Özbəkistan Baş nazirinin müavini Bakı iplik fabriki ilə tanış olmuşdur

 

Özbəkistanın Milli Sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan bu ölkənin Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qəniyev dekabrın 4-də "MKT İstehsalat-Kommersiya" MMC-nin Bakı iplik fabrikində olmuşdur.

AzərTAc xəbər verir ki, MMC-nin tekstil idarəsinin rəisi Nizami Qəribov qonağa 2008-ci ildə açılan iplik fabrikində istehsal prosesi barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, MDB-də ilk dəfə Azərbaycanda İsveçrənin "Ritter" şirkətinin istehsalı olan müasir avadanlıqla təchiz edilən, ən yeni texnoloji standartlara cavab verən fabrikdə yerli xammaldan iplik istehsal olunur.

Mahlıcın açılması, didilməsi, liflərin paralelləşdirilməsi, əyirmə sexində ipliyin əldə edilməsi prosesləri ilə tanış olan qonağa məlumat verilmişdir ki, əyirici maşınların üstündə yerləşən xüsusi robotlar prosesin daha mükəmməl getməsinə şərait yaradır. İldə 10 min ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malik fabrikin məhsulları əsasən Rusiyaya ixrac edilir. Ən müasir avadanlıqdan istifadə olunan müəssisənin rəhbərliyi hazırda məhsullarını artıq dünya bazarlarına çıxarmaq niyyətindədir. Almaniyanın USTER şirkətinin avadanlığı ilə təchiz edilmiş laboratoriyada isə aparatlarla beynəlxalq standartlara uyğun məhsulun əldə olunmasına nəzarət edilir.

 

 Azərbaycan.- 2010.- 5 dekabr.- S. 2.