Heydər Əliyevin xatirəsi anıldı
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində bir həftə ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Heydər Əliyev həftəsinin ilk tədbiri kimi universitetin professor-müəllim heyəti və tələbə kollektivi ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək ulu öndərin Xatirə muzeyi ilə tanış olublar.
Heydər Əliyev muzeyində xüsusi məşğələ keçirilib. Məşğələni giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçilik ideallarının yeni nəsillər üçün örnək olduğundan bəhs etmişdir. Tədris işləri üzrə prorektor, əməkdar elm xadimi Hüseyn Həşimli "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə ilə çıxış etmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyinin direktoru Ramin Orucəliyev yeni eksponatlar haqqında məlumat vermişdir.
Universitetin tarix-filologiya fakültəsində ulu öndərə həsr edilmiş şeir müsabiqəsi də uğurla başa çatıb. Müsabiqədə universitetdə təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrin də iştirakı böyük maraq doğurub.
Həftə ərzində Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin məşğələsində "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr" mövzusunda məruzənin dinlənilməsi, görkəmli dövlət xadiminin həyatı və fəaliyyətinə həsr olunmuş tələbə elmi konfransının keçirilməsi, ədəbi kompozisiyanın, rəsm və kitab sərgilərinin təşkili də nəzərdə tutulur.
Bu silsilədə növbəti tədbir universitetin pedaqoji fakültəsində "Heydər Əliyev irsi: tarix və zaman" mövzusunda təşkil olunan elmi-nəzəri konfrans oldu. Konfransı giriş sözü ilə açan pedaqoji elmlər namizədi, YAP universitet ərazi ilk təşkilatının sədri Kamal Camalov qeyd etdi ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu öndərin xidmətləridir.
Sonra məruzələr dinlənildi. "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda məruzə edən tarix elmləri namizədi Xəzər Hüseynov bildirdi ki, xalqın öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazdı. "Ana dili dərslərində Heydər Əliyev irsindən istifadə" adlı məruzə ilə çıxış edən filologiya elmləri namizədi Mehriban Quliyeva tədris prosesində bu məsələyə diqqətin artırılmasının zəruriliyindən ətraflı bəhs etdi.
Tələbələr adından I kurs tələbəsi Günay Heydərova "Heydər Əliyev və Naxçıvanın xilası" adlı məruzə ilə çıxış etdi. Qeyd olundu ki, ulu öndərin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı, onun döyünən ürəyi olan Naxçıvanı zamanın ağır və sərt sınaqlarından çıxara bildi.
Mehriban SULTAN
Azərbaycan.- 2010.- 8 dekabr.- S.4.