"Gorus-2010:
absurd teatrı mövsümü" kitabı informasiya
müharibəsində erməni təbliğatına
sarsıdıcı zərbədir
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir. Bu fikir Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabının dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında Tarix İnstitutu tərəfindən təşkil edilmiş təqdimat mərasimində səslənmişdir.
Milli Məclisin deputatlarının, AMEA-nın elmi müəssisələri rəhbərlərinin və ölkənin elm ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri açan AMEA-nın prezidenti Mahmud Kərimov filosof-alim Ramiz Mehdiyevin yeni kitabının elmi məziyyətlərindən danışmışdır. M.Kərimov bildirmişdir ki, bu günlərdə "Şərq-Qərb" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilmiş kitabda akademik Ramiz Mehdiyev erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmiş, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla diqqətə çatdırmışdır.
Akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim olunan bu qiymətli kitabında təkcə Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşası deyil, həmçinin erməni ideoloqlarının və "tarixçilərinin" tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə ifşa olunmuşdur.
M.Kərimov vurğulamışdır ki, kitabda erməni ideoloqlarının "yeni tədqiqatlarına" elmi dəlillərlə tutarlı cavab verən akademik Ramiz Mehdiyev həmin "arqumentlərin" əsassızlığını sübuta yetirir.
Kitabın ən mühüm məziyyəti bundan ibarətdir ki, burada verilmiş faktlara həm siyasətçi, həm də tarixçi kimi yanaşmaq mümkündür. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərlərinin dünya ictimaiyyətini çaşdırmaq cəhdlərini elmi əsaslarla və ustalıqla ifşa etmişdir. Müəllif hazırda Ermənistanda mövcud siyasi ab-havanın və sosial vəziyyətin də çox düzgün təhlilini vermişdir.
M.Kərimov bildirmişdir ki, kitabın tarixilik baxımından əhəmiyyəti daha mühümdür. Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətlərinə məxsus olmuşdur. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. Müəllif çox düzgün olaraq erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən 1441-ci ildə Azərbaycan Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər Cənubi Qafqazda ermənilərin yaşamadığını qeyd edir.
Kitabda əsaslı dəlillərlə sübut olunur ki, hayların "erməni" toponiminə heç bir dəxli yoxdur. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antoropoloji tipə uyğun gəlmirlər. Onlar bu regiona gəlmədirlər.
AMEA-nın prezidenti qeyd etmişdir ki, kitabda ermənilərin nəinki Cənubi Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqları, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən dəyişdirilməsi, Azərbaycan xalqının tarixinin erməni müəllifləri tərəfindən kobudcasına saxtalaşdırılması və digər mühüm məsələlər elmi əsaslarla işıqlandırılmışdır.
M.Kərimov əmin olduğunu bildirmişdir ki, akademik Ramiz Mehdiyevin yeni kitabı erməni faşizminə qarşı informasiya mübarizəsində yeni bir səhifə açacaqdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov akademik Ramiz Mehdiyevin təqdimatı keçirilən kitabının əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Y.Mahmudov vurğulamışdır ki, bu kitab erməni təbliğatına qarşı informasiya müharibəsində çox qiymətli əsərdir. O, kitabda Azərbaycanın ən müxtəlif dövrlərə aid xəritələrinin də yer aldığını qeyd etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan xəritəsini hazırladaraq bütün dünyanı dolaşmasını və Dağlıq Qarabağın tarixi erməni torpağı olması barədə cəfəngiyatı şəxsən ifşa etməsini xatırladan Y.Mahmudov bununla da, ulu öndərin ermənilər tərəfindən Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yardığını vurğulamışdır.
Tarix İnstitutunun direktoru qeyd etmişdir ki, hazırda bu mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və şəxsi iştirakı ilə yeni mərhələyə qədəm qoymuşdur. Cari il oktyabrın 14-də Yevlax şəhərində yeni məktəbin açılışı mərasimində dövlətimizin başçısının tariximizin uşaqlara öyrədilməsi ilə bağlı qiymətli fikirlərini xatırladan Yaqub Mahmudov bildirmişdir ki, Prezident İlham Əliyevin bu göstərişi alimlərimiz qarşısında mühüm vəzifələr qoymuşdur. Bu günün uşaqları, gəncləri Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradıldığını, bunun Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində öz əksini tapdığını bilməlidirlər.
AMEA-nın Tarix İnstitutu tərəfindən həmin istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini, yeni kitabların nəşr edildiyini vurğulayan alim, bu işlərin həm də ingilis və rus dillərində aparıldığını qeyd etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən bu elmi ədəbiyyatın - "Qarabağ tarixi", "İrəvan tarixi", "Naxçıvan tarixi" kitablarının, həmin ərazilərin toponimlərinin siyahılarının çap edilməsi tariximizin ermənilər tərəfindən saxtalaşdırılmasına qarşı ən sarsıdıcı zərbələrdəndir. Bu kitablarda çoxsaylı tarixi faktlar, yüzlərlə arxiv sənədləri ingilis dilində dünya oxucularına çatdırılmışdır. Həmin kitablarda yalnız Azərbaycan deyil, eyni zamanda, rus, erməni və digər xalqların elmi mənbələrindən istifadə edilməsi, ermənilərin onları əsassız hesab etməsinə yer qoymamışdır.
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində verilmiş faktiki materiallara diqqət çəkən Yaqub Mahmudov qeyd etmişdir ki, bu faktlarla tanış olan geniş oxucu kütləsi bilavasitə görəcəkdir ki, Ermənistan Prezidentinin söylədikləri heç bir mənbəyə söykənməyən uydurmalardır, xüsusi məqsədlə saxtalaşdırılan cəfəngiyatdan başqa bir şey deyildir. Kitabda erməni ideoloqların yeni "tədqiqatlarına" elmi dəlillərlə tutarlı cavab verən görkəmli alimimiz həmin "ideya" və "tədqiqatların" puçluğunu və əsassızlığını sübuta yetirir.
Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətlərinə məxsus idi, bu torpaqların ən qədim yerli əhalisi, aborigen sahibləri azərbaycanlılar olmuşlar.
Tarix İnstitutunun direktoru kitabın görkəmli alim və dövlət xadimi tərəfindən hazırlandığını xüsusi vurğulamış, bildirmişdir ki, bu, tarixə elmlə dövlətin vahid yanaşması kimi yüksək qiymətləndirilməlidir. Bu vahid mövqe alimlərimizi hərəkətə gətirməli, erməni təbliğatına qarşı mübarizədə ziyalılarımız daha fəal mövqe tutmalıdırlar.
Y.Mahmudov əmin olduğunu bildirmişdir ki, oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də, erməni tarixi ilə bağlı uydurmaları dünya elm ictimaiyyəti tərəfindən də tənqidə məruz qalacaqdır.
Y.Mahmudov vurğulamışdır ki, kifayət qədər zəngin tarixi və faktoloji mənbələrə istinad olunması, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi kitabın elmi dəyərini artırmaqla bərabər, oxucular üçün etibarlı mənbə rolunu oynayır.
Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, həm də çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar üçün mühüm əhəmiyyət kəsb edir.
Digər tərəfdən, tarix elminin atası sayılan Herodot və coğrafiyaşünas Strabondan üzü bəri çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün vasitəçilərin münaqişənin mahiyyəti ilə daha yaxından tanış olmaları baxımından da kifayət qədər əhəmiyyətlidir.
Yaqub Mahmudov qeyd etmişdir ki, bu kitabın erməni saxtakarlığının ifşasında əhəmiyyəti nəzərə alınmalı və o, tezliklə ingilis və rus dillərində də nəşr olunaraq bütün dünya ictimaiyyətinə çatdırılmalıdır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Elman Paşayev qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin yeni kitabı ermənilərin tarixi saxtalaşdırmaq istiqamətində növbəti addımına sarsıdıcı zərbədir. Kitabın həm akademik, həm ideoloji tərəflərini yüksək qiymətləndirən E.Paşayev əsərin həm də siyasi əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bu günlərdə Astanada keçirilmiş ATƏT-in VII sammitini xatırladan Prezident Administrasiyasının nümayəndəsi vurğulamışdır ki, bu beynəlxalq tədbirdə Azərbaycan və Ermənistanın dövlət başçılarının çıxışlarının təhlili təsdiq edir ki, akademik Ramiz Mehdiyevin bu əsəri çox vaxtında yazılmışdır. Kitabın yalnız Azərbaycan deyil, eyni zamanda, digər xalqların nümayəndəsi olan alimlər, politoloqlar, jurnalistlər, ümumilikdə, mövzu ilə maraqlanan tədqiqatçılar üçün əhəmiyyəti vurğulanmışdır. Qeyd edilmişdir ki, kitabın qalın monoqrafiyalardan fərqli olaraq, çox yığcam, lakonik və konkret faktlar əsasında tərtibatı onu daha geniş oxucu auditoriyası üçün cəlbedici edir.
Tədbirdə çıxış edən digər natiqlər - AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Arxiv İdarəsinin direktoru, professor Ataxan Paşayev, Milli Məclisin deputatı, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva çıxış edərək akademik Ramiz Mehdiyevin yeni kitabının erməni təbliğatına qarşı mübarizədə əhəmiyyətini vurğulamışlar.
Qeyd olunmuşdur ki, müəllif haqlı olaraq Serj Sarkisyanın bu riyakar iddiaları ilə bəşəriyyətə II dünya müharibəsi kimi bəla gətirmiş üçüncü Reyx liderlərinin almanların ali irq olması iddiası arasında bənzəyiş görür. Yetmiş il bundan əvvəl üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişlər. Bir millətin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə ideoloji yanaşmanın və təbliğatın nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar.
Kitabda bugünkü Ermənistanda baş verən hadisələri, həqiqətləri daha dəqiq əks etdirən çoxsaylı faktların toplandığı xüsusi qeyd edilmişdir. Münaqişə başlanan illərdə Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Cavaxkda (Gürcüstan) yaşayan ermənilərin sayının 40 faiz azalması, BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında məruzədə hər il 27 minə qədər adamın Ermənistanı tərk etməsi faktları bu ölkədəki vəziyyəti tam real təsəvvür etməyə imkan yaradır. Monoetnik dövlət quran ermənilər özləri belə, Ermənistanın vəziyyətinin puç olduğunu görür, Serj Sarkisyanın rəhbərlik etdiyi qaniçən rejimdən qaçırlar.
Akademik R.Mehdiyev çox haqlı olaraq yazır ki, bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətin ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, günahsız insanları qətlə yetirməklə, əslində, qalib gəlməmiş, məğlub olmuşdur.
Ermənistan sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir.
Çıxışlarda kitabın tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün qiymətli mənbə olacağı xüsusi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.-
2010.- 4 dekabr.- S.3.