Gənclik
eşqiylə yaradan sənətkar
Mədəniyyət və İncəsənət Universitetinin professoru, xalq artisti, qocaman teatr rejissoru Ağakişi Kazımov özünəməxsus yaradıcılıq yolu keçib. Sənət fəaliyyətinə aktyorluqdan başlayan Ağakişi Kazımov Sankt-Peterburqda ali rejissor təhsili alıb, bir müddət Kazan və Sumqayıt teatrlarında tamaşalara maraqlı quruluşlar verdikdən sonra 1971-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nodar Dumbadzenin "Darıxma, ana!" komediyasına quruluş verməyə dəvət olunub. Tamaşanın premyerası 1972-ci il mart ayının 27-də Beynəlxalq Teatr Günündə nümayiş edildi. Ağakişi Kazımovun yaradıcılığı ilə ilk tanışlığımız məhz bu tamaşa ilə oldu.
Premyeradan bir neçə tamaşa keçmişdi, teatrımızda böyük həyəcan yaşanırdı, növbəti "Darıxma, ana!" tamaşasına ulu öndər Heydər Əliyev baxmağa gəlmişdi. Tamaşa salonu insanlarla dolu idi. Hamı mərkəzi lojada görünən Heydər Əliyevi alqışladı və tamaşa başladı. Mən tamaşadan çox Heydər Əliyevin səhnədə cərəyan edən hadisələrə münasibətini, reaksiyasını izləyirdim. Tamaşa həddindən artıq yaxşı olduğundan Heydər Əliyevin çox xoşuna gəlirdi və münasibətini ürək açıqlığı ilə bildirirdi. Tamaşadan sonra rejissor və aktyorların işinə yüksək qiymət verildi. Quruluşçu rejissor Ağakişi Kazımovun Milli Teatrda ilk işi istər tamaşaçılar, istərsə də teatr tənqidi tərəfindən yüksək qiymət aldı. Görkəmli alim və teatr tənqidçisi Cəfər Cəfərov Azərbaycan teatrının yüz illiyinə həsr olunan "Azərbaycan teatrı" kitabında yazırdı: "Darıxma, ana!" qəhrəmanlıq komediyası üslubunda həll edilmişdi. Ağakişi Kazımovun debütündə psixologizmin, müasir monumentalizmin satiraya tətbiqi özünü doğrultmuşdu: Qəhrəman "darıxma, ana" dedikdə bu sözlər "darıxma, Vətən", "darıxma, torpaq" səviyyəsində ümumiləşə və ucadan səslənə bilirdi. İdeya, qayə, fikir siqləti, əxlaqi-fəlsəfi ümumiləşmənin gücü rejissorun monumentalizm anlayışını ifadə edirdi. Yaxud Vano dayının (Möhsün Sənani) Avtandillə (F.Poladov) söhbəti xalis komediya epizodu çərçivəsindən kənara çıxır, bir ata vəziyyəti, tragik etiraf, monoloq kimi səslənə bilirdi..."
Sənətşünas İlham Rəhimli isə yazır: "Darıxma, ana!" tamaşası SSRİ-nin yaranmasının 50 illiyinə həsr edilsə də, əsərin bədii dəyəri estetik göstəricilərin sənətkarlığı ilə ölçülürdü. İlk tamaşası mətbuatda ciddi əks-səda doğuran bu səhnə əsəri barədə dalbadal müsbət resenziyalar yazıldı.
Əsərin özünün, rejissor, aktyor və rəssam işinin bədii məziyyətlərindən ürəkdolusu danışan tənqid tamaşanın lirizmini, təravətini, həyatsevərlik, vətənpərvərlik ruhunu, emosional təsirini, tərbiyəvi əhəmiyyətini xüsusi qiymətləndirirdi. Ağakişi Kazımov romantik teatr məktəbinin elementləri ilə realist lirik-psixoloji teatr oyun-üslubunun prinsiplərini birləşdirərək ikihissəli dinamik və cazibədar, şən və düşündürən, yumorlu və satiralı, lirik ovqatlı tamaşa yaratmağa müyəssər olmuşdu. Rejissor kompozisiyası poetik prinsipli, rəng-kolorit baxımından əlvan tamaşada aktyorlarla səmərəli işləyə bilmişdi. Tamaşada baş roldan tutmuş epizodik ifaçıya qədər hər aktyorun əməl-fəaliyyət xətti aydın, icrası bədii, təəssüratı təbii idi. Komizmin ölçüləri tamaşa boyu elə həssaslıqla paylanmışdı ki, mövzunun psixoloji kövrəkliyinin ahəngi öz tamlığını ən yumorlu epizodda belə həssaslıqla saxlaya bilirdi..."
Yuxarıda qeyd olunanları təsdiq edərək, mən Ağakişi müəllimin aktyorla iş üslubunun müsbət nəticələrlə yekunlaşdığının şahidi və iştirakçısı olmuşam. Onun hələ gənc yaşlarından böyük sənətkarlarla cəsarətlə işləməsi və səhnədə hələ ilk addımlarını atan gənc aktyorların istedadının parlamasına xidmət edən hər hansı tamaşanın səhnə həllinin düzgün yozumu aktyorların nailiyyətinə çevrilirdi. Təsadüfi deyildi ki, Ağakişi Kazımov ilk uğurundan sonra görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin "Qəribə oğlan" tamaşasını hazırlamağa başladı və ilk dəfə olaraq bu komediyanı musiqili janrda həll etdi. Məşqlər prosesində Ağakişi Kazımovun aktyorlarla iş üslubu və tamaşanın həlli yeni yaradıcılıq nailiyyətinə çevrildi. "Qəribə oğlan" uzun illər səhnədən düşmədi və tamaşaçı marağına səbəb oldu. Premyerası 8 aprel 1973-cü ildə göstərilən tamaşada aktyorlar bütün istedadlarını nümayiş etdirə bildilər. Ağakişi Kazımovun qurduğu mizanlar aktyorlara tam sərbəstlik verir, hərəkətlərində və oyunlarında əlvanlıq yaradırdı. Aktyorların imkanlarını yaxşı bilərək quruluş verdiyi tamaşalarda rol bölgüsünü düzgün apardığından, sanballı ifaçı ansamblı yaranırdı və hər bir obrazın inkişaf xətti maraq doğururdu. Onu da qeyd edək ki, Ağakişi müəllimin yaradıcılığında lirik-psixoloji ovqatla yumor önəmli yer tutur.
Ağakişi Kazımov müasirləri ilə işləməyi çox sevir. Dramaturq-rejissorun birgə yaradıcılıq işləri nəticədə uğur gətirirdi. Buna misal olaraq mərhum görkəmli yazıçı-dramaturqlar İlyas Əfəndiyev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə ilə Ağakişi Kazımovun birgə işlərinin nailiyyətlərini qeyd etmək olar. Beləliklə, uzun fasilədən sonra Ağakişi Kazımov 1981-ci ilin sonunda Nəbi Xəzrinin qələmə alıb teatra təqdim etdiyi (şair Mirzə Şəfi Vazehin həyatından bəhs edən) "Mirzə Şəfi" əsəri üzərində müəlliflə bərabər işləməyə başladı və 1982-ci ilin mart ayının 26-da tamaşanın premyerası uğurla keçdi. Elə həmin il görkəmli dramaturq İlyas Əfəndiyev yeni yazdığı pyesi Ağakişi Kazımova təqdim etdi və əsərin üzərində gərgin yaradıcılıq işi başladı. Əsərin adı "Büllur sarayda" idi. İkinci dəfə Ağakişi Kazımovla birgə yaradıcılığımız on ildən sonra, 1983-cü ildə məhz İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşasında oldu. Gərgin məşqləri uğurlu tamaşa əvəz etdi. Tamaşaya çox böyük əmək sərf edən yaradıcı heyətə Ağakişi Kazımov bacarıqlı rejissor yozumu ilə uğur gətirdi. İlyas Əfəndiyev Aynur obrazını mənim ifam üçün nəzərdə tutmuşdu. Həm İlyas Əfəndiyev, həm Ağakişi Kazımov, həm də mən Aynur obrazının zəngin, baxımlı, təlatümlü alınması üçün böyük əmək sərf etdik. Tamaşa 500 dəfə göstərildi və tamaşaçıların məhəbbətini qazandı. Görkəmli teatr tənqidçiləri tərəfindən müsbət rəylər aldı və son illərin ən uğurlu və parlaq tamaşası kimi Azərbaycan teatr tarixində layiqli yer tutdu. "Büllur sarayda" tamaşasını biz respublikanın hər yerində, eləcə də Gürcüstanda nümayiş etdirdik və böyük uğur qazandıq. Bu gün həmin tamaşa əfsanəyə dönüb, insanların xatirəsində yaşayır. Sözsüz ki, bunun da səbəbkarlarından biri tamaşanın quruluşçu rejissoru Ağakişi Kazımov idi. O illərdə dərc edilən resenziyaların birində görkəmli alim Yaşar Qarayev yazırdı: "Səhnədə adi mənəvi bir meşşanlıq yox, hər hansı mənəvi sərvətə qarşı çevrilən xəyanət aktı baş verir və tamaşa bu aktın əleyhinə bədii-əxlaqi üsyan, ehtiraslı ittiham kimi davam edir. Onun zirvə məqamında (kulminasiya) Aynur (A.Pənahova) və onun məhəbbət dramı dayanır. "Rejissor (Ağakişi Kazımov) Aynurun səhvini və iztirablarını, onun büllur saraydan xilas olmağa təşnəliyini əsas leytmotiv kimi seçir və Amaliya Pənahova öz rolunu həm daxilən, həm də zahirən sərt, təzadlı, təsirli, barışmaz psixoloji açarda rəsm edir..."
Bu faktlardan da göründüyü kimi, quruluşçu rejissor Ağakişi Kazımov hər tamaşanın həllinə heç də asan yolla gəlmirdi, gərgin əmək sərf edərək, obrazların yaranmasına fərdi yanaşaraq aktyorun imkanlarından bacarıqla istifadə edir və öz istəyinə nail ola bilirdi. Belə gərgin yaradıcılıq işlərində Ağakişi Kazımovla bərabər işləmək, onun quruluş verdiyi iki tamaşada baş rollarda çıxış eləmək və böyük uğur qazanmaq səadəti mənə də qismət olmuşdu, lakin bu, heç də asan başa gəlməmişdi. Ağakişi müəllim özünə, həyatını sərf etdiyi sənətinə tələbkar olduğu kimi, aktyorlardan da ciddilik və tələbkarlıq görmək istəyir...
Bu gün Ağakişi Kazımov böyük şövqlə yaşayıb-yaradır, həm də yeni nəsil aktyorlar yetişdirir. Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq kafedrasının müdiri, mehriban, təvazökar, gülərüz insan Ağakişi Kazımova cansağlığı və yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirəm.
Amaliya PƏNAHOVA,
Bakı Bələdiyyə
Teatrının direktoru,
xalq artisti,
Dövlət mükafatı
laureatı, professor
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 5.