Sinqapurda "Bakı gəmiqayırma zavodu MMC" birgə müəssisəsinin təsis
müqaviləsi imzalanmışdır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin Sinqapura səfəri çərçivəsində bu ölkənin Keppel Offshore and Marine (KOM) şirkəti, ARDNŞ və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar yaradılacaq birgə müəssisənin təsis müqaviləsi imzalanmışdır.
"Bakı Gəmiqayırma Zavodu MMC" adlanacaq birgə müəssisənin təsis müqaviləsini ARDNŞ prezidenti Rövnəq Abdullayev, AİŞ-nin icraçı direktoru Əfqan İsayev və KOM-in baş icraçı direktoru Tong Chong Heong imzalamışlar. Müqaviləyə əsasən, yeni yaradılacaq birgə müəssisədə ARDNŞ - 65 faiz, AİŞ - 25 faiz, KOM isə 10 faiz paya malikdir. KOM-ə, həmçinin növbəti 3 ildə payını daha 10 faiz artırmaq hüququ verilir.
Xatırladaq ki, 2009-cu ilin sonunda tərəflər arasında Azərbaycanda yeni gəmiqayırma zavodunun inşası ilə əlaqədar anlaşma memorandumu (müqavilə başlıqları) imzalanmış və 2010-cu il martın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilmişdir. Həmin mərasimdə Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun rəhbərliyi ilə Sinqapur nümayəndə heyəti də iştirak etmişdir. Hazırda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın "Royal Haskoning" və Niderlandın "TTC" şirkətləri tərəfindən zavodun layihələndirmə işləri həyata keçirilir. Paralel olaraq zavodun tikiləcəyi ərazidə torpaq işləri aparılır və sahənin geniş tikinti üçün hazırlanması davam etdirilir.
Tikinti işlərinin həyata keçirilməsi üçün dəvət olunacaq potensial şirkətlər arasında onların bu işləri aparmaq imkanlarını yoxlamaq məqsədi ilə tenderqabağı sorğu keçirilmiş və tenderə dəvət olunacaq şirkətlərin son siyahısı hazırlanmışdır. Zavodun 2013-cü ilin iyun ayında fəaliyyətə başlaması planlaşdırılır. Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiyaların istehsalına bərabərdir. Zavod ildə dörd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, dörd dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaqdır.
Ümumiyyətlə, Bakı gəmiqayırma zavodunun inşa edilməsində
əsas məqsəd Xəzər dənizi hövzəsində
tələbat duyulan bütün
növ gəmilərin
hazırlanmasıdır.
Azərbaycan.- 2010.- 14 dekabr.- S. 5.