Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir

 

Ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial sferanın və infrastrukturun təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli sərəncamının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 2010-cu il 3 noyabr tarixli qərarı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının yeni sxemini müəyyənləşdirərək təsdiq etmişdir. Həmçinin Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müvafiq qanunun icrasını təmin etmək barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 11 noyabr tarixli qərarla "Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nı təsdiqləmişdir.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 3 noyabr tarixli qərarı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nı və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"nı təsdiq etmişdir. 2010-cu il 5 noyabr tarixli digər qərarla isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədi ilə iqtisadi fəaliyyət növləri müəyyən edilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, 2010-cu il 8 noyabr tarixli qərarla "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"ı təsdiq edilmişdir.

"Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli fərmanına uyğun olaraq Nazirlər Kabineti 2010-cu il 13 noyabr tarixli qərarla "Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları"nı, 2010-cu il 25 noyabr tarixli başqa bir qərarla isə "Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası"nı təsdiq etmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti 2010-cu il noyabrın 24-də təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmişdir. Həmin fərmandan irəli gələn digər məsələlərlə əlaqədar Nazirlər Kabineti 2010-cu il 25 noyabr tarixli qərarları ilə "Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"nı və "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nı təsdiq etmişdir. Habelə Azərbaycan Respublikasının bir sıra ölkələrdəki səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli qərarı ilə "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə" təsdiq edilmişdir.

Eyni zamanda, Nazirlər Kabineti əvvəlki bəzi qərarlarda dəyişikliklər və əlavələr aparılması barədə də bir neçə qərar qəbul etmişdir. Belə ki, 2010-cu il 3 noyabr tarixli qərarla "İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınan əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın Forması" yeni redaksiyada verilmişdir. 2010-cu il 28 oktyabr tarixli digər qərarla Bakı Metropoliteninin strukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun üçün Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş "Bakı Metropoliteninin Nizamnaməsi"ndə əlavə və dəyişikliklər aparmış, status etibarilə Nazirlər Kabinetinin tabeliyində müəyyənləşdirilən Metropolitenin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müəyyən bəndlər yeni redaksiyada verilmişdir.

Həmçinin "Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin 1993-cü il 6 dekabr tarixli qərarının 3-cü bəndinin birinci abzası Nazirlər Kabinetinin 2010-cu il 8 noyabr tarixli qərarı ilə yeni redaksiyada verilmişdir. Göstərilmişdir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onlara yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinətlərin verilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə müvafiq müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə həyata keçirilir.

"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn məsələlərin icrası məqsədi ilə də 2010-cu il noyabrın 11-də Nazirlər Kabineti bundan əvvəlki 2001-ci il 6 mart tarixli qərarına bir sıra dəyişikliklər etmiş, müəyyən bəndlər yeni redaksiyada verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 12 noyabr tarixli qərarla "Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə" 2000-ci il 1 may tarixli qərarına dəyişikliklər və əlavələr etmişdir. O cümlədən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il noyabrın 25-də 2004-cü il 6 oktyabr tarixli əvvəlki qərarın - "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" paraqrafına əlavələr etmişdir.

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2010-cu il 12 noyabr tarixli qərarına əsasən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda bəzi əlavə və dəyişikliklər aparılmışdır.

Respublika əhalisinin un və un məhsullarına olan yüksək tələbatını nəzərə alaraq, Nazirlər Kabineti 2010-cu il 3 dekabr tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına müvafiq olaraq - "Buğda və meslin", "Buğda unu və ya buğda-çovdar unu" sözlərini əlavə etmişdir. Qeyd olunmuşdur ki, bu barədə qərar 2011-ci il avqustun 1-dək qüvvədədir.

Qeyd edək ki, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında tanış olmaq mümkündür.

Eyni zamanda, Nazirlər Kabinetinin bu qərarları Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc olunacaqdır.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.