Azərbaycan nümayəndə heyəti Londonda görüşlərini davam
etdirmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Fransaya səfərini başa çatdırıb Böyük Britaniyaya gəlmişdir.
Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin deputatı və "İrəli" ictimai birliyinin sədri Ceyhun Osmanlı, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərov və digər şəxslər daxildirlər.
Parisdə Fransanın müxtəlif ali təhsil ocaqlarının azərbaycanlı tələbələri ilə görüşən nümayəndə heyəti növbəti görüşünü Londonda Royal Garden Hoteldə keçirmişdir.
2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyadakı tələbələrimizin təhsili, onların və məzunların təşkilatlanması, Azərbaycan ilə bağlı həqiqətlərin Böyük Britaniya ictimaiyyətinə çatdırılması və digər məsələlərin müzakirə edilməsi görüşün əsas məqsədi olduğu tələbələrin diqqətinə çatdırılmışdır.
Nümayəndə heyətinin üzvləri öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2007-2015-ci illərdə xaricdə təhsil alan tələbələrin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə Dövlət Proqramının qəbulu, icrası ilə bağlı məlumat vermiş, ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar. Azərbaycanlı tələbələrin xaricdə təhsil almalarının, onların təşkilatlanmalarının hər zaman dövlətimizin əsas diqqət mərkəzində saxladığı məsələlərdən olduğu çıxışlarda xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə yaxından tanış olmaq, onların yaşayışı, təhsili, gündəlik qayğıları, fəaliyyəti barədə məlumat əldə etmək üçün keçirilən belə görüşlər davam etdiriləcəkdir. Qeyd edilmişdir ki, Azərbaycan dövləti öz siyasətinin həyata keçirilməsində, bizə düşmən olan ölkə ilə aparılan informasiya müharibəsində dövlət qurumları ilə yanaşı, xaricdə təhsil alan tələbələrin fəaliyyətinə arxalanır. Məhz bu görüşlər də dövlətimizin başçısının xaricdə təhsil alan gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi görüşdə tələbələr özlərini fəal göstərmişlər. Nümayəndə heyətinin üzvləri tələbələri düşündürən sualları cavablandırmış, müasir Azərbaycanda insan kapitalının formalaşmasında gənclərin rolu və dövlətin bu sahəyə sistemli, ardıcıl və artan qayğısından bəhs etmişlər.
Görüşdə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təqdimatı olmuşdur. Təşkilatın sədri Orxan Əkbərov rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri barədə məlumat vermiş, 10 illik fəaliyyət dövründə 32 ölkədə təmsil olunduqlarını qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 8 dekabr.- S.4.