Gədəbəydə
ozan-aşıq mərkəzi yaradılır
Yaşıl
örpəyə bürünmüş
Heydər Əliyev parkının ən səfalı guşəsində
tikinti işləri gedir.
Burada Prezident İlham Əliyevin tapşırığı
ilə aşıq musiqi məktəbi üçün yaraşıqlı bina ucaldılır. Xatırlatmaq yerinə
düşər ki, təməlqoyma mərasimində
dövlət başçısı iştirak
etmişdi.
Sifarişçi "Regionların İnkişafı" ictimai
birliyidir. Obyektin inşası "Lider monolit" şirkətinə həvalə
olunub. Hələlik respublikada yeganə
olan bu yeni
mədəniyyət ocağında
iki yüz nəfər ozan-aşıq
sənətinin sirlərinə
yiyələnəcək. Bina ikimərtəbəlidir. Hər mərtəbəsində
on iki otaq olacaq. İşıqlı, yaraşıqlı sinif otaqları, akt zalı, səhnə, qrim yeri, oxu zalı,
kitabxana və digər inzibati otaqlar inşa olunur.
Gədəbəy aşıqlarının
ifalarını dinləyən
dövlət başçısı
İlham Əliyev ustalara xeyir-dua verərək demişdir: "Çox gözəl bina tikiləcəkdir... Onsuz da siz bu
sənəti yaşadırsınız,
onsuz da bu sənət nəsildən-nəslə keçir.
Bax, bu uşağın da, mənə dedilər ki, böyükləri də,
əcdadları da aşıq sənəti ilə məşğul idilər. Onsuz da bu sənət Azərbaycanda
yaşayır və yaşayacaqdır. Ancaq biz istəyirik
ki, şərait yaxşı, müasir səviyyədə olsun.
Musiqi məktəbi gözəl
olsun, xarici görünüşü də.
Yeri də çox yaxşı seçilmişdir.
Bura Gədəbəy şəhərinin
mərkəzidir, parkın
üstüdür, buranın
çox gözəl təbiəti var, buradan gözəl mənzərə açılır.
Sizə uğurlar və cansağlığı arzulayıram.
Bu gözəl sənəti yaşadın".
Bu günlərdə obyektdə olub, iş icraçısı
Fəxrəddin Əsgərovla
işlərin gedişi
ilə bağlı söhbət etdik. Öyrəndik ki, binanın
ikinci mərtəbəsində
dəmir-beton dayaqları
qurulur. Sürətə,
keyfiyyətə söz
ola bilməz.
Kollektiv dövlət başçısının
tapşırığına əsasən, hər işin yüksək səviyyədə görülməsinə
çalışır.
Gədəbəy aşıqları hər ehtirama layiqdir. Dağlar diyarında aşıq sənəti zaman-zaman inkişaf etmiş, bu qədim torpağı
böyük ozanlar diyarına çevirmişdir.
Aşıqlar ən müxtəlif
məclislərə, el şənliklərinə
xoş ovqat gətirir, şaqraq aşıq havaları döyüşçüləri qələbələrə ruhlandırırdı.
Onbeşinci yüzilliyin iftixarı
Misgin Abdal ulu Şah İsmayıl
Xətainin tanıdığı,
sayıb-sevdiyi sənətkarlardan
biri idi. Köklər,
qaynaqlar, bax, beləcə əsrlərin
dərinliyindən gəlir.
Rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Fazilə Məmmədova deyir ki, Gədəbəy aşıq sənətinin
inkişafına və
təbliğinə Göyçə
aşıq məktəbinin
böyük təsiri
olmuşdur. Bu sahədə klassik el sənətkarlarından
Aşıq Alının
və Aşıq Ələsgərin xidmətləri
xüsusi qeyd edilməlidir. Hələ ötən
yüzilliklərdə elimizin
saz-söz yaradıcılığında
Gədəbəy məktəbi
öz dəst-xətti
ilə seçilirdi.
El şənliklərinin yaraşığı olmuş
alnavatlı zurnaçı
İsmayıl Qocaoğlu,
dəfçi Əli,
balabançı Salman
Daryurdlu, züyçü
Seti Qələndər
bu gün də ehtiramla anılırlar. Mahir
ifaçılardan aşıq
Vəli Misginli, şair Cavad, aşıq Məhəmməd,
aşıq Şahsuvar,
aşıq Oruc və başqaları hər zaman nəinki bölgənin, bütövlükdə odlar
yurdunun diqqət mərkəzində olmuşlar.
Gədəbəyin saz havalarına,
söz sənətinə
Səməd Vurğun,
Osman Sarıvəlli, Hüseyn Arif kimi ölməz qələm sahibləri, Dədə Şəmşir,
Mikayıl Azaflı, Əmrah Gülməmmədov,
İmran Həsənov,
Əkbər Cəfərov
kimi dəyərli ifaçılar yüksək
qiymət vermişlər.
Bəllidir ki, aşıq sənəti əsasən
fərdi qaydada özünü göstərir. Lakin onların birliyi,
vəhdəti daha böyük uğurlara yol açır. Ötən əsrin ortalarında Gədəbəydə böyük
bir aşıq kollektivi formalaşmışdı.
1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
ona "Xalq aşıqlar ansamblı"
statusu verildi. Yarandığı ilk gündən aşıq
İsfəndiyar Rüstəmov
həmin kollektivə rəhbərlik etməyə
başlamış və
bu gün də fəaliyyətini uğurla davam etdirir. Ansamblın üzvləri müntəzəm
surətdə respublikamızın
müxtəlif dövlət
tədbirlərində, şəhər
və rayonlardakı şənliklərdə, toy məclislərində
fəal iştirak edir, hər yerdə öz məharətlərini göstərirlər.
İslam
Əkbərov, Səyyad
Pənahov, Fəzail Orucov, Sədaqət Rəsulov, Nizami Əsgərov və başqaları xüsusi ifa tərzləri ilə seçilirlər.
İsfəndiyar Rüstəmov, Səyyad Pənahov, Vaqif Cəfərov, Sədaqət Rəsulov və başqaları zilxan aşıq kimi tanınırlar. Görkəmli folklorşünas-alim Həsən Mirzə deyir ki, adıçəkilən
sənətkarlar oxuyanda
adamın yadına aşıq Əsəd düşür. Bəllidir ki,
göyçəli aşıq
Əsədin həddən
artıq zil səsi var idi.
Gədəbəy aşıqlarından
Zahid Aslanoğlu, Seyfəddin Əhmədov,
Dəmir Həsənoğlu,
İlqar İmamverdiyev,
Mübariz Əsgərov,
Fəzail Misginli, Mübariz Cəfərov, Səyyad Pənahov, Nemət Qasımlı və başqaları solo saz ifaçıları kimi məşhurdurlar. Dəmir Həsənoğlunun bəstəsi olan "Dəmir gözəlləməsi"
gədəbəylilərin bir sıra ifaları
kimi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
"Xalq aşığı ansamblı"
təkcə Azərbaycanda
deyil, Moskvada Kremlin Qurultaylar sarayında, Rusiyanın digər şəhərlərində, müxtəlif
diyarlarda,Turkiyədə,
İnranda, Bolqarıstanda
və başqa yerlərdə dəfələrlə
xalqımızı layiqincə
təmsil etmişlər.
...Bakıda Heydər Əliyev adına Sarayın
açılışında aşıqlarımızın zəngin
konsert proqramı tamaşaçıların sürəkli
alqışları ilə
qarşılanmışdı. 1974-cü ildə Moskvada aşıq Ələsgərin
150 illik yubileyində Gədəbəy aşıqları
fəxri fərmanlarla
və "Ələsgər"
döş nişanları
ilə təltif olunmuşlar. 1975-1977-ci illərdə keçirilən
ümumittifaq festivallarda
dağlar diyarının
bir neçə saz-söz ustadı qızıl medallara layiq görülmüşdü.
1976-cı ildə Qazax, Gəncə və Bakıda Səməd Vurğunun 70 illik yubiley şənliklərində,
1982-ci ildə "Göy
qurşağı" beynəlxalq
festivalda, 1984-1985-ci illərdə
"Gədəbəyin yazı,
aşığın sazı"
adlı el bayramlarında,
1987-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüyündə, 1992-ci ildə Türkiyəyə,
2000-2004-cü illərdə İranda folklor bayramlarında və bir çox digər mötəbər
tədbirlərdə Gədəbəyin
el sənətkarları uğurla
çıxış etdilər.
Ozan-aşıq sənətinin inkişafındakı
xidmətlərinə görə
əməkdar mədəniyyət
işçisi İsfəndiyar
Rüstəmov Prezidentin
fərdi təqaüdünə
layiq görüldü.
Mədəniyyət evinin bədii
rəhbəri kimi o, rayonun ictimai həyatında da fəal iştirak edir.
1990-cı illərdə nankor ermənilər baş qaldıranda İ.Rüstəmov
başda olmaqla, Gədəbəy aşıqları
müntəzəm surətdə
döyüş bölgələrini
gəzir, konsertlər
verir, xalqın mübariz ənənələrindən
danışır, əsgərləri
yeni-yeni hünərlərə
ruhlandırırdılar.
F.Məmmədova deyir ki,
Gədəbəy "Xalq
aşıqlar ansamblı"nın tərkibi get-gedə istedadlı gənclərin hesabına
zənginləşir. Gənc
və ortayaşlı
aşıqlardan Qələndər
Zeynalov, Qədir Əkbərov, Nemət Qasımlı, Altay Məmmədov,
Dəmir Vəliyev, Fəzail Misginli, Təbriz Vəliyev, Vüqar Şəmilov, Əlviz Əsgərov, Azər Fərmayıloğlu,
Mübariz Cəfərov,
Mübariz Əsgərov,
aşıq-balabançı Sərdar Məmmədov və başqaları artıq geniş kütlənin rəğbətini
qazanıblar.
Xarakterik cəhətlərdən biri də budur
ki, Gədəbəy ölkənin azsaylı qadın aşıqları
sırasında yetərincə
təmsil olunur. Aşıq Navatın və
aşıq Cəvahir
hər yanda tanınır. Aşıq Cəvahir
həyat yoldaşı,
ustad aşıq Məhəmmədlə birlikdə
əlli ilə yaxın el şənliklərinin
yaraşığı olmuşdur.
Aşıq Navatın və
aşıq Cəvahirin
davamçıları Ulduz
Quliyeva, Könül Gədəbəyli və qeyriləri söz, saz sənətinə yenilik gətirən ifaçılardan sayılırlar.
Təsadüfi deyil ki,
"Gədəbəy şairləri
və aşıqları"
kitabında onlarla qadın sənətkarımızın
yaradıcılığına yer verilmişdir.
YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə muğam və aşıq sənəti YUNESKO-nun mənəvi
irs siyahısına
daxil ediləndən sonra bu ölməz
sənət yüksəlişin
yeni mərhələsinə
qədəm qoydu. İndi aşıqların səsi
dünyanın ən müxtəlif guşələrindən
gəlir. 2007-ci ildə Parisin məşhur Luvr muzeyində ilk dəfə
olaraq konsert proqramı ilə çıxış edən
Azərbaycan aşıqları
arasında Gədəbəy
aşıqları da var idi. Qələndər Zeynalov,
Nemət Qasımlı,
Altay Məmmədov və
Aytəkin Əkbərov
YUNESKO-nun xətti ilə
Fransada və İngiltərədə Azərbaycanı
layiqincə təmsil etdilər.
Mədəniyyətə, ədəbiyyata xüsusi önəm verən müasir iqtidarın qayğısı
və köməyi sayəsində elimizin ölməz mənəvi sərvəti olan saz və söz
sənəti yeni zirvələrə ucalır.
Həftələr, aylar
keçəcək, aşıq-ozan mərkəzi işə
düşəndə tikilən yeni binada el sənətinə
qol-qanad verən gənc ozanların ürəkoxşayan
zəngulələri zillənəcək, Azərbaycanın tanınan
sənətkarları yetişəcək.
Əhməd
İSAYEV
Azərbaycan.- 2010.- 7 dekabr.- S. 6.