Prezident İlham
Əliyevin tapşırığı ilə Fövqəladə
Hallar Nazirliyi
İsraildə meşə yanğınları ilə əlaqədar
bu ölkəyə iki
helikopter göndərmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. AzərTAc xəbər verir ki, dekabrın 4-də "KA-32 A" və "Mİ-17-1 V" yanğınsöndürən helikopterləri 16 nəfərlik heyətlə Heydər Əliyev Beynəlxalq Aeroportundan İsrailə yola düşmüşdür.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirmişdir ki, İsrailin Hayfa şəhəri ətrafında insan tələfatı ilə nəticələnən irimiqyaslı meşə yanğınları davam edir. Bu yanğınların söndürülməsinə kömək göstərmək üçün İsrail tərəfdən bizə müraciət olunmuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in aviasiya dəstəsinə məxsus iki helikopter 16 nəfərlik heyətlə yanğınların söndürülməsində iştirak etmək üçün İsrailə yola düşmüşdür.
Azərbaycan yanğınsöndürənlərinin İsraildə olma müddəti 10 gün nəzərdə tutulsa da, bu müddət yaranmış şəraitdən asılı olaraq artıb və ya azala bilər. Ehtiyac yaranarsa və İsrail tərəfdən müraciət edilərsə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi əlavə şəxsi heyət və texnika göndərməyə hazırdır.
Ə.Qasımov demişdir ki, helikopterlər Gürcüstan-Türkiyə-Kipr-İsrail marşrutu üzrə uçacaqlar. Amma ola bilər ki, bu marşrutda hava şəraiti və ya başqa bir səbəblə əlaqədar dəyişiklik olsun. Azərbaycan yanğınsöndürənləri ilkin olaraq yanğınların daha geniş yayıldığı Hayfa şəhəri ətrafına gedir. Lakin yerli hakimiyyət haranı məsləhət biləcəksə, biz orada yanğının söndürülməsinə başlayacağıq.
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 1.