Yüksək texnologiyalar və ali təhsil

 

Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Bu texnologiyalar biliyə əsaslanan iqtisadiyyatın yaranması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır. Belə bir inkişaf elmi-texniki fəaliyyətin nəticələrinə, investisiyalara, informasiyaya və kadr təminatına tələblərin sərtləşdirilməsini və yeni resursların cəlb olunmasını tələb edir.

Yüksək texnologiya dedikdə yüksək, elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar (standart üzrə 8 faizdən çox) başa düşülür. Yüksək texnologiyalara müasir elmi-texniki və intellektual potensialdan ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərində, o cümlədən müdafiə qüdrətinin gücləndirilməsində geniş istifadə olunan rəqabətədavamlı məhsul istehsal etməyə imkan verən biotexnologiyalar, lazer texnikası, aviasiya, kosmik tədqiqatlar, nüvə energetikası, gen mühəndisliyi, kompüter və mikrooptoelektron texnologiyalar, kimya, telekommunikasiya və informasiya texnologiyaları aid edilir. Yüksək texnologiya (ingiliscə hi-tech, high tecnologi) 1970-ci illərdə modernizm dalğasında yaranmış və 1980-ci illərdə geniş inkişaf etmiş, memarlıq və dizayn sahəsində stildir. Bu texnologiyanın əsas nəzəriyyəçiləri ingilislər Norman Foster, Riçard Rocers, Nikolas Qrimşou və italiyalı Rentso Pianodur. Hi-tech-in ilk nümunəsi 1977-ci idə Riçard Rocers və Rentso Piano tərəfindən Parisdə tikilmiş Pompidu mərkəzi sayılır. 1990-cı illərdən başlayaraq hi-tech təbiətlə əlaqələndirildi və tədricən bio-tech eko-tech-ə çevrildi. Bu gün yüksək texnologiyalar inkişaf etmiş ölkələrin iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edir.

Yüksək texnologiyaların inkişafının dövlət əhəmiyyətli istiqamətləri aşağıdakılardır: elm, texnologiya və texnikanın inkişafının prioritet istiqamətlərində nəzəri və eksperimental tədqiqatların dəstəklənməsi; elm və texnologiya sahələri üzrə yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlığı sisteminin təkmilləşdirilməsi; ali məktəblərin elmi-tədqiqat sektorunun gücləndirilməsi.

İnkişaf etmiş ölkələrdə əsas diqqət innovasiya cəmiyyətinin yeni mərhələsinin - biliyin generasiyası, yayılması və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilmişdir. Unikal vərdişlərin və qabiliyyətlərin formalaşması, onların daim yeniləşməkdə olan fəaliyyət sahələrinə uyğunlaşdırılması, yüksək peşəkarlıq və s. əsas istehsal resurslarının, maddi firavanlığın və şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil edir. İntellektual fəaliyyətə qoyulan investisiya resursların səmərəli yerləşdirilməsi üsuluna çevrilir. Şirkətlərin vəsaitlərində qeyri-maddi aktivlərin xüsusi çəkisi get-gedə artır. İstehsalın intensivləşməsi və elmi-texniki tərəqqinin nəticələrindən istifadə innovasiya siklinin kəskin ixtisarına, məhsulun və texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə səbəb olur.

Elmtutumlu texnologiyaların işlənməsi və transferi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının və texnoloji modernləşdirilməsinin vacib şərtlərindəndir. Elmin prestijini yüksəltmək məqsədilə mövcud intellektual potensialın imkanlarından rasional istifadə etməklə bərabər, elmi sahəyə dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə keçmiş, yüksək texnologiyaların yaradılmasında iştirak etmiş, Avropa dillərini bilən gənc mütəxəssislərin axınını gücləndirmək lazımdır. Ölkədə dövlət himayəsinə ehtiyacı olan elmi təşkilatlar çoxdur. Dövlət isə bu ehtiyacı ödəməkdə çətinlik çəkir. İri şirkətlər və korporasiyalar daxilində korporativ elm adlandırılan elmi- tədqiqat komplekslərinin yaradılması ilə bu problemi aradan qaldırmaq mümkündür. Klaster tipli regional və sahə strukturlarının yaradılması da elmi təşkilatların və iqtisadiyyatın yüksək texnoloji sektorlarının qarşılıqlı fəaliyyətini təmin edən vasitələrdir.

Ali təhsil müəssisələrinin patent aktivliyinin artırılmasına, elmi nəticələrin kapitallaşdırılmasına xüsusi əhəmiyyət verilməli, innovasiya texnoloji mərkəzlər, texnologiyaların transferi mərkəzləri, texnoparklar kimi innovasiya strukturunun baza elementlərinin yaradılmasına diqqət artırılmalıdır.

Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elmtutumlu texnologiyalar əsasında inkişafı dövlətin prioritetlərindən biridir və müdafiə sənayesi kompleksinin (MSK) qarşısında qoyulmuş vəzifələrin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. MSK-nın inkişaf səviyyəsi milli təhlükəsizliyin qarantı olmaqla bərabər, iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.

Bu gün MSK-da həyata keçirilən inteqrasiya prosesləri, son nəsil rəqəmli proqramla idarə olunan çoxməqsədli texnoloji avadanlıqların, texnoloji xətlərin tətbiqi və yeni texnologiyaların transferi müdafiə təyinatlı ixtisaslar üzrə mütəxəssis (bakalavr və magistr səviyyəli mühəndis-texniki işçilər, elmi işçilər, idarəetmənin bütün səviyyələrində menecerlər və ixtisaslı fəhlələr) hazırlığı həyata keçirməyi tələb edir.

Mülki təyinatlı ali məktəblərdə MSK üçün mühəndis kadrların hazırlanması təcrübəsindən MDB-nin bir sıra ölkələrində geniş istifadə olunur. Məsələn, Rusiyanın 665 ali təhsil müəssisəsinin 55-də müdafiə sənayesi üçün 65 ixtisas üzrə kadrlar hazırlanır. AzTU bu ali məktəblərlə MDB ölkələri Texniki Universitetləri Assosiasiyası çərçivəsində sıx əməkdaşlıq və tərəfdaşlıq imkanlarına malikdir.

Hazırda modernləşən və yeni texnologiyaların transferini həyata keçirən MSK-da orta ixtisas təhsilli mütəxəssislərə və ixtisaslı fəhlələrə böyük ehtiyac var. Bu problemlərin həlli üçün AzTU-nun nəzdində MSK ixtisasları üzrə ixtisaslaşmış kolleclərin, liseylərin yaradılması xüsusi aktuallıq kəsb edən məsələlərdir.

Ölkə iqtisadiyyatının, o cümlədən MSK-nın innovasiya prinsipləri əsasında qurulmasının vacibliyi müxtəlif səviyyələrdə idarəetmə strukturlarının rəhbərlərinin, elmi işçilərin, mütəxəssislərin və fəhlə kadrların peşə hazırlığının keyfiyyətinə və rəqabət qabiliyyətinə qarşı prinsipcə yeni tələblər irəli sürür. MSK-nın mövcud kadr potensialına təkmilləşdirmə, yeni ixtisas alma, ixtisasartırma və ali təhsildən sonrakı təhsil xidmətlərinin göstərilməsi də AzTU-nun diqqət mərkəzindədir.

Ali ixtisas təhsili sisteminin Boloniya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həll olunmalı məsələlərin dairəsi həddən artıq genişdir. Təhsildə yeni tədris texnologiyaları açıq və distant təhsil üçün informasiya tədris vasitələrinin yaradılmasını, asinxron tədris texnologiyalarının tətbiqini, elektron dərsliklərin, təhsil portallarının yaradılmasını və multiagentli texnologiyalardan istifadəni tələb edir. Təhsildə aparılan islahatlar, bir tərəfdən, pedaqoji və psixoloji, digər tərəfdən isə telekommunikasiya və şəbəkə texnologiyaları, informasiyanın vizuallaşdırılması, süni intellekt, mürəkkəb proseslərin modelləşdirilməsi və avtomatlaşdırılması kimi texnoloji problemlərlə qarşılaşır.

AzTU-nun tədris prosesində yüksək texnologiyaların işlənməsinə və tətbiqinə xüsusi diqqət yetirilir. 2008-ci ilin oktyabrında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə "Aztelekom" sirkətinin dəstəyi ilə AzTU-da videokonfrans zalı istifadəyə verilmişdir. İlk telekonfranslarda AzTU, İsveçin Höteborq ET Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universiteti və ABŞ-ın Oklahoma Universiteti arasında təhsilin müasir problemləri real vaxt rejimində müzakirə edilmişdir.

Elmin, texnologiyanın və texnikanın prioritet istiqamətləri üzrə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən biri də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi - Elektron Universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir. AzTU-da elektron universitet layihəsi üzərində fəal tədqiqatlar aparılır, universitetin hər bir funksional bölməsi üzrə həmin bölməyə aid məsələləri avtomatlaşdırılmış rejimdə həll etmək imkanlarına malik altsistemlər işlənir, funksional altsistemlərin əlaqələndirilməsi AzTU.edu.azindex portalı vasitəsilə həyata keçirilir.

AzTU-nu digər ali məktəblərdən fərqləndirən ən vacib cəhət yüksək texnologiyaların tədris, tədqiqat və əyani istifadə obyektləri kimi öyrənilməsdir. Bu gün universitetin aparıcı kafedralarının texniki və texnoloji təminatları dünyanın ən qabaqcıl təhsil müəssisələri ilə müqayisə oluna biləcək qədər yaxşılaşdırılmış, yeni və müasir laboratoriyalar və tədris mərkəzləri yaradılmışdır.

Ötən ilin oktyabrında AzTU-ya Çin Xalq Respublikasının ZTE şirkətinin istehsal etdiyi telekommunikasiya avadanlığı hədiyyə olunmuşdur. Bu avadanlıqlar rəqəmli veriliş avadanlığı və rəqəmli abunəçi xətti vasitəsilə internetə daxil olmaq imkanına malikdir.

2009-cu ildə "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasında AzərSUN şirkətinin dəstəyi ilə ixtisaslaşdırılmış auditoriya yaradılmışdır. Bu auditoriya stasionar proyektor kompleksi ilə təchiz edilmişdir. Onun vasitəsilə elektron dərsliklər, slaydlar, video-foto materiallar şərh olunur.

"Fizika" kafedrasında ixtisaslaşdırılmış auditoriya yaradılmışdır. İKT ilə təchiz edilmiş bu laboratoriyada müxtəlif növ kristalların vacib xarakteristikaları üzrə elmi-tədqiqat işləri aparılır.

E-AzTU sisteminin yaradılması üçün yüksək texniki imkanlara malik şəbəkə və verilənlər bazası serverləri alınıb quraşdırılmışdır.

Elm, təhsil və istehsalatın inteqrasiyası məsələləri ali təhsilin keyfiyyətinin yüksəldilməsi və nəticələrinin tanınması nöqteyi-nəzərindən texniki ali məktəblər üçün böyük əhəmiyyət kəsb edir. İnteqrasiyanı həm bir ölkə daxilində, həm də təhsil sistemləri oxşar ölkələr arasında vahid təhsil məkanı yaratmaqla həyata keçirmək mümkündür. Elmtutumlu texnologiyaların işlənməsində istifadə olunan laboratoriya və eksperimental avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi ali məktəblər arasında kooperasiya əsasında kollektiv istifadə mərkəzlərinin, o cümlədən superkompüter, elektron mikroskop, 3D skaner və s. ilə təchiz olunmuş mərkəzlərin, nanotexnologiya və biotexnologiya mərkəzlərinin, ali məktəb innovasiya infrastrukturlu mərkəzlərin, texnoparkların, biznes inkubatorları və texnologiyaları transfer mərkəzlərinin yaradılması məsələsini aktuallaşdırır.

İnteqrasiya olunmuş iri strukturlar daxilində müəssisələrin mühəndis-texniki işçiləri və ixtisaslı fəhlələri üçün ixtisasartırma, yeni ixtisasalma və digər əlavə təhsil xidmətlərinin təşkili ideyası da diqqətəlayiqdir. Belə mərkəzlər, həmçinin, beynəlxalq assosiasiyalar çərçivəsində, məsələn, MDB Ölkələri Texniki Universitetləri Assosiasiyası, Xəzəryanı Ölkələrin Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetlərinin Assosiasiyası çərçivəsində də yaradıla bilər. Bu məqsədlə AzTU-da tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma və yeni ixtisasalma, elmi nəricələrin kommersiyalaşdırılması və s. əlaqədar fəaliyyətləri həyata keçirmək məqsədilə "Virtual Layihə-Texnoloji Tədris Mərkəzi" (VLTTM) yaradılmışdır.

VLTTM-in texnoloji təminatı "HAAS Automation" şirkətinin SL-10 CNC+ markalı torna və VF-1 CNC+ markalı emal mərkəzi, proqram təminatı isə "R.&S. KELLERGmbH" şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında yaradılmışdır. VLTTM-in bazasında tərkibində internetə qoşulmuş Pentium 1V markalı kompüterlər, elektron proyektor, interaktiv lövhə və "HAAS Automation" şirkətinin imitatorları olan sinif fəaliyyət göstərir. Mərkəzdə maşınqayırma, texnoloji maşınlar, avtomatika və kompüter texnikası və digər fakültələrdə təhsilin müxtəlif səviyyələrində rəqəmli proqramla idarə olunan dəzgahların, onlar üçün idarəedici proqramların və mexaniki emal texnologiyalarının CAD/CAM sistemləri əsasında layihələndirilməsi və tətbiqi ilə əlaqədar fənlərin tədrisi, ölkənin maşınqayırma və cihazqayırma müəssisələrinin mütəxəssisləri üşün ixtisasartırma, yeni ixtisasalma və digər əlavə təhsil xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur. VLTTM-in bazasında AzTU, Amerikanın "HAAS Automation", İsveçrənin "Abplanalp ingineering AG" (HAAS) və Almaniyanın "R.&S. KELLERGmbH" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən irihəcmli layihələr üzərində real vaxt rejimində və vahid informasiya mübadiləsi standartları sistemində fəaliyyət göstərən virtual müəssisənin təşkili planlaşdırılır.

Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin ayrı-ayrı modullarından AzTU-da kurs layihələrinin, bakalavr buraxılış işlərinin və magistr dissertasiyalarının işlənməsində uzun müddətdir istifadə olunur. Əvvəllər əsasən texniki həllərin sintezi, analizi və mühəndis hesabatları həyata keçirilirdi. Ancaq məmulun vahid informasiya modelinin - 3D (Master-model) yaradılması, onun əsasında məmulun hazırlanması texnologiyasının işlənməsi, rəqəmlə idarə olunan dəzgahlar üçün idarəedici proqramların tərtib olunması, bir virtual müəssisə çərçivəsində mütəxəssislər qrupunun vahid texniki-texnoloji layihə üzərində birgə işinin təşkili və idarə olunması, texniki və texnoloji sənədlərin vahid standartlar sistemində tərtib və çap olunması və s. kimi fəaliyyətlər kompleks şəkildə həyata keçirilmirdi. Bu məsələlərin aktuallığını nəzərə alaraq avtomatlaşdırılmış layihələndirmə sistemlərinin tədris prosesində kompleks tətbiqi üçün VLTTM-də lazımi texniki, proqram, informasiya və metodiki təminatlar yaradılmışdır. Mərkəzdə, həmçinin, maşınqayırma və cihazqayırma təyinatlı müəssisələrdə mövcud mühəndis-texniki işçilərin ixtisasartırma, təkmilləşdirmə və yeni ixtisasalma məsələlərinin əyani və distant formada təşkili üçün CAD/CAM/CAE sistemlərinin universal modulları - konstruktiv layihələndirmənin və konstruktiv sənədlərin hazırlanmasının avtomatlaşdırılması (CAD - Computer Aided Design); texnoloji layihələndirmənin və son nəsil rəqəmli proqramla idarə dəzgahları üçün idarəedici proqramların avtomatlaşdırılmış layihələndirilməsi (CAM - Computer Aided Manufacturing); CALS - Continuous Acquisition and Life Cycle Support texnologiyaları çərçivəsində, real vaxt rejimində və məkan fərqində mütəxəssislər qrupunun vahid texniki və texnoloji layihələr üzərində birgə fəaliyyətini təmin etmək; layihə rəhbərləri və tələbələr üçün daimi fəaliyyət göstərən sorğu-məsləhət mərkəzinin təşkili nəzərdə tutulmuşdur.

Bu baxımdan VLTTM-in proqram təminatının tərkibinə daxil olan KELLER SoftWare SYMplus proqram-metodiki-kompleksinin SYMplus 5.1 versiyası böyük maraq kəsb edir. Bu kompleks çoxsəviyyəli struktura malikdir və dördpilləli piramida kimi təqdim olunmuşdur.

3D virtual tədris vasitəsinin birinci səviyyəsində son nəsil CNC+ rəqəmli proqramla idarə olunan emal mərkəzləri və torna dəzgahları, o cümlədən "HAAS Automation" şirkətinin istehsalı olan dəzgahlar, onların idarə sistemləri, kinematikası, ayrı-ayrı qovşaqları, istismarı və texniki xidməti ilə əlaqədar geniş material təqdim olunmuşdur. İkinci pillədə DİN 66025 standartına uyğun olaraq CNC texnikasının və PAL proqramlaşdırmanın əsasları öyrədilir. PAL+ bölməsi çoxagentli multimedia vasitələri və PAL imitatorları ilə təchiz olunmuşdur. Üçüncü pillədə CNC idarəetmə sisteminin ətraflı tədrisi həyata keçirilir. Piramidanın bu pilləsində çoxsaylı illüstrasiyalar və 3D qrafiki imitasiya imkanları nəzərdə tutulmuşdur. Proqram-texniki kompleksin zirvəsi sayılan dördüncü pillədə peşəkar proqramlaşdırmanın CAD/CAM qrafiki sistemi geniş şərh olunmuşdur. Tərtib olunmuş idarəedici proqramlar RS 232 interfeysi, yaxud fləş vasitəsilə birbaşa texnoloji avadanlığa yüklənir və mexaniki emal prosesinin avtomatik rejimdə icrası həyata keçirilir.

Sistemin qrafiki dialoq rejimində işləmə imkanları NC proqramlarının tərtib olunması prosesini kifayət qədər sürətləndirir və detalın mürəkkəblik dərəcəsindən asılı olmayaraq, mexaniki emal texnoloji əməliyyatının optimallaşdırılmasına, layihələndirmə və hazırlama proseslərinin məhsuldarlığının artırılmasına şərait yaradır. RS-232 interfeysi vasitəsilə HAAS rəqəmli proqramla idarə qurğusu fərdi kompüterlə əlaqələndirilir. Belə bir əlaqə proqramçıya imkan verir ki, fərdi kompüterdən proqramları, sazlamaları və alətin korreksiya parametrlərini birbaşa dəzgahın idarəetmə qurğusuna və əksinə yükləmə həyata keçirsin.

AzTU-nun professor-müəllim heyəti və tələbələri mərkəzdə istifadə edilən informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hüquqi cəhətdən bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən "HAAS Automation", "R.&S.Keller Gmbh", "Abplanalp Engineering AG" və digərlərinin mühəndis-texniki işçiləri və tələbələri ilə birlikdə virtual müəssisə təşkil edərək real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanlarına malikdirlər. Universitetdə yüksək elmtutumlu texnologiyaların işlənməsi, təbliği və tədris prosesində tətbiqi istiqamətində aparılan məqsədyönlü fəaliyyət Prezident İlham Əliyevin "Qara qızılı insan qızılına çevirək" hikmətinin reallaşdırılmasının əsas komponentlərindən biridir və ali məktəb rəhbərliyinin daim diqqət mərkəzindədir.

 

Havar MƏMMƏDOV,

Azərbaycan Texniki

Universitetinin rektoru,

professor

 

Həsən HÜSEYNOV,

universitetin kafedra

müdiri, professor

Azərbaycan.- 2010.- 8 dekabr.- S.6.