Sosial-iqtisadi inkişaf insan amilinin yüksəlişinə
xidmət edir
Azərbaycanda elmi əsaslarla
həyata keçirilən
sosialyönümlü iqtisadi
siyasət bu sahədə yeni keyfiyyət göstəricilərinin
əldə olunması,
regionların tarazlı
və davamlı inkişafının sürətləndirilməsi,
əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması,
faydalı məşğulluğunun
təmin edilməsi, yeni iş yerlərinin
açılması üçün
milli sahibkarlığın
hərtərəfli dəstəklənməsi
kimi vacib məqamları özündə
ehtiva edir. Dövlət
başçısı İlham
Əliyevin Azərbaycanı
dinamik sosial inkişafa, tərəqqiyə,
davamlı sabitliyə
və yüksəlişə
aparan strateji siyasi kursu layiqincə
davam etdirəcəyi proqram xarakterli ilk iqtisadi fərmanından bəlli olmuşdur.
24 noyabr 2003-cü il
tarixdə "Azərbaycan
Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi
tədbirləri haqqında"
fərman imzalayan Prezident İlham Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin
doğurduğu obyektiv
problemlərin sürətli
həlli istiqamətində
kompleks tədbirlərin
həyata keçirilməsinə
yol açmışdır.
Fərmanda ölkə iqtisadiyyatında
müşahidə olunan
dinamik inkişafın
sürətləndirilməsi yolları nəzəri-praktiki
və konseptual əsasda göstərilmişdir.
Sənədə əsasən,
aidiyyəti dövlət
strukturları iqtisadiyyatın
müxtəlif sahələrinin
inkişafına, xüsusən
də işsizliyin azaldılmasına, gənclərin
faydalı məşğulluğunun
artırılmasına, regionların
bərabər inkişafına,
qeyri-neft sektorunun gücləndirilməsinə, müəssisələrdə
beynəlxalq standartlara
cavab verən məhsulların istehsal olunmasına və onların dünya bazarına çıxarılmasına,
aqrar sektorda islahatların başa çatdırılmasına yönəlmiş
bir sıra proqramlar hazırlayıb Azərbaycan Prezidentinə
təqdim etmişlər.
Bundan əlavə, neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın
işlənib hazırlanması,
Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını
qorumaq məqsədilə
onun büdcə xərcləri çərçivəsində
ünvanlı istifadəsini
təmin edən tədbirlərin görülməsi,
əhalinin pensiya təminatının yaxşılaşdırılması,
kommunal islahatların aparılması, sahibkarlığın
inkişafına mane olan
amillərin, o cümlədən
inhisarçılığın aradan qaldırılması,
qaçqın və məcburi köçkünlər
üçün müvəqqəti
qəsəbələrin salınması
kimi mühüm məsələlər də
fərmanda öz əksini tapmışdır.
Digər
bir vacib məqam - icra strukturları tərəfindən
vətəndaşların zəruri
ehtiyaclarına və qanuni tələblərinə
diqqətlə yanaşılması
məsələsi də
fərmanda konkret müddəa ilə təsbit olunmuşdur.
İqtisadiyyatda mütərəqqi inkişaf
meyillərinin daha da sürətləndirilməsi
məqsədini önə
çəkən fərman
qarşıya qoyulmuş
məqsədlərin reallaşdırılmasından
ötrü çoxsaylı
dövlət proqramlarının
hazırlanmasında, bir
növ, baza rolunu oynamışdır. Bu fərmana
uyğun hazırlanaraq
qəbul olunan ən mühüm dövlət proqramı isə 11 fevral 2004-cü il tarixli
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramının
təsdiq edilməsi haqqında" fərman olmuşdur.
İcrası uğurla başa çatmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Proqram əsasında Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çox sayda yeni iş yerlərinin açılmasını təmin etmişdir.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Ümumilikdə Azərbaycanın son 7 ildə həyata keçirdiyi mühüm dövlət proqramları və əldə etdiyi uğurlu nəticələrin bünövrəsi 24 noyabr 2003-cü il tarixdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanla qoyulmuşdur. Məhz bu uğurlu təməl üzərində Azərbaycan iqtisadiyyatı 2008-2010-cu ildə qlobal böhrana nəinki müqavimət göstərmiş, hətta uğurlu nəticələr əldə etmişdir. 2010-cu ilin ötən 9 ayında əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə qlobal böhrana potensial müqavimət əzmini bir daha təsdiqləyir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirlərinin 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsulun 2,8 faiz artaraq 3 min 286 manata çatması, eləcə də ölkənin ümumi valyuta ehtiyatlarının 28 milyard dolları ötməsi insan amilinin tərəqqisinə xidmət edən siyasətin uğurlu nəticələrinə dəlalət edir. Bu makroiqtisadi göstəricilər ilk növbədə Azərbaycan vətəndaşının gündəlik həyatında, yaşayış səviyyəsinin davamlı şəkildə yüksəlməsində özünü göstərir. Bütün bunların nəticəsidir ki, Azərbaycan BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatında "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Belə ki, respublikamız 182 ölkənin yer aldığı hesabatda 67-ci yeri tutmuşdur.
Son 9 ayın iqtisadi qiymətləndirilməsi həm də onu deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur.
S.ELMANOĞLU,
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 1.