Moskvada MDB üzvü olan dövlətlərin nümayəndələrinin uzlaşdırıcı
müşavirəsi keçirilmişdir
MDB İcraiyyə Komitəsinin Moskva bölməsində MDB üzvü olan dövlətlərin Birliyin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının növbəti iclaslarının müzakirəsinə çıxarılan sənədlərin layihələrinə baxılması üzrə nümayəndələrinin uzlaşdırıcı müşavirəsi keçirilmişdir.
Müşavirədə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev, MDB İcraiyyə Komitəsi sədrinin müavinləri, Birliyin üzvü olan dövlətlərin Birliyin Nizamnamə və digər orqanları yanında səlahiyyətli daimi nümayəndələri, MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər üzrə Komissiyanın üzvləri iştirak edirdi.
İştirakçılar müşavirənin gedişində sənəd layihələrinin əksəriyyətinə dair iradları razılaşdırmışlar. Nəzərdən keçirilən sənədlərin layihələrinə dair ayrı-ayrı təkliflər nəzərə alınmış, həmin layihələrin müddəalarına redaksiya xarakterli dəyişikliklər edilmişdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Birliyin Nizamnamə və digər orqanları yanında Rusiya Federasiyasının daimi nümayəndəsi, Birliyin üzvü olan dövlətlərin Birliyin Nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasında sədrlik edən İqor Qromıkonun təklifi ilə irad və təklifləri gündəlikdən çıxarmağın və ya razılaşdırmağın mümkünlüyünü müəyyən etmək məqsədilə müzakirələr keçirilməsi üçün uzlaşdırıcı müşavirə ərəfəsində Daimi Nümayəndələr Şurasının iclası olmuşdur. Həmin iclasın gedişində iştirakçı dövlətlərin nümayəndələri ayrı-ayrı məsələlərə dair irad və təkliflər barədə öz mövqelərini, o cümlədən bəzi iradların gündəlikdən çıxarılmasına dair bəyanatları şərh etmişlər.
İclas iştirakçıları MDB İcraiyyə Komitəsinin belə bir məlumatını nəzərə almışlar ki, iştirakçı dövlətlərdən bu və ya digər iradlara dair təkliflərin daxil olması davam edir, həmçinin MDB ölkələrində MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Dövlət Başçıları Şurasının iclaslarının gündəliklərinin layihələrinə daxil edilmiş sənədlərin layihələri dövlətdaxili razılaşdırma mərhələsindən keçir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 10 dekabr.- S.5.