Berlində ermənilər tərəfindən keçirilən kitab təqdimatında həmyerlimiz Azərbaycanın ədalətli mövqeyini layiqincə müdafiə etmiş və rəqiblərini fakt qarşısında qoymuşdur

 

Berlindəki Avropa Akademiyasında Almaniyanın "Nomos" nəşriyyatında çapdan çıxmış "Dağlıq Qarabağ üçün həll variantları" ("Lösungsansatze für Berg-Karabach/Arzach: Selbstbestimmung und der Weg zur Anerkennung") kitabının təqdimatı keçirilmişdir.

Vahram Soqhomonyanın redaktorluğu ilə nəşr olunanalman, avstriyalı, erməni müəlliflərin məqalələri toplusundan ibarət olan bu kitab əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin "öz müqəddəratlarını təyin etmələri və müstəqilliklərinin tanınması" kimi sərsəm məsələlərdən bəhs edir.

Tədbirdə azərbaycanlı tədqiqatçı, Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev çıxıs edərək kitabın həm məzmunca, həm də müəlliflərin seçilməsi baxımından birtərəfli olmasını əsaslandırmışdır. Natiq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının əsasında ilk növbədə Azərbaycanın ərazi bütövlüyü prinsipinin durmasını xatırladaraq, bu prinsipdən doğan həll variantlarını nəzərə almayan bir "elmi" araşdırmanın obyektivliyinin böyük şübhələr doğurduğunu söyləmişdir. Bildirmişdir ki, digər tərəfdən bu topluda azərbaycanlı müəlliflərin təmsil olunmaması da onun elmi obyektivliyini sual altına alır.

Kitab ətrafında diskussiyanın sonrakı mərhələsində həmvətənimiz tədbir iştirakçilarının diqqətini Azərbaycanın münaqişə nəticəsində çox böyük itki və məhrumiyyətlərə məruz qalmasına yönəltmiş, xüsusən Dağlıq Qarabağın özündən əlavə Azərbaycanın üç Qarabağın ərazisi qədər torpaqlarının Ermənistanın işğalına məruz qalmasını xatırlatmışdır. O, həmçinin işğal olunmuş Qarabağ və ətraf rayonlardan bütün azərbaycanlıların qovulmasının xalqımıza böyük faciələr gətirdiyini qeyd etmişbu cəhətdən həmin saydan qat-qat az olan Dağlıq Qarabağ ermənilərinin tam müstəqilliyə can atmalarının heç bir ölçüyə sığmadığını vurğulamışdır.

Azər Babayev çıxışında həm də Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsinin münaqişənin həllinə əsas maneə olmasını bildirmişiki ölkə arasında sülhün əldə edilməsini Cənubi Qafqaz regionunun ümumi inkişafı üçün əsas şərt kimi səciyyələndirmişdir.

Tədbirdə iştirak edən almanlar həmvətənimizin kitabla bağlı dərin məntiqə və tutarlı faktlara əsaslanan haqlı tənqidlərini rəğbətlə qarşılamışlar. Almaniyanın region üzrə tanınmış ekspertlərindən olan professor Udo Steinbach çıxış edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, xüsusilə Qarabağ ətrafındakı ərazilərin Ermənistan tərəfindən işğalını kəskin tənqid atəşinə tutmuşdur.

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2010.- 5 dekabr.- S. 4.