İnsan inkişafına xidmət edən sosialyönümlü siyasət

 

Azərbaycan insan inkişafı indeksinin ortaillik tempinə görə son 10 ildə postsovet məkanında aparıcı dövlət olmuşdur. Bu istiqamətdə, hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da dövrdə qoymuşdur.

Müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Təcrübə göstərir ki, insan amilinin inkişafına xidmət edən siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olurdünya arenasında özünəlayiq yer tuturlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

2003-cü ildə "Əsl siyasət konkret, real görməkdən ibarətdir" deyərək Prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Azərbaycan Prezidenti ötən 7 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı bunun bir daha əyani sübutudur.

Müstəqil Azərbaycanın sürətli inkişafı dövründə insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə mühüm nailiyyətlər əldə etmişdir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkədə həyata keçirilən neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, vətəndaşların təhsil, səhiyyə, sosial təminat kimi konstitusiya hüquqlarının təminatına, habelə insan kapitalının formalaşmasına xidmət etməlidir. İnsan kapitalının əsas amil kimi ortaya çıxması dövlət siyasətinə çevrilmişdir.

Azərbaycan dövlətinin ötən 7 ildə rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirməyə, onların qloballaşan dünyaya inteqrasiyasını sürətləndirməyə imkan yaratmışdır.

Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi bu gün də Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dərin məzmunlu nitqində Prezident İlham Əliyev hesabat dövründə əldə edilmiş nəticələrə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında olduğunu bir daha vurğulamışdır: "Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Əgər biz bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələr sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir. Yəni, Azərbaycanda bu işlər Avropa standartlarına tam uyğun şəkildə aparılır. Büdcəmiz həm investisiyayönümlüdür, həm də sosial məsələlər orada həll olunacaqdır. Sosial məsələlərin həlli, qeyd etdiyim kimi, bizim üçün çox vacib məsələdir".

Ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsulun 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirlərinin 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsulun 2,8 faiz artaraq 3 min 286 manata çatması, eləcə də ölkənin ümumi valyuta ehtiyatlarının 28 milyard dolları ötməsi insan amilinin tərəqqisinə xidmət edən siyasətin uğurlu nəticələridir. Bütün bu makroiqtisadi göstəricilər, ilk növbədə, Azərbaycan vətəndaşının gündəlik həyatında, yaşayış səviyyəsinin davamlı şəkildə yüksəlməsində özünü göstərir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının 2010-cu il üçün açıqladığı "İnsan İnkişafı Hesabatı" respublikamızın insan inkişafı indeksinə görə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləyir. Məlumat üçün qeyd edək ki, insan inkişafı indeksi 1990-cı ildən etibarən hər il BMT İnkişaf Proqramı tərəfindən nəşr olunandünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. BMT İnkişaf Proqramının ilk belə hesabatını hələ 1990-cı ildə "Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır" prinsipinin müəllifi olan iqtisadçı Məhbub ul Haqın rəhbərliyi ilə müstəqil ekspertlər qrupu hazırlamışdır. Bu indeks əhalinin rifahını ümumi daxili məhsuldan daha geniş şəkildə ehtiva edirinsan inkişafının üç meyarını özündə birləşdirir: uzunsağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, ortaali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti, gəlir əsasında hesablanır). Sözügedən indeks həm də insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.

BMT-nin İnkişaf Proqramının 4 noyabr 2010-cu il tarixli yeni hesabatı da insan inkişafı indeksinin davamı olaraq ayrı-ayrı dövlətlərin inkişaf dinamikası haqqında müasir yanaşmaları, o cümlədən qeyri-bərabərliyin aradan qaldırılmasına, gender məsələlərinə və yoxsulluğun azaldılmasına yönəlmiş yeni metodları əks etdirir. 182 ölkənin yer aldığı hesabatda Azərbaycan 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, 2005-ci ildə hesabatda 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yeri tutmağa müvəffəq olmuşdur. Respublikamız 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə imza atmışdır. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Sevindirici məqam həm də bundan ibarətdir ki, Azərbaycan, hətta ÇinHindistan kimi potensiallı ölkələri də geridə qoymuş, insan inkişafı indeksinin orta illik tempinə görə postsovet məkanında son 10 ildə aparıcı dövlət olmuşdur.

BMT İnkişaf Proqramının son hesabatı ilə əlaqədar Bakıda təşkil olunmuş konfransda dərin məzmunlu nitq söyləyən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkəmizin insan inkişafı indeksinə görə əldə etdiyi göstəriciləri kifayət qədər dərin elmi-fəlsəfi prinsiplər əsasında təhlil etmiş, ayrı-ayrı sahələrdəki uğurlardan söz açmışdır. Akademik vurğulamışdır ki, iqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkədə sosial ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilir, bu, ilk növbədə, bərabər şansların və şərtlərin yaradılmasının təmin edilməsində öz ifadəsini tapır: "Azərbaycanın uğuru dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır. Cəmiyyətin inkişafı, əlbəttə, ilk növbədə, məhz insanların könüllüşüurlu olaraq birgə fəaliyyət göstərmək iradəsinə bağlıdır. Əgər cəmiyyətin formalaşması insan fəaliyyəti nəticəsində baş veribsə, cəmiyyətdə yaranan institutların, qaydaların, iqtisadisiyasi mexanizmlərin əsas qayəsi də məhz insan amilidir".

Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması da insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidir. 2011-ci ilin büdcəsinin də sosialyönümlü olması - bu məqsədlə büdcədən 33,3 faiz vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 11 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlıgı ilə əlaqəli oldugundan, insana qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyətə malikdir. İnsan kapitalı insan və cəmiyyətin müxtəlif tələbatlarını bütövlükdə ödəmək üçün istifadə olunan təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya və digər xidmətlərə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Sadalanan amillər insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirməklə onun həyat səviyyəsini xarakterizə edir. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkələrdə insan kapitalını həmin parametrlərə görə ölçərək milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayırlar.

Təcrübə göstərir ki, insan inkişafı sahəsində əsas ağırlıq məhz təhsil sisteminin üzərinə düşür. Burada söhbət təkcə ali təhsil sistemindən deyil, təhsilin bütün növlərindən - əsas orta, otra ümumtəhsil, texniki-peşə, otra ixtisas, ali təhsil, doktorantura və sairədən gedir. Təhsil, elm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qarşıya qoyur. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, elm insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyinin, dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan sahə olduğu aydınlaşır.

Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edərək dövlətə rəhbərlik fəaliyyətinin ilk günlərindən təhsil və elm sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Son illərdə təhsil işçilərinin orta aylıq əməkhaqqı davamlı şəkildə artmış, 2009-cu ildə 268,5 manata yüksəlmişdir. Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar da dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla təhsil işçilərinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali təhsil, orta ixtisasilk peşə ixtisas təhsil müəssisələri tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa sözlə, bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili sayılır. İnsana kapital qoyuluşu - insanların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur. Prezident İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı da insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Bu sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Azərbaycanlı tələbələrin xaricdə təhsilini təmin etməkdə əsas məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır.

Ümumiyyətlə, dövlət başçısı yalnız son iki ildə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir sıra sərəncamlar və dövlət proqramları imzalamışdır. Cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında, 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Bütün bunlar göstərir ki, ölkədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən hər bir vətəndaşın Prezidenti olacağam" deyən cənab İlham Əliyev bu vədini praktik fəaliyyəti ilə gerçəkləşdirir.

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru,

professor

   

Azərbaycan.- 2010.- 5 dekabr.- S. 4.