Əhalinin sosial müdafiəsini gücləndirən pensiya islahatları uğurla
reallaşdırılır
Sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən Azərbaycanda pensiyaçıların sosial müdafiəsi daim xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla gercəkləşdirilməkdədir. Əldə olunan nəticələr sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində həyata keçirilən islahatların alternativsiz olduğunu sübuta yetirir.
Azərbaycanın sığorta-pensiya modelinin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyada davam edən maliyyə böhranı şəraitində belə, ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.
Azərbaycanda heç bir xarici ölkədən və ya xarici şirkətdən texnoloji dəstək istənilmədən, tamamilə yeni, bazar iqtisadiyyatı prinsiplərinə söykənən, şəffaf, ədalət prinsiplərinə əsaslanan, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sisteminin modeli hazırlanmış və tətbiq edilmişdir. Ölkə vətəndaşlarında sosial sığorta-pensiya sisteminə böyük ümidlərin yaranması, pensiyaların dinamik artması, pensiyaların ödənilməsində gecikmələrin aradan qaldırılması, pensiyaların plastik kartlarla ödənilməsi və bir sıra digər mühüm yeniliklər sosial müdafiə sistemi sahəsində həyata keçirilən islahatların mühüm cəhətləridir. Bunun nəticəsidir ki, artıq vətəndaşlar könüllü olaraq sosial sığorta-pensiya sistemində aktiv iştirak edirlər. Belə ki, sosial sığorta şəhadətnamələri alanların sayı artır və insanlar fərdi sosial sığorta hesablarında toplanmış vəsaitin miqdarı ilə maraqlanır, Dövlət Sosial Müdafiə Fondunun müasir veb saytına elektron məktublar yazır, qaynar xəttə zənglər edirlər. Bu onu göstərir ki, artıq Azərbaycan əhalisi sosial sığorta-pensiya sistemində öz rolunu anlayır və bu sahədə Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq edir, onun işini dəstəkləyir. Qısa zaman kəsiyində insanların şüurunda belə kəskin dəyişikliyin baş verməsi çox ciddi nailiyyətdir və bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, Dövlət Sosial Müdafiə Fondu beynəlxalq səviyyədə yüksək nüfuza malikdir və bu sahədə mötəbər qurumlar tərəfindən Azərbaycanda qurulan model keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilir.
Hazırda pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri həyata keçırilməkdədir. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilir. Xüsusilə pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə aparılır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə proqram təminatı hazırlanaraq testdən keçirilmiş və pilot rayonlarda tətbiqinə başlanılmışdır.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsində də bu istiqamətdə verilən tapşırıqlar vaxtında icra olunmaqdadır. Ayrı-ayrı sığortaolunanların 2006-2009-cu illərdə ödədikləri sığorta haqları barədə bəyannamələrin qəbulu yekunlaşmaq üzrədir. Qarşıya qoyulan vəzifələrin keyfiyyətlə icrası üçün şöbədə müasir iş şəraiti yaradılmışdır. 2009-cu ilin oktyabrından etibarən şöbənin kollektivi ən müasir tələblərə cavab verən, yüksək maddi-texniki bazaya malik yeni inzibati binada fəaliyyət göstərir. Şöbənin müdiri Hacıağa Qasımov bildirdi ki, şöbədə sosial sığorta haqlarının avtomatlaşdırılmış qaydada, fərdi uçot prinsipləri əsasında toplanmasının təmin edilməsi məqsədilə "incə müştəri" sistemi və "bir işçiyə bir kompüter" prinsipi əsasında ən müasir standartlara cavab verən əmək şəraiti yaradılmış, müasir inzibati-kommunikasiya texnologiyaları tətbiq edilmişdir.
Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsi tərəfindən fərdi uçotun təşkili sahəsində də xeyli iş görülmüşdür. Belə ki, 7835 nəfər şəxsə sosial sığorta şəhadətnaməsi alınıb paylanmışdır. Bunlardan 4701 ədədi hüquqi şəxs işçilərinə, 799 ədədi fiziki şəxs və onun işçisinə, 2335 ədəd pay torpaq mülkiyyətçisinə və onun ailə üzvlərinə paylanmışdır.
Qeyd edək ki, ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi təmin edilmişdir. Yəni, pensiyaların baza hissəsinin artırılmasında inflyasiyanın illik səviyyəsi nəzərə alınır, sığorta hissəsi inflyasiyaya uyğun indeksləşdirilir. Yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Ötən 5 ildə Prezident İlham Əliyev tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 4 sərəncam imzalanmışdır. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 10 faiz artırılmışdır. Bu sərəncam Hacıqabul rayonunda təxminən 7064 nəfər pensiyaçıya şamil olunmuşdur.
H.Qasımov bildirdi ki, Hacıqabul rayonunda kənd əhalisi də daxil olmaqla, yaşayan bütün pensiyaçılara ödəniş plastik kartlarla edilir. Rayonda 2010-cu il oktyabrın 1-nə olan tarixədək əmək pensiyası alan şəxslərin sayı 7064 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 1605 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 4541 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 918 nəfərdir.
Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsində 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1 milyon 313 min manat olmuşdur. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 1 milyon 56 min manat təşkil edir.
2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 257.3 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 12 faiz və ya 27.6 min manat çoxdur.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artaraq 59.2 min manat təşkil etmişdir. Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə ödənişləri 64 faiz olmuşdur.
H.Qasımov vurğuladı ki, şöbədə sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədilə davamlı olaraq müvafiq tədbirlər görülməkdədir. Əmək pensiyaları sahəsində aparılan islahatlar istənilən pensiyaçıya fərdi qaydada izah edilir, müxtəlif ictimai təşkilatlara və digər müraciətçilərə ətraflı məlumatlar verilir. Hacıqabul rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sığortaolunan və pensiyaçıların maarifləndirilməsi üçün hazırlanan yeni çap məhsulları (bukletlər) əhaliyə pulsuz paylanılmışdır. Bu bukletlər hazırda işləyən və gələcəkdə pensiyaya çıxacaq şəxslərin maarifləndirilməsinə xidmət edir.
Şöbəyə daxil olan bütün ərizə və müraciətlərin mərkəzləşdirilmiş şəkildə uçota alınması təmin edilməklə onların vaxtında və düzgün icra olunmasına da ciddi nəzarət edilir. Vətəndaşların qəbulu bütün iş günlərində uğurla həyata keçirilir. Onların hər biri təmkinlə dinlənilir, müraciət və problemlərinə xüsusi həssaslıq və qanunun tələbləri daxilində yanaşılır. Zəruri hallarda onlara qanunun normalarının şərhi ilə bağlı rəsmi və yazılı izahatlar verilir.
Şöbə müdiri dedi ki, bundan sonra da sığorta-pensiya sistemi üzrə islahatların uğurlu aparılması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi naminə şöbənin kollektivi öhdəsinə düşən vəzifələri layiqincə və səmərəli həyata keçirməyə çalışaçaqdır.
R.BAYRAMOV
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 5.