Bakıda IV Beynəlxalq
Mstislav Rostropoviç
festivalının təntənəli açılış mərasimi
keçirilmişdir
Festival çərçivəsində ilk konsert Azərbaycanın
ümummilli lideri Heydər
Əliyevin xatirəsinə ithaf olunmuşdur
Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak etmişlər.
Filarmoniyanın foyesində M.Rostropoviçin ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotosərgi açılmışdı.
AzərTAc xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç açmışlar.
Əbülfəs Qarayev demişdir ki, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. Festivalın Azərbaycan xalqının ümummilli lideri, M.Rostropoviçin əziz dostu Heydər Əliyevin xatirə günündə açılması heç də təsadüfi deyildir. Bununla biz bu iki dahi şəxsiyyətin xatirəsini birlikdə yad etmək qərarına gəlmişik.
Nazir bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu Beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya və Almaniyadan dünya şöhrətli musiqiçilər, həmçinin Yuri Başmet və "Moskva solistləri" kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın opera mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər. İnanıram ki, konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin, Dövlət Uşaq-Gənclər simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin çıxışları da maraqla qarşılanacqdır.
Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç demişdir ki, əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq layihə daha genişmiqyaslıdır və əvvəlki festivalların zirvəsi olacaqdır. Çünki builki festivala dünyanın ən məşhur musiqiçiləri qatılmışlar.
Bakını doğma şəhəri hesab etdiyini dilə gətirən O.Rostropoviç atasına, onun sənətinə göstərilən qayğı və ehtirama görə Azərbaycan xalqına, ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirmiş, ecazkar musiqi dinləmək arzusunda olan bütün bakılıları və şəhərimizin qonaqlarını festival çərçivəsində keçiriləcək tədbirlərə dəvət etmişdir.
Tədbir Azərbaycan Dövlət Uşaq-Gənclər simfonik orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə açılmışdır. Bu orkestr ulu öndər Heydər Əliyev və M.Rostropoviçin birgə təşəbbüsü ilə yaradılmışdır. Orkestrin dirijoru xalq artisti Teymur Göyçayevdir.
Konsertdə Azərbaycan və xarici ölkə bəsətəkarlarının əsərləri böyük maraqla qarşılanmışdır.
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.