Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük
uğurlar qazanmışdır
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olmuşdur.
Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində - Sverdlovsk, Çelyabinsk və Tümen vilayətlərində RAGT-nin regional bölməsinin nümayəndələri ilə görüşmüşdür.
Görüşü Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov açmışdır. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin ikitərəfli humanitar əməkdaşlığın genişlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyəti barədə məlumat vermişdir. Sultan Qasımov Leyla Əliyevanın Yekaterinburqa səfərini bu şəhərin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdır. Diplomat təkcə Moskvada deyil, bütün Rusiyada azərbaycanlı gəncləri sıx birləşdirmiş RAGT-nin genişmiqyaslı fəaliyyətini də qeyd etmişdir.
Sonra S.Qasımov çıxış üçün L.Əliyevaya söz vermişdir. L.Əliyeva RAGT-nin fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirilməli olan yeni layihələr haqqında söhbət açmışdır.
Leyla Əliyeva demişdir ki, Yekaterinburq gözəl şəhərdir, burada azərbaycanlı tələbələrin də təhsil aldığı prestijli tədris müəssisələri çoxdur. O demişdir: "Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr baş verir, festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əminəm ki, bizim gənclər RAGT-nin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və vətənimizi ləyaqətlə təmsil edə biləcəklər". RAGT sədri onu da xatırlatmışdır ki, mayın 22-də RAGT-nin yaradılmasının növbəti ildönümünə həsr edilmiş konfrans keçirilmiş, həmin tədbirə Moskva və Sankt-Peterburqla bərabər Arxangelsk, Tver, Vladivostok, Yekaterinburq və digər regionlardan da çoxlu tələbələr gəlmişdir. O demişdir: "RAGT-nin coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər - konsertlər, fotosərgilər, konfranslar, seminarlar, Azərbaycan mədəniyyəti günləri və həftələri keçirilir".
L.Əliyeva "Xocalıya ədalət" adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırmışdır. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır - idman tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demişdir: "Bu yaxınlarda 18 tələbəyə "RAGT əlaçısı" mükafatı təqdim edilmişdir. Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır".
Azərbaycanlı gənclər təşkilatının sədri razılıq hissi ilə qeyd etmişdir ki, RAGT-nin saytı fəal işləyir, bu yaxınlarda sayt yeniləşdirilmişdir. L.Əliyeva bildirmişdir ki, tezliklə RAGT televiziyası yaradılacaqdır. O, gəncləri özlərinin çəkdiyi, Rusiyanın müxtəlif regionlarındakı oğlan və qızların bir-birini daha yaxşı tanımasına kömək edə biləcək videosüjetləri həmin telekanala göndərməyə çağırmışdır. O demişdir: "Bununla bərabər, tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hökmən jurnalda dərc edəcəyik".
RAGT sədri çıxışının sonunda demişdir: "Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, vətənimizi layiqincə təmsil edə bilərik". L.Əliyeva görüşün bütün iştirakçılarına və təşkilatın təəssübkeşlərinə fəallıq və dəstəyə görə təşəkkürünü bildirmişdir.
Sonra RAGT-nin Sverdlovsk vilayəti üzrə regional bölməsinin sədri, RAGT İdarə Heyəti Şurasının üzvü Vüsal Vəliyev regional gənclər təşkilatının fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, RAGT-nin yaradılması təkcə Sverdlovsk vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan vermişdir. Onun sözlərinə görə, bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır.
RAGT-nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəhbərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının aktual problemlərinə toxunmuş, perspektiv planlar barədə danışmışlar. Onlar Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə də RAGT rəhbəri tərəfindən bu təşkilatın Sverdlovsk regional bölməsinə hədiyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər. Görüş iştirakçıları RAGT sədrini əmin etmişlər ki, bizim gənclər bundan sonra da RAGT-nin və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak edəcəklər. RAGT-nin Sverdlovsk bölməsinin üzvü olan gənclər adından Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilmişdir.
Ural Federal Dairəsinin Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.
Sonra Leyla Əliyeva görülmüş işlər və yaxın gələcək üçün perspektiv planlar barədə gənclərin çoxsaylı suallarına cavab vermişdir.
Görüşdə Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlınski iştirak etmişdir.
Elə həmin gün Leyla Əliyeva Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Nümayəndələr Palatasının sədri Lyudmila Babuşkina ilə görüşmüşdür. Görüşdə humanitar əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Yekaterinburq
Azərbaycan.- 2010.- 4 dekabr.- S.5.