Pekində Azərbaycan xam neftinin Çinə nəqli üzrə anlaşma memorandumu imzalanmışdır

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) və Sinqapura səfər etmişdir.

ÇXR-ə səfər çərçivəsində Pekin şəhərində ARDNŞ ilə bu ölkənin "Zhen Rong" şirkəti arasında ikitərəfli əməkdaşlıq üzrə danışıqlar aparılmış, Azərbaycan xam neftinin bu ölkəyə nəqli üzrə anlaşma memorandumu imzalanmışdır.

Sinqapurda Tailandın PTT şirkətinin nümayəndələri ilə keçirilən görüş zamanı tərəflər ötən beş ildə aparılmış ikitərəfli əməkdaşlığın nəticələrini müzakirə etmiş, qarşıdakı dövr üçün perspektivləri dəyərləndirmişlər. Danışıqların yekunu kimi tərəflər arasında Sinqapur yaxınlığında PTT şirkətinə məxsus "üzən neft anbarı"nın birgə istifadəsi barədə Memorandum imzalanmışdır. Memorandumun həyata keçirilməsi Azərbaycan neftinin Asiya bazarına ixracının şaxələndirilməsinə imkan verəcəkdir.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 5.