Yenidənqurma
işləri davam edir
Ötən əsrin ortalarında istismara verilmiş "Mingəçevir SES silsiləsi"nin ikinci pilləsini "Varvara" SES təşkil edir. Silsilənin uzunmüddətli istismarı onun vaxtaşırı yenilənməsi zərurətini yaradır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra "Mingəçevir" SES-in hidroaqreqatından 4-ü tamamilə yenidən qurulub. Ümumiyyətlə, stansiyanın ümumi gücünün 360 meqavatdan 420 meqavata çatdırılması nəzərdə tutulur. Bu məqsədlə qalan 2 hidroaqreqatın yenilənməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, Çin Xalq Respublikasının "SNEEC" şirkəti ilə bağlanmış müqavilə əsasında hidroaqreqatların turbin və generatoru yaxın vaxtlarda Azərbaycana gətiriləcək. Stansiyada istismar müddətini başa vurmuş 3 saylı hidroaqreqat tam sökülüb, 1 saylı hidroaqreqatda isə bu proses davam etdirilir. Bununla yanaşı, 200 MVA-lıq 1 transformatorun yenilənməsi də həyata keçiriləcək. Beləliklə, Mingəçevir SES-in gücünün 420 meqavata çatdırılması təmin olunacaq.
Eyni zamanda baş idarəetmə şitinin yeni əraziyə köçürülməsi məqsədilə inşa olunacaq binanın təməlinin qazılmasına başlanıb. 110, 220 və 330 kV-lik yarımstansiyalar da tamamilə yenidən qurulacaq, paylayıcı qurğuda avadanlıqların müəyyən hissəsi yeniləşəcək. Avadanlıqlar Fransanın "Areva" şirkətindən alınıb. Silsilədə gedən tikinti-quraşdırma işlərini isə yerli "AZENCO" ASC aparır.
Silsiləyə daxil olan "Varvara" SES-də də yenidənqurma işlərinə start verilib. Layihə gücü 5,5 meqavat olan, öz istismar müddətini başa vurmuş 1 saylı hidroaqreqat tam sökülüb.
Azərbaycan.- 2010.- 5 dekabr.- S. 1.