Dünyanın
böyük maraqla öyrəndiyi model
Akademik
Ramiz Mehdiyevin ideya müəllifi olduğu “İnkişafın
Azərbaycan modeli” kitabı ölkəmizin tərəqqi və
iqtisadi yüksəliş tarixinin mükəmməl salnaməsidir
"Azərbaycanda iqtisadi
sahədə keçid dövrü artıq başa
çatmışdır. Biz inkişaf etmiş ölkələrin
sırasına daxil olmalıyıq və qarşımıza
bu məqsəd qoyulubdur. Biz bu məqsədə
çatacağıq".
İlham
ƏLİYEV
Tarixi təkamül proseslərinin
adekvat yekunu olaraq hər bir xalqın davamlı sabitlik, iqtisadi
inkişaf və tərəqqi yoluna çıxaraq sabit
dövlətçilik ənənələri
formalaşdırması milli lider fenomeni ilə sıx şəkildə
bağlıdır. Bugünün özündə də
dünyanın bir çox nüfuzlu dövlətləri məhz
öz liderlərinin müəyyənləşdirdiyi mütərəqqi
yolla irəliləyir, gələcək perspektivlərini bu
uğur magistralından kənarda təsəvvür etmirlər.
Müdrik xalqımızın XX əsrdə dünya siyasi
arenasına bəxş etdiyi nadir şəxsiyyət, dərin
zəkası, fitri idarəçilik keyfiyyətləri və
xarizması ilə ümummilli liderlik zirvəsinə yüksəlmiş
Heydər Əliyev də müstəqil respublkamızın milli
inkişaf modelinin banisi kimi bu gün böyük ehtiramla
xatırlanır.
Milli
inkişaf strategiyasının banisi
Ulu öndər Heydər Əliyevin 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ilə Azərbaycan dövlətçiliyini
qoruyub saxlamaq, xalqı üzləşdiyi ağır faciələrdən
hifz etmək mümkün olmuşdur. İctimai-siyasi sabitliyin,
qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatı
sosial-iqtisadi
sahədəki böhranlı vəziyyətin və tənəzzül
prosesinin aradan qaldırılmasına yönəlmiş
ardıcıl tədbirlərin həyata keçirilməsinə
imkan vermişdir. Böyük strateq bu iqtisadi
inkişaf modelini irəli sürərkən heç də
dünya ölkələrinin təcrübəsini Azərbaycana
köçürməmiş, respublikamızın zəngin təbii
resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli
coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya
imkanlarını, habelə tarixi təsərrüfatçılıq
ənənələrini, spesifik xüsusiyyətlərini,
sosial-iqtisadi gerçəkliklərini nəzərə
almışdır.
Qloballaşma prosesinin geniş vüsət
aldığı XX əsrin sonunda Azərbaycanda
iqtisadiyyatın dörd vacib seqmentinin - yanacaq-energetika
ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatı
və onunla bağlı sənaye kompleksinin, regionların
istifadə olunmamış əmək və iqtisadi
imkanlarının maksimum dərəcədə iqtisadi
dövriyyəyə cəlb olunması
hökumətin strateji məqsədi hesab edilmişdir.
Ümummilli lider Heydər Əliyev respublika
iqtisadiyyatındakı tənəzzül prosesinin və
hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi
sabitliyə nail olmaq üçün ilkin mərhələdə
sərt büdcə-kredit siyasətinə üstünlük
vermiş, hökumətin çevikliyini, işləkliyini
təmin etmək üçün yeni dövrün tələblərinə
uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin
birinci mərhələsinin həyata keçirilməsi istiqamətində
qətiyyətli qərarlar qəbul etmişdir. Həmin
dövrdə respublikanın məhdud maliyyə imkanları və
zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin
yaxın gələcəkdə
reallaşdırılmasının
qeyri-mümkünlüyünü nəzərə alan,
sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə
amilinin təkanverici rolunu düzgün
olaraq önə çəkən Heydər Əliyev xarici
şirkətlər ilə Xəzər dənizinin Azərbaycan
sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini
nəzərdə tutan müqavilələrin imzalanmasına da
vacib məsələ kimi yanaşmışdır. İqtisadi
inkişafın sürətləndirilməsinin, səmərəli
sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin
həyata keçirilməsinin ümdə şərti kimi
müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib
hazırlamış, mərhələlərlə həyata
keçirilmişdir.
İctimaiyyətşünas
alimlər qarşısında mühüm vəzifə
Ötən müddətdə mürəkkəb
proses kimi xarakterizə edilən ictimai-iqtisadi formasiya dəyişikliyi
mərhələsini - keçid dövrünü geridə
qoyaraq modernləşmə prosesinin yeni keyfiyyət mərhələsinə
transformasiya edən müstəqil Azərbaycanın
bütövlükdə regionda ən qüdrətli dövlətlərdən
birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar
üzərində irəli sürülmüş milli iqtisadi
inkişaf modelinə əsaslanır. Sosial-iqtisadi,
mədəni sahələrdə yüksək tərəqqiyə
nail olan, sürətlə yeniləşərək
qarşıya qoyduğu strateji hədəflərə
doğru inamla irəliləyən respublikamız özünəməxsus
inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi
fenomeninə çevrilmək əzmi nümayiş
etdirir.
İqtisadi sahədə keçid dövrü
kimi xarakterizə edilən ağır prosesi başa vuran Azərbaycanın
milli iqtisadi inkişaf modelinin elmi-nəzəri əsaslarının
işlənib hazırlanması üçün, ilk növbədə,
respublikanın son 17 ildə inamla gerçəkləşdirdiyi
iqtisadi islahatları təhlil etmək, əldə olunan nəzəri-təcrübi,
fəlsəfi qənaətləri ümumiləşdirmək
vacibdir. Bu da təsadufi deyildir ki, son illərdə tədqiqatçılar,
ayrı-ayrı alimlər, iqtisadçılar, filosoflar,
ictimaiyyətşünaslar keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın milli iqtisadi inkişaf modelinin mahiyyətini
açmağa çalışırlar. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev 8 dekabr 2009-cu ildə "Azərbaycan"
qəzetində işıq üzü görmüş
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" məqaləsində bu məsələyə
geniş yer ayırmış, ictimaiyyətşünas alimlərin
bu sahədə fəal olmağa çağırmışdır:
"Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya
çərçivəsində təqdimi məsələsi
hələ də öz həllini tapmaq mərhələsindən
çox uzaqdır. Məlumdur ki, həyata keçirilən
iqtisadi islahatlar və dəyişikliklər məhz vahid
iqtisadi siyasət çərçivəsində nəzəri
cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə
heç bir irəliləyiş gözə çarpmır.
Bununla yanaşı, indiyədək sosial-iqtisadi
inkişafımızın sürətləndirilməsinin nəzəri
əsasları da işlənilməyibdir. Daxili bazarda qiymətlərin
formalaşmasının nəzəri problemləri, maliyyə-kredit
sistemi və insanların tələbatlarının
proqnozlaşdırılması ilə bağlı məsələlər
də elmi həllini gözləyir. Biz istəyirik
ki, iqtisadçılarımız maliyyə və kredit
münasibətlərinin təkmilləşdirilməsinin əsas
prinsiplərini araşdırsınlar, kənd təsərrüfatı
və sənaye mallarının istehsalının səmərəliliyini
artırma mexanizmlərini müəyyən etsinlər".
Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki,
milli inkişaf modelinin, o cümlədən postkeçid
dövrünün səciyyəvi xüsusiyyətlərinin
elmi cəhətdən araşdırılması zərurəti
bu gün təkcə ictimaiyyətçi alimlərdən,
iqtisadçılardan, filosoflardan, tarixçilərdən deyil, ümumilikdə
ictimai rəyə əsaslı təsir imkanları olan
kütləvi informasiya vasitələrindən də cəsarətli
yanaşmalar tələb edir. Bu həm də Azərbaycanın
keçdiyi mütərəqqi iqtisadi islahatlar prosesinin obyektiv
şəkildə qələmə alınması və əsaslandırılması
baxımından zəruridir.
"Azərbaycan"
qəzetinin gərgin araşdırma və zəhməti nəticəsində
yeni çapdan çıxmış "İnkişafın
Azərbaycan modeli" kitabı bu istiqamətdə ilk
uğurlu cəhdlərdən biri kimi dəyərləndirilməlidir.
Faktoloji zənginliyi, ensiklopedik səciyyə
daşıması, elmi-nəzəri səviyyəsi, praktik əhəmiyyəti
ilə diqqəti çəkən yeni nəşrin ideya
müəllifi və ön sözünün müəllifi Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevdir.
Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
"Oskar" nəşriyyat-poliqrafiya mərkəzində
nəfis tərtibatda, yüksək zövqlə işıq
üzü görən, ön söz və 3 fəsildən
ibarət kitabda müstəqil Azərbaycanda son 17 ildə elmi əsaslarla
həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər
salınır, milli inkişaf modelini səciyyələndirən
məsələlər önə çəkilir. Azərbaycanın yeni neft diplomatiyası, müasir
dünyanın enerji təhlükəsizliyindəki rolu,
neft-qaz gəlirlərindən məqsədyönlü istifadə
strategiyası, nəqliyyat-kommunikasiya sistemindəki yeri,
dünya iqtisadiyyatına çevik inteqrasiyası məsələləri
kitabda geniş təhlilə cəlb olunmuş, tarixi-faktoloji əsasda
oxucuların diqqətinə çatdırılmışdır.
Nəşrdə habelə dövlət əmlakının
özəlləşdirilməsi, aqrar islahatlar,
sahibkarlığın, regionların inkişafı, ərzaq təhlükəsizliyinin
təmini, sosial müdafiə və sosial təminat tədbirləri
və s. məsələlər analitik təfəkkür
sücgəcindən keçirilmişdir.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
kitabın ön sözündə haqlı olaraq yazır ki,
keçid dövrü hər bir dövlətin özünəməxsus
inkişaf spesifikası ilə şərtlənir. Nəzəri və praktiki baxımdan təyin edilən
ümumi qanunauyğunluqlar müxtəlif şəraitdə fərqli
formalarda özünü tənzimləmə
bacarığına bağlıdır: "İqtisadi
araşdırmalar göstərir ki, bazar mükəmməl
deyil və dövlətin müdaxiləsi, onun
iqtisadiyyatının davamlı və uğurlu fəaliyyəti
üçün malik olduğu vasitələrdən istifadə
etməsi bir zərurət kimi meydana çıxır. Deməli, dövlət bir subyekt olaraq bazar
iqtisadiyyatına məxsus prinsiplərin formalaşması
prosesində daha yaxından iştirak edir və bazar münasibətlərinin
öz nəzarət, tənzimləyici və mühafizəedici
təsisatlarını ümumi məqsədlərə, cəmiyyətin
iqtisadi və sosial tərəqqisinə nail olmaq
üçün bərqərar edir. Bəzi hallarda dövlətin
bazar iqtisadiyyatına müdaxiləsi zəruri tələbə
çevrilir".
Milli
iqtisadi inkişaf modelləri nəzəri- politoloji aspektdə
Son
illər Azərbaycanın müasir inkişaf strategiyası ilə
bağlı bir-birindən sanballı elmi əsərlərin
müəllifi kimi tanınan akademik Ramiz Mehdiyevin ideya müəllifliyi
ilə belə bir dəyərli nəşrin ərsəyə
gəlməsi təsadufi deyildir. Məsələ
burasındadır ki, bu gün Azərbaycanın özünəməxsus
milli inkişaf modelinin formalaşdığını
hazırda dünyanın nüfuzlu iqtisadi mərkəzləri
də birmənalı etiraf edirlər.
İnkişafın
Azərbaycan modelini tədqiq etmək üçün, ilk
növbədə, müasir dünyada hansı bazar
iqtisadiyyatı modellərinin formalaşdığını
aydınlaşdırmaq vacibdir. Müasir dünyada mövcud
olan iqtisadi modellər bir neçə qrupa ayrılır:
liberal, sosialyönümlü, sosial-demokrat və tənzimlənən
model. Bazar iqtisadiyyatının bu modellərindən hər
biri müasir iqtisadi fikir tarixində liberal, neoliberal və
sosial-demokratik istiqamətlərin nəzəri
konsepsiyasını özündə əks etdirir. Bu sırada
Amerika liberal modelini, sosialyönümlü bazar
iqtisadiyyatına əsaslanan alman modelini, İsveç
(Skandinaviya) sosial-demokratik modelini, tarixi və milli xüsusiyyətləri
özündə ehtiva edən, tənzimlənən (korporotiv)
kapitalizm yapon bazar modelini xüsusi vurğulamaq olar.
Məlumat
üçün bildirək ki, Amerika modeli liberal
(bazar-kapitalist) modeldir. Burada şəxsi mülkiyyətə, fərdliyin
mütləqləşdirilməsinə, bazar rəqabəti
mexanizminə, sosial bərabərsizliyin yüksək səviyyədə
olmasına, dövlət tənzimlənməsinin məhdud
xarakter daşımasına üstünlük verilir. Almaniya modeli sosial bazar təsərrüfatı
modelidir. Bu model yüksək sosiallaşma elementlərinin
- sosial təminatın, təhsil və səhiyyə xidmətlərinin
pulsuz olması, onun sosial tərəfdaşlıq və sosial
məsuliyyət əsasları üzərində qurulması,
sahibkarlarla həmkarlar ittifaqları arasında müəssisə
işçilərinin əməkhaqlarının yüksəldilməsi
uğrunda yarışmaları, sosial siyasətin həyata
keçirilməsində istehsal sahəsinə
üstünlük verilməsi ilə seçilir. İsveç modeli isə sosial modelin klassik
növüdür. Onun üçün səciyyəvi
olan cəhətlər gəlirlərin geniş surətdə
yenidən bölüşdürülməsi və "azad
assosiasiyaların" yayılmasına əsaslanan sosial təminatların
yüksək səviyyədə olması, yüksək sosial
müdafiə sisteminin yenidən bölgü metodları
hesabına yüksək vergilər və dövlət xərcləri
vasitəsilə əldə olunması, sosial vəzifələrin
həllinin istehsaldan kənara çıxarılması,
bölgü və yenidən bölgü münasibətlərinə
üstünlük verilməsi ilə fərqlənir. Yaponiya modeli tənzimlənən (digər tərəfdən
korporativ) kapitalizm modelidir. Burada kapital
yığımının əlverişli imkanları dövlət
tənzimləməsinin fəal rolu (xüsusilə iqtisadi
inkişafin, struktur, sərmayə və xarici iqtisadi siyasətinin
proqramlaşdırılması sahələrində) və
korporativ (firmadaxili) əsasların xüsusi sosial əhəmiyyəti
ilə birləşir.
Göstərilənlərlə
yanaşı, bazar iqtisadiyyatının "təmiz
sosializm" iqtisadiyyatının təkamülü şəraitində
yaranan Çin modelini də diqqətə çatdırmaq
olar. Bazar mexanizmi və
iqtisadiyyatın qeyri-dövlət sektoru islahatlar dövründə
rolunu daha da gücləndirmişdir. Lakin
dövlət tənzimləməsi (əsas etibarilə
"planlaşdırmanın istiqamətləndiricisi"
kimi), əməyə görə bölgü və dövlətin
sosial təminatları sosial-iqtisadi siyasətdə
öncül əhəmiyyətə malikdir. Bu model bazar iqtisadiyyatının sosialist modeli kimi
müəyyənləşdirilə bilər.
Bir qayda olaraq
keçid dövrünü yaşayan ölkələrin bazar
iqtisadiyyatı modelinin seçilməsi zamanı nəzəri
cəhətdən kifayət qədər öyrənilmiş
İsveç, Skandinaviya, Almaniya, Yaponiya, həmçinin
Çin modellərinə istinad olunur.
Bundan başqa, məlum nəzəri konsepsiyalara
əsaslanan, o cümlədən monetarizm, neoliberalizm,
keynsçi və başqa təlimlər əsasında
qurulmuş modellər də nəzərdən keçirilir.
Nəhayət, iqtisadi modelin seçilməsi
zamanı ölkənin özünəməxsus xüsusiyyətləri,
siyasi, iqtisadi, milli və sair əlamətləri şərt
kimi qəbul edilir.
Bəzi postsosialist
ölkələrinin təcrübəsi və iqtisadi ədəbiyyatlarda
rast gəlinən nəzəri araşdırmalar göstərir
ki, ilk iki variant milli mənafe və dünya
iqtisadiyyatının müasir durumu baxımından kifayət
qədər səmərəli deyildir. Azərbaycana gəldikdə, milli iqtisadi
modelin üç mühüm amilə - millətin tarixi-etnik
köklərinə; dövlətin iqtisadi müstəqilliyini
təmin edən real təsərrüfat sisteminə; dünya
iqtisadiyyatının qloballaşması prosesinin müasir
meyillərinə əsaslandığı özünü
qabarıq göstərir.
Yeni iqtisadi sistemin
formalaşması prosesində subyektlərin iqtisadi
davranışlarını müəyyənləşdirən
mühüm amil kimi milli mentalitet, formalaşmış təfəkkür
tərzi çıxış edir.
Bu amillərin təsirini həddən artıq
şişirtmək də, eyni zamanda, onları nəzərə
almamaq da olmaz. İkinci amil iqtisadi modelin
daha əhəmiyyətli komponentidir. Seçilmiş
təsərrüfat sistemi iqitisadi ehtiyatların daha dolğun
istifadə ediləsi və çevik uyğunlaşma qabiliyyəti
olan xüsusiyyətlərlə səciyyələnməlidir.
Üçüncü amil müasir
qloballaşma şəraitində milli mənafelərin xarici
iqtisadi əlaqələrdə reallaşdırılması
problemləridir. Respublikamızın
dünya iqtisadiyyatına qoşulması zamanı başlıca
prinsip müqayisəli və rəqabətli
üstünlüklər əsasında xarici iqtisadi əlaqələrdə
yüksək səmərə verə bilən sahələrin
müəyyənləşdirilməsidir. Bunlara, hər
şeydən əvvəl, kifayət qədər zəngin
neft, qaz ehtiyatları və əlaqədar sahələr;
ikincisi, ölkəmizin coğrafi durumunun imkan verdiyi Şərqlə
Qərb arasında əlverişli əlaqələr yarada bilən
beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi
nəticəsində müxtəlif yüklərin nəqliyyat
sistemi; üçüncüsü, beynəlxalq kurort-turizm mərkəzlərinə
çevrilə biləcək coğrafi şərait, ekoloji cəhətdən
təmiz təbii iqlim şərtləri kimi Azərbaycanın
malik olduğu və valyuta gəlirlərinin
artırılması üçün nadir üstünlüklərə
malik sahələr aiddir.
"İnkişafın
Azərbaycan modeli" kitabında Azərbaycanda iqtisadi sahədə
keçid dövrünün başa çatmasını
şərtləndirən sosial-iqtisadi amillər də elmi təhlilə
cəlb edilmiş, prosesin özünəməxsus cəhətləri
açıqlanmışdır.
Akademik Ramiz Mehdiyev ön sözdə haqlı
olaraq vurğulayır ki, keçid dövrü hər bir
dövlətin özünəməxsus inkişaf
spesifikası ilə şərtlənir. Keçid
iqtisadiyyatı yaşayan ölkələr üçün
mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitdə
fərqli formalarda özünü göstərir: "Komanda
inzibati sistemdə dövlət yeganə mülkiyyətçi
kimi çıxış edir və cəmiyyətin
bütün maddi nemətlərinin bölgüsü onun
ixtiyarında olur: Lakin bazar iqtisadiyyatı şəraitində
əmlakın əhəmiyyətli hissəsi özəl
mülkiyyətə keçir, beləliklə, dövlət
iqtisadi qərarların qəbulunda inhisarçı hakimiyyətini
itirmiş olur. Bu da öz növbəsində
iqtisadiyyatda dövlətin mövqeyində prinsipial dəyişikliklərə
gətirib çıxarır. Lakin o da
faktdır ki, hətta ən liberal iqtisadiyyatda belə, dövlət
passiv müşahidəçi qismində qalmamalıdır.
Əgər planlı sistemdə iqtisadiyyatın
dövlət idarəçiliyi məcburi və ünvanlı
sərəncamlar əsasında həyata keçirilirsə,
bazar iqtisadiyyatında dövlət maliyyə tənzimlənməsinin
daha güclü və çevik vasitələrinə malik
olur. Söhbət burada pul, vergi, valyuta və
digər maliyyə tənzimləmələrindən
gedir".
Sosialyönümlü bazar iqtisadiyyatı
modeli
Müasir iqtisadi
modellərin təhlili bir daha göstərir ki, Azərbaycanda
ümumdünya prosesləri ilə uzlaşan, xarici ölkələrin
təcrübəsini nəzərə alaraq onları yerli
şəraitə uyğunlaşdıran inkişaf
strategiyası formalaşmışdır. Ulu öndər Heydər Əliyevin
böyük uzaqgörənliklə müəyyənləşdirdiyi
bu strategiya alman modelinə - sosialyönümlü bazar
iqtisadiyyatına daha çox yaxındır. Başqa sözlə, alman modeli üçün bir
sıra xarakterik xüsusiyyətlər Azərbaycan iqtisadi
modelində də özünü qabarıq göstərir.
Bu baxımdan aşağıdakı səciyyəvi cəhətləri
xüsusi qeyd etmək olar:
Birincisi, həqiqətən Azərbaycanda
müxtəlif mülkiyyət və təsərrüfat
formalarına əsaslanan qarışıq iqtisadiyyatın
formalaşması prosesinin getməsi, burada xüsusi və
dövlət mülkiyyəti formalarının səmərəli
fəaliyyəti üçün bərabər təsərrüfatçılıq
mühitinin yaradılması;
İkincisi, "standart" bazar
iqtisadiyyatı ölkələri ilə müqayisədə
Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən
tənzimlənməsi prosesinin çox güclü olması,
ilk növbədə, keçid mərhələsinin ilk illərində
iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması,
iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatda struktur dəyişikliklərinin
həyata keçirilməsi, məhsulların həm daxili, həm
də xarici bazarlarda rəqabət qabiliyyətli olması
üçün əlverişli şərait
yaradılması;
Üçüncüsü, tənzimlənmənin
nəinki makroiqtisadi səviyyədə, hətta mikroiqtisadi səviyyədə
həyata keçirilməsi;
Dördüncüsü, iqtisadiyyatın
yüksək dərəcədə
sosialyönümlülüyü, xalqımızın
mentaliteti, tarixən ictimai ənənələrin
güclü olması, bir çox sosial problemlərin dövlət
tərəfindən həll olunması ənənələrinə
alman modelinin sosial-siyasətinin daha çox uyğun gəlməsi;
Beşincisi, Azərbaycanda azad rəqabətin
dövlət tərəfindən tənzimlənməsi və
antiinhisar tədbirlərinin həyata keçirilməsi;
Altıncısı, işsizlərin
sayının yeni iş yerlərinin açılması
hesabına minimum həddə çatdırılmasını
qarşıya məqsəd qoyan məşğulluq siyasəti,
yoxsulluğun azaldılması bu gün Azərbaycanda həyata
keçirilən iqtisadi siyasətin tərkib hissəsinə
çevrilmişdir.
"İnkişafın
Azərbaycan modeli" kitabının ön sözündə
akademik Ramiz Mehdiyev milli iqtisadi inkişaf modelinin
sosialyönümlü mahiyyət
daşıdığını xüsusi vurğulayır. Görkəmli alim yazır ki, Prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən siyasət
ölkə vətəndaşlarının maddi rifah
halını daha da yüksəltmiş, sosial infrastrukturun
inkişafını, ölkədə yoxsulluğun
azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin
etmişdir: "İslahatlar prosesi dərinləşdikcə,
dövlət vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı üzərinə
yeni-yeni öhdəliklər götürür. Təsadüfi
deyildir ki, 2009-cu il martın 19-da Azərbaycan
Respublikası Konstitusiyasına ümumxalq referendumu yolu ilə
edilmiş dəyişiklik nəticəsində Əsas Qanunun
15-ci maddəsinin 2-ci bəndi aşağıdakı formada
ifadə olunmuşdur: "Azərbaycan dövləti bazar
münasibətləri əsasında sosialyönümlü
iqtisadiyyatın inkişafına şərait yaradır, azad
sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir".
Respublikamızın
iqtisadi siyasətinin sosialyönümlü səciyyə
daşıması isə bir tərəfdən insan amilinə,
insan hüquqları sisteminə yüksək həssaslıq
nümunəsidirsə, digər tərəfdən bazar
iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra
qabaqcıl dünya dövlətlərinin təcrübəsinə
əsaslanır. "İnkişafın
Azərbaycan modeli" kitabında da bu fikir xüsusi
vurğulanır ki, Azərbaycanın son illərdəki
dövlət büdcəsinin layihəsində
sosialyönümlülüyün prioritet təşkil etməsi
sosial məsələlərin daim diqqət mərkəzində
olduğunu göstərir. Bu fakt deməyə
əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca,
sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə
yanaşılır, həmin insanların sosial tələbatının
ödənilməsi bir növ cəmiyyətin mənəvi
göstəricisinə çevrilir.
Qlobal böhrana qarşı etibarlı sipər
"İnkişafın
Azərbaycan modeli" ilə bağlı elmi müzakirələrin
kifayət qədər mürəkkəb bir dövrdə -
dünya maliyyə-iqtisadi böhranı şəraitində
aktuallaşması təsadüfi olmayıb
respublikamızın bu prosesə müqavimət
potensialının dünya dövlətlərində maraqla
qarşılanması gerçəkliyi ilə şərtlənmişdir. Bu reallığa nəzərən ən
müxtəlif iqtisadi mərkəzlər respublikanın
davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin
yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini
öyrənməyə çalışırlar.
Dünya
iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan
2008-2010-cu illər təbii olaraq Azərbaycan üçün
müəyyən çətinliklər yaratsa da, respublikada
qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata
keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər
sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkmiş,
bütün makroiqtisadi parametrlər üzrə
inkişafı təmin etmişdir.
"Azərbaycanın kursu: sabitləşmədən
modernləşməyə doğru" məqaləsində
akademik Ramiz Mehdiyev düzgün olaraq yazır ki, modernləşmənin
iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət
kimi qlobal böhrana əzmlə sinə gərmişdir:
"2009-cu ilin yekunları göstərir ki, keçən il
Azərbaycanda ÜDM 9,3 faiz
artmışdır. Bundan əlavə, nəzərdə
tutulan bütün infrastruktur layihələri və sosial
proqramlar həyata keçirilmişdir. Dünya
iqtisadiyyatının heç də ürəkaçan olmayan
xarakteristikaları fonunda 9,3 faiz rəqəminin
özü əyani şəkildə göstərir ki, 2009-cu
il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin
iqtisadiyyatı bütün Cənubi Qafqaz
iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi".
Azərbaycanın
özünəməxsus inkişaf modelinin
formalaşdığını deməyə əsas verən
mühüm amillərdən biri də qlobal böhran şəraitində
əldə olunan makroiqtisadi göstəricilərdir. Ölkədə bazar münasibətlərinə
söykənən sosialyönümlü iqtisadi modelin
qurulmasının, vətəndaşların iqtisadi
azadlığına, təşəbbüskarlığına
geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii
sərvətlərindən səmərəli istifadə edilməsinin,
respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin
və digər konseptual əhəmiyyətli tədbirlərin
nəticəsi olaraq 2008-2010-cu illərdə Azərbaycan
iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni
zamanda, yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir.
Dünyanın aparıcı maliyyə-iqtisadi
qurumları məhz ötən ilin nəticələrinə
görə Azərbaycan iqtisadiyyatının çətin
sınaqdan üzüağ çıxdığını
etiraf edirlər. Dünya Bankı, Ümumdünya
İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi,
"Evrostat" və digər qurumlar son illərin
yekunlarını Azərbaycan üçün kifayət qədər
uğurlu sayırlar.
Bütün bunlara
geniş yer verilən "İnkişafın Azərbaycan
modeli" kitabında respublikamızın iqtisadi
uğurları ilə yanaşı, həm də böhrana
qarşı həyata keçirilən effektiv tədbirlərdən
də söz açılır.
Əsərdə vurğulanır ki, 2008-2010-cu illərdə
ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması və
bütün strateji əhəmiyyətli sahələr üzrə
yüksək inkişaf göstəricilərinin əldə
olunması, ilk növbədə, Azərbaycan Prezidenti
İlham Əliyevin dünyadakı neqativ proseslərə
çevik reaksiya əsasında müəyyənləşdirdiyi
antiböhran siyasətinin nəticəsidir. Kitabda milli
bankların dəstəklənməsi də daxil olmaqla, ciddi
maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə
və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin
gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə
axınının təmin edilməsi, sosial öhdəliklərin
vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin
fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi,
ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi
kimi tədbirlərin əhəmiyyəti də xüsusi diqqətə
çəkilir.
"Azərbaycan" qəzetinin nəşri
olan "İnkişafın Azərbaycan modeli" kitabında
düzgün olaraq vurğulanır ki, dünya maliyyə-iqtisadi
böhranının qeyri-neft sektoruna, sahibkarlığın
inkişafına mənfi təsirlərini azaldan mühüm
amillərdən biri də Azərbaycanda maliyyə-bank
sisteminin sabitliyi və dayanıqlığı olmuşdur. İşgüzar-maddi fəallığın əsas
təminatçısı olan bankların böhrandan
qorunması istiqamətində həyata keçirilən
preventiv tədbirlər ümumən real sektorun
inkişafının dəstəklənməsi
baxımından mühüm əhəmiyyət
daşımışdır. Əksər
dünya dövlətlərində böhranın əsasən
banklardan başladığı, nəticədə
işgüzar maddi fəallığın azalması, istehlak,
biznes kreditləşməsində ciddi problemlərin
yaranması, istehlak tələbinin enməsi və digər
amillər nəzərə alınmaqla, iqtisadiyyatın
lokomotivi sayılan bank sektoruna dövlət dəstəyi
gücləndirilmişdir. 2010-cu ildə Mərkəzi
Bankın pul siyasəti daha aktiv olaraq makroiqtisadi
tarazlığın və dayanıqlığın təmin
olunmasına və eyni zamanda, bank sistemində maliyyə
sabitliyinin qorunmasına istiqamətlənmişdir. Həyata keçirilən tədbirlər, ilk
növbədə, bank sisteminə ictimai etimadın, sistemin
sağlamlığı və dayanıqlığının,
bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə
yönəlmişdir. İqtisadi subyektlərin
banklara inamını qorumaq və daha da artırmaq
mühüm vəzifələrdən biri olaraq qalmış,
bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması
siyasəti davam etdirilmişdir.
Son illər
ayrı-ayrı tədqiqatçılar, nüfuzlu alimlər,
mütəxəssislər respublikanın nəzəri-metodoloji
və praktiki idarəetmə baxımından bənzərsiz -
özünəməxsus inkişaf modelini elmi cəhətdən
araşdırmağa, obyektiv nəticələr əldə
etməyə çalışırlar və bu sahədə
çox işlər görmüşlər. Lakin reallıq göstərir ki, bu sahədə
tədqiqatlar kifayət qədər sistemli, ardıcıl
xarakter daşımır və respublikanın hazırkı
iqtisadi inkişaf dinamikasına tam adekvat səviyyədə
deyildir. Son 15 ildə Azərbaycanın keçdiyi
mürəkkəb inkişaf mərhələlərini dərin
elmi təhlilə cəlb edərək demokratikləşmə,
iqtisadi modernləşmə və siyasi liberallaşma məsələləri
ilə bağlı sanballı tədqiqatlarını elmi
ictimaiyyətə çatdıran, keçilən uğurlu
yolun nəzəri-metodoloji, fəlsəfi və politoloji şərhinə
geniş diqqət ayıran "İnkişafın Azərbaycan
modeli" bu istiqamətdə ilk uğurlu cəhdlərdən
biridir. Fikrimizcə, bu faktoloji baza əsasında
ictimaiyyətçi alimlər daha geniş tədqiqatlar
aparmalı, məsələnin sırf nəzəri əsaslarının
formalaşdırılmasına
çalışmalıdırlar.
Ümumilikdə Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
ideya müəllifliyi ilə ərsəyə gəlmiş
"İnkişafın Azərbaycan modeli" kitabı Azərbaycanın
ötən 17 ildə həyata keçirdiyi sosial-iqtisadi
islahatlara bütün parametrlər üzrə nəzər
salır, bu islahatların obyektiv tarixi-faktoloji və elmi mənzərəsini
yaradır. Zəngin faktlarla əhatə olunan
kitabın ensiklopedik səciyyə daşıması, yeni
dövrün islahatlarını dərin təhlilə cəlb
etməsi onun ictimai əhəmiyyətini daha da artırır.
Kitabla tanışlıq zamanı son 17 ildə
ölkə iqtisadiyyatının bütün sahələrində
aparılan islahatlar və onun qanunverici-institusional bazası
haqqında obyektiv təsəvvür yaranır. Məhz bu cəhətinə görə kitab Azərbaycanın
milli iqtisadi inkişaf modelinin özünəməxsusluğunu
kifayət qədər aydın şəkildə açıb
göstərir. İnanırıq ki, bu və
digər məziyyətlərinə görə yeni nəşr
təkcə ictimaiyyətşünas alimlərdə deyil,
bütövlükdə geniş oxucu kütləsində
böyük maraq doğuracaqdır.
Əlican
BABAYEV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor,
Azərbaycandan
Kənarda Təhsil Almış Mütəxəssislər
Təşkilatının
Ali Məclisinin sədri
Azərbaycan.- 2010.- 7 dekabr.- S. 3.