Azərbaycanın Baş naziri Bakıda keçirilən Özbəkistanın
ilk milli sərgisi ilə tanış olmuşdur
Dekabrın 3-də Azərbaycanın Baş naziri Artur Rasizadə Bakı Sərgi Mərkəzində Özbəkistanın ilk milli sərgisi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qəniyev sərgidə nümayiş olunan məhsullar barədə Artur Rasizadəyə ətraflı məlumat vermişdir.
Sərgi ilə yaxından maraqlanan Baş nazir A.Rasizadə KİV nümayəndələrinə bildirmişdir ki, Özbəkistanda və Azərbaycanda keçirilən milli sərgilər ölkələrimiz arasında mövcud əlaqələri daha da inkişaf etdirəcəkdir. Sərgidən məmnun qaldığını söyləyən A.Rasizadə ölkələrimiz arasındakı münasibətlərin tarixi kökə söykəndiyini qeyd edərək, Özbəkistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini birtərəfli mənada dəstəklədiyini demişdir. Baş nazir Azərbaycan və Özbəkistanın iqtisadi əlaqələri inkişaf etdirmək üçün real potensiallarının olduğunu bildirərək, bu əməkdaşlıqdan hər iki ölkənin faydalanacağını vurğulamışdır.
Azərbaycan.- 2010.- 4 dekabr.- S.3.