Türkiyədə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində Azərbaycan da təmsil olunmuşdur

 

"NTSR Fuarçılıq" şirkətinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Avrasiya və Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi olan "10-cu Beynəlxalq bağçılıq, gülçülük və kənd təsərrüfatı texnologiyaları (Growtech Eurasia 2010)" sərgisində 25 ölkə, o cümlədən Azərbaycan təmsil olunmuşdur.

AzərTAc xəbər verir ki, 500-dən çox yerli və əcnəbi şirkətin qatıldığı sərgidə kənd təsərrüfatı texnikaları, yeni məhsullar, toxumçuluq, tərəvəzçilik, meyvəçilik, gülçülük, istixana, sulama sistemləri texnologiyaları nümayiş olunur.

Sərgi çərçivəsində Türkiyənin Xarici Ticarət Müstəşarlığı və Antalya İxracatçılar Birliklərinin təşkilatçılığı ilə "Alış heyəti proqramı" da keçirilmişdir. Bu proqrama 5 ölkədən 30 şirkət nümayəndəsi qatılmışdır. Azərbaycanı bu proqramda təmsil edən şirkətlər, Türkiyə şirkətləri ilə ikili görüşlərdə yeni ticarət əlaqələri qurmuşlar.

Sərgi dekabrın 5-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2010.-5 dekabr.- S. 1