Jurnalistlərin böyük dostu

 

Müsəlman Şərqində yaranan ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi 1918-ci ilin 15 sentyabrında fəaliyyətə başlamış "Azərbaycan" qəzeti o dövrün mətbu orqanları arasında daha çox dövlətçilik maraqlarının və demokratik ideyalarının tərənnümçüsü olması ilə fərqlənmişdir. Öz dəst-xətti ilə seçilən "Azərbaycan" jurnalistikamızın mütərəqqi ənənələri üzərində təşəkkül tapan və cəmiyyətin milli və bəşəri dəyərlər üzərində maariflənməsinə çalışan qəzet olmuşdur.

"Əkinçi"dən sonra maarifpərvər ziyalılar dəfələrlə "Azərbaycan" adı ilə qəzet nəşr etməyə cəhd göstərsələr də, çar Rusiyasının mürtəce rejimi bu ideyanın reallaşmasının əleyhinə çıxmışdı. Çünki "Azərbaycan" adında qəzetin olması Azərbaycan adlı məmləkətin varlığını etiraf etmək idi. Bu mənada 1918-ci ildə "Azərbaycan" qəzetinin nəşrə başlaması milli mətbuat tariximizdə çox əlamətdar hadisə oldu. Bununla, ilk rəsmi dövlət qəzetinin əsası qoyulmuş və Azərbaycan Xalq Cümhuriyyətinin adı dünyaya yayılmağa başlamışdır.

"Azərbaycan" qəzetinin ilk 4 sayı Gəncədə işıq üzü görmüşdü. İlk sayların hazırlanmasında Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin böyük xidmətləri var idi. Bakının işğaldan azad olunmasından sonra "Azərbaycan" qəzetinin redaksiya heyəti dövlət idarələri ilə bərabər, Gəncədən Bakıya köçdü.

"Azərbaycan" qəzeti ətrafına dövrünün ən qabaqcıl ziyalıları, ictimai xadimləri, millət fədailərini toplamışdı. Milli problemlərin qaldırılmasında möhtəşəm tribunaya çevrilmiş bu qəzetdə Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtlı, Firudin bəy Köçərli, Abdulla Şaiq və Azərbaycanın digər nüfuzlu ziyalılarının, yazıçı-publisistlərinin imzaları göründü. Geniş oxucu auditoriyası toplayan "Azərbaycan" ömrünün qısa olmasına baxmayaraq yarandığı mühitin, fəaliyyət göstərdiyi dövrün tarixi salnaməsinə çevrilmiş, dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, milli məfkurənin və milli şüurun təkamülünə sədaqətlə xidmət etmişdir. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra qəzetin dərci dayandırılsa da, xalqımızın ictimai şüurunda istiqlal düşüncəsinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görən nəsr kimi tarixə düşmüşdür.

Ölkəmiz dövlət müstəqilliyini XX əsrin sonlarında bərpa etdikdən sonra "Azərbaycan" qəzeti yenidən nəşrə başlamış, varislik ənənəsinə sadiqliyini nümayiş etdirmiş, müstəqil dövlətçiliyə sədaqətlə xidmətə başlamışdır. Dövrünün ensiklopedik salnaməsi olan qəzet Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi xəttin geniş auditoriyaya çatdırılması, dövlətçilik maraqlarının və ümummilli məsələlərin işıqlandırılması istiqamətində böyük işlər görür.

Xalqımızın ümummilli lideri Heydər Əliyev "Azərbaycan" qəzetinin fəaliyyətini yüksək qiymətləndirmiş, qəzetin əlamətdar günlərində redaksiya heyətini təbrik etmişdir. Heydər Əliyevin 16 il əvvəl - 1994-cü il dekabrın 4-də "Azərbaycan"ın 1000-ci nömrəsinin işıq üzü görməsi münasibətilə redaksiya heyətinə ünvanladığı təbrik məktubu ulu öndərin qəzetin fəaliyyətinə verdiyi böyük önəmin və diqqətin bariz nümunəsidir. Bu münasibətlə redaksiyanın yaradıcı heyətini təbrik edən Heydər Əliyevin təbrik məktubunda "Azərbaycan"ın xalqımızın istiqlal mübarizəsindəki xidmətləri yüksək dəyərləndirilərək deyilirdi: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan" qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Demokratik Respublikasının rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan" xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən ADR kimi "Azərbaycan" qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan" qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu".

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salıb bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxili və xarici dairələrin narahatçılığına səbəb olmuşdu. Onlar tərəfindən 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaq oldu. Heydər Əliyev həmin hadisələr zamanı, ilk növbədə, xalqın dəstəyinə arxalanırdı. Onun dövlətçiliyimizin ağır dəqiqələrində xalqa etdiyi müraciətə cavab olaraq yüz minlərlə insanın gecə yarısı Prezident sarayının qarşısına toplaşması Azərbaycan rəhbərinin xalq arasında hansı nüfuza və etimada malik olduğunu bir daha təsdiqlədi. Böyük şəxsiyyət Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qətiyyətlə dəstəkləməsi sayəsində bu təhlükəli cəhdlərin qarşısı alındı.

O ağır günlərdə "Azərbaycan" qəzeti də dövlətçiliyin müdafiəsində dayandı. "Azərbaycan"ın 1000-ci sayı ilə bağlı təbrik məktubunda bu məsələyə də toxunan ulu öndər Heydər Əliyev qəzetin xidmətlərinə yüksək qiymət verib: "Müstəqilliyimizə düşmən kəsilmiş xarici və daxili qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu gün də azğın niyyətlərindən əl çəkmirlər. Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan" qəzeti öz sayıqlığını bir an belə, itirmədi".

"Azərbaycan" qəzeti rəsmi dövlət nəşri, Milli Məclisin orqanı kimi fəaliyyətini bərpa edəndən sonra ölkəmizdə və eləcə də dünyada baş verən ictimai-siyasi proseslərin geniş oxucu kütləsinə çatdırılmasında böyük rol oynayır. Varislik ənənəsinə sadiq qalaraq dövlət siyasətinin təbliğini, ölkə parlamentinin fəaliyyətini, qanun yaradıcılığı sahəsindəki yenilikləri, müstəqil dövlətimizin hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görülən işlərin ictimaiyyətə operativ çatdırılmasını daim diqqət mərkəzində saxlayır. Milli mentalitetimizin qorunması, azərbaycançılığın, vətənpərvərlik hisslərinin, ən müxtəlif sahələrdəki nailiyyətlərin təbliği qəzetin diqqət yetirdiyi əsas mövzulardır. 1998-ci ildə "Azərbaycan" qəzetinin 80 illik yubileyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda ümummilli lideri Heydər Əliyev deyirdi: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".

Ulu öndər Heydər Əliyev 1993-cü ildən ölkəyə rəhbərlik etməyə başladıqdan sonra bütün sahələr kimi, Azərbaycan mətbuatı da tərəqqi yoluna qədəm qoydu. Mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu, qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu. Ümummilli liderin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi mühüm tarixi hadisə oldu. Dövlətin mətbuatın inkişafına qayğısından kənarda qalmayan "Azərbaycan" qəzeti də təbii ki, bu dövrdə öz fəaliyyətini müasir dövrün tələblərinə uğurla uyğunlaşdırdı, bir nömrəli qəzet statusunu layiqincə qorudu.

Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı yaratdığı ənənələr, Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirilir. Dövlət başçısının sərəncamları ilə Azərbaycan milli mətbuatının 130 və 135 illik yubileylərinin ölkə miqyasında qeyd olunması, mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması mətbuatın dövlət qayğısından kənarda qalmadığını, jurnalistlərin əməyinin qiymətləndirildiyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da ölkəmizdə azad mətbuatın inkişafına ciddi diqqət yetirildiyini bir daha təsdiqlədi.

Dövlətin qayğısını və həm də rəsmi dövlət qəzeti kimi məsuliyyətini daim hiss edən "Azərbaycan" qəzeti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən möhtəşəm quruculuğun və sürətli tərəqqinin, reallaşan qlobal enerji və digər iqtisadi layihələrin, aparılan köklü islahatların obyektiv işıqlandırılmasına, demokratikləşmə prosesinin dərinləşməsinə, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə layiqli töhfələr verir. Ölkə həyatının müxtəlif sahələrinə dair aktual, maraqlı və cəsarətli yazılar dərc etməklə sələfi kimi böyük oxucu kütləsinin dərin rəğbətini qazanan qəzetin məqalələri mövzu əhatəliliyi, rəngarəngliyi, faktların zənginliyi ilə diqqəti cəlb edir.

Təsadüfi deyil ki, Azərbaycan milli mətbuatının 130 və 135 illik yubileylərində Prezident İlham Əliyevin sərəncamları ilə "Tərəqqi" medalı ilə təltif edilən və "Əməkdar jurnalist" fəxri adı alan jurnalistlər arasında "Azərbaycan"çılar üstünlük təşkil etdilər. Bu, qəzetə verilən böyük dəyərin, onun cəmiyyətdəki nüfuzunun birbaşa göstəricisidir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2010.- 4 dekabr.- S.2.