Azərbaycan Televiziyası ulu öndərin titanik fəaliyyətinin təbliğində həmişə önəmli rol oynamışdır  

 

Böyük azərbaycanlı Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən dövrü Azərbaycan Televiziyası və Radiosu ilə sıx bağlı olub. Ölkədə yalnız Azərbaycan teleradiosu Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərini əks etdirən görüntülərlə zəngindir. Çünki uzun müddət AzTV ölkədə fəaliyyət göstərən yeganə kanal olub. Hazırda ulu öndər televiziyamızda daim anılır, onunla bağlı verilişlər, filmlər hazırlanaraq dünya tamaşaçılarına təqdim olunur. Nümayiş etdirilən bütün verilişlərdə, proqramlarda və sənədli filmlərdə ümummilli liderin fəaliyyətindən geniş bəhs olunur, onun Azərbaycanın inkişafı ilə bağlı hər sahədə gördüyü işlər dolğun şəkildə bir daha yada salınır.

Bu həftə efirə getmiş və təqdimi nəzərdə tutulan bir çox populyar proqramlar da ümummilli liderlə bağlıdır. "Musiqi xəzinəsi" proqramının həftəiçi buraxılışlarında ümummilli liderin xatirəsi anılacaq. Bazar ertəsi efirə getmiş "Heydər Əliyev və xalq musiqisi ifaçıları" mövzusunda olan "Musiqi xəzinəsi"nin aparıcısı əməkdar incəsənət xadimi Sərdar Fərəcov idi. Verilişə dəvət olunmuş qonaqlar xalq artistləri Arif Babayev və Əlibaba Məmmədov ulu öndərin incəsənət xadimlərinə göstərdiyi həssas münasibətindən, diqqət və qayğısından danışdılar. Proqramda Heydər Əliyevin xalq musiqi ifaçılarına - Əlibaba Məmmədova, Sara Qədimovaya, Habil Əliyevə, Qədir Rüstəmova "Şöhrət" ordeni təqdimetmə mərasimindən kadrlar da nümayiş etdirildi. "Musiqi xəzinəsi"nin digər buraxılışı "Heydər Əliyevə həsr olunmuş mahnılar" mövzusunda idi. Musiqişünas Ceyran Mahmudovanın aparıcısı olduğu proqramda xalq artisti Ramiz Mirişli və Eldar Mansurov ümummilli liderə həsr olunmuş mahnılarla bağlı xatirələrini danışdılar. Qeyd edək ki, "Musiqi xəzinəsi" həftə sonuna qədər efirə çıxacaq. Bu buraxılışlarda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri qonaq olacaq və ümummilli liderin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi töhfələrdən söhbət açacaqlar.

Ölkədə və dünyada baş verənləri daim diqqətdə saxlayan "Səhər" musiqi-informasiya proqramında da Heydər Əliyev və gənclik, elm, təhsil, mədəniyyət, mətbuat, azərbaycançılıq, dövlət quruculuğu mövzularından tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri ilə birgə söhbətlər aparılacaqdır.

"Azərbaycan Respublikasına xidmət edirəm!"in həftə sonu efirə gedəcək buraxılışı "Heydər Əliyev və ordu quruculuğu" mövzusuna həsr olunacaq. Bildiyiniz kimi, müstəqil Azərbaycanın nizami, ordusunun qurucusu Heydər Əliyevdir. Bu verilişdə ümummilli liderin müharibə şəraitində yaşayan bir ölkədə başladığı quruculuq işlərindən, eləcə də ölkənin təhlükəsizlik və müdafiə məsələlərindən söhbət açılır.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istehsal etdiyi "Vətənə, xalqa həsr edilən ömür" filmi ümummilli liderə həsr olunmuş ən uğurlu filmlərdən hesab edilir. Film Heydər Əliyevin 1969-cu ildən etibarən Sovet Azərbaycanında, 1982-ci ildən Moskvada - SSRİ Nazirlər Sovetində və 1993-cü ildən müstəqil Azərbaycanda siyasi fəaliyyətindən bəhs edir. "Vətənə, xalqa həsr edilən ömür"də Heydər Əliyevin şəxsi həyatına da yer verilir.

"Liderlik missiyası" analitik-sənədli film isə indiyə qədər Heydər Əliyev haqqında çəkilmiş filmlərdən məzmununa görə fərqlənir. Filmdə fakt və sübutlara xüsusi yer ayrılıb. Bunun nəticəsidir ki, filmi izləyən hər bir tamaşaçı Heydər Əliyevin ömür boyu nələrə can atdığını, konkret olaraq hansı siyasi uğurlar qazandığını daha dəqiq anlaya bilir.

Azərbaycan Televiziyasının Heydər Əliyevlə bağlı istehsal etdiyi filmlərdən biri də "Tikdim ki, izim qala"dır. Üç hissəli "Tikdim ki, izim qala" sənədli filmində Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda aparılan quruculuq işlərindən bəhs olunur. Həmin illər Azərbaycanın əksər bölgələrində elektrik enerjisi problemi var idi. Məhz ulu öndərin təşəbbüsü ilə respublikamızın ayrı-ayrı regionlarında su-elektrik stansiyaları tikilməyə başladı. Bu illərdə, həmçinin meliorasiyaya da xüsusi diqqət ayrılırdı. Heydər Əliyevin göstərişi ilə regionlarımızda suvarma kanalları tikilməyə, süni göllər salınmağa başlandı ki, bu da ucsuz-bucaqsız aran torpaqlarının canlanması, əhalinin rifahının yüksəlməsi demək idi.

"Tikdim ki, izim qala" sənədli filmində Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycanda apardığı böyük quruculuq işləri dəyərli görüntülərlə tamaşaçılara çatdırılır. Film yalnız faktlar əsasında çəkilib. Bunun üçün arxiv materiallarından geniş istifadə olunub.

Bu həftə Azərbaycan Televiziyasında "Heydər Əliyev və Naxçıvan", Heydər Əliyevin dil-ədəbiyyat müəllimi Lətif Hüseynzadə haqqında çəkilən "Əsrin şahidi", "Böyük ömrün anları", "XXI əsrin nur qapısı" kimi filmlərin də efirə getməsi nəzərdə tutulub. Bu filmlərin hər biri ümummilli liderin həyat və fəaliyyətinin müəyyən hissəsini əks etdirir.

Ölkə ictimaiyyətinin, çoxmilyonlu tamaşaçı auditoriyasının, eləcə də xarici ölkələrdə yaşayan və Azərbaycan Televiziyasını peyk rabitəsi ilə izləyən həmyerlilərimizin böyük marağına səbəb olmuş "Əbədiyyət" silsilə proqramı ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr edilib. Tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, dövlət və hökumət nümayəndələri Heydər Əliyev fenomenindən bəhs edib, onunla bağlı xatirələrini danışıblar.

Dahi rəhbərin ədəbiyyatımıza, dilimizə, milli-mənəvi dəyərlərimizə, bütövlükdə milli mədəniyyətimizə aid fikirləri dünən olduğu kimi, bu gün, eləcə də sabah xalqımızın diqqət mərkəzində olacaq. "Əbədiyyət" telesilsiləsinin "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və milli-mənəvi dəyərlər" buraxılışları bu həqiqətin real miqyaslarını, bütövlükdə fəlsəfəsini gündəmə, diqqət mərkəzinə gətirib.

"Əbədiyyət" silsiləsindən "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusuna həsr olunmuş verilişin aparıcısı xalq şairi Zəlimxan Yaqub, qonaqları filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə, filologiya elmləri namizədi Asif Rüstəmli, "Ədəbiyyat" qəzetinin baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Vəfalı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyev olub. Qonaqlar verilişdə Heydər Əliyevin Azərbaycan ədəbiyyatına qayğısından söhbət açıb, müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatı, folkloru ilə bağlı keçirilən böyük tədbirləri yada salıblar. Belə ki, M.Füzulinin 500 illiyinin keçirilməsi, "Dədə Qorqud" eposunun 1300 illiyinin qeyd olunması, Naxçıvanda H.Cavidin abidəsinin ucaldılması, onun cənazəsinin Sibirdən vətənə qaytarılması, son 30-40 ildə ədəbiyyatımız üçün görülmüş digər nəhəng işlər verilişin prioritet mövzusu olub.

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda olan verilişin aparıcısı millət vəkili, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov, qonaqları xalq rəssamı Oqtay Sadıqzadə, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və xalq artisti, kinorejissor Oqtay Mirqasımov olub. Verilişdə Heydər Əliyevin son 30-40 ildə Azərbaycanda rəssamlığın, kinonun, teatrın, incəsənətin digər sahələrinin inkişafında göstərdiyi qayğı əsas diqqət mərkəzində idi. Qeyd edildi ki, Heydər Əliyevin Azərbaycan rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin yaradıcılığına böyük dəstəyi olub. Kino xadimi Oqtay Mirqasımov isə Heydər Əliyevin Azərbaycan kinosuna qayğısından söhbət açaraq bildirib ki, "Nəsimi", "Uzaq sahillərdə", "Nizami", "Dədə Qorqud" kimi bədii filmlərimizin çəkiliş ideyası məhz Heydər Əliyevə məxsusdur.

"Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda olan proqamı da Rəfael Hüseynov aparıb. Proqramda akademik Teymur Bünyadzadə, millət vəkili Fəttah Heydərov, akademik Vasim Məmmədəliyev və xalq şairi Fikrət Qoca ümummilli liderin milli-mənəvi dəyərlərimizi necə uca tutmasından, bu sahədə gördüyü işlərdən geniş söhbət açıblar.

Daha bir veriliş "Heydər Əliyev və xarici siyasət" mövzusundadır. Olduqca maraqlı, informasiyayüklü proqramda bu günə qədər müstəqil Azərbaycanın davam etdirdiyi balanslaşdırılmış xarici siyasət kursunun əsasını qoymuş Heydər Əliyevin bu sahədə gördüyü işlərdən söhbət açılıb. Əlbəttə ki, Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu ilk dəfə real olaraq "Əsrin müqaviləsi"ndə öz əksini tapıb. Aparıcısı İbrahim Məmmədov olan proqramda bu mövzunu xarici işlər nazirinin müavini Xələf Xələfov, Prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və fəlsəfə elmləri doktoru, şərhçi-politoloq Yasin Qaraməmmədli müzakirə ediblər.

"Heydər Əliyev və neft strategiyası" mövzusunda olan verilişin məğzini isə Heydər Əliyevin müəyyənləşdirdiyi nəhəng neft strategiyası təşkil edir. Bu verilişdə ulu öndərin rəhbərliyi ilə yeni iqtisadi quruluşa keçidin əsaslarının yaradılması məsələləri də müzakirə olunub. Verilişin qonaqları ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin komitə sədri Hadi Rəcəbli və YAP-ın icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı olub.

"Heydər Əliyev və tarix" adlanan verilişdə istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin Azərbaycan tarixinə xüsusi diqqətindən söhbət açılıb. Yeni "Azərbaycan tarixi" çoxcildliyinin yazılması, tarixi abidələrin dərindən öyrənilməsi, Azərbaycan tarixinin tədrisi problemləri verilişdə müzakirəyə çıxarılan əsas mövzulardan olub.

Verilişə dəvət olunan qonaqlar Heydər Əliyevlə bilavasitə ünsiyyətdə olmuş insanlardır. Professor Məşədixanım Nemətova qədim yazıları, tarixi abidələri öyrənən alimdir. Sovetlər dövründə o, Heydər Əliyevin yaratdığı münbit şəraitdən bəhrələnərək Qərbi Azərbaycandakı abidələri tədqiq edib ki, bu gün həmin materiallar Ermənistanın qədim Azərbaycan torpağı olduğunu sübut edir.

Oqtay Əfəndiyev Azərbaycan tarixində dərin kökü olmuş Səfəvilər dövlətini öyrənən alimdir. O, verilişdə bu tarixi araşdırmaq göstərişini məhz Heydər Əliyevdən aldığı haqqında söhbət açıb, ulu öndərlə bağlı xatirələrini söyləyib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Heydər Əliyevin tarixi abidələrin araşdırılmasında necə maraqlı olduğu və bu sahədə nə kimi işlər gördüyü barədə proqramda ətraflı söhbət açıb.

Rəfael Hüseynovun aparıcılıq etdiyi bu proqramda tarix elmləri doktoru Ataxan Paşayev də maraqlı fikirlər səsləndirib.

"Heydər Əliyev və təhsil" mövzusunda olan verilişin qonaqları Heydər Əliyevlə bağlı xatirələrindən, ümummilli liderin təhsilimizin inkişafında xidmətlərindən danışıblar. Qeyd edilib ki, müstəqillik dövrünün ilkin vaxtlarında Azərbaycan Milli Elmlər Akademiyasının bağlanmaq təhlükəsi var idi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun AMEA-nın əməkdaşları ilə görüşü olmuşdu. O, çıxışında Elmlər Akademiyasının elmin inkişafında göstərdiyi xidmətlərdən söhbət açaraq, bu ocağın xalqımız üçün olduqca dəyərli olduğunu bildirmişdi.

İnşaat Mühəndisləri İnstitutunun yaranmasında birbaşa Heydər Əliyevin rolu olması barədə isə universitetin rektoru Gülçöhrə Məmmədova danışıb.

Heydər Əliyevin təhsilə verdiyi töhfələrdən biri də daim xarici dövlətlərə təhsil almaq üçün azərbaycanlı gəncləri göndərməsi olub. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov məhz həmin tələbələrdən olub. O, Heydər Əliyevin ölkəmizin ziyalı potensialının yetişməsindəki rolu barədə çox geniş və maraqlı söhbət edib.

Bir sözlə, Azərbaycan Televiziyasında ümummilli lider Heydər Əliyev daim anılır. Axı, həyatımızın elə bir sahəsi, elə bir mövzusu yoxdur ki, bu görkəmli şəxsiyyətlə bağlı olmasın.

 

İlham ALIŞANOV,

Azərbaycan Televiziyasının

baş proqram direktoru

Azərbaycan.- 2010.- 10 dekabr.- S.4.