Dördüncü çağırış
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
Dünən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Sessiya iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstəsi düzmüşlər.
Ali Məclisin daxili nizamnaməsinin 2-ci maddəsinə əsasən, yeni seçilmiş Ali Məclisin birinci iclasını ən yaşlı deputat - 38 saylı Yaycı seçki dairəsindən seçilmiş deputat Fərəc Fərəcov açıb. O, bildirib ki, Ali Məclisə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak edir .
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra yeni çağırış Ali Məclisə seçilən deputatların siyahısı oxunub. Sonra muxtar respublika Ali Məclisinin sədrinin seçilməsi məsələsi deputatların müzakirəsinə verilib.
Deputat Oruc Həsənli çıxış edərək muxtar respublika Ali Məclisinin sədri vəzifəsinə Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürüb. Deyib ki, 2010-cu ilin 7 noyabrında keçirilən seçkilər bir daha göstərdi ki, xalq Heydər Əliyevin siyasi kursuna alternativ görmür. Bu da səbəbsiz deyil, çünki 1993-cü ildən başlayaraq bu günədək müstəqil Azərbaycanın keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar məhz ümummilli lider Heydər Əliyevin dühası sayəsində gerçəkləşmişdir. Naxçıvan Muxtar Respublikasında son 15 ildə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan böyük nailiyyətlər də ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir. Naxçıvan Muxtar Respublikasına son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi və idarəetmə məktəbinin layiqli nümayəndəsi cənab Vasif Talıbov rəhbərlik etmişdir. O, 1995-ci, 2000-ci və 2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmiş, bu illərdə muxtar respublikanın şəhər, qəsəbə və kəndləri böyük quruculuq meydanına çevrilmiş, bütün sahələrdə əsaslı irəliləyişlər olmuşdur. Özü də bu inkişaf blokada şəraitində gerçəkləşmişdir.
Bütün bunlar isə muxtar respublikaya Vasif Talıbovun uğurlu rəhbərliyi sayəsində mümkün olmuşdur. Ali Məclisin sədri ümummilli liderin "siyasi sabitlik, sosial ədalət, səmərəli iqtisadiyyat" xəttini əsas götürərək Naxçıvanı əsl intibaha qovuşdurmuşdur.
Xalqımız, o cümlədən muxtar respublikanın əhalisi Heydər Əliyev siyasi kursunun bundan sonra da davam etdirilməsini tərəqqinin başlıca meyarı sayır. Vasif Talıbov son 15 ildə muxtar respublikaya uğurla rəhbərlik etmişdir.
Deputatlardan Yeganə Məmmədova, Allahverdi Mirzəliyev, Eldar Zeynalov, Arif Qasımov, Məmməd Rzayev irəlü sürülən təklifi dəstəklədilər.
Deputatlar Ali Məclisin daxili nizamnaməsinin 25-ci maddəsini əsas tutaraq Ali Məclisin sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etdilər.
Açıq səsvermədən sonra 7 saylı Aralıq seçki dairəsindən deputat Vasif Talıbov yenidən muxtar respublika Ali Məclisinin sədri seçildi.
Ali Məclisin sədri çıxış edərək etimada görə deputatlara minnətdarlığını bildirdi.
Sonra sessiya muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun sədrliyi ilə davam etdi. Azər Yadulla oğlu Zeynalov Ali Məclis sədrinin birinci müavini, Mirhəşim Əhməd oğlu Seyidov Ali Məclis sədrinin müavini seçildilər.
Sessiyada muxtar respublika Ali Məclisi daimi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri də seçildilər.
Gündəlikdə duran üçüncü məsələ - "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyuldu və qəbul edildi.
Sessiyada muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər də müzakirə edildi. Muxtar respublikanın 2011-ci il dövlət büdcəsinin təsdiq edilməs ilə əlaqədar muxtar respublikanın maliyyə naziri Xalid İskəndərovun məruzəsi dinlənildi və təqdim olunan dövlət büdcəsi təsdiq olundu.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il dövlət büdcəsinin təsdiq edilməsi ilə bağlı DSMF-in sədri Rasim Hüseynovun məruzəsi dinlənildikdən sonra deputatlar bu məsələyə də müsbət münasibət bildirdilər.
Müzakirə olunan məsələlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının qanunları, qəbul olundu, sessiyalararası dövrdə Ali Məclis sədrinin fərmanları təsdiq edildi.
Sessiyanın işinə yekun vuran muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış birinci sessiyasının keçirilməsi münasibətilə seçilmiş deputatları təbrik etdi və əmin olduğunu bildirdi ki, bundan sonra da müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla gedəcək, ulu öndərin işinə və əməllərinə sədaqət nümayiş etdirəcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaqlar.
Bununla da, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırdı.
Məmməd MƏMMƏDOV,
Azərbaycan.- 2010.- 4 dekabr.- S.2.