Azərbaycan-Litva əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

Dekabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Litva Seyminin nümayəndə heyəti ilə görüşmüşdür. Əli Hüseynov bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya fəal surətdə inteqrasiya siyasəti həyata keçirməyə başlayıb: "Bu gün Azərbaycan Avropanın iqtisadi, xüsusilə də, enerji sahəsində tərəfdaşıdır. Qanunlarımızın Avropa standartlarına uyğunlaşdırılması Avropa ilə əməkdaşlığımızın genişlənməsinin əsasını təşkil edir. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan bir çox ölkələr, eləcə də Litva ilə sıx əməkdaşlıq edir, qanunvericilik bazasını təkmilləşdirir, Avropa standartlarına uyğunlaşdırır". Onun sözlərinə görə, Litva parlamenti ilə "Tvinninq" layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyətə malikdir. "Biz bu layihə çərçivəsində artıq bir sıra tədbirlər keçirmişik. Düşünürük ki, əməkdaşlığımız öz bəhrəsini verəcək" - deyə Ə.Hüseynov bildirmişdir.

Nümayəndə heyətinə rəhbərlik edən Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingeris ölkəsilə Azərbaycanın sovetlər dövründə oxşar taleyi yaşadığını qeyd etdi. Bildirdi ki, hər iki ölkənin müstəqillik uğrunda mübarizəsi oxşar olub. Qonaq onu da vurğuladı ki, Litvada Azərbaycanın Qərbə inteqrasiyası, qanunvericilk bazasının Avropa standartlarına uyğunlaşdırılması yüksək qiymətləndirilir. Emanuelis Zingeris bildirdi ki, Azərbaycanın bugünkü uğurlarında ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır: "Azərbaycan xalqı dekabrın 12-də bu dahi şəxsiyyətin əbədiyyətə qovuşmasının ildönümünü qeyd edib. Heydər Əliyevin xatirəsi bütün dünyada qeyd olunur. Litvadakı azərbaycanlılar da bununla əlaqədar mərasim keçiriblər".

Emanuelis Zingeris dedi ki, Litva gələn ilin yanvarından ATƏT-ə sədrlik edəcək: "Biz bu beynəlxalq quruma rəhbərliyimiz dövründə dövlətlərin ərazi bütövlüyünün qorunması, bununla əlaqədar Helsinki Yekun Aktının prinsiplərinin təmin olunması üçün səylərimizi artıracağıq. Düşünürük bu səylərimiz öz müsbət nəticəsini verəcəkdir. ATƏT-ə sədrliyimiz dövründə Azərbaycanın Avropaya inteqrasiyasına da dəstək verəcəyik".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

* * *

Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da ölkəmizdə səfərdə olan Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Səməd Seyidov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla Litva arasında əlaqələr bütün sahələrdə, o cümlədən parlamentlər arasında sürətlə inkişaf edir: "İki ölkənin deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu amillər, eləcə də "Tvinninq" layihəsi çərçivəsindəki səmərəli əməkdaşlıq münasibətlərimizi strateji səviyyəyə yüksəldib. Litva Avropa İttifaqının Azərbaycandakı təmsilçisidir və biz "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində bir sıra layihələr həyata keçirmişik".

Emanuelis Zingeris Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu vurğuladı və Bakının günü-gündən yeniləşən simasının bunun konkret göstəricilərindən biri olduğunu qeyd eti. Azərbaycanın sosial-iqtisadi tərəqqisini yüksək qiymətləndirən qonaq, bu sahədə ölkəmizin əldə etdiyi nailiyyətlərin nümunəvi xarakter daşıdığını vurğuladı. O, qlobal maliyyə böhranının Azərbaycana təsirinin minimal xarakter daşımasını ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan və Litvadan olan deputatların beynəlxalq təşkilatlarda əməkdaşlığının perspektivləri, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.