Görkəmli yazıçı
və pedaqoq Mir Cəlalın Bişkekdə qırğız
dilində çap olunmuş üçcildlik
"Seçilmiş əsərləri"
Qırğızıstan Milli
Kitabxanasına verilmişdir
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən görkəmli yazıçı və pedaqoq Mir Cəlalın qırğız dilində çap olunmuş üçcildlik "Seçilmiş əsərləri"nin hər cildindən 40 nüsxə olmaqla Qırğızıstan Milli Kitabxanasının direktoru, filologiya elmləri doktoru Cildız Bakaşovaya təqdim etmişdir.
Kitabxananın direktoru qiymətli hədiyyəyə görə səfirə və fondun prezidentinə təşəkkür etmiş, gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəklərinə əmin olduğunu bildirmişdir.
Üçcildliyin baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, məsləhətçilər Milli Məclisin deputatı Qənirə Paşayeva və Nüsrət Məmmədov, tərtibçilər Novruz Məmmədov və Ədibə Paşayeva, nəşrin baş redaktoru, akademik Abdıldacan Akmataliyevdir.
Dekabrın 15-də Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın iştirakı ilə keçiriləcək "Kitep-2010" marafonunda bu kitablar dövlət başçısının adından Qırğızıstanın yeddi vilayətinin kitabxanalarına hədiyyə ediləcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Azərbaycan.- 2010.- 10 dekabr.- S.5.