Müstəqil Azərbaycan
yaşadıqca, ulu öndər Heydər Əliyev də
ürəklərdə yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
etmişdir
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim, xalqımızın ümummilli lideri Heydər
Əliyevin vəfatından yeddi il keçir. Azərbaycan
dövlətçiliyinin xilaskarı, türk
dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından
ötən illər ərzində görkəmli şəxsiyyətin,
əbədiyaşar Prezidentimizin məzarı
xalqımızın müqəddəs ziyarətgahına, gənclərin
and yerinə çevrilmişdir. Demək olar ki, bütün
il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı
dünyaya tanıtmış, özü də dünyanın
görkəmli şəxsiyyətlərindən biri kimi
tanınmış böyük azərbaycanlının xatirəsinə
ehtiramlarını ifadə edirlər.
Azərbaycanın
dahi oğlu Heydər Əliyevin əbədiyyətə
qovuşmasının yeddinci ildönümü günü -
dekabrın 12-də də paytaxt sakinləri,
respublikamızın rayon və şəhərlərinin
nümayəndələri, xarici ölkələrdən gəlmiş
qonaqlar Fəxri xiyabanı ziyarət edərək,
xalqımızın ümummilli liderinin xatirəsini dərin
ehtiramla yad edir, onun məzarı önünə əklillər,
gül dəstələri qoyur, müdrik dövlət xadiminə
Allahdan rəhmət diləyirdilər.
Azərbaycanın
ən yeni tarixinin bütöv bir qərinəsi Heydər
Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti,
siyasət və dövlət xadiminə xas olan böyük
istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər
Əliyev hələ sağlığında canlı əfsanəyə
çevrilmişdi. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə
gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi
böhran keçirən Azərbaycanı 1970-1985-ci illərdə
keçmiş İttifaqın ən qabaqcıl
respublikalarından biri səviyyəsinə
çıxarmışdır. Tədqiqatçılar
haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi
məhz həmin illərdə təməli qoyulmuş
potensiala əsaslanır.
1993-cü
ilin yayında, müstəqilliyini təzəcə bərpa
etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə
qaldığı bir vaxtda xalq özünün və ölkənin
gələcəyini Heydər Əliyevə etibar etdi. Bu,
böyük Qayıdış idi və ulu öndər
özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik
təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz
iradəsi sayəsində ölkəni, xalqı, gənc
müstəqil dövləti labüd fəlakətdən
qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi
oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt
unutmur.
Dekabrın
12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri
xiyabana gələrək, xalqımızın ümummilli
lideri Heydər Əliyevin məzarını ziyarət etdi.
Milli
Məclisin deputatları, nazirlər, komitə, şirkət və
idarələrin rəhbərləri, respublika ictimaiyyətinin
nümayəndələri, müxtəlif ölkələrin
təmsilçiləri də Fəxri xiyabana gəlmişdilər.
Prezident
İlham Əliyev ulu öndərin məzarı önünə
əklil qoydu.
Azərbaycanın
dövlət himni səsləndi.
Dövlətimizin
başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın, dövlət xadimi Əziz
Əliyevin və professor Tamerlan Əliyevin məzarları
üstünə də gül dəstələri qoydu.
Ulu
öndərin məzarının ziyarət edilməsi mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay
Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev və digər rəsmi şəxslər
iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 1.