Azərbaycanın müasir inkişaf strategiyası

 

Keçid dövrünü başa vurub modernləşmə prosesinin yeni keyfiyyət mərhələsinə transformasiya edən müstəqil Azərbaycanın bütövlükdə regionda ən qüdrətli dövlətlərdən birinə çevrilməsi elmi zəmin üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi Azərbaycan son illərdə qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətlərdən biridir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaratmışdır. Son illərdə ictimaiyyatşünas alimlər və filosoflar da Azərbaycan elminin qarşısında duran vəzifələri, hədəfləri yeni dövrün reallıqları fonunda göstərməyə çalışırlar. Bu xüsusda elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmlərinin qırılmaz vəhdətinin təmini, innovativ biliklərə, nanotexnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, ictimai və humanitar elmlərin geniş imkanlarının səfərbər edilməsi aktual məsələlər kimi nəzərdən keçirilir.

Ulu öndər Heydər Əliyevdən sonra onun layiqli davamçısı cənab İlham Əliyevin uğurları daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qüruruna çevirdiyi əzəmətli dövlətin ötən müddətdə qət etdiyi möhtəşəm yola nəzər salınması, qazanılan nailiyyətlərin düzgün dəyərləndirilərək gələcək nəsillər üçün yazıya alınması qarşıda dayanan ən başlıca vəzifələrdəndir. Müstəqil respublikamızın keçdiyi tarixi inkişaf yolunun ayrı-ayrı mərhələlərini - sistemli surətdə gerçəkləşdirilən sosial-iqtisadi islahatları analitik təhlil süzgəcindən keçirmədən bugünkü makroiqtisadi nailiyyətləri adekvat qiymətləndirmək də mümkün deyil. Son illərdə Azərbaycanın inkişaf dinamikası o qədər geniş və çoxşaxəlidir ki, bu prosesə hər müəllif baxışı yeni-yeni həqiqətlərə işıq salır. Bu mövzuda nə qədər çox kitablar yazılsa, nə qədər fərqli fikirlər irəli sürülsə, bu, ümumi işə bir o qədər fayda verər.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların elmi-metodoloji əsaslarının araşdırılması və tədqiqi prosesində yaxından iştirak edən "Təfəkkür" Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin çapdan yeni çıxmış "Azərbaycanın müasir iqtisadi inkişaf strategiyası: keçid iqtisadiyyatından modernləşməyə" kitabı bu baxımdan fakt zənginliyi, çağdaş iqtisadi proseslərə analitik yanaşma tərzi ilə diqqət çəkir.

Kitabın redaktoru və ön sözünün müəllifi Milli Məclisin İqtisadiyyat komitəsinin sədri akademik Ziyad Səmədzadədir. Kitabda Azərbaycandakı çağdaş sosial-iqtisadi proseslərə mükəmməl elmi-politoloji yanaşma olmaqla, respublikamızın müstəqillik illərində əldə etdiyi uğur və nailiyyətlərə, iqtisadi inkişaf proseslərinə obyektiv nəzər salınır.

İqtisadi sahədə keçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki baza formalaşsa da, etiraf etməliyik ki, prosesin elmi nəzəri-metodoloji əsasları tam ümumiləşdirilməmişdir. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi alimlərimiz qarşısına ciddi vəzifələr qoyur. Bu baxımdan professor Müşfiq Atakişiyevin ərsəyə gətirdiyi yeni nəşr elmi sanbalı ilə diqqəti çəkir.

Respublikamızı yüksəlişə aparan ictimai-siyasi proseslərin, sosial-iqtisadi islahatların fundamental tədqiqi zərurətindən yaranan kitabda XX əsrin ən məşhur dövlət xadimlərindən olan ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açılmış, ulu öndərin strateji siyasi kursunun varisliyinin təmin olunması zərurəti əsaslandırılmış, bu tarixi missiyanı hazırda ləyaqətlə həyata keçirən Prezident İlham Əliyevin əzmkar fəaliyyəti təhlil olunmuşdur. Kitabda müstəqil Azərbaycan dövlətinin həyatında müstəsna əhəmiyyətə malik iqtisadi proseslər, xüsusən də cənab İlham Əliyevin xalqın iradəsiylə dövlət rəhbərliyinə gəlişindən sonra ölkədə geniş vüsət almış intibah meyilləri, nailiyyətlər elmi şəkildə şərh edilmiş, irəli sürülən mülahizələr zəngin fakt materialları ilə əsaslandırılmışdır.

Müəllif kitabın "Milli iqtisadi inkişaf modelinin banisi" adlanan I fəslində xüsusi vurğulayır ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin ötən əsrin 60-cı illərində respublikaya rəhbərliyə gəlişindən sonra öz tarixi keçmişini, milli özünəməxsusluğunu qoruyub saxlamaq, habelə gələcək müstəqilliyi üçün zəruri potensial formalaşdırmaq imkanı əldə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş İttifaq rəhbərliyi respublikada iri müasir maşınqayırma, kimya, neft-kimya, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir.

Daha sonra müəllif xüsusi olaraq vurğulayır ki, dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət sayəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar respublikamıza cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Neft-qaz sektorunun sürətli tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermiş, makroiqtisadi sabitliyə nail olunması fonunda həyata keçirilən sürətli islahatlar Azərbaycan qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Xüsusən də aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur.

Professor Müşfiq Atakişiyev hesab edir ki, dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması, perspektivli sahələrin beynəlxalq miqyasda təbliği xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.

Kitabda həmçinin vurğulanır ki, ulu öndər Heydər Əliyevin ciddi təmələ əsaslanan inkişaf strategiyasını inamla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir. Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkə qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirmiş, islahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq üçün mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən fərmanları, regionların tərəqqisinə təkan verən mühüm dövlət proqramları, sosialyönümlü siyasət strategiyası, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncamları və digər mühüm məsələlər kitabda ətraflı şərh olunmuşdur.

Kitabda o da xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət ölkə vətəndaşlarının maddi rifah halını daha da yüksəltmiş, sosial infrastrukturun inkişafını, ölkədə yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin etmişdir. Həmçinin iqtisadi sahədə keçid dövrünü başa vurmaq üçün qarşıya qoyulan hədəflərə çatmaq yönündə qəti, çevik addımlar atılmış, müvafiq zəruri işlər görülmüşdür. 2009-cu ilin noyabrında BDU-nun 90 illik yubileyində dərin məzmunlu nitq söyləyən dövlət başçısı ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün artıq geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırmışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidənqurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir.

Professor Müşfiq Atakişiyevin fikrincə, Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir. Kitabda vurğulanır ki, cəmiyyətin tələbatına operativ reaksiya vermək imkanından məhrum olan, istehsalçılarda resurslardan səmərəli istifadə üçün hər hansı ciddi stimul yaratmayan, əmtəə və xidmətlərin geniş çeşidinə gətirib çıxarmayan, innovasiyalara meyilli olmayan, istehsal vasitələrinin dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsində ləngimələrə yol verilməsi kimi çatışmayan cəhətlərə malik olan inzibati komanda iqtisadiyyatından əsas prinsipləri sahibkarlıq, mülkiyyət və istehsal vasitələrinin müxtəlif formalarının yaranması, qiymətlərin bazar tərəfindən tənzimlənməsi, təsərrüfat subyektləri arasında müqaviləli münasibətlər, eləcə də təsərrüfat fəaliyyətinə dövlətin məhdud müdaxiləsi olan bazar iqtisadiyyatına keçid kifayət qədər çətin prosesdir.

Kitabda Azərbaycanın beynəlxalq iqtisadi proseslərə inteqrasiyası elmi cəhətdən araşdırılmış, qlobal maliyyə böhranının başlanma səbəbləri, ölkəmizin hansı səbəblərdən bu böhranın təsirlərindən effektiv şəkildə qorunan azsaylı dövlətlərdən biri olması da əsaslandırılmışdır. Müəllif çox düzgün olaraq yazır ki, Azərbaycanı bütövlükdə dünyanın lider ölkəsinə çevirən effektiv sosial-iqtisadi islahatlar kursu zaman keçdikcə cəmiyyət həyatında daha ardıcıl, davamlı, məqsədyönlü xarakter alan demokratikləşmə prosesindən, habelə respublikamızın beynəlxalq aləmə inteqrasiya xəttindən qətiyyən kənarda deyildir. Siyasi fəlsəfənin dəyişməz qanunauyğunluğu kimi bu amillərin biri digərini şərtləndirir. Kitabda irəli sürülən elmi fikir və mülahizələr də məhz bu amillərin üzvi bağlılığı əsasında müəyyənləşmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf vəhdət halında təhlil süzgəcindən keçirilmişdir.

Kitab başqa bir cəhəti ilə də diqqəti çəkir. Belə ki, "Davamlı və sürətli inkişafın möhtəşəm salnaməsi" adlanan V fəsildə müəllifin müxtəlif illərdə "Azərbaycan" qəzetində dərc olunmuş məqalələri toplanmışdır. Həmin məqalələr respublikamızın çağdaş tarixinin obyektiv, hərtərəfli, dolğun tədqiqi kimi praktik əhəmiyyətə malikdir. Müxtəlif hadisələrə münasibətdə obyektiv və dərin analitik təhlil, elmi təcrübədən qaynaqlanan fəlsəfi-empirik yanaşma, fakt zənginliyi iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin elmi-analitik məqalələrinin əsas leytmotivini, mahiyyətini təşkil edir.

İnformasiya texnologiyalarının sürətli inkişafı, istənilən məlumatın internet şəbəkəsi ilə operativ yayılma və çatdırılma imkanlarının hüdudsuzluğu müasir dövrdə qəzet məqalələrinin, kitabların əhəmiyyətini, aktuallığını qətiyyən zəiflətmir. Ən azı, bu səbəbdən ilk baxışda adi məqalə təsiri bağışlayan hansısa yazının, müəllif düşüncələrinin illər keçdikdə tarixi dəyəri, ictimai əhəmiyyəti artır. Milli tariximizin obyektiv yazıya köçürülməsi, yaxud hansısa mühüm tarixi-siyasi hadisənin dəyərləndirilməsi zamanı qəzet və jurnallarda işıq üzü görmüş elmi, siyasi, iqtisadi məzmunlu məqalələrin müstəsna əhəmiyyəti qabarıq önə çıxır. Mübaliğəsiz demək olar ki, professor Müşfiq Atakişiyevin məsuliyyətlə qələmə aldığı məqalələr də Azərbaycanın çağdaş tarixinin tədqiqatçıları üçün etibarlı mənbədir.

Ümumiyyətlə, transmilli korporasiyaların Azərbaycandakı fəaliyyəti, beynəlxalq ticarət və xarici investisiya axınlarının respublikamıza doğru istiqamətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi kimi aktual mövzuların tədqiq olunduğu kitab çağdaş tariximizə sadəcə elmi baxış olmayıb, həm də ensiklopedik səciyyə daşıyır. Kitab fakt zənginliyi, əhatə dairəsi və məzmunu ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

 

Asəf NADİROV,

akademik

Azərbaycan.- 2010.- 8 dekabr.- S.6.