"İnkişafın
Azərbaycan modeli" kitabının təqdimat mərasimi
keçirilmişdir
Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində "İnkişafın Azərbaycan modeli" kitabının təqdimatı keçirilmişdir.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, müxtəlif siyasi partiyaların təmsilçilərinin, elm xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə açaraq bildirmişdir ki, bu günlərdə "Azərbaycan" qəzeti tərəfindən ideya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan "İnkişafın Azərbaycan modeli" kitabı nəşr olunmuşdur. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.
Kitabın məziyyətlərindən danışan akademik Z.Səmədzadə bildirmişdir ki, silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan, "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
Akademik Z.Səmədzadə qeyd etmişdir ki, kitabda 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrü ilə bağlı əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.
Kitabda sürətlə qloballaşmaqda olan dünyada həlli getdikcə daha böyük zərurətə çevrilən enerji təhlükəsizliyində Azərbaycanın rolu, yeni neft strategiyası, neft-qaz gəlirlərindən məqsədyönlü istifadə, dünya iqtisadiyyatına çevik inteqrasiya məsələləri təhlil edilir, tarixi-faktoloji əsasda oxucuların diqqətinə çatdırılır. Həmçinin iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsinin yaradılması, fəal investisiya siyasəti və digər istiqamətlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər salınır.
Bu kitabın ərsəyə gəlməsinin Azərbaycanda dövlətçiliyin yüksək səviyyədə təşkilini təsdiqlədiyini vurğulayan akademik Z.Səmədzadə onun müxtəlif dillərə tərcüməsinin zəruriliyini də qeyd etmişdir.
Tədbirdə çıxış edən akademik Asəf Nadirov hələ bir qədər əvvəl Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini xatırlatmış, bildirmişdir ki, müəllif çox haqlı olaraq bu sahədə qarşıda duran böyük problemlərlə yanaşı, həm də cəmiyyətin diqqətini indiyə qədər Azərbaycanın milli iqtisadi modelinin nəzəri və elmi cəhətdən lazımi səviyyədə araşdırılmamasına yönəltmişdir. Həmin məqalədə, eyni zamanda, göstərilmişdir ki, Azərbaycanın sürətli və güclü inkişafının doğurduğu problemlər, bu elm sahələrində tədqiqatların yeni şəraitdə genişləndirilməsi zəruriliyi diqqətdən bir qədər kənarda qalmışdır.
Akademik qeyd etmişdir ki, Azərbaycan modelinin ayrı-ayrı tərəfləri barədə iqtisadçılarımızın elmi fikirləri ancaq son zamanlar, xüsusən, akademik Ramiz Mehdiyevin göstərilən məqaləsindən sonra güclənməyə başlamışdır. İqtisadçılarımız ümummilli lider Heydər Əliyevin ərsəyə gətirdiyi beynəlxalq əhəmiyyətli neft strategiyasının milli qurtuluş siyasəti kimi tədqiqi, ölkədə həyata keçirilən köklü və genişmiqyaslı islahatların Azərbaycanın yeni ictimai-siyasi və sosial-iqtisadi həyatındakı əhəmiyyəti, nəhayət, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası və nüfuzunun artırılması, digər taleyüklü hadisələrin tədqiqi, habelə onlardan gözlənilən nəticələrin elmi qiymətləndirilməsi ilə məşğul olmuşlar. Ölkənin keçdiyi bu şərəfli yol yeni fundamental əsərdə əsaslı şəkildə elmi cəhətdən tədqiq olunur və respublika iqtisadiyyatının gələcək geniş problemlərinin işlənməsinin aktuallığı gündəliyə gətirilir. Kitabda çox yığcam və bir-birini məntiqi surətdə tamamlayan üç fəsildə müstəqillik dövründə uğurlu inkişaf mərhələlərini keçmiş Azərbaycan iqtisadiyyatının özünəməxsus zəngin təcrübəsi təhlil edilir.
A.Nadirov bu qiymətli əsərin nəşrində onun redaktoru, tarix elmləri doktoru, professor Əli Həsənovun və buraxılışa məsul, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun əməyini xüsusi qeyd etmişdir. Əsərin məzmununa toxunan natiq bildirmişdir ki, müstəqilliyin ilk dövrlərində son dərəcə ağır tənəzzülə uğrayan Azərbaycan iqtisadiyyatı ulu öndər Heydər Əliyevin ümumxalq həmrəyliyi ilə hakimiyyətə qayıtması, böyük elmi düşüncə və cəsarətlə həyata keçirilən müstəqil dövlət quruculuğu, bu sarsılmaz siyasətin layiqli davamçısı İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində çox möhtəşəm inkişaf yolu keçmiş və milli dirçəlişimizin sarsılmaz əsası yaradılmışdır. Bu böyük yüksəlişin ən təqdirəlayiq ümumi yekunlarından biri ondan ibarətdir ki, Azərbaycan iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdıraraq bölgənin lider dövlətinə çevrilmişdir.
Asəf Nadirov əmin olduğunu bildirmişdir ki, akademik Ramiz Mehdiyevin ictimai və humanitar elmlərin inkişafına yeni baxışı müəyyən edən məqaləsindən sonra bu son əsər iqtisadçılarımızı inkişafın Azərbaycan modelinin elmi araşdırması istiqamətində daha da səfərbər edəcəkdir. Mövzunun elmi anlayışımızda həm yeni, həm də öz mahiyyətinə görə xeyli mürəkkəb tədqiqat istiqaməti olduğunu qeyd edən natiq vurğulamışdır ki, biz onu bütün təzahürləri və daxili məntiqi ilə dərindən öyrənməliyik. Çünki bu, ölkəmizin dünya iqtisad elminə inteqrasiyasını təmin edən mühüm yollardan biridir. Ümumiyyətlə, nəzərinizə çatdırıram ki, model məfhumu adətən, böyük iqtisadi inkişaf yolu ilə irəliləyən ölkələrə şamil edilir. Azərbaycan məhz bu gün dünyada belə inkişafın ön sıralarındadır. Bu baxımdan Azərbaycan iqtisadi modelinin özünəməxsus cəhətlərinin öyrənilməsinin çox böyük beynəlxalq əhəmiyyəti vardır. Unutmamalıyıq ki, indi iqtisadi inkişafın meyilləri və meyarları Azərbaycanın xeyrinə xeyli dəyişmişdir.
Müstəqilliyin ilk dövründə dünyanın bir çox iqtisadi qurumları və ölkələri tərəfindən Azərbaycana çoxlu tövsiyə və məsləhətlər verildiyini xatırladan Asəf Nadirov diqqətə çatdırmışdır ki, ölkəmiz yerli şəraiti və imkanları nəzərə alaraq, əsasən, özünün müəyyən etdiyi mükəmməl elmi prinsiplərə söykənmiş, milli mənafelərə uyğun inkişaf yolunda büdrəmədən yüksək iqtisadi tərəqqi istiqamətini seçmişdir.
Təsadüfi deyildir ki, son zamanlar dünyada tüğyan edən maliyyə-iqtisadi böhrandan çox az zərərlə çıxan respublikamız əksər ölkələrin ciddi marağına səbəb olmuşdur. Bu gün Azərbaycanın təcrübəsindən dünyanın bir çox ölkələri bəhrələnmək arzusundadırlar. Ona görə də Azərbaycan həqiqətlərini dünyada geniş yaymaq və onun beynəlxalq nüfuzunu daha da artırmaq başlıca vəzifəmiz olmalıdır.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev kitabda müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun tutarlı arqumentlərlə təhlil olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın milli inkişaf modeli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu, kitabda ardıcıl surətdə, sistemli şəkildə açıqlanmışdır. Ölkəmizin iqtisadi uğurlarının əsasında ümummilli lider Heydər Əliyevin islahatlar modelinin dayandığını vurğulayan rektor Azərbaycanın əksər makroiqtisadi göstəricilərinin qonşu Ermənistan və Gürcüstanın birgə göstəricilərindən 4-5 dəfə yüksək olduğunu qeyd etmişdir.
Azərbaycanda həyata keçirilən islahatlar modelinin əsas xüsusiyyətlərindən bəhs edən Ş.Hacıyev demişdir ki, kitabın birinci hissəsində iqtisadi inkişafdan bəhs olunur. Azərbaycanın son 5 ildə keçdiyi iqtisadi inkişaf yolu dünyanın inkişaf etmiş ölkələrinin 10 ildə keçdiyi yola bərabərdir. Bu, düşünülmüş və elmi cəhətdən əsaslandırılmış strategiyanın nəticəsidir.
Ş.Hacıyev vurğulamışdır ki, kitabın ön sözü ilə tanışlıq zamanı Azərbaycanın inkişaf yolu, aparılan siyasət və onun nəticələri barədə tam təsəvvür yaranır. Azərbaycanda bu gün dayanıqlı, davamlı inkişafın formalaşdığını vurğulayan natiq, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu neft strategiyasının hələ uzun müddət xalqımıza xidmət edəcəyini qeyd etmişdir. Yeni kitabı iqtisadçılar üçün mühüm töhfə kimi yüksək qiymətləndirən Ş.Hacıyev onun Azərbaycanın inkişaf modelinin fəlsəfi dərkində və təbliğində mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Təqdimatda çıxış edən Yeni
Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli
Məclisin depuatatı Əli Əhmədov qeyd etmişdir ki,
akademik Ramiz Mehdiyevin və yaradıcı qrupun
Azərbaycanın iqtisadi inkişafının təhlilini
aparıb ictimaiyyətə təqdim etmək
təşəbbüsü mühüm
əhəmiyyətə malikdir. Mövzu artıq bir
neçə ildir ki, ölkənin elm ictimaiyyətini
dərindən düşündürür. Azərbaycanın
inkişaf modelinin bazasında, ilk növbədə
ölkədəki sabitlik dayanır. Ölkədə ulu
öndər Heydər Əliyev tərəfindən təmin
olunmuş ictimai-siyasi sabitlik, milli həmrəylik müasir
inkişafın platforması rolunda çıxış edir. Ümummilli lider Heydər
Əliyevin neft strategiyası ölkəmizin inkişaf modelinin ikinci
baza prinsipidir. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan və bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən islahatlar inkişafımızın təmin olunmasının
növbəti prinsipidir. Bunlardan
əlavə, müvəffəqiyyətlə
reallaşdırılan iqtisadi inteqrasiya və modernləşmə
Azərbaycanın inkişaf modelinin əsas komponentləridir
və uğurların əldə edilməsində
mühüm rol oynamışdır.
Bugünkü
Azərbaycanın iqtisadi inkişafının mühüm
komponentlərindən birinin də sosial baza prinsipi olduğunu
vurğulayan Əli Əhmədov bir daha qeyd etmişdir ki,
ölkəmizin sürətli inkişafı üçün
çox etibarlı baza yaradılmışdır. Bu baza bundan
sonra uzun illər davam edəcək inkişafa xidmət
göstərəcəkdir.
Kitabı
həm nəzəri mənbə, həm də praktiki
vəsait kimi yüksək qiymətləndirən
Milli
Məclisin deputatları Əli Məsimli və Fazil Mustafayev
tədbirdə çıxış edərək kitabın
əhəmiyyətini yüksək qiymətləndirmiş,
onun ideya müəllifinə və yaradıcı
heyətinə təşəkkürlərini
bildirmişlər. Qeyd olunmuşdur ki, kitab Azərbaycanın
iqtisad elmində irəliyə doğru addımdır və
həm fəlsəfi, həm nəzəri, həm də
praktiki nöqteyi-nəzərdən böyük
əhəmiyyət kəsb edir.
Kitabın
redaktoru, Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli
Həsənov çıxışında ideya rəhbəri
akademik Ramiz Mehdiyevə və nəşrin
hazırlanmasında iştirak edən digər
şəxslərə təşəkkürünü bildirmişdir.
Əli
Həsənov qeyd etmişdir ki, bu kitaba "Azərbaycanın
inkişaf modeli" adının qoyulması heç də o
demək deyildir ki, ölkəmizin inkişaf modelinin
bütün xarakteristikası, mahiyyəti burada öz
əksini tapmışdır. İstər kitabın
ideya rəhbəri, istərsə də onun
tərtibçiləri bu vəzifəni öz
qarşılarına məqsəd qoymamışlar.
Əsasən elm xadimləri, mütəxəssislər və
tədqiqatçılar üçün nəzərdə tutulan
bu kitab təhlillər, araşdırmalar və "dəyirmi
masa"lar üçün əsas
yaradır. Kitabın nəşrindən də əsas
məqsəd ondan ibarətdir ki, ulu öndər Heydər
Əliyev tərəfindən yaradılan, Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi modelin fərqli xüsusiyyətləri təhlil
olunsun, onun dayanıqlılığı müzakirə edilsin
və bu barədə araşdırmalar aparılsın,
müvafiq dövlət qurumlarına tövsiyələr,
təkliflər təqdim edilsin. Azərbaycan
heç bir dövlətdən asılı olmayaraq, öz
inkişaf yolunu müəyyənləşdirmişdir və
ölkəmizin inkişaf modelinin təməlini ümummilli
lider Heydər Əliyev qoymuşdur. Bu
inkişafın təməl prinsipləri ulu öndər
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan
Respublikasının Konstitusiyasında öz əksini
tapmışdır.
Dünyada
tətbiq edilən iqtisadi modellərin
çoxsaylılığına diqqət çəkən
Əli Həsənov hər bir ölkədə
inkişafın özünəməxsus
xüsusiyyətlərinin mövcudluğunu qeyd etmişdir. Azərbaycan
dövləti də heç bir dövlətdən
asılı olmadan öz inkişaf yolunu
müəyyənləşdirmişdir və son
hadisələr bu yolun çox düzgün olduğunu
təsdiq etmişdir. Təsadüfi deyil
ki, dünyadakı son maliyyə-iqtisadi böhrandan
böyük zərərlə çıxmış
ölkələr bu gün Azərbaycan
təcrübəsindən bəhrələnmək
istəyirlər.
Dövlətin
inkişafının təkcə iqtisadiyyat üzərində
qurulmadığını qeyd edən şöbə
müdiri, iqtisadiyyatın ölkənin ümumi ictimai-siyasi,
sosial mədəni, mənəvi həyatının
əsasını təşkil etdiyini demişdir. Əsas məsələ
ondan ibarətdir ki, mütəxəssislər ümummilli
liderimiz Heydər Əliyevin yaratdığı, bu gün
Prezident İlham Əliyevin davam etdirdiyi bu inkişaf modelini
xarakterizə etsin, onun xüsusiyyətlərinin təhlilini
versin, dünyada mövcud modellərdən fərqli
cəhətlərini ortaya qoysun, Azərbaycanın
inkişafının dayanıqlılığının
səbəblərini müzakirə etsinlər.
Şöbə
müdiri əmin olduğunu bildirmişdir ki,
gələcəkdə ayrı-ayrı tədris
müəssisələri, alimlər kitabdakı
məsələlərlə bağlı
müzakirələri davam etdirəcəklər.
AzərTAc
Azərbaycan.-
2010.- 10 dekabr.- S.1.