Elmi əsaslara söykənən davamlı inkişaf strategiyasının müəllifi  

Azərbaycanın özü qədər əbədi

 

Tarixən dövlətlərin gücü və qüdrəti, ilk növbədə, onların inkişaf səviyyəsi ilə müəyyənləşmişdir. Dinamik inkişaf yolunda olan dövlətlər məqsədlərinə doğru inamla irəliləmiş, dünya miqyasında söz sahibinə çevrilmişlər. İnkişaf prosesi özü isə sistemli və səmərəli fəaliyyətin nəticəsi kimi dəyərləndirilmişdir. Hakimiyyətdə olan hər bir siyasi qüvvə xalqın dəstəyini qazanmaq, ictimai etimadı doğrultmaq üçün ilk növbədə, dövlətin hərtərəfli inkişaf və tərəqqisinə, cəmiyyətin rifahına çalışmışdır.

Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın da siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş yeni neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.

Bu gün Azərbaycanın bölgələri böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Rayonlara, hətta kəndlərə şəhər simasının gətirilməsi əyalət insanlarının ümumi mənəvi-psixoloji ovqatını, gələcəyə inam hissini yüksəldir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır. Mövcud uğurlar insanlarda gələcək barədə yalnız nikbin təəssürat və daxili əminlik doğurur. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlərimiz çoxdan geridə qalmışdır. Üfüqdə sürətlə yeniləşən, iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən qüdrətli və əzəmətli Azərbaycan görünür!

Bütün sadaladığımız uğur və nailiyyətlərin əsasında bir vacib amil dayanır - lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən çox şey - ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Bu qənaətlə hamı bölüşür ki, müstəqil respublikamız da hazırkı möhtəşəm nailiyyətlərinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludur. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, Vətəninin, xalqının yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli liderin əbədiyyətə qovuşmasından ötən 7 illik zaman kəsiyi bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir.

Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 40 ilinə sahiblik edir. Fəqət, bu zaman kəsiyində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü azad ölkənin vətəndaşı kimi dərk etməsi kimi misilsiz tarixi prosesi əhatələyir.

Ulu öndərin hələ ötən əsrin 70-80-ci illərindən böyük uzaqgörənliklə formalaşdırdığı sənaye və istehsal potensialı bugünün özündə də davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə, bünövrəyə çevrilmişdir. Orta və nisbətən yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərindən başlandığını çox yaxşı bilirlər. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü. Bu nihilizm və tənəzzül şəraitində müstəqil həyata yeni qədəm qoyan biz gənclərin gələcək barədə təsəvvürləri də "bədbin notlar" üzərində köklənmişdi. Açıq deməliyik, imtiyazlı partiya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncinin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı.

Ulu öndər Heydər Əliyevin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda geniş nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi. Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı.

Böyük strateq onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirirdi, paralel şəkildə həyata keçirirdi. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı möhkəm iqtisadi təmələ söykənir.

Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoydu. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail oldu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional tərəqqisi yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün ittifaqda qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Həmin dövrün şanlı quruculuq salnaməsinin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyev qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Ümumilikdə 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutdu, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi.

70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafının ən qabarıq nəticələri isə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusən də pambıqçılıq sahəsinin yüksəlişində real təcəssümünü tapdı. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal 2,5 dəfə artmışdı. Eyni zamanda, ittifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6, ipək xammalın 11,7 faizi məhz Azərbaycanın payına düşürdü. Ulu öndərin tez-tez yerlərdə olaraq əmək adamları ilə görüşməsi, onları mükafatlandırması insanların halal zəhmətə, torpağa bağlılığını artırır, ölkəyə bol məhsul, süfrələrə ruzi-bərəkət gətirirdi.

Ulu öndər iqtisadiyyatı yüksəltmək üçün rüşvətxorluğa, oğurluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparır, belə hallara yol verənlərin cəzalandırılmasını israr edirdi. Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək idi. Ulu öndər son dərəcə işgüzar olduğu kimi, həm də tələbkar rəhbər idi. Rayonlara təyin etdiyi rəhbər şəxslərdən ən böyük və israrlı tələbi səylə işləmək, bütün sahələrdə inkişafa nail olmaq, insanları razı salmaq idi. 70-ci illərdə tez-tez bölgələrdə olan ümummilli lider sadə zəhmət adamları ilə görüşür, onlarla söhbətləşir, problemlərinin yerindəcə həlli üçün addımlar atır, ədalətsizliyə və məsuliyyətsizliyə yol verən məmurları sərt şəkildə cəzalandırırdı.

70-ci illərdə yüksək ixtisaslı kadr kimi yetişərək bu gün də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar ulu öndərin ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması, qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsindəki qətiyyətli və prinsipial addımlarını yüksək ehtiramla xatırlayırlar. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdi.

Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Heydər Əliyev sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Ümummilli lider yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir.

Təhsil sistemində saflıq, obyektivlik, ədalət prinsiplərinin qorunması da daim xüsusi diqqətdə saxlanılmışdır. Ümummilli liderin birbaşa nəzarəti altında ali və orta ixtisas məktəblərinə qəbul olunan tələbələrin, həmçinin istehsalatın müxtəlif sahələrinə, eləcə də elm-təhsil mərkəzlərinə təyinat alan məzunların sosial tərkibi imkansız ailələrin hesabına daim genişləndirilmiş və sağlamlaşdırılmışdır. Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən qəbul prosesində neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur.

Ulu öndər çox sonralar - 2000-ci il 22 iyul tarixində jurnalistlərlə görüşündə yüksək vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə qəbulunu yasaqlayan qətiyyətli qərar qəbul etməsini belə izah etmişdir: "...Vaxtilə mən ali məktəblərə tələbə qəbulunda rüşvətxorluğa qarşı mübarizə aparırdım. Məsələn, 1970-ci illərdə nəyi gördüm? Bizim dövlət universitetinin hüquq fakültəsi var. O vaxt həmin fakültəyə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt, o cümlədən tarix və şərqşünaslıq fakültələri çox dəbdə idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi". Mən bütün bunları millətimizə görə etdim".

Ulu öndər istər 70-ci illərdə Azərbaycanda, istərsə də 80-ci illərdə Kremldə yüksək vəzifə tutarkən universitetə böyük qayğı və diqqətini əsirgəməmiş, məhz onun böyük səyləri nəticəsində yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın müxtəlif guşələrində yerləşən nüfuzlu ali məktəblərdə o dövr üçün prioritet istiqamətli ixtisaslara yiyələnmişlər. Məhz həmin dövrdə yetişmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. O illərdə nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmuş yüzlərlə sadə zəhmətkeş övladı ulu öndərin bu xidmətini daim böyük ehtiramla, rəğbətlə xatırlayır.

Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini, leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibətilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.

Ulu öndər Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalatın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir. 1997-ci ilin 31 yanvarında isə Azərbaycan Elmlər Akademiyasında dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini diqqətə çəkmiş, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır: "Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, ovaxt kı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz".

Ümummilli lider elmin, ali təhsilin ölkənin perspektiv inkişafındakı müstəsna rolunu nəzərə alaraq ali məktəblərin fəaliyyətinin də yeni dövrün tələbləri səviyyəsində qurulmasını təmin etmişdir. Əminliklə deyə bilərik ki, yeni mərhələdə Bakı Dövlət Universitetinin keçmiş nüfuzunun və kadr potensialının bərpası, cəmiyyət üçün layiqli kadrların hazırlanmasında aparıcı söz sahibinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında deyirdi ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", - deyən dahi rəhbərin universitetə qayğısı bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən, onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Universitet hər zaman dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar elm-təhsil məbədinin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə BDU-nun 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da bu diqqətin əyani təzahürü olmuşdur.

Ulu öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən 7 ildə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

İqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə, elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. İnkişafını yalnız malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividendlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz intellektual resursların gücləndirilməsi yönümündə qurur. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq", - deyən cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var. Məhz buna görə də möhtərəm Prezident iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna, İKT-nin inkişafına xüsusi diqqət yetirilməsini önə çəkir.

Azərbaycan Prezidenti İlham Əliyevin təkmil elm və təhsil strategiyasında "nou-hau" texnologiyalarının dərindən mənimsənilməsi də mühüm istiqamət kimi diqqəti çəkir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illlər) təsdiq edilməsi haqqında", habelə 2008-ci il 10 iyun tarixli "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, xaricdə yüksək texnologiyalar əsasında təhsil alan gənclər gələcəkdə yüksək ixtisaslı kadr kimi respublikamıza qayıtdıqdan sonra burada normal iş şəraitinə malik olmalıdırlar. "Nou-hau" tipli texnologiyaların respublikamızda geniş tətbiqi, bu sahəyə investisiyaların qoyuluşu həm də xaricdə təhsil alaraq respublikaya dönəcək 5000-dək gəncin elmi-intellektual potensialından daha səmərəli və məqsədyönlü istifadəyə imkan yaradacaqdır.

Dövlət başçısı cənab İlham Əliyevin 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliyinin artırılması məqsədilə əsaslandırılır.

Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsindən; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkilindən; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılmasından; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsindən; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.

Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə ali məktəb sistemində islahatların yeni dövrün tələblərinə uyğun aparılması baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il sərəncamı da Azərbaycan təhsilinin Avratlantik məkana inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Ali təhsildə islahatların da məhz bu prinsiplər əsasında aparılması qarşıda duran vacib məsələlərdən biridir.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirir. Dövlət başçısının 24 aprel 2009-cu il tarixdə universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması, noyabrda isə universitetin təntənəli yubileyinin təşkili də müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.

Xüsusi vurğulamaq istərdim ki, BDU-da ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir. Hazırda universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" və "Heydər Əliyev məktəbi" bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Uzun əsrlər boyu böyük şəxsiyyət və zaman qarşılıqlı münasibətlərinə dair siyasi və ictimai baxışlar kifayət qədər rəngarəng və fərqli olması ilə seçilmişdir. Lakin bütün bu rəngarənglik və müxtəliflikdə daxili bir bağlılıq da həmişə aydın şəkildə özünü büruzə vermişdir. Yəni, insanlığın tarixi şəxsiyyəti zamansız, zamanı isə şəxsiyyətsiz qavramasının mümkünsüzlüyü təsdiqini tapmışdır. Bu məntiqdən yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

Azərbaycan.- 2010.- 11 dekabr.- S.3.