Düşmən qarşısında etibarlı sipərdir Sədərək

 

Bu il sərhəd rayonunda böyük həcmdə tikinti-quruculuq işləri aparılıb

 

Sədərək əhalisinin sayı baxımından ölkəmizin ən kiçik rayonudur. 15 min 130 hektar torpaq sahəsi olan rayonun 14,3 min nəfər əhalisi var. Sədərək cəmi 3 ərazi vahidini - rayon mərkəzi Heydərabad qəsəbəsini və 2 kəndi əhatə edir. Sədərək və Qarağac kəndlərində 12 min nəfərə yaxın əhali yaşayır.

Sədərək 3 xarici dövlətlə həmsərhəddir. Ermənistanla 24 kilometrlik sərhəd xətti uca və çılpaq dağların, hündür təpələrin ortasından keçib gedir. Miltəpə, Əjdəhan, Ucubiz təpələrindəki mövqelərimiz uzaqdan diqqəti cəlb edir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan 12 kilometrlik sərhəd xətti də Sədərək rayonunun ərazisindədir. Rayon həm də İran İslam Respublikası ilə qonşudur.

Sədərək rayon kimi ölkəmizin inzibati ərazi bölgüsünə 20 il bundan əvvəl - 1990-cı ilin avqust ayında daxil olub. Geostrateji mövqeyi nəzərə alınaraq yeni rayonun yaradılmasında başlıca məqsəd sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını sürətləndirməkdən ibarət idi və bu da təsadüfi deyildi...

1990-cı ilin 20 Yanvar faciəsindən bir gün əvvəl erməni hərbi birləşmələri Sədərək kəndinə hücum etdi. Naxçıvan Muxtar Respublikası milli-azadlıq hərəkatında öncül mövqe tutduğundan Moskvadan idarə olunan Azərbaycanın o vaxtkı rəhbərliyi camaatı cəzalandırmaq istəyirdi. Amma Sədərək qoruna bildi. Bununla belə, itkilər də az olmadı. 1990-cı il yanvarın 18-dən 1993-cü il avqust ayının 13-dək 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəkdə 500-ə yaxın yaşayış evi, bir çox ictimai binalar, sosial obyektlər dağıntılara məruz qaldı, 100-dən çox şəhidin qanı axıdıldı.

Ümummilli lider Heydər Əliyev 2000-ci ilin avqust ayının 14-də rayon sakinləri ilə görüşündə o günləri xatırlayaraq demişdir: "Yəqin xatirinizdədir ki, 1992-ci ilin martın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər... Bizim oradakı əsgərlərimizdən 8 nəfər həlak oldu. 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, həmin döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışdıq. Amma o döyüşdə - onda mən buraya bütün Naxçıvanı tökmüşdüm, hamı bir yerdə döyüşürdü - onları susdurduq".

Sonrakı illərdə ümummilli liderin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunan atəşkəs rejimi dağıdılan evlərin, sosial obyektlərin bərpasına imkan verdi. Top-tüfəng səslərini quruculuq işləri əvəz etdi. Sədərəkdə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirildi, sakinlərin sosial-iqtisadi problemləri həll olunmağa başladı.

Quruculuq tədbirləri bu gün daha sürətlə davam edir. Xüsusən cari il sədərəklilər üçün daha əlamətdar olmuşdur. Yaddaqalan hadisələrdən biri bu il oktyabr ayının 4-də ölkə başçısı İlham Əliyevin muxtar respublikaya, o cümlədən rayona səfəri çərçivəsində bir çox sosial obyektlərin açılış mərasimində iştirak etməsidir. Həmin gün rayon mərkəzində və Sədərək kəndində bir neçə sosial obyektin açılışı oldu.

Onlardan biri sərhəd xətti yaxınlığında inşa olunan 594 şagird yerlik təhsil ocağıdır. Tikintisinə cari ilin may ayından başlanılan obyekt qısa vaxt ərzində yüksək keyfiyyətlə təhvil verildi. Prezident İlham Əliyev məktəblə ümumi tanışlıqdan sonra burada görülən işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirdi: "Bu məktəbin tikilməsi özlüyündə gözəl və əlamətdar bir hadisədir. Gözəl, yaraşıqlı, işıqlı, geniş və ən müasir avadanlıqla təchiz edilmiş məktəbdir. Burada şagirdlər və müəllimlər üçün bütün şərait yaradılıbdır". Dövlət başçısı məktəbin pedaqoji kollektivi ilə görüşündə təhsil sahəsində qarşıda duran vəzifələrdən də danışdı: "Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər, ölkənin digər imkanları, yəni maliyyə imkanları geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intellektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyəcəklər".

Həqiqətən, məktəb ən yüksək səviyyədə tərifə layiqdir. Dörd mərtəbədən ibarət olan təhsil ocağında müəllim və şagirdlərin ixtiyarına 35 sinif otağı, əyani vəsaitlərlə təmin olunan fənn kabinələri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana verilib. Şagirdlərin müasir informasiya texnologiyalarına yiyələnə bilmələri üçün burada 2 kompüter otağı yaradılıb. Hər bir otaqda 20 kompüter internetə qoşulub. Səadətbəyim Dadaşova və Qurban Qasımov kimi ixtisaslı gənc müəllimlər bu sahədə öz biliklərini yetirmələrinə həvəslə öyrədirlər. Elektron lövhəli 2 sinif otağı da tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradır. Məktəb kitabxanasında isə 10 min nüsxəyə yaxın ədəbiyyat toplanıb.

Məktəbin direktoru Elmira Dadaşova söhbət zamanı bildirdi ki, təhsil ocağında 510 şagird oxuyur, onların təlim və tərbiyəsi ilə 36 müəllim məşğul olur. Müəllimlərdən 5 nəfəri təyinatla gəlib. Kənardan gələn müəllimlərin mənzil-məişət problemləri həll olunub.

87 kilometr uzunluğunda olan Naxçıvan-Sədərək magistral avtomobil yolunun yenidən qurulması muxtar respublikada son illər həyata keçirilən böyük infrastruktur tədbirlərindəndir. Böyük İpək yolunun bir hissəsi sayılan magistral Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Müasir standartlar əsasında yenidən qurulan yolun ümumi en sahəsi 23, asfalt qatının eni 17,2 metrdir. Magistral hər iki istiqamətdə ikizolaqlıdır.

Yolda yenidənqurma işləri iki mərhələdə həyata keçirilib. İlkin mərhələdə görülən işlərə ötən ilin avqust ayında yekun vurulmuşdur. Cari ilin oktyabr ayında isə yolun ikinci hissəsi istifadəyə verildi. Yolun açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: "Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu gün isə yolun ikinci mərhələsi açılır və Naxçıvandan Türkiyə ilə sərhədə qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən dəfə də biz bu yoldan istifadə edəndə gördük ki, keyfiyyət yüksəkdir. Bu dəfə də gələndə görürəm ki, çox yüksək keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya standartlarına cavab verir".

Dövlət başçısı yerli şirkətin - "Gəmiqayayol, su, enerji" MMC-nin bu cür böyük tikintilərin öhdəsindən layiqincə gələ bilməsini də müsbət qiymətləndirmişdir: "Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər. Bu, o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir".

Rayon Mərkəzi Xəstəxanası üçün yeni, müasir binanın tikilib istifadəyə verilməsi də sakinlərə böyük sevinc bəxş edib. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev səhiyyə müəssisəsində yaradılan şəraiti yüksək dəyərləndirmişdir: "Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə almaq, həm də müayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır".

Xəstəxana zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olmaqla 26 çarpayılıqdır. Bina müasir tələblər əsasında inşa olunub. Burada stasionar, poliklinika və təcili yardım şöbələri ilə bərabər, yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri fəaliyyət göstərir. Xəstəxananın baş həkimi Nəriman Seyidov bildirdi ki, hazırda burada 24 həkim və orta tibb işçisi çalışır. Onlardan iki nəfər - Roza Quliyeva və Səbuhi Həsənov Naxçıvan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra pediatr kimi Türkiyənin Qeysəriyyə və İzmir şəhərlərindəki tibb müəssisələrində xüsusi təcrübə kursları keçiblər.

Sərhəd bölgəsində cari ilin ən böyük quruculuq işlərinin həcmi isə ən çox rayon mərkəzi Heydərabad qəsəbəsində hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, sərhəddə yeni qəsəbənin salınması ideyası hələ ötən əsrin 70-ci illərinin sonlarından ortaya atılmışdı. 1978-ci ilin oktyabr ayının 15-də Yerevandan avtomobillə Naxçıvana gələn ulu öndər Heydər Əliyev sərhəd xəttinə yaxın boş və sahibsiz qalan torpaqları seyr edərək burada böyük bir qəsəbənin salınması ideyasını irəli sürmüşdü. Sonralar müdrik siyasətçi qəsəbənin yaranması barədə belə demişdir: "Mən Azərbaycanın başçısı olduğum zaman kənddən, yəni Sədərəkdən aralı bir qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, "bu bizimdir, o bizimdir" deyirdilər". Sonralar ulu öndər yeni qəsəbənin salınması üçün öz dəstəyini əsirgəmədi. Qısa vaxt ərzində hər biri iki mərtəbədən ibarət olan 400 yerlik nümunəvi yaşayış binalarının layihə-smeta sənədləri hazırlandı və 80-ci ilin əvvəllərindən ərazidə inşaat işlərinə başlanıldı. Amma çox təəssüf ki, başlanan böyük quruculuq işləri sonrakı illərdə yarımçıq qaldı, inşa olunan evlərin sayı 75-i ötmədi, bir çox sosial obyektlərin tikintisinə isə heç başlanılmadı. Bununla belə, sərhəd xəttində gələcəkdə düşmənlərimizə göz dağı olacaq yaşayış məskəninin təməli qoyulmuşdur və bu gün abadlığı, səliqə-sahmanı ilə şəhərdən geri qalmayan Heydərabad qəsəbəsi həmin təməl üzərində qurulur, inkişaf edir. Qəsəbədəki inzibati binalar əraziyə xüsusi gözəllik verir. 504 şagirdlik orta məktəb binasında aparılan əsaslı təmir işləri tədrisin səviyyəsini artırmağa imkan yaradıb. Heydərabadda həmçinin 3 müharibə əlilinə, 13 qaçqın ailəsinə fərdi yaşayış evləri tikilib, sərhəd xətti yaxınlığında hər biri 2 mənzildən ibarət olan 8 ikimərtəbəli yaşayış evi hərbçi ailələrinin ixtiyarına verilib. Bundan əlavə, yeni, müasir layihə əsasında hər biri iki mərtəbədən ibarət olan16 mənzil inşa edilib və onlar pulsuz olaraq mənzilə zəruri ehtiyacı olan ailələrə verilib.

Yeni mənzil sevinci yaşayanlardan biri qəsəbə orta məktəbinin müəllimi Rza Seyidovun ailəsidir. İndiyədək qəsəbədəki köhnə və yararsız yardımçı binaların birinə sığınmış Seyidovlar ailəsi bu diqqətə görə dövlətə minnətdardır. Azərbaycan Vətən müharibəsi iştirakçısı Vidadi Məmmədhəsənov da 5 nəfərlik ailə üzvləri ilə birlikdə yeni mənzilə köçüb. İxtisasca mühasib olan Cəmil Babayev isə 53 yaşında mənzil sahibi olub. Onlar da dövlətin öz vətəndaşlarına qayğısından razılıq edirlər. Deyirlər ki, dövlətimizin indiki iqtisadi gücü və qüdrəti olmasaydl, onların yeni mənzillə təmin edilmələri də mümkün olmazdı.

Bu il ərzində sərhəd rayonunun inzibati mərkəzində həmçinin Ticarət mərkəzi, Rabitə evi, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binalar tikilib. Muzeydə rayon ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış 1000-dən çox maddi-mədəniyyət nümunəsi nümayiş olunur. Onların xeyli hissəsi tariximizin enolit və tunc dövrlərinə, orta əsrlərə aiddir.

Sədərək RİH-in başçısı Abbasqulu Abbasov bildirdi ki, üzümüzə gələn ildə də rayon ərazisində tikinti-quruculuq işləri səngiməyəcək. Bu isə məkrli düşmənlə üz-üzə dayanan rayonun daha da möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşdırılması deməkdir.

 

Məmməd MƏMMƏDOV,

 

Azərbaycan.- 2010.-9 dekabr.- S. 6.