkurənin
yüksəlişi və xalqın milli dövlətçlik arzularının
daha da güclənməsi üçün dövlət
quruculuğu sahəsində onun həyata keçirdiyi
mühüm işlərdən biri Azərbaycanın xarici
aləmlə ən çeşidli əlaqələrinin
genişlənməsinə göstərdiyi səyləridir. Prezident olmaq
mümkündür. Buna
vətəndaşların qanunla təsbit olunmuş
hüquqları da imkan verir. Ancaq Heydər
Əliyev kimi Prezident olmaq mümkün deyil. O öz
adı ilə vəzifəsini, ölkəsini tanıtdıran
nadir insanlardan idi.
Üzünü Azərbaycan
dövlətçiliyini dağıtmaq
istəyənlərə tutan Heydər Əliyev deyirdi:
"Mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün böyük nailiyyət hesab
etmişəm və bu müstəqilliyin əldə
olunmasına xidmət etmişəm. Bundan sonra
ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf edəcəyəm".
Təbiət
insanı xəlq edərkən ona mühüm fizioloji
qabiliyyətlə yanaşı, ağıl, idrak,
təfəkkür kimi əqli məziyyətlər də
bəxş edir. Bu nemətdən kiminə az,
kiminəsə çox pay düşə bilər. Burada da təbiətin təbii seçmə qanunu
hökmünü ortaya qoyur. Ancaq
bütün istedad və qabiliyyətləri özündə
ehtiva edə bilən insanlar da var ki, onlara kamil insan, siyasi
dildə isə lider deyirlər. Heydər
Əliyev məhz belə bir lider şəxsiyyət,
böyük azərbaycanlı idi.
Bakını övladı qədər sevirdi Heydər
Əliyev
H.Əliyevdə insanı
ən çox onun planet miqyasında siyasi
uzunömürlüyü heyran edir... Tarix bu
şəxsiyyəti təkcə öz xalqına deyil, həm
də başqa xalqlara son dərəcə mürəkkəb
tarixi bir məqamda göndərmişdir.
Al. Adler
Ulu
öndər Bakını ən dərin və səmimi
məhəbbətlə sevdiyini dəfələrlə
bəyan etmişdir. Bu intəhasız sevgi, vətəndaş
vurğunluğu və səlahiyyət
qayğısının bir-birindən gözəl saraylara,
sosial-mədəni və sənaye təyinatlı obyektlərə,
paytaxtın simasına bir özgə gözəllik,
təkrarolunmaz hüsn bəxş edən tikililərə
hopmuş izlərini üç onillikdən artıqdır ki,
seyr edirik.
Heydər
Əliyev fitrətən qurub-yaradan insan idi. Bu istedad
və həvəsini Bakının timsalında xüsusi
canfəşanlıq və məhəbbətlə həyata
keçirirdi. Bəli, doğrudan da,
əgər bu gün paytaxtda məhz ulu öndərin
respublikaya rəhbərliyi və cənab İlham Əliyevin
Prezidentliyi dövründə tikilmiş binaları
sökməli olsaq, yerində çox miskin və
cansıxıcı bir mənzərə yaranar.
Əbədi liderimizin
bilavasitə rəhbərliyi altında inşa olunmuş
"Gülüstan", bu gün sonsuz bir qürurla onun
adını daşıyan "Respublika" sarayları və
İdman-Konsert Kompleksi, ali məktəb binaları, Prezident
Sarayı, onlarca sənaye müəssisəsi, bütöv
yaşayış massivləri Bakının
günü-gündən artmaqda olan şöhrət və
qüdrət salnaməsinə yeni səhifələr
yazır, "Şərqin estetik təcəssümü"
adlandırılan bu bənzərsiz odlar diyarını
nəinki Qafqazların, eləcə də keçmiş
sovetlər birliyinin ən inkişaf etmiş və füsunkar
paytaxtlarından birinə çevirirdi.
İctimai
həyatın bütün sahələrində olduğu kimi,
Bakıya, onun inkişafına, arxitektura simasına,
abadlığına münasibətdə də Heydər
Əliyev son dərəcə diqqətcil, qayğıkeş
və tələbkar olmuşdur. Yaratmış
olduğu, tikib-qurduğu müasir şəhərə laqeyd
münasibət onu həmişə narahat edib,
ağrıdıb. Ulu öndərin
Bakı məhəbbətinin hərarətindən isinən
sahələrdən biri də paytaxtın
yaşıllaşdırılması məsələləri
olub. Heydər Əliyev haqlı olaraq
Bakıda kütləvi yaşıllaşdırma
hərəkatının banisi sayılır. Həmin
nəcib iş bu gün ulu öndərin adını
daşıyan fond tərəfindən
müvəffəqiyyətlə davam etdirilir.
"Bakı
gözəl şəhərdir. Bizim
əcdadlarımız, Bakıda əsrlər boyu
yaşamış insanlar gözəl şəhər
yaradıblar, qurublar və bugünkü, gələcək
nəsillərə bəxş ediblər. Biz
indiyə qədər Bakını qurub yaradanlara daim
minətdar olmalıyıq. Çünki
məhz onların yaratdığı bu gözəl
şəhərdə siz, biz, hamımız bir yerdə
yaşayırıq və gələcək nəsillərimiz
də yaşayacaqlar".
Müasir
Bakı Heydər Əliyevin qürur və iftixar yeri idi. Bakılılar
əmindirlər: nə qədər ki, Bakı
şəhəri nəfəs alır, inkişaf edir, hər
daşında, binasında izi qalan Heydər Əliyevin
xatirəsi də yaşayacaqdır.
Bizdən çox-çox sonralar
yaşayacaq nəsillər soruşacaqlar:
Kim idi
Heydər Əliyev?
...Heydər Əliyev kommunist
ideologiyasının yetirməsi olan nəhəng sovet
ailəsinin içində əriməkdə olan Azərbaycan
xalqının milli varlıq və qürurunu özünə
qaytardı, tənəzzül dövrünü yaşayan bir
ölkəni iflas və aşınmanın caynağından
xilas etdi.
...Heydər Əliyev
çox koloritli bir insan idi. O, insan ovqatının ən
çeşidli çalarlarını özündə ehtiva
edən qayət real, maraqlı və harizmatik bir şəxsiyyət
idi.
...Heydər Əliyev novator
strateq və incə taktik idi. O, iki qütbvari zidd ictimai
formasiyanın qovuşuğunda azıb qalmış zəngin,
fəqət, yalqız və çarəsiz bir ölkəni
geosiyasi maraqların, qlobal mənafelərin at
oynatdığı qaranlıq labirintlərdən mahir sarban
təki çəkib apardı.
...Heydər Əliyevin siyasi yaradıcılığı
xəlqi idi; milli varlığa, yolunda fəda olmağa
hazır olduğunu böyük fəxr və vəcdlə
elan etdiyi xalqına əzəli və əbədi tellərlə
bağlılıq onun xas məziyyətlərindəndir.
...Heydər Əliyev
humanizminin, vətənpərvərliyinin mahiyyəti onun
dərin insani mündəricəsində idi, müasiri
olduğu insanın qayğı və sevgiləri ilə,
Vətənin istiqbalı, torpağın istiqrarı ilə
bağlı isti və məhrəm ideallarla
aşılanmasında idi.
...Heydər Əliyev elə
bir məxəzdir ki, ən müxtəlif ictimai
hadisələrin şərhini vermək istəyən politoloqlar,
filosoflar, tarixçilər təkrar-təkrar onun
tükənməz irsinə müraciət etməli olacaqlar. Dövlətçiliyin, idarəetmənin, natiqliyin,
insanpərvərliyin, vətənkeşliyin şanlı
mücəssəməsi və dərsliyidir onun
tərcümeyi-halı.
...Heydər Əliyev XX
yüzilliyin ən güclü ideyalarının çox
parlaq ifadəçisi idi. Bir çox
ölkələrdə yeni zəmanələrin
yaradıcıları onun nadir təcrübəsindən
mütləq bəhrələnəcəklər.
O, ədalətsizliyə,
rüşvətxorluğa qarşı amansız idi. İkiüzlü, öz xeyrini güdən,
sözü ilə işi düz gəlməyən adamlardan
xoşlanmazdı. Qətiyyət və
prinsipiallıq tərəfdarı idi. Mövqe
təəssübü çəkəndi.
O, işinə son
dərəcə vurğun bir adam idi. Zəhmət, iş onun hobbisi idi. Üç onillikdən artıq rəhbər
fəaliyyəti dövründə məzuniyyət,
xəstəlik vərəqi nə olduğunu bilmədi.
İşgüzar, zəhmətkeş adam
onun gözünün işığı idi.
O, mədəniyyət və
incəsənət adamlarının, alimlərin və
ziyalıların dostu, xeyirxahı idi. Daim onlara
diqqət göstərər, qayğılarını
çəkərdi.
O, azadlıq aşiqi idi. Azərbaycanı müstəqil görmək
istəyirdi. Arzusuna nail oldu. Müstəqil
Azərbaycanın həqiqi Prezidenti olmaq onun qismətinə
yazılıbmış. Heydər
Əliyev qüdrətli dövlət, qüdrətli ordu,
qüdrətli iqtisadiyyat, qüdrətli siyasət yaratdı.
O, insanlara
dövlətçilik təfəkkürü ilə
yaşamağı öyrətdi.
Elə insanlar
var ki, onların cismani yoxluğu ilə dünya
boşalır.
Heydər Əliyev özü ilə sevənlərinin iç
dünyasını, qəlbini sıyırıb apardı. Günlər ayları qovacaq, aylar illərə
çevriləcək, vaxt öz kəməndindən qopub
dördnala çapdıqca, biz Heydər Əliyevə daha da
yaxınlaşacağıq. Onu daha yaxından
duyacaq, ucalığını, bu ucalığın
məhvərindəki müdrikliyi, fəlsəfəni daha asan
qavrayacağıq. Cismindən uzaq
düşüb ruhuna yaxınlaşdığımız
hər gün Onun haqqında isti, hərarətli nə isə
deməyin, eşitməyin mənəvi ehtiyacını
yaşayacağıq.
Xalid
NİYAZOV,
Azərbaycan.-
2010.- 8 dekabr.- S.2.