Musa Əbdürrəhman oğlu Musayev

 

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış bioloq alimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, professor, əməkdar elm xadimi Musa Əbdürrəhman oğlu Musayev 2010-cu il dekabrın 4-də ömrünün 89-cu ilində vəfat etmişdir.

Musa Musayev 1921-ci il dekabr ayının 27-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək, 1940-1945-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində ali təhsil aldıqdan sonra o, 1946-1948-ci illərdə Moskva Baytarlıq Akademiyasının aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1949-cu ildə Moskvada Baytarlıq Akademiyasının assistenti kimi başlayan Musa Musayev elə həmin il Bakıya dəvət olunmuş və Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsinə təyin edilmişdir. O, 1957-ci ildən ömrünün sonunadək burada fasiləsiz çalışaraq ayrı-ayrı illərdə laboratoriya və şöbə müdiri işləmiş, 1960-cı ildən etibarən isə eyni zamanda institutun direktoru olmuşdur. 1997-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında biologiya elmləri bölməsinin akademik-katibi vəzifəsini də tutmuşdur.

Musa Musayev 1948-ci ildə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1960-cı ildə professor elmi adını almışdır. O, 1959-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Musa Musayev respublikamızda zoologiya elminin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi sahəsində mühüm xidmətlər göstərmişdir. Alimin fundamental tədqiqatları protistologiyanın nəzəri əsaslarının öyrənilməsinə və bir sıra xəstəliklərin profilaktikasının elmi surətdə əsaslandırılmasına həsr olunmuşdur. O, Azərbaycanda protozoologiyanın bir elmi məktəb olaraq formalaşmasına böyük əmək sərf etmiş, öz araşdırmaları ilə sitologiya, biokimyamolekulyar biologiyanın müasir metodlarının tətbiqi sayəsində bu elmin inkişafına təkan vermişdir.

Alimin nəzəri axtarışları əsasında hazırlanan təklif və tövsiyələr ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrində uğurla tətbiq edilmişdir.

Zoologiya İnstitutuna rəhbərlik etdiyi uzun illər ərzində akademik Musa Musayev institutun strukturunu xeyli təkmilləşdirmiş və onun maddi-texniki bazasının gücləndirilməsinə nail olmuşdur.

Musa Musayev 350-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və metodik vəsaitin müəllifidir. Alimin çox sayda məqaləsi müxtəlif xarici dillərə tərcümə olunmuşelmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. O, beynəlxalq miqyaslı konqressimpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Musa Musayev səmərəli elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş və yüksək ixtisaslı kadrların hazırlanması işində bilik və bacarığını əsirgəməmişdir. Alimin rəhbərliyi altında 50-yə yaxın elmlər namizədi və elmlər doktoru yetişdirilmişdir.

Musa Musayevin zəngin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda biologiya elminin inkişafındakı xidmətlərinə görə bir çox ordenmedallarla, eləcə də müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış bioloq alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Musa Əbdürrəhman oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,

Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Fatma Abdullazadə, Mahmud Kərimov, Arif Həşimov,

Akif Əlizadə, Cəlal Əliyev, Əhliman Əmiraslanov,

Qərib Məmmədov, Cəmil Əliyev, Böyükkişi Ağayev,

Urxan Ələkbərov, Siddiqə Məmmədova, Ədilə Namazova

* * *

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il dekabrın 5-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun binasında (Badamdar şosesi, 40) qoyulacaqdır.

 

 

Azərbaycan.- 2010.- 5 dekabr.- S. 4.