Xalqın
etimadının parlaq ifadəsi
Müstəqil
Azərbaycanın demokratik əsaslarla seçilmiş IV çağırış Milli Məclisinin fəaliyyətə
başlaması ölkəmizin parlament
tarixində yeni mərhələnin
başlanğıcına çevrildi. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin ilk
iclasında çıxış edərək bildirmişdir:
"Parlament seçkiləri Azərbaycanda
demokratik inkişaf
istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyinz
kimi, seçkilər çox
azad, ədalətli, şəffaf şəkildə,
rəqabət şəraitində keçirildi.
Bütün namizədlər üçün bərabər imkanlar
yaradılmışdır və seçkilərin nəticələri
Azərbaycan xalqının iradəsini tam
şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis
ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini
verəcək və Milli Məclis tərəfindən
qəbul ediləcək qanunlar ölkəmizin
demokratik inkişafı üçün
gözəl şərait yaradacaqdır".
Parlamentin yeni tərkibinə
diqqət yetirdikdə görürük ki, Azərbaycanın
siyasi arenasında mövcud olan qüvvələr nisbəti
ali qanunvericilik orqanında da öz əksini
tapmışdır. Milli Məclis
ötən dövrdə qüvvədə olan
qanunvericiliyə əsaslanaraq öz fəaliyyətini
demokratiya, plüralizm,
qanunun aliliyi prinsipləri
üzərində qurmuşdur. Ötən
dövrdə parlament səmərəli fəaliyyət
göstərmişdir. Milli Məclisin 150
iclası keçirilmiş, ümumən
1115 akt, 956 qanun və
159 qərar qəbul edilmişdir.
Son 5 ildə parlamentin
beynəlxalq əlaqələrinin inkişafı sahəsində
mühüm işlər görülmüşdür.
Parlament nümayəndə heyətinin
70-dən çox ölkəyə 820-dən
artıq səfəri həyata keçirilmişdir.
60-dan çox xarici
dövlətin və beynəlxalq təşkilatların 550-yə
yaxın nümayəndə heyəti Milli
Məclisdə olmuşdur.
Bu
dövrdə Milli Məclisin fəaliyyətinin
əsas prinsipləri təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi, demokratik və dünyəvi dövlətin
yaradılması prosesini davam
etdirmək, həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması və
təkmilləşdirilməsi olmuşdur.
Parlament dünyanın qabaqcıl ölkələrinin
təcrübəsindən bəhrələnərək bu sahədə bir sıra
mühüm nailiyyətlər
qazanmışdır. Hazırda Milli
Məclis Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası
Assambleyasının, ATƏT Parlament
Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin, İslam
Konfransı Təşkilatı Parlament Məclisinin
tamhüquqlu, NATO Parlament
Assambleyasının isə assosiativ üzvüdür. Milli
Məclis Avropa Parlamenti
və digər mötəbər beynəlxalq qurumlarla
da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların
işində yaxından iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri
dünya ictimaiyyətinə
çatdırırlar.
Ölkəmizin
Avropa Şurası Parlament
Assambleyası ilə əməkdaşlığı çox yüksək səviyyədədir. Azərbaycan həqiqətlərinin Avropa
və dünya ictimaiyyətinə olduğu kimi
çatdırılması, milli və
dövlət maraqlarımızın qorunması məqsədilə
nümayəndə heyətimizin üzvləri AŞ PA-da ölkəmiz üçün
çox vacib problemlərin
qaldırılmasına, onlarca sənədin
yayılmasına nail olublar.
Dağlıq Qarabağın və onun ətrafındakı yeddi
rayonun Ermənistan silahlı qüvvələrinin
işğalı altında olması, bu ərazilərin
beynəlxalq ictimaiyyətin nəzarətindən kənarda
qalması və müxtəlif beynəlxalq terror
təşkilatlarının fəaliyyət zonasına
çevrilməsi, habelə qaçqın və məcburi
köçkün
soydaşlarımızın vəziyyəti ilə
bağlı Azərbaycan dövlətinin və parlamentinin narahatlığı avropalı
deputatların nəzərinə çatdırılıb.
2008-ci
ildə Azərbaycan parlamentinin
yaranmasının 90-cı ildönümü
təntənəli şəkildə qeyd olunmuşdur. Bu əlamətdar
tədbirdə dərin nitq söyləyən
dövlət başçısı İlham
Əliyev Azərbaycan Respublikası Milli Məclisinin
hüquqi, demokratik
dövlət quruculuğu sahəsindəki
fəaliyyətini yüksək qiymətləndirmişdir.
Üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının
yekunları göstərir ki, bu gün parlamentdə həyata
vəsiqə alan qanunlar
hüquqi bazanı möhkəmləndirməklə
yanaşı, ölkə hakimiyyətinin kompleks
inkişafa dair həyata
keçirdiyi siyasi kursa dəstək verir. Lakin ölkəmizin
sürətli sosial-iqtisadi inkişaf
mərhələsinə qədəm qoyması,
bütövlükdə cəmiyyətin kompleks
inkişafı, Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasının sürətlənməsi, bir sıra yeni qanunvericilik aktlarının qəbulunu, əvvəllər
qəbul olunmuş qanunlara
əlavələrin və dəyişikliklərin edilməsini
zəruri etmişdir. Bu
baxımdan qətiyyətlə demək olar
ki, üçüncü
çağırış Azərbaycan Milli
Məclisinin fəaliyyəti birinci və ikinci çağırış parlamentlərin
fəaliyyəti kimi uğurlu
olmuşdur.
Dövlət
başçısının qanunvericilik
təşəbbüsü əsasında son
illərdə Milli Məclisdə qəbul
edilmiş qanunlar ictimai həyatın bütün
sahələrini əhatə etməklə yanaşı, vətəndaşa
həssas və qayğıkeş münasibəti təşviq
edir. Bu sırada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında 28 oktyabr 2008-ci il tarixli, "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə" 2008-ci il
16 dekabr tarixli,
"Məhkəmələr və hakimlər haqqında",
"Əhalinin sağlamlığının qorunması
haqqında", "Vətən uğrunda
həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında", "Kütləvi informasiya
vasitələri haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi
barədə" 2009-cu il 6 mart tarixli,
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" 2009-cu il 2 fevral
tarixli, "Məişət
zorakılığının qarşısının
alınması haqqında" 2010-cu il 22
iyun tarixli, "Məhkəmələr və
hakimlər haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" 2010-cu il 22 iyun tarixli və digər
qanunların qəbulunu xüsusi
xatırlatmaq lazımdır.
Ötən müddətdə diqqəti
cəlb edən əsas məqamlardan biri də
Milli Məclisin fəaliyyətinin dünya standartları səviyyəsinə
çatdırılması, deputatların daha
rahat şəkildə qanun
yaradıcılığı ilə məşğul ola bilmələri üçün
həyata keçirilən genişmiqyaslı işlərdir. Dövlət başçısının xüsusi tapşırığı və
qayğısı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati
binası müasir tələblər səviyyəsində
əsaslı təmir olunmuş, yeni korpusu inşa
edilmiş, eksteryeri və
interyeri əsaslı şəkildə
müasirləşmiş, ətraf ərazidə
abadlıq-quruculuq işləri aparılmışdır.
Ulu öndər Heydər Əliyevin
dövlət və xalq
qarşısında misilsiz xidmətlərinin
obyektiv dəyərləndirilməsi, xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Milli Məclisin foyesində büstü
qoyulmuş, parlamentdə "Heydər
Əliyev Muzeyi"
yaradılmışdır.
Azərbaycan
parlamenti ötən 5 ildə dövlət
büdcəsinin qəbulunu və icrasına nəzarəti də
uğurla həyata keçirmişdir.
Konstitusiyanın 95-ci maddəsinə görə, "Azərbaycan
Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin
təsdiq edilməsi və onun icrasına
nəzarət" Milli Məclisin səlahiyyətinə
aid məsələlərdəndir. Bir qayda olaraq
hər il payız aylarında büdcə
layihəsi Milli Məclisin müzakirəsinə
çıxarılır, hökumət üzvlərinin
iştirakı ilə geniş müzakirə
və təhlil olunur, təkmilləşdirilir.
Milli Məclis üzvlərinin büdcə
gəlirlərinin daha məqsədyönlü
istifadə olunması, ayrı-ayrı sahələrə
ayrılan vəsaitlərin bölgüsü
ilə bağlı dəyərli təklifləri əsasən
nəzərə alınır. Bu şəffaf
mexanizm nəticəsində büdcənin
formalaşmasında bilavasitə iştirak
edən hər bir vətəndaş maliyyə
vəsaitlərinin bölgüsü və
xərclənməsi ilə bağlı aydın və dolğun təsəvvürə malik olur. Milli Məclisdə təsdiq
edilmiş "Azərbaycan
Respublikasının 2011-ci il dövlət
büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanunu da qlobal böhran şəraitində
respublikamızın qarşıya qoyduğu
hədəflərə doğru inamla irəliləyən ölkələr
sırasında olduğunu bir
daha təsdiqləyir.
Milli
Məclis Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qabaqcıl dünya dövlətləri
sırasına çıxması, ölkənin milli maraqlarının təmin edilməsi üçün görülən işlərə
həmişə dəstək vermişdir.
Ölkə başçısı parlamentdəki
çıxışında demişdir: "Hesab edirəm ki, yeni tərkibdə Milli Məclis
həm peşəkarlıq, həm inellektual
baxımdan Azərbaycanın inkişafına töhfəsini
verməyə qadirdir. Mən çox şadam ki, Azərbaycan xalqının seçimi
düzgün olmuşdur.
İstənilən seçim düzgün seçimdir,
çünki bu, xalq tərəfindən edilən seçimdir. Amma mən çox şadam ki, Azərbaycan cəmiyyəti artıq elə
yüksək pilləyə qalxıb ki, ən
dəyərli nümayəndələrini seçməyə qadirdir.
Mən ümid edirəm
ki, növbəti beş
ildə yeni Milli Məclis
və əlbəttə, onun
aparıcı qüvvəsi olan Yeni Azərbaycan Patriyası ölkəmizin gələcək
inkişafına töhfəsini verəcək, ölkəmizin
dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan
xalqının maraqlarını tam
şəkildə təmin edəcəkdir".
Hazırda
müstəqil Azərbaycanın bütün
sahələr üzrə qanunvericilik
bazası mövcuddur. Qəbul
olunmuş konstitusiya
qanunları, məcəllələr, qanunlar,
təsdiq edilmiş konvensiyalar
və sazişlər cəmiyyət və dövlət həyatında
yaranan münasibətləri tənzimləməyə
xidmət edir. Ölkədə uğurla davam etdirilən siyasi, hüquqi, iqtisadi, sosial
islahatların, demokratikləşdirmə prosesinin
mexanizmi daha da inkişaf etdirilir və Azərbaycan
Respublikasının Milli Məclisi də
islahatların hüquqi bazasının
formalaşdırılmasında öz əməyini
sərf edərək xalq, dövlət, cəmiyyət
qarşısında üzərinə götürdüyü
missiyanı uğurla yerinə yetirməyə
çalışır.
Tahir SÜLEYMANOV
Milli Məclisin deputatı
Azərbaycan.-2010.-7 dekabr.- S. 4.