Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir
Dekabrın 10-da Milli Aviasiya Akademiyasında (MAA) ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları akademiyanın tədris binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın dövlət himni səslənmiş, ümummilli liderin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov, "Dil və ədəbiyyat" kafedrasının müdiri, xalq şairi, professor Nəriman Həsənzadə və başqaları müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan, ölkəmizin iqtisadi potensialının möhkəmlənməsində, güclü, qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsində əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin keçmiş SSRİ ölkələrinin aparıcı ali təhsil müəssisələrinə göndərilməsi, hazırda həmin mütəxəssislərin dövlətçiliyimizin xidmətində olmaları dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənc Azərbaycan dövlətinin inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən "Ömür yolu" videofilmi nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 11 dekabr.- S.2.