AMEA İqtisadiyyat İnstitutunda hesabat yığıncağı keçirilmişdir

 

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda bu elm ocağının beşillik (2006-2010) son birillik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

İnstitutun direktoru, professor İsa Alıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə qeyd olunmuşdur ki, institutda 2006-2010-cu illərdə "Qloballaşma şəraitində Azəbaycanın milli iqtisadiyyatının formalaşmasının inkişafının iqtisadi-sosial demoqrafik problemləri" istiqamətində 5 problem 10 mövzunu əhatə edən 12 elmi tədqiqat işi 95 mərhələdə yerinə yetirilmişdir. Əldə edilmiş mühüm elmi nəticələr Azərbaycanda xarici ölkələrdə keçirilən konqres, simpozium konfranslarda məruzələrdə öz əksini tapmışdır.

İ.Alıyev vurğulamışdır ki, rəhbərlik etdiyi elmi müəssisə ölkəmizdə həyata keçirilən bir sira vacib layihələrdə, o cümlədən Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonları üzrə sosial-iqtisadi inkişafın investisiya xəritəsinin hazırlanmasında fəal iştirak etmişdir. Bundan əlavə, institut ərzaq təhlükəsizliyi, məşğulluq, demoqrafiya, statistika digər sahələr üzrə mühüm dövlət proqramlarının həyata keçirilməsinə öz töhfələrini verməkdədir.

Bildirilmişdir ki, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin İqtisadçılar Birliyi yaradılmış, dünyanın qabaqcıl akademik institutları ilə əlaqələr qurulmuşdur. İnstitutun beşillik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nəticələr 37 kitab, 402 məqalə, 201 tezis və xaricdə çap olunmuş 69 məqalədə əksini tapmışdır. Dissertasiya şurasında institutun 14 doktorantı dissertasiya müdafiə etmişdir. Hazırda bu elm ocağında 18 elmlər doktoru, 50-yə yaxın elmlər namizədi fəaliyyət göstərir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Ağasəlim Ələsgərov, iqtisad elmləri doktorları Gülşən Yüzbaşıyeva, Tofiq Hüseynov institutun beşillik fəaliyyətini yüksək qiymətləndirmiş, böyük uğurların əldə olunduğunu qeyd etmiş, təkliflər səsləndirmişlər.

 

AzərTAc

Azərbaycan.- 2010.- 4 dekabr.- S.2.