Azərbaycan özünəməxsus inkişaf yolu sayəsində dünyanın yeni iqtisadi fenomeninə çevrilir

 

Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimində bu barədə ətraflı söhbət getdi

 

 Qlobal böhranın mənfi təsirlərindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində hazırlanmış milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq qurum və təşkilatlar tərəfindən ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafigeoiqtisadi məkanda yerləşən respublikamızı davamlı, sabit və sürətli inkişaf yoluna çıxararaq yeni iqtisadi fenomenə çevirir.

İqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən ağır prosesi başa vuran Azərbaycanın milli iqtisadi inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması üçün, ilk növbədə, respublikanın son 17 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları təhlil etmək, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirmək vacibdir. Son illərdə tədqiqatçılar, ayrı-ayrı alimlər, iqtisadçılar, filosoflar, ictimaiyyətşünaslar keyfiyyətcə yeni mərhələdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin mahiyyətini açmağa çalışırlar. Lakin reallıq göstərir ki, bu sahədə tədqiqatlar kifayət qədər sistemli, ardıcıl xarakter daşımır və respublikanın hazırkı iqtisadi inkişaf dinamikasına adekvat deyildir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev 8 dekabr 2009-cu ildə "Azərbaycan" qəzetində dərc edilmiş "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" əsərində bu məsələyə geniş yer ayırmış, ictimaiyyətşünas alimləri bu sahədə fəal olmağa çağırmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya müəllifliyi və təşəbbüsü əsasında işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə ilk uğurlu cəhdlərdən biri kimi dəyərləndirilir. "Azərbaycan" qəzetinin fəal iştirakı və tədqiqatları ilə ərsəyə gəlmiş kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Kitabın Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində iştirak edən dövlət və hökumət rəsmiləri, Milli Məclis deputatları, müxtəlif siyasi partiyaların təmsilçiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri respublikamızın milli inkişaf modeli ilə bağlı dəyərli fikir və mülahizələrini bölüşdülər. Tədbirin aparıcısı akademik Ziyad Səmədzadə idi.

 

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik

- Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifliyi əsasında "Azərbaycan" qəzeti "İnkişafın Azərbaycan modeli" kitabını nəşr etmişdir. Silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə özündə ehtiva edir. Kitabda 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrü ilə bağlı əsas sosial-iqtisadi hadisələrə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, dövlət proqramlarına və digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.

"İnkişafın Azərbaycan modeli" kitabının redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur. Kitabda sürətlə qloballaşmaqda olan dünyada həlli getdikcə daha böyük zərurətə çevrilən enerji təhlükəsizliyində Azərbaycanın rolu, yeni neft strategiyası, neft-qaz gəlirlərindən məqsədyönlü istifadə, dünya iqtisadiyyatına çevik inteqrasiya məsələləri təhlil edilərək tarixi-faktoloji əsasda oxucuların diqqətinə çatdırılır. Həmçinin iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsi sisteminin yaradılması, fəal investisiya siyasəti və digər istiqamətlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərə diqqət yönəldilir.

Dünyada çox az sayda ölkələr var ki, bir iqtisadi sistemdən digərinə keçid zamanı düşünülmüş, ardıcıl və məqsədyönlü iqtisadi siyasət aparır. Təcrübə göstərir ki, müstəqil dövlətlərdən heç də hamısı sərbəst iqtisadi siyasət aparmaq iqtidarında deyildir. Azərbaycan Respublikası üzləşdiyi bütün çətinliklərə baxmayaraq, ötən 20 ildə uğurlu iqtisadi inkişaf yolunu tutdubu yolla inamla irəliləyərək böyük nəticələrə imza atdı. Bu gün Azərbaycan iqtisadiyyatında əldə olunan nəticələrin dünya miqyasında "inkişafın Azərbaycan modeli" kimi dəyərləndirilməsi təsadüfi deyildir. Dünyanın bir çox ölkələrinin özünəməxsus inkişaf modeli var. Bu sırada - Qərb, İsveç, Yaponiya, Malaziya, Cənubi Koreya, Çin modellərini misal göstərmək olar. Bu modellərin hər birinin arxasında da ayrı-ayrı ölkələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla yürüdülən iqtisadi siyasət dayanır.

Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə yürütdüyü iqtisadi siyasət strategiyası bugünkü uğurlarımızı şərtləndirir. Heydər Əliyevin dəqiq hədəflərə hesablanmış iqtisadi siyasətinin nəticəsidir ki, Azərbaycan hazırda iqtisadi inkişaf tempinə görə Şərqi Avropa və MDB məkanında liderliyini qoruyub saxlayıb. Bütün bunlar həm də ümummilli liderin elmi prinsiplər üzərində əsasını qoyduğu iqtisadi siyasətin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bu iqtisadi siyasəti formalaşdırarkən dünya təcrübəsinə istinad etmişbütün məsələlərdə milli maraqlarımızı əsas götürmüşdür. Bu kitabın ana xəttini də ümummilli liderin düşünülmüş iqtisadi siyasətinin məntiqi ardıcıllıqla həyata keçirilməsi təşkil edir.

Kitabda dövlət və inkişaf modeli məsələləri də əsaslandırılmış formada əksini tapır. Şübhəsiz ki, bu inkişaf modelini təmin edən, onu quran Azərbaycan dövlətidir. Bu dövlətin iqtisadiyyata, siyasətə, sosial münasibətlərə təsiri obyektiv olaraq dünya təcrübəsi - hər bir xalqın tarixi-etnik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan dünya maliyyə böhranından ən az itki ilə çıxan ölkələrdəndir və bu, olduqca böyük nailiyyətdir. Böhrana baxmayaraq, respublikamızda inkişaf tempinin qorunub saxlanılması qabaqcıl maliyyə institutları tərəfindən də təqdir edilmişdir. Ölkəmizin iqtisadi sistemi uğurla fəaliyyət göstərir, qarşıya qoyulan bütün məsələlər praktik şəkildə gerçəkləşir. İdarəetmə, iqtisadi və məhkəmə sisteminin qurulması Azərbaycan dövlətinin dayanıqlığını, dinamik inkişafını təmin etmişdir. Bütün bunlarla yanaşı, müəyyən problemlər də mövcuddurbu problemlərin həlli üçün ölkədə böyük iqtisadi layihələr həyata keçirilir. Bu gün respublikanın büdcə xərclərinin 50 faizindən çoxu dövlət proqramları vasitəsilə realizə edilir. Dövlət özünün bütün imkanlarını büdcə vasitəsilə insanların sosial problemlərinin həllinə yönəldir.

"İnkişafın Azərbaycan modeli" kitabının işıq üzü görməsi və gələcəkdə müxtəlif dillərə tərcümə edilərək yayılması, hesab edirəm ki, inkişaf edən Azərbaycanın dünyada tanıdılmasi işinə töhfəsini verəcəkdir.

 

Asəf Nadirov, akademik

- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" məqaləsində Azərbaycan cəmiyyətinin diqqəti, haqlı olaraq, indiyə qədər milli iqtisadi inkişaf modelinin nəzəri və elmi cəhətdən lazımi səviyyədə araşdırılmamasına yönəldilmişdir. Həmin məqalədə eyni zamanda göstərilmişdir ki, Azərbaycanın sürətli inkişaf yolu, habelə yeni dövrün reallıqları iqtisadi sahədəki tədqiqatların diqqətindən bir qədər kənarda qalmışdır.

Ədalət naminə qeyd etməliyik ki, iqtisadçıların Azərbaycan modelinin özünəməxsus cəhətləri barədə elmi fikirlərinə yalnız son zamanlarda - xüsusən də akademik Ramiz Mehdiyevin sözügedən məqaləsindən sonra geniş rast gəlinir. Necə deyərlər, bu yubanmanın səbəbləri çoxdur. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan iki əsrə yaxın zorla imperiyaların tərkibinə qatıldığına görə onun inkişaf problemlərinə ancaq bu qurumların maraqları mövqeyindən, yəni vahid dövlətin bir hissəsi kimi yanaşılmışdır.

Müstəqillik illərində isə iqtisadçılarımız ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının milli qurtuluş siyasəti kimi tədqiqi, ölkədə həyata keçirilən köklü və genişmiqyaslı islahatların ictimai-siyasisosial-iqtisadi həyata təsiri, nəhayət, ölkənin beynəlxalq nüfuzunun artırılması və digər proseslərin, habelə gözlənilən nəticələrin elmi qiymətləndirilməsi ilə məşğul olmuşlar.

Ölkənin keçdiyi bu şərəfli yol Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu yeni fundamental əsərdə elmi cəhətdən tədqiq olunur, respublika iqtisadiyyatının gələcək inkişaf istiqamətləri diqqətdən keçirilir. "İnkişafın Azərbaycan modeli" əsərində qısa müstəqillik dövründə uğurlu inkişaf mərhələləri keçmiş Azərbaycan iqtisadiyyatının özünəməxsus zəngin təcrübəsi təhlil edilir. Əsərin məzmunu ilə tanışlıq bir daha təsdiq edir ki, müstəqilliyin ilk dövrlərində son dərəcə ağır tənəzzülə uğrayan Azərbaycan iqtisadiyyatının böhrandan qurtulması məhz ulu öndər Heydər Əliyevin böyük elmi düşüncə və cəsarətlə həyata keçirdiyi müstəqil dövlət quruculuğu prosesinin nəticəsidir.

Bu uğurlu siyasətin layiqli davamçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamız qısa müddətdə çox möhtəşəm inkişaf yolu keçmişdir. Bu yüksəlişin ən təqdirəlayiq nəticələrindən biriondan ibarətdir ki, vaxtilə gerilik məngənəsinə düçar olmuş müstəqil ölkə iqtisadiyyatı hazırda ümumdünya orta göstəricisi səviyyəsinə qalxmışdır. Nəhayət, keçid dövrünü inamla başa vuran respublikamız indi daha inamla, böyük sürətlə inkişaf etmiş ölkələrin sırasına qoşulmağa can atır.

Şübhəsiz, ictimaihumanitar elmlərin inkişafına yeni konseptual baxış müəyyənləşdirən akademik Ramiz Mehdiyevin "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" məqaləsindən sonra ərsəyə gəlmiş "İnkişafın Azərbaycan modeli" kitabı iqtisadçılarımızı Azərbaycanın iqtisadi inkişaf modelinin aktual problemlərinin elmi araşdırmaları istiqamətində səfərbər edəcəkdir. Əlbəttə, problem bizim elmi anlayışımızda həm yeni, həm də mahiyyətinə görə xeyli mürəkkəb tədqiqat istiqamətidir. Ancaq biz onu bütün təzahürləri, daxili məntiqi ilə dərindən öyrənməliyik, çünki bu, ölkəmizin dünya iqtisad elminə inteqrasiyasını təmin edən mühüm yollardan biridir.

Ümumiyyətlə, model məfhumu, adətən, böyük iqtisadi inkişaf yolu ilə irəliləyən ölkələrə şamil edilir. Bu gün ölkəmiz də məhz bu cür inkişaf edən ölkələr sırasındadır. Ona görə də Azərbaycan iqtisadi modelinin özünəməxsus cəhətlərinin öyrənilməsinin böyük beynəlxalq əhəmiyyəti var. Unutmamalıyıq ki, indi iqtisadi inkişafın meyilləri və meyarları Azərbaycanın xeyrinə xeyli dəyişmişdir. Xatırladaq ki, müstəqilliyin ilk illərində dünyanın bir çox iqtisadi qurumları və ölkələri hələ dirçəlmə mərhələsini yaşayan Azərbaycana çoxlu tövsiyələr, məsləhətlər verirdilər. Ölkəmiz isə yerli şəraiti, imkanları nəzərə alaraq, əsasən, özünün müəyyən etdiyi mükəmməl elmi prinsiplərə söykənməklə yüksək iqtisadi tərəqqi yolunu seçdi. Təsadüfi deyildir ki, son zamanlar dünyada tüğyan edən maliyyə-iqtisadi böhranından çox az zərərlə çıxan respublikamız dünyanın əksər ölkələrinin ciddi marağına səbəb olmuşdur. Bu gün Azərbaycanın təcrübəsindən dünyanın bir çox ölkələri bəhrələnmək arzusundadır. Ona görə də Azərbaycan həqiqətlərini dünyaya çıxarmaq, onun beynəlxalq nüfuzunu daha da artırmaq bizim müqəddəs borcumuz olmalıdır.

Məlumdur ki, dünyada iqtisadi modelləri ilə seçilən ölkələr az deyildir. Həm də ölkələrin modelləri bir çox ümumi əlamətlərinə görə bir-birinə oxşardır. Bununla belə, "model"in lüğəti mənası "fərdi naminə" kimi qəbul edildiyindən, müxtəlif ölkə modellərində inkişafın özünəməxsus xüsusiyyətləri və bənzərsiz tərəfləri özünü açıq-aydın şəkildə büruzə verir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın iqtisadiyyatı öz imkanları, tələbatı və digər ölkələrlə səmərəli qarşılıqlı əlaqələr əsasında, heç bir dövlətdən asılı olmadan uğurla inkişaf edir. Bu, Azərbaycanın çox mühüm üstünlüklərindən biridir. Güman edirəm ki, Azərbaycan iqtisadi modelinin xüsusiyyətlərinin kompleks şəkildə tədqiqi iqtisad elminin bundan sonra da əhəmiyyətli istiqamətlərindən biri olaraq qalacaqdır.

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

- Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, "müstəqil, güclü dövlət yalnız güclü iqtisadiyyat üzərində qurulur". Azərbaycanın yüksəlişinin özünəməxsus yolu da məhz iqtisadi inkişafla xarakterizə olunur. "Model" anlayışı konkret ifadədir. Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri var. Lakin bu inkişaf modelləri elə ölkələrə xasdır ki, orada inkişaf öz dinamikliyi, analoqunun olmaması, nəzəri-metodoloji cəhətdən və aparılan siyasətin tamamilə fərqliliyi ilə xarakterizə olunur.

"İnkişafın Azərbaycan modeli" kitabında müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolu tutarlı arqumentlərlə təhlil olunmuşdur. Kitabın nəşrinin və təqdimatının ümummilli liderin anım gününə düşməsi də təsadüfi deyildir. Çünki Azərbaycanın milli inkişaf modeli bilavasitə bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Ölkədə aparılan məqsədyönlü siyasət sayəsində formalaşmış uğurlu inkişafın on ili "Heydər Əliyevin islahatlar modeli" kimi səciyyələnir. Kitabda da bu modelin əsas xüsusiyyətləri bir neçə istiqamət üzrə açıqlanmışdır. Ölkə rəhbərinin də dəfələrlə dediyi kimi, Azərbaycan qısa müddət ərzində dünya ölkələrinin keçə bilmədiyi bir inkişaf yolu keçmiş, bu gün Cənubi Qafqazda güc mərkəzinə çevrilmişdir.

Azərbaycanın milli inkişaf modeli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu, kitabda ardıcıl surətdə, sistemli şəkildə açıqlanmışdır. Kitabın birinci hissəsində iqtisadi inkişafdan bəhs olunur. Bu, düşünülmüşelmi cəhətdən əsaslandırılmış strategiyanın nəticəsidir. Kitabın ön sözü ilə tanışlıq zamanı Azərbaycanın inkişaf yolu, aparılan siyasət və onun nəticələri barədə tam təsəvvür yaranır.

Azərbaycanda bu gün dayanıqlı, davamlı inkişaf formalaşıb. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu yeni neft strategiyası hələ uzun müddət xalqımıza xidmət edəcəkdir. Kitabda da qeyd olunduğu kimi, iqtisadiyyatımızın əsasında neft amili dayanır. Uğurlu neft strategiyasının həyata keçirilməsi, neftin dünya bazarlarına nəqli istiqamətində şaxələnmiş sistemin formalaşması Azərbaycanın iqtisadi uğurlarına şərait yaratmışdır. Bu gün dünya maliyyə böhranının törətdiyi fəsadların Azərbaycanda hiss olunmaması bilavasitə uğurlu neft strategiyası ilə bağlıdır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilmişdir. Azərbaycanın neft strategiası yalnız onun özü üçün deyil, bütövlükdə dünya iqtisadiyyatına xidmət edən çox mühüm bir amildir.

Kitabın ikinci hssəsində əsasən proqramların, islahatların şaxələndirilməsi və əldə olunan nəticələrdən bəhs olunur. Bütün sahələrdə, o cümlədən özəlləşdirmə, mülkiyyət, aqrar, sosial siyasət sahələrində aparılan işlər proqram məqsədli yanaşmaya əsaslanan uğurlarımızın təməlində dayanır. Ötən müddət ərzində ölkə rəhbəri tərəfindən düşünülmüş iqtisadi siyasətin aparılması, cəmiyyətdə ümumi konsensusun yaranması istiqamətində atılan addımlar gələcək inkişaf üçün möhkəm bünövrə yaratmışdır. Bununla da ölkə həyatında yeni bir dövr başladı. Artıq bu dövr islahatlar modelindən inkişaf modelinə keçid sayılır. İslahatlar modeli Azərbaycanın iqtisadi sahədə keçid dövrünün başa çatması ilə sonuclandı. Ölkə rəhbəri İlham Əliyev bəyan etmişdir ki, "Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatmışdır". Bu o deməkdir ki, Azərbaycanda islahatlar dövrübaşa çatmışdır.

Artıq yeni inkişaf mərhələsindəyik. Bu inkişaf modelini "modernləşmə modeli" kimi də xarakterizə etmək olar. Son dövrlərdə dünya iqtisadiyyatında yeni meyillər, münasibətlər sistemi formalaşıb. Dünya maliyyə böhranından sonra bu, özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Artıq neoliberal yanaşmanın uğursuzluğu göz qabağındadır. Azərbaycan da dünyanın tərkib hissəsi olaraq pozitiv meyillərdən istifadə etməlidir.

Kitabın üçüncü hissəsində əsas hədəf də bu proseslərlə bağlıdır. Bu inkişafı təmin edəcək iqtisadi, sosial bazanın yaradılması ilə bağlı dəyərli fikirlər qeyd olunur. Bunların nəzərə alınması olduqca vacibdir. Bu kitabda, əsasən, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində keçdiyi yol və əldə edilən nəticələr sistemli şəkildə təhlil olunur. Yeni kitab iqtisadçılar üçün mühüm töhfədir və onun Azərbaycanın inkişaf modelinin fəlsəfi dərkində və təbliğində mühüm rol oynayacağına əminəm.

 

(Ardı var)

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 4.