Gorusdan Moskvayadək uzanan YALAN

 

Son zamanlar Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın həm Gorusda, daha sonra isə bu günlərdə Moskvada erməni diasporunun nümayəndələri qarşısında sərsəm sayıqlamalarını erməni ictimai rəyinə ünvanlanmış, öz xalqının diqqətini daxili problemlərdən yayındırmağa hesablanmış çıxış adlandırsaq, səhv etmərik. Bununla əlaqədar olaraq, Gorusdakı nitqinə "Azərbaycan" qəzetinin 4 noyabr tarixli sayında akademik Ramiz Mehdiyev tərəfindən tutarlı cavab alan Serj Sarkisyan yenə də Rusiyanın paytaxtında, bu dəfə də erməni diasporuna ünvanladığı çıxışında yeni bir söz deməsə də, çeynənmiş iddialarını davam etdirmiş, erməniləri qədim xalq, tarixi Azərbaycan torpaqlarının işğalını isə qanuni hal saymışdır və bir daha bəyan etmişdir ki, Ermənistan tərəfi problemin sülh yolu ilə çözülməsini Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb ayrılmasında görür.

Erməni liderinin belə bir sərsəm mövqe tutması bizi bir daha ermənilərin bir etnos kimi mənşəyinə, kimliyinə nəzər yetirməyə vadar edir. Əldə olan erməni və digər xristian mənbələrinə əsasən demək olar ki, ermənilərin qədim tarixi elmi təməldən məhrum olan, tamamilə mifologiya və əsatirlərə, əfsanələrə əsaslanan uydurmalarla dolu olan bir cızmaqaradan başqa bir şey deyildir. Bunu çoxsaylı faktlar və tarixi qaynaqlar da sübut edir. Bu etnosun keçmişi ilə maraqlanan erməni tarixçisi Qaraqaşyan yazırdı ki, ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur.

"Hay" alimlərinin fikrincə, ermənilərin konkret bir ərazi ilə bağlılığı hələ də qaranlıq qalır. Onları, əslində, hər hansı bir irqə aid etmək də mümkün olmamışdır. Fransız mənşəli qafqazşünas alim, uzun illər bu bölgədə tədqiqat işləri aparmış İ.Şopen yazırdı ki, "...aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər. Aydındır ki, Şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə Sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz".

Qədim dünya tarixçilərindən Herodot, Evdoks və başqaları protoermənilərin mənşəyinin friq tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Sovet tarixçisi, şərqşünas, alim İ.M.Dyakonov bununla əlaqədar olaraq, qeyd edirdi ki, "...nə qədər ki, qədim erməni dili Ərməniyə yaylasının (bu ad da erməni müəllifləri tərəfindən uydurulmuşdur) avtoxton xalqlarının dillərinə qohum deyildir... Qədim erməni xalqı ilkin olaraq, yuxarı Fərat vadisində bərqərar olmuşdur". O, daha sonra yazırdı ki, "...erməni dilinin əcdadının ilkin daşıyıcıları Ərməniyə yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldar kimi gəlmişlər. Onlar yaylanın təbiəti və erkən sinifli cəmiyyətin sosial şəraiti ilə o zamanlar hələ erməni dilinə keçməmiş olan yerli əhalinin vasitəsi ilə tanış olmuşlar". Beləliklə, bu alim də ermənilərin əcdadlarının Kiçik Asiyaya gəlmə olduqlarını təsdiq edir.

Saxtakar erməni tarixçiləri kimi, indiki saxta şüarlarla çıxış edən erməni siyasətbazları və liderləri də erməni etnosunun avtoxton - əslən yerli olmasını, yəni, ermənilərin əcdadlarının qədimdən Ön Asiyada yaşadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Vaxtilə tanınmış sovet alimlərinin birgə yazdıqları "Qədim dünya tarixi" kitabında açıq-aydın qeyd olunur ki, "...ermənilərin bu yaylanın avtoxtonları olması barəsində son zamanlar yayılmış fikri bir sıra səbəblərə görə əsaslı saymaq olmaz". Kitabda daha sonra bu müddəa elmi cəhətdən tamamilə əsaslandırılmışdır.

Bu bir həqiqətdir ki, Kiçik Asiyaya gəlmə ünsürlər olan ermənilərin babaları orada özlərindən yüksək mədəniyyətə malik olan aborigen xalqların mədəniyyətinin müxtəlif ünsürlərini mənimsəyərək özününküləşdirmişlər. Bu fikri erməni alimi Nalbəndyan da təsdiq edərək yazırdı ki, "...erməni xalqı Dəclə və Fərat çaylarının yuxarı axarları boylarına söykənən ərazilərdə bərqərar olmuşdur. Həmin ərazilərin aborigenləri isə (hetlər, hurrilər, urartulular) yüksək inkişaf etmiş xalqlar idilər".

İndiki ermənilər öz ulu babalarının "məskənləri" hesab etdikləri Şərqi Anadoludakı "Hayas" və "Ərmən" vilayətlərində qədim zamanlardan, yəni, indiki ermənilərə ad qoyulmamışdan əvvəl Balkan yarımadasından köçüb gəlmiş "hayların" törəmələrindən əvvəl çoxsaylı avtoxton etnosların və tayfaların - het, hurri, urartu xalqlarının nəsilləri, həmçinin e.ə. I minilliyin birinci yarısında Cənub-Şərqi Avropadan, Şimali Qara dəniz sahillərindən köçüb gələrək buralarda məskunlaşmış türkdilli kimmer, skif, sak və başqa tayfalar da yaşayırdılar. Arsax termininin meydana gəlməsi də bu dövrdən sayıla bilər.

İndiki ermənilərin etnonim kimi bu addan imtina etmələrinin və inadkarlıqla "hay" etnonimindən möhkəm yapışmalarının səbəbi sonralar Şərqi Anadoluda yaşayan iri tayfalardan birinin digər xalqlar tərəfindən "ermənilər" adlandırilmasıdır. Həm də indiki ermənilərin özlərini başqa millətlərə daha üstün toplum kimi təqdim etməyə çalışmaları, onların bu yerlərə gəlmə olduqlarından, bölgədə qədim əlaqələrə və köklərə bağlı olmadıqlarından irəli gəlir. Məhz buna görədir ki, bu gün tarixi Qərbi Azərbaycan torpaqlarında böyük dövlətlərin, xüsusilə də, Sovet Rusiyasının hərtərəfli dəstəyi ilə Ermənistan Respublikası adlı bir "qurum" yaradan bu xalq inadkarlıqla "erməni" sözünü düzgün saymır və öz adı kimi qəbul etmir.

Hay adlandırılan etnosun indiki ermənilərə heç bir dəxli yoxdur. Bununla belə, hay tayfası heç vaxt Şərqi Anadolu bölgəsində əhalinin əksəriyyətini təşkil etməmişdir. Tədqiqatçı Şnirelman yazırdı ki, "...erməni tədqiqatçıları erməni etnosunun etnogenezi məsələsini qoyarkən əvvəlcə köçmə, mühacirət hipotezinə müraciət etmişdilər". Buna görə ermənilərin əcdadları friqiyalılar, frakiyalılar və yunanlarla yaxın qohumluqda olmuşlar, sonra Balkan yarımadasından Kiçik Asiyaya köçmüşlər və yüz illər boyu Şərqə doğru hərəkət edərək, nəhayət, "erməni dağ silsiləsində" məskunlaşmışlar.

Akademik Y.A.Manandyan da bu konsepsiyanın qızğın tərəfdarı idi və bu fikir hətta Ərməniyə tarixi üzrə 1944-cü ildə çap edilmiş ilk sovet məktəb dərsliyində öz əksini tapmışdı. Şnirelman daha sonra akademik Piotrovskinin fikirlərinə əsaslanaraq yazırdı ki, "...nasist təbliğatı təsdiq edirdi ki, ermənilər "hind avropalı" olduqlarından Qafqaza yad xalqdır. Ermənilərin hind-avropalılarla qohumluğu və eyni cəhətdən köçmə konsepsiyası da hörmətdə, dəbdə deyildi, onlar haqqında danışmaq təhlükəli idi və erməni müəllifləri qızğın surətdə onları siyası etibarsızlıqda təqsirləndirmədən xilas etməyə qabil sayılan alternativ yanaşma tərzi axtarmağa başladılar. Onlar tərəfindən "Hayasa" ölkəsinin və onun adının mənimsənilməsi belə başlandı. O, belə bir məsələni ön plana çəkirdi ki, "Hayasa" sakinlərinin dili haqqında az sayda şəxs adlarından və coğrafi adlardan başqa demək olar ki, heç nə saxlanılmamışdır. Dyakonov da "Hayasa" və "Muşk" nəzəriyyələrinin barışdırılması cəhdlərinin heç bir əsasa söykənmədiyi barəsində yazmışdı. Xaçatryanın konsepsiyasını kəskin tənqid edən Dyakonov onun heç bir dəlilə söykənmədiyini və faktiki materialı təhrif etdiyini göstərir. O, belə güman edirdi ki, Hayasanı Nairi ilə eyniləşdirmək üçün heç bir əsas yoxdur. Nairi heç də tayfa ittifaqı deyil, yalnız qeyri-dəqiq coğrafi işarədir. Belə ki, "Ərməniyə dağ silsiləsinin" bir çox toponimləri yalnız ermənilərdən əvvəlki dillərdən öz izahını tapa bilərdi, "Hayasa" əhalisinin dili haqqında məsələni malik olduğumuz olduqca az sayda mənbələr əsasında həll etmək mümkün deyildir. Nəhayət, akademik Dyakonov salnaməçi Movses Xorenatsinin Bibliya qaynaqlarından, əfsanələrindən aldığı bilgiləri qeyd edir ki, bunlara da müasir qədim dünya tədqiqatçısının əsaslanması mümkün deyildir. Dyakonov buna görə də Xaçatryanın konsepsiyasını "XX əsrin apokrifi" adlandırmış və yüksək emosional yüklülüyünü qeyd etmişdir.

Bəzi coğrafi ədəbiyyatlarda "Armini" sözü Şərqi Anadoluda "Ərməniyə yaylası" kimi işlənməkdədir. Lakin "Armini" adı qədim yunanlara keçdikdən sonra "Armeniya" formasını kəsb etmişdir. Sonralar Avropa dillərinə də yayılan bu termin həmin dillərdə "hay" adlananlar üçün etnik ada çevrilmişdir. Dyakonov yazırdı ki, "haylar heç vaxt özlərinə "erməni" deməmişlər. Tədqiqatçı İ.Şopen "erməni hayların" mənşəyindən bəhs edərək belə bir nəticəyə gəlmişdi ki, "...ermənilərdən, parsuqlardan, haykanlardan və yəhudilərdən yeni, qarışıq bir xalq əmələ gəldi ki, o, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi (doğma) adını da itirdi".

Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlir: "Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur".

Ümumiyyətlə, ermənilərin mənşəyi müəmmalı və qaranlıqdır. Tanınmış tədqiqatçı, qafqazşünas Veliçko da belə bir qənaətə gəlmişdir ki, "... əvvəlcə Babil əsarəti zamanı, sonra isə Yerusəlimin dağıdılmasından bəri yəhudilərin böyük bir kütləsi onlarla qarışmışdır". Təsadufi deyl ki, yəhudilərin də bir hissəsi haylaşaraq "zok" adını almışdır.

Ermənistan prezidenti Serj Sarkisyan Gorus və Moskva çıxışlarında erməni xalqını Cənubi Qafqazın avtoxton xalqı hesab etməkdən belə, çəkinməmişdir. Halbuki son əsrlər zamanı kütləvi halda Qafqaza axın edən ermənilərin yaxın keçmişi, daha doğrusu, orta əsrlər dövrü haqqında antropoloji və arxeoloji tədqiqatlar belə bir material vermir. Dəfələrlə İrəvan və onun ətrafında arxeoloji qazıntı işlərinə başlamağa cəhd göstərən erməni arxeoloqları oradan onlar üçün yad olan "türk", "oğuz" maddi mədəniyyət nümunələri, antropoloji qazıntıların aşkar olduğunu görüb həmin təbəqələri ya məhv etmiş, yaxud da basdırmışlar. Bunu xarici tədqiqatçılar da sübut və təsdiq edirlər. Məlumdur ki, antropoloji nöqteyi-nəzərdən ermənilərin əksəriyyəti brahisefal, yəni, qısaboyunlu, yastıbaşdır. Erməni alimi Kapançyan bu fikri təsdiq edir. Tanınmış gürcü alimi M.İ. Çavaxaşvili "Gürcü xalqının tarixi" adlı kitabında qeyd edirdi ki, "...antropologiya elmi xalqları baş quruluşuna görə 3 qrupa ayırır. Qafqazın qədim qəbirlərindən tapılan kəllələrin əksəriyyəti dolixokrandırlar (uzunbaşdırlar). İndiki erməni və gürcülər isə baş quruluşlarına görə braxikrandırlar. Görünür, bunu nəzərə alan professor Virxov erməni və gürcülərin Qafqazın qədim əhalisinin onlarla heç bir bağlılığı olmadığını yazır. Həqiqətən də, indiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar".

Prezident Serj Sarkisyanın erməni dilinin "qədimliyi" barəsində hay-küy salmasına gəldikdə isə bunları qeyd etmək lazımdır ki, əvvəla, bu dil calaq dildir. Belə ki, erməni dilini hərtərəfli öyrənmiş və tədqiq etmiş akademik N.Y.Mar qeyd edirdi ki, erməni dili hibrid dilidir. Qeyd etmək lazımdır ki, erməni soy və yer adları içərisində erməni mənşəli sözlər olduqca azdır. Bunu erməni alimi Avetisyan da təsdiq edir. O, yazırdı ki, erməni soy adlarının 113-ü türklərdən götürülmüşdür. O cümlədən, Tiqran, Artaşes, Mamikon, Şaumyan və s. adları göstərmək olar.

Müxtəlif tayfa və xalqların ayrı-ayrı nümayəndələrinin erməniləşmə prosesinin sürətlə getməsinə əsas səbəblərdən biri bu etnosun qız və gəlinlərinin onun gedişində fəal iştirak etməsi olmuşdur. Erməni tayfa başçılarının düşüncəsində "Erməni qızlarının ayaqları dəyən torpaqlar bizimdir!" kimi sərsəm fikirlər həmişə dolaşmaqda idi. Kapançyana görə Yuxarı Fəratın qərb əyalətləri boyunca bəzi tayfaları "hayasa-ermənilər" assimilyasiya etmişlər. Burada söhbət ermənilər tərəfindən mədəni cəhətdən onlardan yüksək səviyyədə duran yerli xalqların bir çox mədəni nailiyyətinin mənimsənilməsindən gedir. Hansı ki, sonrakı illərdə baş vermiş hadisələr həmin prosesin, yəni, özgə xalqların bir sıra mədəni nailiyyətlərinin ermənilər tərəfindən mənimsənilməsi və özününküləşdirməsi prosesi müasir zamanımızda da davam etməkdədir. Ermənilərin ulu babalarından bəzilərinin xaldey şəkilçili, sonluqlu adlar - Araxi, Xaldita, Aramais, Aramaniak və başqa daşıması da bununla bağlıdır. Lakin belə bir fakta da diqqət yetirmək lazımdır ki, Ksenofont "...torpaqdan istifadə üstündə gəlmə ermənilərlə yerli urartulu-xaldeylər arasındakı düşmənçilik haqqında danışır". Halbuki indiki erməni alimlərinin bəziləri Urartu ərazisinə və mədəniyyətinə iddia ilə çıxış ediblər.

Bununla əlaqədar olaraq XIX əsr müəllifi Lenorman tutarlı faktlara istinad edərək əsasən Henrix Roulinsonun söylədiyi eyni fikirlərlə razılaşmışdi ki, "Urartu dili hazırki hayasa dili ilə heç bir qohumluğa malik deyildir". Erməni müəllifi Vermişev də dolayısı yolla bu fikirləri təsdiq edərək bildirmişdi ki, ermənilər qədim Urartu əhalisinin adlarını, etiqadını, dilini və əfsanələrini özününküləşdirmişlər.

Məlumdur ki, urartulular qədim türk dilini Ural-Altay şivələrində danışmışlar. Yəni, onlar Asiyadan, daha doğrusu, Altay və Sibirdən gəlmiş tayfaların törəmələridir. Ermənilərin özgə mədəniyyətləri, adət-ənənələri zorla özününküləşdirmək, mənimsəmək cəhdləri həmişə olmuşdur. Lakin Kapançyan ermənilərin assimilyasiyaedici qabiliyyətini ona görə şişirdir ki, o dövrdə adı çəkilən ərazilərdə erməni etnosu azlıqda qalan bir tayfa olmuşdur və onların ictimai-siyasi proseslərə təsir etmək imkanları və gücləri də olmamışdır. Buna görə də onun bu cəhdi digər üstün tayfa və xalqların rolunu azaltmaq, onların üstün mövqeyinə kölgə salmaqdan başqa bir şey deyildir. Yəqin ki, Kapançyana erməni naxararlarının (knyazlarının) müxtəlif mənşəyə malik olmaları məlum idi. Məsələn, Kamsarakanlar fars mənşəli, Mamikonyanlar Orta Asiyadan gəlmə türk tayfaları, Baqratunilər yəhudi mənşəli, Ardzinilər Suriya mənşəli şəxslər olmuşdular.

Hələ XIX əsrin sonlarında çap olunmuş "Murç" adlı erməni jurnalı ermənilərin başqa xalqları assimilyasiya etmək qabiliyyəti haqqında danışarkən onların arasında assimilyasiya edilmiş qaraçıların böyük faiz təşkil etdiyini qeyd edirdi. Hər iki tayfa ilə həm erməni, həm də qaraçılarla tanışlıq müşahidəçiyə bu jurnalın nəticələrini təsdiq edən maraqlı material verir. Məqalə müəllifinin təsvirinə görə, Gəncə, Tiflis və başqa yerlərin qaraçıları ermənilərlə qarışaraq öz varlığını itirmiş və yalnız familiyalarını saxlamışdılar.

Bu fikri Qafqaz albanlarının bir hissəsinə də aid etmək olar. Veliçko Qarabağ əhalisinin ermənilərə aid edilən hissəsi haqqında söhbət açarkən yazırdı ki, "...Qarabağın (Albaniya və ya Aqvaniya) düzgün olmayaraq (keçmişə aidən) erməni adlandırılan və xristian dininə itaət edən əhalisi dağlı və türk tayfalarından törəmiş və üç-dörd əsr bundan əvvəl erməniləşmişdir".

Qarabağ ermənilərinin daha böyük hissəsi isə 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İrandan köçürülmüş gəlmə ermənilərdən ibarət olmuşdur.

Uydurma tarixə malik olan ermənilər və onların prezidenti Serj Sarkisyan nə qədər canfəşanlıqla tarixi saxtalaşdırmağa çalışsalar da, buna nail ola bilməzlər. Çünki onların bu uydurmalarını erməni və digər qeyri-azərbaycanlı müəlliflərin əsərlərindən gətirdiyimiz və gətirə biləcəyimiz çoxsaylı tutarlı faktlar və dəlillər alt-üst edir.

 

Sani HACIYEV,

BDU-nun professoru,

Atamoğlan MƏMMƏDLİ, BDU-nun dosenti

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 4.