Azərbaycan və Litva ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir

 

Dekabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri dedi ki, Azərbaycan və Litva dövlət müstəqilliyi əldə etdikdən sonra ikitərəfli əlaqələrimiz yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə böyük önəm verilir. Azərbaycanın Avratlantik məkana inteqrasiyası ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Litva Seymi ilə birlikdə həyata keçirilən "Tvinninq" layihəsi Azərbaycan qanunvericiliyinin Avropa İttifaqına üzv ölkələrin qanunvericiliyinə uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır. Biz parlamentlər səviyyəsində əlaqələrimizi yüksək dəyərləndirir və bunu təcrübə, informasiya mübadiləsi baxımından önəmli hesab edirik.

Azərbaycanın yerləşdiyi regionda dinamik inkişaf edən ölkə olduğunu vurğulayan Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi tərəqqisinə və Avropa strukturlarına inteqrasiyasına böyük maneə törətdiyini söylədi. Çox təəssüf ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Bu isə öz növbəsində, Avropanın təhlükəsizliyinə təhdiddir.

Milli Məclisin Sədri Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar Almaniyaİtaliya parlamentlərində qəbul olunmuş qətnamələrin ədalətli olduğunu bildirdiLitva parlamentində də Dağlıq Qarabağla bağlı belə bir qətnamə layihəsinin hazırlanmasını yüksək qiymətləndirdi. İnanırıq ki, Litva gələcəkdə də bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını ifadə etdi. Bildirdi ki, bu görüşlərdə "Tvinninq" layihəsi çərçivəsində əldə edilmiş uğurlar və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılmışdır. Litva Azərbaycanın Avropa strukturlarına inteqrasiyası istiqamətində gələcəkdə də lazımi kömək göstərmək niyyətindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.