Heydər
Əliyev Fondu Orta Ural ilə əməkdaşlığa
başlayır
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov ilə qubernator Aleksandr Mişarinin görüşündə humanitar əlaqələr mövzusu üstünlük təşkil etmişdir.
Aleksandr Mişarin Leyla Əliyeva ilə görüşdə uşaq onkohematoloji mərkəzinə müasir avadanlıqla təchiz edilmiş ixtisaslaşdırılmış tibbi kompleks hədiyyə edilməsinə görə təşəkkürünü bildirmişdir. Leyla xanım qubernatora bildirmişdir ki, Azərbaycanın hər bir məktəbində rus dili əvvəlki kimi tədris edilir. O, Yekaterinburqda Azərbaycan məktəbi açılması arzusunu bildirmişdir. Aleksandr Mişarin bu məsələnin lap yaxın vaxtlarda həll edilməsi üçün tapşırıq vermişdir. Görüşdə həm də Sverdlovsk vilayəti universitetləri ilə Azərbaycan universitetləri arasında tələbə mübadiləsi, yüksək ixtisaslı həkimlərin yanında təcrübə keçirilməsinin təşkil edilməsi barədə söhbət olmuşdur. Qubernator qeyd etmişdir ki, yaşlı nəsil ölkələrimiz arasında əməkdaşlığın üstünlüklərini çox yaxşı başa düşür və qiymətləndirir. Dostluğu möhkəmlətmək üçün gəncləri ikitərəfli əlaqələrin dərinləşdirilməsi prosesinə fəal cəlb etmək son dərəcə vacibdir. Bununla əlaqədar Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı azərbaycanlı gəncləri birləşdirmək istiqamətində fəaliyyəti, eləcə də Fondun xeyriyyəçilik tədbirləri ən yüksək qiymətə və təşəkkürə layiqdir.
Aleksandr Mişarin Leyla Əliyevaya Sverdlovsk vilayəti barədə məlumat verərək diqqəti ona cəlb etmişdir ki, Orta Uralda çoxsaylı Azərbaycan diasporu yaşayır. Qubernator bu il Yekaterinburqda Azərbaycanın baş konsulluğunun açılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onun səmimi təşəkkürünü çatdırmağı xahiş etmişdir.
Qeyd edilmişdir ki, başqa sahələrdə də qarşılıqlı fəaliyyət davam edir. Mart ayında Uralın paytaxtında Azərbaycan Beynəlxalq Bankının "Taqanskiy" adlı yeni əlavə filialı açılmışdır. Rusiyanın ən qocaman teatrlarından biri olan Yekaterinburq Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin tamaşaları uğurla keçir. Bu baletin premyerası 2009-cu ilin yayında olmuşdur.
Aleksandr Mişarin Leyla Əliyevaya Yekaterinburqda ən iri sərgi kompleksi tikilməsi barədə məlumat vermişdir. Gələn ilin iyul ayında həmin kompleksdə ikinci "İnnoprom-2011" forumu keçiriləcəkdir. Qubernator Azərbaycan tərəfini həmin beynəlxalq sərgidə iştirak etməyə dəvət etmiş, bu yaxınlarda London sərgisində nümayiş etdirilən milli xalça kolleksiyasını da həmin sərgiyə gətirməyi təklif etmişdir. O, azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarovun Yekaterinburqda böyük uğurla keçmiş konsertindən məmnun olduğunu bildirmişdir.
Görüşdən sonra Leyla Əliyeva və Aleksandr Mişarin jurnalistlərin suallarına cavab vermişlər. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaq onkohematoloji mərkəzindən aldığı təəssüratları bölüşərək demişdir: "Bu görüşlər, xüsusən həkimlərin uşaqlara münasibəti, onların səmimiyyəti mənə çox güclü təsir bağışladı. Zənnimcə, gələcəkdə həkimlərin mübadiləsini təşkil etmək, buradakı həkimlərin öz təcrübələrini bölüşməsi üçün onları Bakıya dəvət etmək pis olmazdı. Bakıdan həkimləri buraya dəvət etmək olar ki, onlar rusiyalı mütəxəssislərin işi ilə tanış ola bilsinlər. Biz həm də Rusiya kitabxanalarına Azərbaycan kitabları bağışlamaq istərdik ki, gələcəkdə burada Azərbaycan məktəbi, Azərbaycan təmayüllü məktəb açılsın".
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarovun xeyriyyə konserti barədə məlumat verərək vurğulamışdır ki, həmvətənimizin konserti böyük uğurla keçmiş, konsertdən əldə edilən vəsait Yekaterinburqdakı 6 nömrəli uşaq evinin hesabına köçürüləcəkdir.
A.Mişarin aparılmış danışıqların yekunlarını yüksək qiymətləndirərək qeyd etmişdir ki, bir sıra maraqlı müştərək layihələr, o cümlədən Yekaterinburqda Azərbaycan məktəbi açılması, tələbə və müəllim mübadiləsi, universitetlər və həkimlər arasında dostluq və əməkdaşlıq münasibətləri yaradılması və inkişaf etdirilməsi, sərgilər keçirilməsi nəzərdə tutulur. O, sözünün sonunda demişdir: "Mən Heydər Əliyev Fondunun Leyla Əliyevanın rəhbərlik etdiyi nümayəndəliyini burada sərgilər təşkil etməyə dəvət etmişəm. Əgər Londonda Azərbaycan xalçaları sərgisini təşkil etmək olarsa, belə bir sərgini Yekaterinburqda da təşkil etmək nə üçün olmasın?! Fikrimcə, bu, çox maraqlı olardı".
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla birlikdə Sverdlovsk vilayət diyarşünaslıq muzeyində də olmuşdur. Burada onları diyarın qədim və zəngin tarixi ilə tanış etmişlər.
Elə həmin gün Leyla Əliyeva və Emin Ağalarov Azərbaycan Respublikasının Yekaterinburqda bu ilin may ayında açılmış baş konsulluğunda olmuşlar. Baş konsul Sultan Qasımov qonaqları konsulluğun yeni binası ilə tanış etmiş və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, xüsusi qeyd etmişdir ki, vilayətin əsas televiziya kanalında hər həftə ölkəmizdə baş vermiş mühüm hadisələr haqqında söhbət açılan "Azərbaycana gedən yol" adlı veriliş təşkil edilmişdir.
Diplomat yerli ziyalıların görkəmli nümayəndələrini - professor, regionşünas alim Aleksandr Nesterovu, həmyerlilərimiz, RF-nin əməkdar artisti, Yekaterinburq Musiqili Komediya Teatrının solisti Anatoli Brodskini, Yekaterinburq Opera və Balet Teatrının dirijoru, "Qızıl maska" mükafatı laureatı Etibar Əhmədovu, "Finansist" media-qrupun prezidenti Eleonora Rəsulovanı Leyla xanım Əliyevaya təqdim etmişdir.
Söhbət zamanı müxtəlif mədəni layihələr müzakirə edilmiş, Leyla Əliyeva həmin layihələri dəstəkləmişdir. Məsələn, Musiqili Komediya Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulması, Aleksandr Nesterovun Bakıda və Moskvada mühazirələrinin təşkil edilməsi, bir sıra digər mühüm mədəni layihələr barədə danışılmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Yekaterinburq
Azərbaycan.- 2010.-5 dekabr.- S. 3.