Orta məktəblərdə musiqi
fənninin tədrisi qaneedici deyil
Dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus fikirdir: "...Balalarımıza təkcə xalq musiqimizi deyil, eyni zamanda dünya klassik musiqi nümunələrini dinləməyi öyrətmək lazımdır". Təbii ki, kütləvi musiqi tərbiyəsinin əsası orta məktəblərdə qoyulur. Təqdirəlayiq haldır ki, son illər həm musiqi, həm də orta məktəblərimiz üçün xeyli sayda və adda dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar çap olunur. Xüsusilə də bu yaxınlarda "Təhsil" nəşriyyatı tərəfindən çap edilmiş "Musiqi dərsliyi" (III sinif üçün), "Müəllim üçün metodik vəsait" və "İş dəftəri" Azərbaycan və rus dillərində böyük tirajla nəfis şəkildə çapdan çıxmışdır. Dərsliklər, vəsaitlər kifayət qədər var. Bunlar çox yaxşı. Bəs orta məktəblərdə musiqi fənninin tədrisi qaneedicidirmi? Bildiyimizə görə, bir sıra məktəblərdə artıq kurrikulum üzrə yazılmış dərsliklərdən də istifadə olunur. Əlbəttə yeni çap edilmiş musiqi dərsliklərinin tətbiqi onu tədris edən müəllimlərin səviyyəsindən çox asılıdır.
El arasında belə bir məsəl var: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Təəssüflər olsun ki, biz çox zaman çörəyi çörəkçiyə vermirik. İbtidai siniflərdə dərs deyən müəllimlərin hazırlığı müasir tələblərə cavab vermir. Nəticədə musiqi fənnini tələb olunan səviyyədə tədris etmək mümkün deyildir. Riyaziyyat üzrə misal-məsələ həll edə bilməyən bir kəsə ibtidai siniflərdə dərs deməyə icazə verməzlər. Bəs nəyə görə musiqi fənnini musiqidən xəbəri olmayan insanlara tapşırırlar? Bu gün respublikamızın ümumtəhsil məktəblərinin ibtidai siniflərinin 80 faizində musiqi fənni mükəmməl tədris olunmur. Halbuki bu fənn üzrə maaş alan müəllimlər var, lakin onlar öz işlərini məsuliyyətlə yerinə yetirmirlər. Musiqi fənləri başqa fənlərlə əvəz edilir. Xalqı və dövləti aldatmaq olmaz! Nə qədər ki, orta məktəblərdə musiqi fənləri naşı adamlara tapşırılır, bu sahədə ürəyimiz istəyən yenilik olmayacaq.
Hərdən ortaya belə bir sual da çıxır ki, bəlkə həmin insanlar təkmilləşdirmə institutlarında ibtidai siniflər üzrə musiqi fənninin tədrisi üçün hazırlıq kursları keçsinlər? Bununla bağlı deyək ki, Bakı şəhərində bu işlə məşğul olan Bakı Müəllimləri İxtisaslaşdırma İnstitutu və Müəllimlər İnstitutu deyilən qurumlar var. Həmin institutlarda bu işlə elə insanlar məşğul olur ki, onların da heç bir lazımi hazırlığı yoxdur. Əslində burada musiqi ilə bağlı dərs deyən mütəxəssislərin özlərinin öyrənməyə ehtiyacı var. Adi uşaq mahnılarını pianoda müşayiət edə bilməyən bu "mütəxəssislər" müəllimlərə hansı kömək göstərərlər? Bu sahədə təbliğat işləri də demək olar ki, yox dərəcəsindədir. Xüsusilə də respublikada fəaliyyət göstərən telekanalların əksəriyyətində musiqi təbliğatı, musiqili verilişlər lazımi səviyyədə deyil. Bu gün telekanallardakı şit proqramlar, bayağı şoular böyüməkdə olan gənc nəslə hansı biliyi, məlumatı verəcək? Məktəbdə verilən tərbiyə ilə telekanallarda hazırlanan verilişlərin mahiyyəti düz gəlmir. Krılovun təmsillərindəki kimi, yük müxtəlif səmtlərə çəkilir. Əslində ev, məktəb və telekanallarda gənc nəslin formalaşmasına təsir edəcək məsələlər bir nöqtəyə yönəlməlidir. Onda verilən tərbiyənin və çəkilən zəhmətin də nəticəsi olar.
Bu yaxınlarda Bakıda vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirildi. Müsabiqənin təşkil olunduğu Azərbaycan Dövlət Filarmoniyasının zalı demək olar ki, boş idi. Bu, kütləvi musiqi tərbiyəsinin vəziyyətini göstərir. Belə müsabiqələr respublikamızda hər gün keçirilmir ki?! YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva musiqimizin beynəlxalq miqyasda təbliği sahəsində analoqu olmayan xidmət göstərir. Ölkəmizin birinci xanımının təşəbbüsü ilə muğamlarımız öz şöhrətini qaytardı. Bu gün milli musiqimizin və muğamlarımızın inkişafında yeni mərhələ yaranıb. İki ildir ki, Qəbələdə Beynəlxalq musiqi festivalı keçirilir. Muğamlarımız YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına düşüb. Bu gün Azərbaycan musiqisinin xoş sorağı digər ölkələri də bürüyüb. Hər kəs öz sahəsində üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidir. Biz dövlətimizə sözün əsl mənasında xidmət etməliyik. Təhsil və mədəniyyət sahəsində çalışan məmurlarımızın hər biri bu məsələyə diqqətlə yanaşmalıdır. Mütləq orta məktəblərdə musiqi kabineti, eləcə də uşaqların istifadə edə biləcəyi musiqi alətləri olmalıdır. Sovet dövründə məktəblərdə belə kabinetlər var idi, təəssüf ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra ləğv edilib. Halbuki musiqi dərsləri adi siniflərdə yox, mütləq xüsusi musiqi kabinetlərində keçilməlidir. Hər bir işin uğuru ixtisaslı kadrların hazırlanmasından başlanır.
Ümumtəhsil məktəblərimiz üçün hazırlanan müəllimlərin ixtisaslaşmasında nöqsanlar çoxdur. Respublikada mövcud olan beş minə yaxın ümumtəhsil məktəblərini ixtisaslı musiqi müəllimləri ilə təmin etmək üçün Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyada, musiqi kollecində və texnikumlarda musiqi pedaqoji fakültəsinin açılması vacibdir. Çalışmaq lazımdır ki, musiqi dərsləri sadəcə ibtidai sinif müəllimlərinə deyil, ixtisaslı insanlara həvalə edilsin. Həftədə bir saat keçilən dərsi qeyri-peşəkar aparanda, hansı uğurlu nəticədən danışmaq olar? Halbuki Baltikyanı respublikalarda, Gürcüstanda bu fənlər həftədə iki saat keçirilir. Bizim təhsil işçilərimiz isə musiqi fənninə hələ də ögey münasibət bəsləyirlər. Musiqi fənninin tədrisi zamanı məktəblilər musiqi ilə bərabər mahnıların mətnləri ilə tanış olurlar. Həm də onu yaxşı mənimsəyirlər. Bu fənnin yüksək səviyyədə keçilməsi uşağa kömək edir ki, o, digər fənləri də asan mənimsəsin. Fənnin tədrisi prosesində öyrənilən mahnılar şagirdin vətəndaş kimi böyüməsinə, mənəvi, vətənpərvərlik tərbiyəsinə çox böyük təsir göstərir. Musiqiyə ikinci dərəcəli fənn kimi baxmaq olmaz. Bu barədə fikirləşmək, neqativ münasibəti dəyişmək lazımdır. Əks təqdirdə biz gələcəkdə zövqsüz, musiqiyə biganə bir nəslin yetişməsinin şahidi ola bilərik. İstər musiqi, Ana dili, riyaziyyat fənləri olsun, bunların hamısı elmdir. Dahi rus pedaqoqu, akademik D.B.Kobalevski deyirdi: "Musiqi fənninin səviyyəsini müəllimin səviyyəsinə endirmək deyil, müəllimin səviyyəsini bu fənninin ucalığına qaldırmaq lazımdır".
Uzun illərdir ki, musiqinin pedaqogikası ilə bağlı fəaliyyət göstərirəm. Təcrübə təsdiqləyir ki, musiqini tədris edən müəllim aşağıdakıları mütləq bacarmalıdır.
Musiqi alətində çala bilməlidir. Musiqi savadına, dirijorluq qabiliyyətinə malik olmalıdır. Milli və dünya musiqi klassiklərinin əsərlərindən baş çıxarmalıdır. Musiqi tədrisinin metodikasına yiyələnməlidir.
Bəzən belə giley-güzarlar da eşidilir ki, orta məktəblərdə proqram ağırdır, uşağın vaxtı çatmır ki, musiqi ilə də məşğul olsun. Bəs necə olur ki, telekanallarda nümayiş etdirilən hansısa bir rok musiqisini uşaqlar tez mənimsəyib təkrar edə bilirlər, lakin məktəbdə təklif olunan musiqi nümunələrini qavramırlar? Bu, sinif müəlliminin günahıdır, dərsliyin yox! Belə bir xalq deyimi var: "Oynaya bilməyən deyir ki, yerim dardır". Musiqi fənninin tədrisi ixtisaslı insanlara tapşırılmalı və ibtidai siniflərdə onun statusu düzgün müəyyənləşməlidir.
Oqtay
RƏCƏBOV,
Rusiya Pedaqoji və Sosioloji
Elmlər Akademiyasının həqiqi
üzvü, bəstəkar, pedaqoji
elmlər doktoru, professor
Azərbaycan.-
2010.- 11 dekabr.- S.7.