Azərbaycanda
ixtisaslaşdırılmış inzibati
məhkəmələrin yaradılması günün
zəruri tələblərindən irəli gəlir
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi ölkəmizdə ixtisaslaşdırılmış inzibati məhkəmələrin formalaşdırılması məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində irəliyə doğru atılmış uğurlu addımdır.
İnzibati mübahisələrə peşəkar şəkildə baxılması zəruriliyi, habelə vətəndaşlar və hüququn digər subyektləri ilə icra hakimiyyəti orqanları arasında idarəetmə sahəsində mübahisələrin həll edilməsi üçün xüsusi inzibati məhkəmələrin yaradılmasının bir sıra səbəbləri var. Bu səbəbləri təhlil etməzdən əvvəl vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin son zamanlar verdiyi fərman və sərəncamlar ölkəmizdə ixtisaslaşdırılmış məhkəmələrin formalaşdırılması yolunda öz əhəmiyyətli töhfəsini vermiş və məhkəmə hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsində əvəzolunmaz rol oynamışdır. "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə hüquq şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır.
İnzibati məhkəmələrin formalaşdırılması ilə əlaqədar olaraq xarici ölkələrin təcrübəsi nəzərə alınmış, ən optimal variant kimi ixtisaslaşdırılmış birgə inzibati-iqtisadi məhkəmələrin yaradılması qanunvericilik qaydasında təsbit olunmuşdur. Belə bir formanın seçilməsi birmənalı olaraq Azərbaycan Respublikasının 30 iyun 2009-cu ildə qəbul edilmiş, 2010-cu il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsaslanır. Burada deyilir ki, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir.
Müasir hüquqi dövlətdə məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətləri ilə birlikdə dövlət hakimiyyəti strukturunun mühüm elementlərindən biri kimi özünü təqdim edir. Xüsusi dövlət fəaliyyəti kimi məhkəmə hakimiyyətinin həyata keçirilməsi hüquqi müdafiə, sərəncamverici və hüquqtətbiqedici elementlərdə əks olunur, qanun və məhkəmə qarşısında hər bir vətəndaşın bərabərliyinin əsasını müəyyən edir. Buna görə də məhkəmə hakimiyyəti optimal struktura və zəruri ixtisaslaşmaya malik olmalıdır. İnzibati mühakimə icraatı hüquqi dövlətin mühüm əlaməti kimi fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarını təmin edir. Tarixi perspektivdə hüquqi dövlətin inkişafı onun haqqında idarə olunan və qanunlarla məhdudlaşan hakimiyyət kimi təsəvvürləri formalaşdırmışdır. Fransız alimi J.Şevalyenin fikrincə, hüquq burada dövlət hakimiyyətinin aliliyinin ifadəsi deyil, həm də onun qanuna tabeliyinin şərti və təminatıdır. Bu yeni yanaşma inzibati hüququ təkcə idarə edənlərin idarəetmə hüququ kimi deyil, həm də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi vasitəsi kimi nəzərdən keçirməyə imkan verir. İnzibati hüququn və inzibati məhkəmənin inkişafı inzibati qurumların qanunsuz əməllərindən vətəndaşların qorunmasına təminat verməyi tələb edir. Buna görə də inzibati ədliyyənin yaradılması respublikamızda inzibati fəaliyyət üzərində mühüm nəzarət formasıdır. Hüquqi dövlət kimi Azərbaycan Respublikasında inzibati mühakimə icraatı və inzibati məhkəmələr yeni yaradılmışdır. "Məhkəmələr və hakimlər haqqında" Qanunun 8-ci fəsli, 42-45-ci maddələri inzibati-iqtisadi məhkəmələr və onların səlahiyyətləri, adıçəkilən məhkəmələrin təşkili və onların tərkibi ilə bağlı məsələləri nizama salır.
Ölkəmizdə məhkəmə-hüquq islahatları keçirilənə qədər Azərbaycanda vətəndaşlarla dövlət hakimiyyəti orqanları arasında mübahisələrlə bağlı işlər üzrə müstəqil məhkəmə instansiyasının olmaması ədalət mühakiməsinin səmərəliliyini azaldırdı. İndiki dövrdən fərqli olaraq, "sovet" dönəmində ədliyyədə qənaət normasının mövcudluğu komanda inzibati rejimin ideoloji postulatlarından irəli gəlirdi. Bəzən inzibati məhkəmələrin yaradılmasına qarşı arqument kimi mövcud məhkəmə sisteminin mürəkkəbləşdirilməsinin məqsədəuyğun olmaması irəli sürülürdü. Hesab olunurdu ki, məhkəmə sistemində inzibati məhkəmələrin yaradılması az səmərəlidir. Bu arqument əsassızdır. Məhkəmə hakimiyyətinin, məhkəmə hüququnun və qanunvericiliyin özünün strukturunun islahat prosesində mürəkkəbləşməsi cəmiyyət və dövlət həyatında baş verən dəyişikliklər hüquq sisteminin yeni vəzifə və funksiyalarının yaranması ilə birbaşa bağlıdır. İcra hakimiyyətinin qanuni fəaliyyətinin məhkəmə nəzarəti vasitəsilə təmin olunması Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasında qanunvericilik səviyyəsində təsbit edilmiş hüquqi dövlətin tələbidir. İnzibati işlər üzrə, başqa sözlə, dövlət hakimiyyət orqanları ilə vətəndaşlar arasında mübahisələr üzrə ədalət mühakiməsi məhkəmə hakimiyyətinin müstəqilliyini, habelə dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətindən ibarət qolları arasında məlum əksdurma və çəkindirməni təmin edən faktordur.
İxtisaslaşdırılmış inzibati-iqtisadi məhkəmələrin yaradılması habelə Azərbaycan Respublikası məhkəmə sisteminin beynəlxalq hüquqi standartlara uyğunlaşdırılması zəruriliyindən irəli gəlmişdir. Xüsusi inzibati mühakimə icraatının mövcudluğu milli məhkəmə sisteminin beynəlxalq hüquqi standartlara, xüsusən də vətəndaş hüquq və azadlıqlarının təmin olunması standartlarına uyğunlaşdırılmasının, hüququn bütün subyektləri üçün ədalətli və səmərəli ədalət mühakiməsi sisteminə nail olmasının, məhkəmə hakimiyyəti orqanlarının müvafiq strukturunun formalaşdırılmasının göstəricisidir. Bu gün Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvüdür və onun bütün tövsiyələrini, qayda və standartlarını nəzərə alır. Milli məhkəmə sistemi istənilən vətəndaş və hüquqi şəxs üçün ədalət mühakiməsinə nail olunmanı təmin edir və hər bir şəxs pozulmuş hüquq və azadlıqlarının qanun əsasında məhkəmədə etibarlı müdafiəsi hüququna malikdir. Məhkəmə sistemi o halda səmərəli fəaliyyət göstərir ki, qanun hər bir vətəndaşa mübahisənin həlli üçün müstəqilliyini təmin edən dəyişilməzlik prinsipi əsasında səlahiyyətlərini həyata keçirən hakimə birbaşa müraciət etmək imkanını təmin edir. İnzibati ədliyyənin olmaması vətəndaşın məhkəmə müdafiəsi hüququnu mahiyyətcə məhdudlaşdırır. Hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması müasir dövrdə ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsinin müsbət nəticələrindən biri kimi qeyd olunur. Bunlardan əlavə, inzibati işlər üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması Azərbaycan Respublikası məhkəmə sisteminin təkmilləşdirilməsi zəruriliyi ilə bağlıdır.
Bu isə ölkəmizdə məhkəmə sistemində aparılan məhkəmə hüquq islahatlarının məntiqi davamıdır. Ölkəmizdə səmərəli idarəetmə sisteminin yaradılması, dövlət və bələdiyyə qulluğu haqqında mükəmməl qanunvericiliyin mövcud olması icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxılmasında ixtisaslaşdırılmış məhkəmələrin yaradılmasını zəruri etmişdir. İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrin və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyalarının yaradılması məhkəmə hakimiyyəti sistemində məhkəmələrin ixtisaslaşmasına dair ideyanın təzahürüdür. Ümumi yurisdiksiya məhkəmələri ilə yanaşı, ixtisaslaşdırılmış məhkəmələrin mövcud olması işlərə daha keyfiyyətlə baxılmasına kömək edir. Məhkəmələrin konkret kateqoriyalı işlər üzrə ixtisaslaşması sübut edir ki, bu işlər ümumi yurisdiksiya məhkəmələrinə nisbətən daha yüksək peşəkar bazaya malik məhkəmələrdə baxılır. İxtisaslaşdırılmış ədliyyə ayrı-ayrı kateqoriyalı hüquqi mübahisələrin səlahiyyətli mütəxəssislər tərəfindən həll olunmasını təmin edir ki, bu da onlara adekvat hüquqi qiymət verilməsinə və ədalətli qərar çıxarmasına kömək edir. Məhkəmə sisteminin vahidliyi prinsipi məhkəmə hakimiyyətinin ixtisaslaşdırılmış təşkilini pozmur. Belə ki, məhkəmələr qanunauyğun olaraq yaradılır və fəaliyyət göstərirlər. Vətəndaşlar və icra hakimiyyəti orqanları arasında mübahisəyə baxan hakim inzibati qanunvericiliyi dəqiq bilməli və müvafiq idarəçilik təcrübəsinə malik olmalıdır.
Beləliklə, Azərbaycan Respublikasında əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, inzibati prosedurlar, idarəetmə prosesi haqqında qanunvericiliyin təkmilləşdirilməsi zəruriliyi, ictimai və dövlət həyatının dinamik inkişafı, dövlət və bələdiyyə idarəçiliyində islahatlar, vətəndaşlarla icra hakimiyyəti orqanları və vəzifəli şəxslər arasında yaranan və məhkəmələrdə baxılan inzibati mübahisələrin sayının, eləcə də məhkəmə sistemində inzibati mühakimə icraatının olmasına ehtiyacın artması, inzibati ədliyyənin inkişafı ixtisaslaşdırılmış inzibati-iqtisadi məhkəmələrin yaradılmasının vacib şərtləridir.
Müseyib BAYRAMOV,
1 saylı
Bakı Yerli İqtisad
Məhkəməsinin hakimi
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 3.