Moskvada MDB ölkələri
Xarici İşlər
Nazirləri Şurasının
iclası olmuşdur
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası olmuşdur. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak etmişdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçən iclasda 18-dək sənədin layihəsi müzakirə olunmuşdur.
Rusiyanın 2010-cu ildə MDB-də başa çatmaqda olan sədrliyi kontekstində beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran mövzuları, Birlik məkanında çoxşaxəli qarşılıqlı fəaliyyətin aktual inkişafı məsələləri müəyyən edilmişdir.
Xarici siyasət idarələrinin başçıları hüquq-mühafizə, sərhəd təhlükəsizliyinin təmin olunması və hərbi siyasət sahələrində, habelə humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməyi nəzərdə tutan sənədlərin layihələrini gözdən keçirmişlər.
Müzakirə olunan bir sıra orta və uzunmüddətli xarakterli çoxşaxəli proqram sənədləri imzalamaq üçün dövlət başçılarına təqdim etmək nəzərdə tutulur.
Rusiya XİN-in başçısı S.Lavrov iclasın yekunlarına əsasən bildirmişdir ki, MDB dövlət başçılarının 10 dekabr tarixli zirvə görüşündə sədrlik funksiyasının Birliyin hansı ölkəsinə veriləcəyi məsələsi müzakirə ediləcəkdir. Onun sözlərinə görə, müşavirənin başlıca vəzifəsi MDB ölkələrinin beynəlxalq inkişaf problemləri ilə bağlı qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi olmuşdur. Bu baxımdan Qazaxıstanın ATƏT-də başa çatmış sədrliyinə və Astana zirvə görüşünün yekunlarına yüksək qiymət verilmişdir. Nazirlər MDB Dövlət Başçıları Şurasına hazırlıq məsələlərinə xüsusi diqqət yetirmişlər. S.Lavrov demişdir: "Həmçinin liderlərin təsdiqinə veriləcək qərar layihələri müzakirə olunmuşdur".
Rusiya xarici siyasət idarəsinin başçısı vurğulamışdır: "Biz mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotrafikə və insan alverinə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığa dair bir sıra layihələr hazırladıq, yaxın 5 ildə sərhəd əməkdaşlığı Proqramını həyata keçirmək üçün tədbirlər planını, hərbi əməkdaşlıq Konsepsiyasının layihəsini müzakirə etdik".
S.Lavrov onu da bildirmişdir ki, MDB XİNŞ formatında və bütövlükdə Birlik məkanında qarşılıqlı fəaliyyət öz bəhrəsini verir.
Azərbaycan.- 2010.-10 dekabr.- S.5.