Neftçala ildən-ilə daha da abadlaşır

 

Rayon sosial-iqtisadi sahədə ili yüksək nailiyyətlərlə yola salır

 

İlin başa çatmasına az qalır. Yola saldığımız bu il hava şəraiti baxımından əhali üçün heçasan olmadı. Aprel, may, iyun aylarında təbiət insanları sınağa çəkdi. İpə-sapa yatmayan KürAraz çayları coşub-daşaraq bir sıra yerlərdə sahil bəndlərini yardı, daşqınlar yaratdı, neçə-neçə qəsəbə və kənd su altında qaldı, insanlar ev-eşiklərini, həyət-bacalarını tərk etməli oldular.

Daşqından ziyançəkən rayonlardan biriNeftçala idi. Kür Neftçala rayonu ərazisində Xəzərə qovuşur. Onun deltasında lillənmə getdiyindən çayın suyu dənizə istənilən kimi axa bilməmiş, ətrafda təhlükəli vəziyyət yaratmışdı. Bu ərazi isə az deyil. Kür çayı Neftçala rayonunda 123 kilometr məsafədən keçir.

Vəziyyətlə əlaqədar rayonun icra orqanlarının, yerli bələdiyyələrin bütün qüvvələri səfərbər edildi, Dövlət Neft Şirkətinin ayrı-ayrı idarələrinin maşın-mexanizmləri, canlı qüvvəsi neftçalalıların köməyinə gəldi. Gecəli-gündüzlü bəndvurma və bəndbərkitmə işləri aparıldı. Kürün deltasını lildən təmizləmək üçün əraziyə 8 gəmi gətirildi.

"El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar" deyib babalarımız. Gərgin zəhmət bahasına təhlükə sovuşduruldu. Kürdə suyun səviyyəsi get-gedə azalmağa başladı. Lakin qarşıda görüləsi işlər vardı. Evsiz-eşiksiz qalmış adamlar üçün evlər tikmək lazım idi. Fövqəladə Hallar Nazirliyinin işçiləri digər rayonlarda olduğu kimi, Neftçalada da bu işi sürət və keyfiyyətlə həyata keçirməyə başladılar. Qısa müddət ərzində hər bir şəraiti olan 28 ev tikilib ziyançəkənlərə verildi. Hazırda daha 8 yaşayış evi inşa olunur. Bunlarla bərabər, qarşıdakı illərdə yarana biləcək daşqınların qarşısını almaq üçün Kür çayının hər iki sahilində bəndvurma və bəndbərkitmə işləri davam etdirilir.

Bu çətinliklərə baxmayaraq, ayrı-ayrı sahələrdə işlərin ahəngdar getməsi unudulmurdu. Daşqının qarşısının alınmasında iştirak edən müəssisə və təşkilatlar yeri gələndə gün ərzində birə-üçqat işləməli olurdular. Bütün bunların nəticəsidir ki, onlar cari ili yüksək göstəricilərlə başa vururlar. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. İlin ötən dövrü ərzində tikinti, quruculuq, abadlıq, yolların təmiri, yaşıllaşdırma, əhalinin sosial müdafiəsi və digər sahələrdə xeyli işlər görülmüşdür. Neftçala şəhəri, qəsəbə və kəndlər abadlaşaraq öz simasını dəyişmişdir. Ötən 10 ayda əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artmışdır. Keçən ilin 10 ayı ilə müqayisədə adambaşına 18 faiz çox məhsul istehsal edilmişdir. Ümumi məhsulun tərkibində sənaye məhsulları 15,2, kənd təsərrüfatı məhsulları 47,7, nəqliyyat xidməti 1,2, rabitə xidməti 0,4, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 29,6, tikinti işlərinin həcmi 5,9 faiz olmuşdur. Rayon üzrə ÜDM istehsalının həcmində qeyri-dövlət bölməsinin payı isə 93,3 faizə çatmışdır.

Bu il rayonda 8 yeni müəssisə yaradılmış, 180 nəfərdən çox adam fiziki şəxs kimi fəaliyyətə başlamış, müəssisələrdə 423 daimi yeri açılmışdır. Aqrar bölmə üzrə 720 nəfər mövsümi işlərə cəlb olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu bölmə üzrə müəyyən uğurlar qazanılmışdır. Düzdür, arpabuğda istehsalında əvvəlki illərlə müqayisədə az məhsul istehsal olunmuşdur. Amma bu azalma yazın həddindən çox yağmurlu keçməsi üzündən yaranmışdır. Yağışlar taxılın normal qaydada mayalanmasına ciddi ziyan vurduğundan hər hektardan məhsuldarlıq yarıbayarı aşağı düşmüşdür. Bundan əlavə, Kür boyu ərazidəki zəmilər də su altında qaldığından onlardan məhsul götürmək demək olar mümkün olmamışdır. Əvəzində keçən illə müqayisədə rayonda pambıq istehsalı xeyli artmışdır. Sahələrdən 1224 ton pambıq yığılmışdır ki, bu da ötən ildəkindən 619 ton çoxdur. Heyvandarlıq sahəsində də artım qeydə alınmışdır.

Digər rayonlar kimi, Neftçala da ildən-ilə abadlaşır. Hər dəfə rayona gedəndə neçə-neçə obyektin təməlinin qoyulduğunun, istifadəyə verildiyinin şahidi olursan. Salyan-Neftçala avtomobil yolunun hər iki tərəfində yerləşən qəsəbə və kəndlərdə tikilən yeni yaşayış evləri, şadlıq sarayları, digər sosial obyektlər diqqət çəkir. Bunlar əhalinin gəlirinin artmasını, gün-güzəranının yaxşılaşmasını göstərən faktlardır. İndi az ailə tapmaq olar ki, şəxsi minik maşını olmasın.

Neftçala şəhərinə daxil olanda isə son illər buranın simasının necə dəyişdiyini görmək mümkündür. Heydər Əliyev prospekti şəhərə xüsusi gözəllik verir. Prospektin hər iki tərəfində aparılan səliqə-sahman, tikilən binalar, salınan parkxiyabanlar göz oxşayır. Quraşdırılan yeni işıqlandırma sistemi şəhərin gecələrini nura boyayır. Şəhərin digər küçələri də baş prospektdən geri qalmır.

Əhalinin təbii qazla təminatı sahəsində bu gün rayonda əsaslı tədbirlər həyata keçirilir. Neftçala şəhərinin qaz təsərrüfatı yenidən qurulur, qəsəbə və kəndlərə yeni kəmərlər çəkilir. Elektrik enerjisi təchizatında isə heç bir məhdudiyyət yoxdur. Abonentlər fasiləsiz olaraq elektrik enerjisi alırlar.

Ağac əkmək Muğan şəraitində, təbiəti nisbətən zəngin olmayan bir məkanda xüsusi əhəmiyyət kəsb edir. Yayın qızmar günəşi altında bir yaşıl ağacın çətiri altında dincəlmək cana məlhəmdir.

Odur ki, ölkə başçısının sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi hər yerdə olduğu kimi, Neftçala rayon əhalisi arasında da böyük rəgbətlə qarşılanmışdır. Yerli icra orqanlarının, bələdiyyələrin təşkilatçılığı ilə keçirilən iməciliklərdə indiyə kimi 18 mindən çox ağac əkilmişdir. Payız fəsli bu üçün daha münasib dövrdür. Elə buna görə də yaxın vaxtlarda 5 min müxtəlif növ dekorativ ağac gətirilərək Neftçala şəhərinin park və xiyabanlarındakı ərazilərə əkilmişdir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2010.- 7 dekabr.- S. 6.