Karvansaralar
Nəsillərin birindən digərinə əmanət qalan nə varsa, zaman keçdikcə tarixi əhəmiyyət daşıyır. Belə yadigarlar təkcə təbiətin bəxş etdiyi sərvətlər deyil. Tarixi abidələr, milli memarlıq nümunələrindən olan karvansaralar da bu sıraya daxildir. İki məfhumu - karvan və sarayı özündə birləşdirən bu ifadə günümüzdə qonaq evi kimi də qəbul edilir, yəni ilkinliyini qoruyub saxlayır. Məbədlər qədər dəyərli hesab olunan karvansaralar, əslində, ticarət yolları üzərində tikilmiş qonaq evləri funksiyasını daşıyan tikili, saraylardır. Mənfəət əldə etmək istəyən imkanlılar tərəfindən tikdirilən həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Karvansaralar memarlıq incilərindən sayılan, yaşı qədimlərə gedib çıxan abidələr sırasına daxildir. Onların sonralar xanlar və bəylər tərəfindən də salındığı bildirilir. İslamiyyətin daha geniş ərazilərə yayıldığı dövrlərdə (Qafqazda VI əsr) hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar karvansara adlandırılmışdır.
Kənardan alınmaz qala kimi görünən, karvan sahiblərinin bütün ehtiyaclarını ödəyən (rahat istirahət etmək, dincəlmək məqsədilə) bu binalar (karvansaralar) Səlcuq sultanları və yüksək dövlət məmurları tərəfindən böyük ticarət yolları üzərində (30-40 kilometr məsafədə olmaqla) tikilmişdir.
Azərbaycanda orta əsrlərdə Arran, Naxçıvan və digər memarlıq məktəbləri mövcud olmuşdur. Qarabağ ərazisində Arran memarlıq məktəbinin nümayəndələri tərəfindən məscidlər, türbələr, karvansaralar, körpülər və digər tarixi abidələr yaradılmışdır.
Respublikamızdakı memarlıq məktəbləri yerli ənənələri və yüksək professional sənətkarlığı üzvi şəkildə birləşdirirdi. Orta əsrlərdə ticarət yollarının böyük bir hissəsi Azərbaycandan keçdiyindən, burada karvansaraların tikilməsi zəruri sayılırdı. Bakı şəhərindəkilər istisna olunmaqla (onlar bu gün də tarixi-memarlıq abidələri kimi İçərişəhərdə qorunub saxlanır), Qarabağın Füzuli rayonunda və digər ərazilərində karvansaraların izləri son illərə qədər, yəni Ermənistan bu torpaqları işğal edənədək qalmaqda idi.
Ümumiyyətlə, ölkəmizdəki maddi mədəniyyət nümunələri sırasına daxil olan karvansaraların təsnifatını verərkən unutmamalıyıq ki, onların ən nadir və tarixi incilərindən hesab olunanları paytaxt Bakının ən qədim yaşayış məntəqəsi İçərişəhərdə qorunub saxlanmaqdadır.
Doğrudur, burada çoxsaylı maddi mədəniyyət nümunələri qalmaqdadır, lakin aralarında xüsusi diqqətçəkənlər karvansaralardır. Onların hər birinin öz tarixi var. Buradakı karvansara XV əsrdə tikilmişdir. Mənbələrə görə, Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmiş karvansaranın eyni ox üzrə yerləşən ikitərəfli girişi var. Karvansara, daxili plana əsasən, kvadrat formalıdır. Daxili məkan səkkizguşəlidir, arxasında ayrı-ayrı otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir. Otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik günbəzlərlə tamamlanır. Karvansaranın istər girişləri, istər bina hündürlüyündə qabaran portalları, istərsə də birinci mərtəbə səviyyəsində dərin taxçaları bura gələnlərin ilk diqqətini çəkən detallardır. Cənub-şərq tərəfdən karvansara bütöv künc qalalarla mühafizə olunur ki, bu da onun eyni zamanda şəhər divarları sistemində müdafiə xarakterini göstərir.
XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmiş memarlıq nümunəsi olan Buxara karvansarası kvadrat formalı olsa da, həyəti səkkizguşəlidir. Perimetr üzrə tikilmiş eyvanlar və otaqlar, hücrələrlə əhatələnib.
Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı açıq səma altındakı zal bura xüsusi gözəllik verir. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu kompozisiyanın əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış təmir-bərpa işləri karvansaranı sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə xilas etdi. Bu da onun ətraf tikililər fonunda irihəcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından Bakını su ilə təmin edən xəttin keçdiyi aşkar olunmuşdur.
Buxara sarayı ilə üzbəüz yerləşən Multanı da XV əsrin yadigarları sırasındadır. Tarixən Abşeron atəşgahlarına ziyarətə gələn hind tacirləri və zəvvarları üçün sığınacaq yeri kimi tanınan Multanı karvansarası Pakistanda bir şəhərin adını daşıyır.
Karvansaranın bu adı daşıması multanı atəşpərəst zəvvarların Bakıya daha çox gəlmələri ilə əlaqədar olub. Suraxanıdakı Atəşgah məbədinin də məhz onlar tərəfindən tikildiyi söylənilir.
Multanı karvansarası planda kvadrat formalıdır. Onun həyəti bu şəkildə olsa da, küncləri kəsikdir. Qismən köhnə tikililər üzərində ucaldılıb, hörülmüş giriş vestibül qruplarına daxildir. Karvansaranın memarlıq planlaşdırma quruluşu perimetr üzrə həyəti əhatə edən eyvanlardan, onların arxasında yerləşən fərdi yaşyış üçün nəzərdə tutulmuş tək-tək otaqlardan ibarətdir. Bu forma onun Buxara karvansarasına üslubca yaxın olduğunu sübut edir.
Buradakı Xan karvansarası (o eyni zamanda Kiçik karvansara kimi də tanınır) XV əsrin sonu, XVI əsrin əvvəllərində tikilib. O da kvadrat şəklində inşa edilib və digərləri ilə eynilik təşkil edən detallardan ibarətdir. Karvansaranın şimal və cənub girişləri portal formasındadır. Əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansaranın fasadı ikimərtəbəli olub, möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansara ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlarla əhatə olunub. Ehtimal olunur ki, bu tikili karvansara kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətindəki hücrələrdən ibarət olmuşdur.
Əsrlərin sınaqlarından çıxmış və zəmanəmizə gəlib çatmış memarlıq abidələrimizin uzunömürlüyü və davamlığı milli memarlarımızın yüksək istedadını sübut edir. Orta əsr Azərbaycan memarlarının, inşaat sənəti ustalarının yüksək peşəkarlığı və nüfuzu olmuşdur. Məhz buna görə də İran, Türkiyə, Orta Asiya, Hindistan və ərəb ölkələrində bir sıra tarixi-memarlıq əsərlərinin yaradılmasında Azərbaycandan dəvət olunmuş sənətkarlar bilavasitə iştirak etmişlər. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış bu mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Çünki həmin tarixin daşıyıcıları olan abidələrin xeyli hissəsi bu gün də Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı bölgələrimizdə yerləşirdi. Bu nadir tarixi incilərin bərpası mümkün olsa belə, onların ilkinliyini, özəlliyini özünə qaytarmaq yenidən tikilməsindən qat-qat çətindir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2010.- 11
dekabr.- S.7.