Ən böyük
azərbaycanlı
Azərbaycanın özü
qədər əbədi
7 il
öncə, 2003-cü il oktyabrın 1-də ulu öndər
Heydər Əliyev Azərbaycan xalqına son müraciətini
etdi, tövsiyəsini verdi. Dünyanın ən böyük
azərbaycanlısı bu müraciətində həm də
uğurlu fəaliyyətinin, daha doğrusu, Azərbaycanın
qazandığı zəfərlərin formulunu belə
açıqlayırdı: "Mənim Azərbaycan
Respublikasına bütövlükdə rəhbərliyimin 34,
müstəqil Azərbaycan dövlətinə Prezident kimi
rəhbərliyimin isə 10 ili tamam olur. Bu
illərdə istər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı, istərsə
də onun rəhbəri, prezidenti kimi mənim həyat
amalım yalnız sizə - bütün varlığım
qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olmuşdur. Bu
yolda bütün gücümü və iradəmi yalnız
müdrik və qədirbilən xalqımdan almışam.
Ən çətin anlarda, ən mürəkkəb
vəziyyətlərdə yalnız və yalnız xalqıma
arxalanmışam. Bu da mənə dözüm, iradə verib
və bütün uğurlarımı təmin edib".
34 il və
Azərbaycan - Heydər Əliyev vəhdəti...
10 il və
Azərbaycan - Heydər Əliyev zəfər yolu...
Bu, tarixin statistik
göstəricisi deyil! Bu, tariximizin az
təsadüf edilən şərəf və qeyrət,
ucalıq və intibah, layiqli dövlətçilik və
fədakar vətəndaşlıq səhifəsinin ən
möhtəşəm sətirləridir! Heydər Əliyev
haqda yazılan külliyyatların, çəkilən
filmlərin, deyilən fikirlərin sayı bu
Şəxsiyyətin malik olduğu qüdrətin heç onda
birini də vəsf etməyə kifayət deyil! Bu tərs-mütənasibliyin səbəbini heç
də ortada olan sənət nümunələrinin
yaradıcı uğursuzluğunda, yaxud da səslənən
mülahizələrin və münasibətlərin
əsassızlığında axtarmağa lüzum yoxdur.
Əksinə... Səbəb sözün ən
səmimi, ən uca, ən bəkarətli məqamının
da Heydər Əliyev zirvəsindən çox
aşağıda olmasıdır. Ən ali
söz belə, bu İnsanın xalqı və dövləti
qarşısında göstərdiyi misilsiz xidmətləri,
eləcə də millətinin bütün
nailiyyətlərinə, sevinclərinə, ən
nəhayət, uzun illər həsrətini çəkdiyi
normal yaşayışına görə Liderinə
bəslədiyi münasibəti əks etdirməkdə
gücsüzdür. Əslində, söz və onun
müəllifləri müasirlərini təhlil etməkdə
tam obyektiv ola bilməz, həmçinin
onların qiymətləndirmə əmsalı da
həqiqətin və dərketmənin yükünü tam
çəkməyə qadir deyil!
Bu fikirlərdə nə
mübaliğə, nə də ki şişirtmə var. Bir
neçə ildən sonra Azərbaycan vətəndaşı
yeni neft strategiyasının daha böyük
uğurlarının bəhrəsini dadanda, sərhəd qonşuluğunda
məskunlaşan dövlətlərin zəifliyini və
məmləkətimizə daha çox
möhtaclığını görəndə, beynəlxalq
miqyasda ölkəsinin qəbuledilmə səviyyəsinin daim
yüksəlməsindən qürur duyanda, elminə,
təhsilinə, mədəniyyətinə, demokratik
nailiyyətlərinə, yaşayış şəraitinə,
bir sözlə, azad və inkişaf etmiş dövlətin
vətəndaşı olmağına görə
yaşadığı fəxarət hissinin səbəbinin,
daha doğrusu, Səbəbkarının əsl qiymətini tam
dolğunluğu ilə verəcək. Zamanı yazan, tarixi
yaradan bütün dahilərin taleyidir bu!
Bəli, belə dahilərin
əsl qiymətini yazdıqları zamana uyğun olaraq tarixin
özü verir, kiminə beş ildən
sonra, kiminə isə on ildən...
vuv
Heydər Əliyevin
"ulduz"u Azərbaycanın siyasi
kəhkəşanında 41 il öncə
parladı. Bu İnsanın iyerarxiya
irəliləyişlərinin əsl səbəbi malik olduğu
şəxsi keyfiyyətləri, qabiliyyəti və
bacarığı idi. Hələ məlum
1969-cu ilin 14 iyulundan çox illər öncə Onun fərdi
xüsusiyyətləri yüksək qiymətləndirilir
və ölkənin kadr potensialında minimum səviyyədə
təmsil olunan milli kontingentin ən perspektivli nümunəsi
kimi xarakterizə edilirdi. O özünə
həmişə etimad qazandırmağı bacarıb. Və məhz bu etimadı gözləniləndən
də yüksək dərəcədə
doğrultmağı bacardığından etimadlar
silsiləsini daim genişləndirməyə müvəffəq
olub. Əvvəl kiçik rəislərdən, sonra
vəzifəli şəxslərdən, daha sonra isə
xalqından...
İlk
böyük administrativ irəliləyişi 1967-ci ildə
Dövlət Təhlükəsizlik Komitəsinə sədr
təyin edilməsi idi. Uzun onilliklər, daha dəqiq desək, son 40 il ərzində qeyri-azərbaycanlıların
rəhbərlik etdiyi və azərbaycanlıların milli
hissləri üzərində "at oynatdığı"
bu qorxulu komitəyə yeni sədrin təyinatı
məmləkətimizin o dövrkü ictimai məntiqi ilə
heç cür izah edilə bilmirdi. Çünki
Heydər Əliyev əməliyyat müvəkkilliyindən
komitə sədrinin müavinliyinə qədər keçdiyi
yolda Azərbaycanın da məngənəsində olduğu
rejimin öz kadrlarından gözlədiyi
öhdəliklərin heç birini yerinə
yetirməmişdi. Nə azərbaycanlı
millətçilərin ifşası ilə bağlı
istintaq aparmış, nə də bu məqsədlə Ona
tapşırılmış əməliyyat tədbirlərini
"uğurla" başa vurmuşdu. Apardığı
istintaq işlərinin nəticəsinə görə isə
heç bir azərbaycanlı siyasi motivlə məsuliyyət
daşımırdı.
Yəni, çekist Əliyev
çekist "planını" doldura bilmirdi!
Bir
sözlə, "çekistin milləti və hissləri
olmur" kredosu ilə Heydər Əliyevin fəaliyyəti
daban-dabana zidd idi. Ancaq yeni dəyişən mərkəzi
rəhbərlik İttifaqı bürümüş
xruşşovsayağı çürük və
biabırçı idarəçiliyə xitam vermək
üçün güclü kadrlara ehtiyac duyurdu. Brejnev və Andropov riskə getdi.
Və nəhayət ki, bu
rejimdən Azərbaycan da qazandı!
Pəncərələrindən
düz 57 il aramsız olaraq Azərbaycan
dilində qışqırıqlar, ağlaşma
sədaları ucalan bu qorxulu binada məmləkətin əsl
sahibi olmalı millətin aman diləyən səsini bu
MTN-in
muzeyində DTK-nın "ÇK" olan vaxtından,
yəni, 1920-ci ildən 1969-cu ilədək olan
dövrlərdə komitədə çalışan
əməkdaşların milli mənsubiyyət
göstəricisinin şkalası asılıb. Görməyənlərə
izahat: bu şkalada azərbaycanlıların göstəricisi
1967-ci ildən etibarən 90 dərəcəli bucaq altında
şaquli artır, ermənilərin, rusların
göstəriciləri isə eyni bucaq və forma altında
aşağı enir. Elə bu fakt Heydər Əliyevin
həyatının və fəaliyyətinin DTK
dövrünü tam əks etdirməyə yetərlidir!
Heydər
Əliyev Azərbaycan qarşısında ilk sınaqdan
uğurla və ALNIAÇIQ çıxdı. Azərbaycan Onu daha geniş
səlahiyyətlərlə, daha ali missiya
ilə gözləyirdi...
vuv
Artıq
Azərbaycan tarixinin əsrlərdir ki tamarzı
qaldığı möhtəşəm səhifəsi
açılırdı, təqvimdə 1969-cu ilin iyulu idi.
Azərbaycan
kommunistləri ölkəyə rəhbərliyi 46
yaşlı Heydər Əliyevə həvalə etdilər. Ölkə
rəhbərliyində dəyişikliklər özünü
yalnız yaş göstəricilərində büruzə
vermirdi, əsas fərqlilik təfəkkürdə,
məmləkətə və xalqa münasibətdə, milli
potensialın istifadəsində təzahür edirdi. Heydər Əliyev "başlamaq"
üçün gözləmədi, dərhal
fəaliyyətə keçdi. Təyinatından
düz 3 həftə sonra növbədənkənar plenum
çağırıldı. Və şəxsən
"birincinin" özü cəmiyyətdə,
idarəçilikdə baş alıb gedən
özbaşınalığın, qanunsuzluğun
mövcudluğundan danışır, ən əsası
isə hamını şoka salan bəyanat verirdi:
içimizdə rüşvətxorlar var və
rüşvət cəmiyyəti içindən yeyir. Plenumun
gənc nümayəndələrinin "Kişi yaman
başladı" narahatlığını partiya
intriqalarında saç-saqqal ağartmış "qoca
qurdların" gülərək "əsas odur ki,
yaxşı da qurtara bilsin" ironik münasibəti
müşayiət edirdi. Zaman çox qısa müddət
ərzində Heydər Əliyevin gücünü,
bacarığını, saraydaxili intriqaları hansı taktika
ilə neytrallaşdırdığını hər
kəsə sübut etdi!
Bu, Heydər Əliyev idi,
sadə azərbaycanlının mifik
təfəkküründəki adil hökmdarın müasir
prototipi, ədalət mücəssəməsi və canlı
idarəçilik ensiklopediyası!
Qorxmalı olan
Ondan qorxur, sadə vətəndaş sevir, vəzifəli
şəxslər isə fəaliyyətlərini Əliyev
metodları ilə qururdular.
Bu İnsan əsl
azərbaycanlı örnəyi yaradırdı!
Vətəndaş
qürur duymağa rəhbər, bənzəməyə kamil
nümunə, problemlərinin həllini bacaran həmdəm
tapmışdı.
Heydər Əliyevin ilk idarəçiliyi
13 il 4 ay çəkdi. Bu
epoxanı tam mənasında dərk edə bilmişikmi?
Deyəsən, bu mərhələ də tarixin
qiymətini dolğunluğu ilə almayıb. Həmin illərin uğur təzahürləri
tək Azərbaycanın iqtisadi gücünün
artırılıb, iqtisadi muxtariyyətin bərqərarı
ilə yekunlaşmadı. Bu,
milli-mənəvi, mədəni, ədəbi
yüksəlişlərlə, əsl azərbaycanlı
düşüncə tərzinin və şüurunun
yaranması ilə davam etdi. Saxta
beynəlmiləlçilik dalğasında milli mənliyini
itirən, dilini unudan, kimliyini danan, tarixindən imtina edən,
əcdadından dönən azərbaycanlı dövlətin
təzyiqi ilə qarşılaşdı. Bəli,
Heydər Əliyev azərbaycanlıya azərbaycanlı
olduğunu qəbul etdirmək, Azərbaycana Azərbaycan ruhunu
qaytarmaq üçün bütün administrativ resursları
ilə hücuma keçmişdi.
Bu Şəxs
Heydər Əliyev olmazdı ki, islahatlarının hüquqi
əsaslarını formalaşdırmasın. Əvvəl ali
və orta məktəblərin sayının bir neçə
dəfə artırılması, milli ədəbiyyata,
folklora, mədəniyyətə və
incəsənətə dövlət qayğısının
gücləndirilməsi barədə qərarlar verildi, daha
sonra Azərbaycan dili dövlət dili kimi ölkə
Konstitusiyasında təsbit edildi. Azərbaycanda
Azərbaycan ruhu və azərbaycanlı mahiyyəti hakim idi.
Azərbaycan heç vaxt
olmadığı kimi azərbaycanlıların idi!
Milli ruh, milli
mənəviyyat, milli keçmiş, milli intibah artıq adi
söz deyildi, bunlar cəmiyyətin və
vətəndaşın əsas xüsusiyyət
göstəriciləri idi. Heydər Əliyev
Azərbaycanı müstəmləkə kimi deyil, iqtisadi
və milli-mənəvi muxtariyyəti olan ölkə tək
yaşadırdı.
Heydər
Əliyev mərkəzi rəhbərliyin partiya funksionerləri
üçün "cızdığı
cızıqdan" çoxdan çıxmışdı,
bununla kifayətlənməyərək hələ
rəhbərlik etdiyi Azərbaycanı da İttifaqın
"cızığından" çıxarırdı. O, fəaliyyəti ilə
tarixə ibrət dərsi verirdi ki, ən qəddar
tiranların idarəçiliyində, ən qanlı
imperiyaların məngənəsində olanda da öz
ölkənə, xalqına xidmət edə bilərsən. Bunun üçün tələb olunan yeganə
şərt yerli rəhbərin müti olmaması,
şəxsi mənafeyi naminə dövlətini və
millətini aşağılamamasıdır. Bu idarəçilik nümunəsi İttifaqın
mövcudluğu dönəmində Azərbaycanda nə
Heydər Əliyevdən əvvəlki dövrdə, nə
də postəliyev zamanında göstərilmişdi.
Heydər Əliyev
Azərbaycanın taleyində saysız-hesabsız
müsbət istisnaların müəllifidir!
Növbədə
məmləkətimizin "altına qoyulmuş gec partlayan
bomba" - Dağlıq Qarabağ Muxtar Vilayətində
Azərbaycan üsuli-idarəsini bərpa etmək idi. Rəhbər
DQMV-də meydan sulayan erməni hikkəsini elə ustalıqla
yatırdı ki, vilayət erməniləri bir də ən adi
məsələyə görə də rəsmi Bakının
icazəsinin alınması qərarını oxuyanda
ayıldılar. Ermənilərin
"göz dağına" çevrilmiş bu
Azərbaycan
böyük bir tikinti meydanına, quruculuq məkanına
çevrilmişdi. Kəndlərə şəhər
siması gətirən Rəhbər bu
məntəqələrdə müasir tipli
məktəblər, xəstəxanalar, mədəniyyət
ocaqları, ictimai-iaşə obyektləri inşa etdirirdi.
Şəhərlərdə hər kvartalda yeni
fabrik və zavodların açılması ənənə
halını almışdı. Mərkəzin
həyata keçirdiyi "bütün respublikaların
bir-birindən iqtisadi və xammal asılılığı
siyasəti" Azərbaycanda iflasa uğradı. Yeni istehsal sahələri ölkənin iqtisadi
müstəqilliyinin daha da artmasını
şərtləndirirdi. Əhalinin sosial
durumu qat-qat artırdı. Sənaye,
kənd təsərrüfatı, istehsal dinamik inkişaf
edirdi. Neft sektoruna diqqət isə
xüsusi əlahiddə əhəmiyyət kəsb edirdi.
Ucsuz-bucaqsız imperiyanın kiçik əyalətində
gedən böyük quruculuğun yeganə Müəllifinin
öz vətəndaşını layiqli yaşatmaq və
halallıqla dolandırmaq üçün göstərdiyi
fədakarlıqlar bitib-tükənmirdi...
vuv
Heydər
Əliyevin adı artıq bütün İttifaq boyu
yayılmışdı. Bu gənc qafqazlının kiçik
respublikada gördüyü böyük işlər
hamının diqqətini cəlb edirdi. Kimisi
Onu beynəlmiləlçilik prinsiplərindən və
Ümumittifaq mənafeyindən kənara çıxan
şovinist-millətçi, kimisi isə yaxın müddətdə
Kreml kabinetlərində yerləşəcək perspektivli kadr
kimi dəyərləndirirdi. O isə öz
işində, quruculuğunda, xidmətində idi.
Hər il
növbəti qırmızı ulduzun sancıldığı
bayraq ağırlıqdan qəddini nə qədər
əyirdisə, Azərbaycanın adı və onun birincisinin
nüfuzu dəfələrlə yüksəlirdi!
"Heydər Əliyev
Azərbaycana sığmır, Moskvanın da ona ehtiyacı
var" - ötən əsrin 80-ci illərinin ilk
illərində İttifaq iyerarxiyasının ən ali pilləsində - Siyasi Büroda gedən
müzakirələrin əsas mövzusu bu idi. Ancaq
daş qayaya rast gəlmişdi. Siyasi
Büronun üzvlüyünə namizəd seçilsə
də, Kreml yenə də Heydər Əliyevin
"könlünü ala" bilmirdi. O,
Azərbaycanı tərk etmək niyyətində deyildi. Yağlı vədlər, daha yüksək
mənsəb və səlahiyyət də bu İnsanı
fikrindən, daha doğrusu, missiyasından döndərmək
gücündə deyildi.
1982-ci ildə İttifaq
rəhbərliyində böyük dəyişikliklər
baş verdi. Yeni rəhbər Andropovun
başladığı yenidənqurma siyasəti (bu siyasəti
3 il sonra dünyanın ən məkrli
avantüristlərindən biri mənimsəyərək
məhv edəcəkdi) İttifaqda onilliklər boyu
formalaşan bürokratik aparatı ləğv etmək,
ölkə ərazisində sənayeni, iqtisadiyyatı, aqrar
sektoru gücləndirmək, əhalinin sosial vəziyyətini
stimullaşdırmaq kimi prinsipləri ehtiva edirdi. Baş katibin peşəkarlara ehtiyacı vardı.
Kremlin mahir intriqanları İttifaq
üçün belə taleyüklü prosesi aparmağa qadir
deyildilər.
Nəzərlər
yenə də Heydər Əliyevə dikilmişdi. Bu dəfə
etiraz etmək mümkün deyildi. Çünki
Kremlin yeni sahibindən Əliyevsiz qalacaq Azərbaycana heç
bir zərər toxunmayacaqdı.
Heydər Əliyev artıq
dünyanın altıda birini təşkil edən
böyük bir dövlətin ən ali
rəhbərliyində dördüncü adam idi (Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən
yüksək yalnız üç post var idi: baş katib, Ali
Sovetin sədri və Nazirlər Sovetinin sədri). "Kremlə sancılan əzəmətli Türk
Bayrağı" İttifaqın bütün
sənayesinə, iqtisadiyyatına, təsərrüfatına,
elminə, təhsilinə, mədəniyyətinə,
səhiyyəsinə, tikintisinə, bir sözlə,
bütün strateji sahələrinə birbaşa
rəhbərlik edirdi. O, Siyasi Büronun üzvü kimi
dövlətin xarici və daxili siyasətini
müəyyənləşdirən əsas simalardan
sayılırdı. Bu, Azərbaycana və
azərbaycanlıya olan çox böyük etimad idi. Bu, yalnız bir fərdin yüksəlişi deyildi,
bütünlüklə dövlətimizin və
xalqımızın uca zirvəni fəth etməsi idi. Bu, siyasət fatehi ilə qürur duyan kiçik bir
məmləkətin misilsiz sevincinin növbəti
təzahürü idi.
Heydər Əliyev yeni
postunda tam 5 il çalışdı. Azərbaycanı böyük tikinti meydanına
çevirən İnsan fəaliyyətini indi daha geniş
müstəvidə davam etdirirdi. Brestdən
Vladivostokadək, Norilskdən Həştərxana qədər
on minlərlə tikinti meydanının, Baykal-Amur
magistralının baş inşaatçısına
çevrilən bu böyük Azərbaycanlının
xidmətlərini indi Belarusda, Latviyada, Ukraynada,
Gürcüstanda, Özbəkistanda və daha
neçə-neçə keçmiş müttəfiq respublikalarda
böyük hörmətlə xatırlayırlar. Bu müddətdə Heydər Əliyev,
şübhəsiz ki, vətənini unuda bilməzdi. Həmin illərdə mərkəzdən
Azərbaycana ayrılan vəsaitlərin həcmi
dəfələrlə artırılmış, respublikada
gedən quruculuq işlərinə daha geniş və
münbit zəmin yaranmışdı.
Onun
təşəbbüskarlığı tək maddi quruculuq
məsələləri ilə bağlı deyildi. O, sistemdə, ideoloji
prinsiplərdə, idarəçilik metodlarında islahatlar
aparmaq təklifini cəsarətlə irəli
sürürdü. Siyasi Büronun iclaslarında
Heydər Əliyevin "müttəfiq respublikalara
sərbəstlik verilməlidir, onlar vəsaitlərinin
məsrəfində müstəqil olmalıdırlar,
Qərbdən gələn demokratikləşmə və
yeniləşmə dalğasına hazır
olmalıyıq" çağırışları
qəlibləşmiş stereotiplərin və
"parçala, hökm sür" hökmünün
daşıyıcısı olan çinovniklərin yuxusuna
haram qatmışdı. Xarici
səfərlərində tək jurnalistlərin və
həmin dövlətlərin ictimaiyyətinin deyil, həm
də ölkə rəsmilərinin də diqqətini cəlb
etməsi, səfərlərindən sonra həmin xarici
dövlətlərin mətbuatında haqqında yüksək
fikirlər səsləndirilməsi Ona Kreml kuluarlarında
qısqanc münasibət formalaşdırırdı.
1985-ci ildə yeni baş
katibin seçimi ilə bağlı gedən
müzakirələrdə tez-tez səslənən "Siyasi
Büronun ən cavan, ən nüfuzlu, ən bacarıqlı
üzvü baş katib seçiləcəyi təqdirdə,
dövlət və partiya nüfuzunu bərpa edə
bilər" məntiqi seçimi alternativsiz olaraq məhz
Heydər Əliyevin üzərinə yönəltdiyindən
"baş katib slavyan mənşəli olmalıdır"
hökmü özünü çox gözlətmədi. Və təsadüfi deyil ki, seçimi "bu
türkün məqsədi İttifaqı
möhkəmləndirmək yox, onu dağıtmaqdır"
qeybətlərinin əsas müəlliflərindən olan
M.Qorbaçov "qazandı".
Bəli,
bacarığı və qabiliyyəti Heydər Əliyevi
dünyanın ən güclü iki dövlətindən
birinin rəhbərliyinə doğru sürətlə
aparırdısa da, onun milli mənsubiyyəti bu
yüksəlişdə maneəyə çevrilirdi. "Azərbaycanlı
kimi dünyaya gəldiyimə, Azərbaycan dilində
danışdığıma, Azərbaycanı təmsil
etdiyimə görə özümü çox xoşbəxt
sayıram" sözlərinin müəllifi bu
münasibətdən kədərlənə, milli
mənsubluğundan heyifsilənə bilərdimi? "Bütün
gücümü və iradəmi yalnız müdrik və
qədirbilən xalqımdan almışam" fikrinin sahibi
başqa cür ola bilərdimi?.. Bilmədi
də!
Bu arada sevimli
ömür-gün yoldaşını itirdi. Bu, itkilərin
başlanğıcı idi...
Artıq bu
böyük İnsanın mənəvi dünyasında
qayğıları günü-gündən artırdı. Yeni rəhbərliyin
cəsarətinə sığışdırıb
açıq apara bilmədiyi, ancaq pərdə arxasında
daim genişləndirdiyi intriqalar, partiya yoldaşlarının
buqələmun xislətləri, Onun xofu ilə yaşayan
səriştəsiz kadrların irəli çəkilməsi,
daha sonra isə baş katibin xeyir-duası ilə Ermənistanın
separatçı meyillərinə münbit şəraitin
yaradılması, Azərbaycana qarşı mənfi
münasibətin daha da kəskinləşməsi, ən
ağrılısı isə respublikada Onun siyasi kursuna
xəyanət edilməsi Heydər Əliyevi mənən
ağrıdırdı. Azərbaycanın
rəhbərləri M.Qorbaçovun diktəsi ilə Onunla
münasibəti də kəsmişdilər. Hətta ürəyindən müalicə olunanda
belə, Onu Azərbaycandan ziyarət edənlər yalnız
sadə vətəndaşlar, statussuz ziyalılar, elm,
sənət xadimləri idi. Bu
müddətdə Azərbaycandan aldığı
təskinlikverici teleqramların sayı günü-gündən
artdığı kimi, bu məmləkətdən onun
əleyhinə Kremlə göndərilən donosların da
sayı çoxalırdı.
Bu, xəyanət idi! Dost
hesab etdiklərinin, əllərini çörəyə
çatdırdıqlarının, mənsəb sahibi
etdiklərinin, etimad göstərdiklərinin, özünə
varis saydıqlarının, qayğısını
çəkdiklərinin xəyanəti! Bu, bütün
dahilərin taleyidir ki, Heydər Əliyev də bu taleyi
bölüşməyə məhkum idi...
Bəziləri
zənn edirdi ki, artıq Heydər Əliyevin qürubu
başlanıb. Bəziləri sonralar da Heydər
Əliyevin qürubu ilə bağlı proqnoz
zənlərində yanılacaqdılar. Siyasi qürub bu
İnsana heç vaxt yaxınlaşa bilməyib,
yaxınlaşa bilməzdi də! Bu İnsan infarktdan sonra
böyük siyasətə qayıtmağı, siyasi
mühacirətdən sonra hakimiyyətə dönməyi,
ağır cərrahiyyə əməliyyatından sonra
gərgin fəaliyyətinə baxmayaraq səhhətini
qısa müddətdə bərpa etməyi,
yıxıldıqdan və qabırğalarını
zədələdikdən sonra yenidən zala
qayıtmağı bacaran, buna cəsarəti çatan, ən
nəhayət, mənəvi mövcudluğu ilə
əbədiyaşarlıq haqqı qazanmış
KİŞİdir!
Müqavimət
göstərmək əbəs idi. Bu böyük İnsan
istefa ərizəsini yazmağa heç bir çətinlik
çəkmədi. 1987-ci ilin 21
oktyabrında İttifaq rəhbərliyində
daşıdığı vəzifədən və Siyasi
Büro üzvlüyündən ayrıldı. O, bir daha
sübut etdi ki, hakimiyyət Onun üçün məqsəd
deyil, sadəcə, dövlətinə və xalqına, Ona etimad
bəsləyənlərə xidmətdir.
O, nümayiş etdirdi ki,
daşıdığı vəzifə nə qədər
yüksək olsa da, malik olduğu hakimiyyət nə
qədər ali səciyyə daşısa
da, Heydər Əliyevin yalnız elə quruca adı bu iyerarxik
məqamlardan həmişə yüksəkdə dayanıb!
Vəzifələr ona
hörmət gətirməyib, O, bütün
vəzifələrə şərəf bəxş edib!
1987-ci ilin 21 oktyabrında
Heydər Əliyev vəzifəsindən və Siyasi Büro
üzvlüyündən istefa verdi. İki
həftə sonra Dağlıq Qarabağ
münaqişəsində 60 il davam
edən atəşkəs pozuldu. Heydər Əliyevin
vəzifəsizliyinin on günlüyünü
ermənilərin belə qeyd etməsi bu Kişinin
mübaliğəsiz olaraq AZƏRBAYCANIN GÜCÜ
olduğunu ən bariz şəkildə göstərirdi!
Rəhbər
postlardan istefa verməklə isə Heydər Əliyevin
Azərbaycan tarixində ikinci QURTULUŞ missiyası
başladı.
vuv
İttifaq
əhəmiyyətli təqaüdçü
həyatını Kreml bağlarında dincəlməklə
davam etdirə bilməzdi. Belə bir ömür
Heydər Əliyevə əsla yaraşmazdı, özü
də həyatını həsr etdiyi dövləti və
xalqı böyük məşəqqətlərin məngənəsində
olduğu bir vaxtda. Artıq Heydər
Əliyevə qarşı qanlı repressiya maşını
işə düşmüşdü. Ailəsi
olmazın problemlərə düçar edilmişdi. Oğlu
İlham və qızı Sevil iş yerlərini
itirmişdilər. Bakıda yaşayan
qohumları daim təhlükə içində idilər.
Onunla Azərbaycanda əlaqə saxlayanların
da günü xoş keçmirdi. Onu
Azərbaycana qayıtmağa da qoymurdular. Ancaq
O nə geri çəkildi, nə də sındı. Çünki bilirdi ki, dövləti və xalqı
Onu gözləyir. Kreml və Bakı
rəhbərliyi hətta ən qanlı terror ssenariləri,
mənəvi təzyiqlərlə də Heydər Əliyev
qarşısında tərksilah oldular. 1990-cı
ilin iyununda Heydər Əliyev Azərbaycana qayıtdı.
Artıq Onun
Azərbaycanda yürüdəcəyi yeni fəaliyyətin
konturlarını xalq müəyyənləşdirmişdi,
özü də Heydər Əliyevlə
məsləhətləşmədən. Onun davamlı etirazlarına
baxmayaraq, deputatlığa namizədliyi irəli
sürüldü, kəskin şəkildə imtinasına
əhəmiyyət vermədən xalq onu Azərbaycanın
və Naxçıvanın ali
sovetlərinə deputat seçdi. Xalq Ondan əl
çəkə bilməzdi! Çünki qurtuluşu 1969-cu
ildə olduğu kimi, yalnız O, bəxş edə
bilərdi!
Bu, Azərbaycanın
seçimi idi!
1991-ci ilin
əvvəllərində Heydər Əliyev Azərbaycan
parlamentinin deputatı kimi gərgin fəaliyyətə
başladı.
Çıxışlarının əsas
leytmotivi Dağlıq Qarabağ probleminin həlli ilə
bağlı rəsmi Bakının daha cəsarətli
mövqe tutması və Kremlə əsassız yerə
güvənməkdənsə, əhalinin müdafiəsinin
təşkilinin dövlətin himayəsinə verilməsi
idi. Yeni İttifaq müqaviləsinə
qoşulmaq üçün keçirilən referenduma
qarşı çıxan Heydər Əliyev həmin zaman
Azərbaycanın perspektiv müstəqilliyinin yeganə
tərəfdarı kimi çıxış edirdi. "Komblok"un boşboğaz ittihamlarını
"Demblok"un avantüraları müşayiət edirdi.
Siyasi gərginliyin və hərbi təcavüzün
yaratdığı xaosdan bəhrələnərək
hakimiyyət bölgüsünü yenidən həyata
keçirmək istəyən hər iki düşərgə
üçün yeganə qorxu var idi: xalqın Heydər
Əliyevə hədsiz rəğbəti və Onu
özünə alternativsiz rəhbər kimi görməsi.
Bakıdakı
ucuz intriqalar, saray çəkişmələri iyrənc
xarakter almışdı. Heydər Əliyev bir
qədər dincəlmək üçün Naxçıvana
qayıdır. Ancaq Ona dincəlmək qismət deyil! Özünün qəti etirazlarına, rəsmən
imtinasına baxmayaraq, Naxçıvan sakinlərinin
uzunmüddətli mitinqlərindən sonra muxtar respublikanın
Ali Məclisinə rəhbərlik etməyə
razılaşır. O, xalqın arzu və
istəkləri ilə yenidən siyasi olimpə doğru
irəliləyirdi.
Naxçıvan
Azərbaycanın müstəqillik savaşının ideya
və real fəaliyyət mərkəzinə çevrildi. Məhz ilk dəfə
Naxçıvanda dövlət atributları rəsmən
qəbul olundu, bayrağımız rəsmi formada
dalğalandı, "Sovet Sosialist" sözündən
imtina edildi, sovet qoşunları ərazini tərk etdi,
sərhəd məntəqələrində Azərbaycan
bayrağı ucaldıldı, tarixi ədaləti və
müstəqil dövlətçilik prinsiplərini
bərqərar edən fərmanlar imzalandı. Heydər
Əliyevin bu təşəbbüslərini sonradan
Azərbaycan Milli Şurası da
rəsmiləşdirməyə məcbur oldu.
Heydər
Əliyev Azərbaycan məkanında əsl müstəqillik
və layiqli dövlətçilik nümunəsini
formalaşdırdı. Blokadada olan bölgəni yaşatmağa
müvəffəq oldu. Əhalinin
təhlükəsizliyini təmin etdi. İşğalın
qarşısını aldı. Xalqın
qarşısında müqayisə üçün iki siyasi
xətt var idi: siyasi intriqa və dövlətə
xəyanət timsallı avantüristlər, yaxud da
dövləti qorumağı, vətəndaşı
yaşatmağı bacaran kamil idarəçilik sistemi.
Seçim
Azərbaycanın xeyrinə idi. 1993-cü ilin iyun
hadisələri Azərbaycanın intizarla sözünü
gözlədiyi İnsanın hakimiyyətə
dönüşünü tezləşdirdi. Azərbaycanın taleyində yeni səhifə
açıldı.
vuv
Heydər Əliyev
Azərbaycana ordu, əsgərə ehtiram, qürur bəxş
etdi! Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar,
demokratikləşmə, iqtisadi yüksəliş, sosial
inkişaf gətirdi! Heydər Əliyev
vətəndaşına ən ali hüquq
və azadlıqlar, sərbəstlik, təkmil konstitusiya, azad
və ədalətli seçkilər, xalqın səsi ilə
ərsəyə gələn parlament verdi! Heydər Əliyev
MDB-də ilk dəfə olaraq torpaq islahatı apardı və
torpağı minilliklərlə ölçülən
tariximizdə kəndliyə təmənnasız bağışladı!
Heydər
Əliyev nefti "fəlakət mənbəyindən"
yüksəlişin əsas amilinə və ümumxalq
sərvətinə çevirdi. Və onu yalnız
maddi inkişafın elementinə çevirmədi, həm
də millətin və dövlətin əsrlər boyu davam
edəcək intibahının və təhlükəsizliyinin
əsas təminatı etdi. Heydər
Əliyev şəffaf özəlləşdirmə prosesinin
banisi oldu, xalqı mülkiyyətçiyə, sahibkara, pul
yiyəsinə çevirdi, halallıqla dolanmağı və
çörək qazanmağı öyrətdi. Heydər Əliyev Azərbaycana milyardlarla dollar
həcmində sərmayə, yüz milyonlarla vəsaitin
ümumiləşdiyi Neft Fondu, həcmi milyard dolları
ötən valyuta ehtiyatı gətirdi.
Heydər Əliyev məcburi
köçkünü bataqlıqdakı çadırdan
müasir evlərə köçürdü, onların
öz doğma yurdlarına dönmələri üçün
isə dünyanı, beynəlxalq təşkilatları
qarış-qarış gəzərək Azərbaycanın
haqq səsini qəbul etdirdi və Ermənistanın
təcavüzkar siyasətini ifşa edərək
qələbəmizin siyasi, diplomatik və informativ zəminini
formalaşdırdı. Ən əsası
isə xalqda böyük zəfərə inam yaratdı.
Heydər
Əliyev Azərbaycan kişisini yoxsulluqdan övladlarını
normal dolandıran ailə başçısına
çevirdi, sabahına inamsızlığı daha uğurlu
perspektivə olan ümidlə əvəzlədi, ruh
düşkünlüyünü aradan qaldırdı. Heydər
Əliyev Azərbaycanda vətəndaş
qarşıdurmasını yox etdi, vətəndaş birliyini,
sülhünü və həmrəyliyini yaratmaq
məqsədilə on minlərlə insana amnistiya və
əfv tətbiq etdi, hətta onun fiziki qəsdinə
çalışan cinayətkarları
bağışladı. Heydər Əliyev
Azərbaycan insanına güclü və qüdrətli
dövlət, Azərbaycana isə uğrunda canından
keçməyə hazır olan vətəndaşlar
bəxş etdi. Heydər Əliyev elə bir siyasi kursun
əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca
məmləkətimizin dövlətçilik konsepsiyasi kimi
yaşayacaq!
Ən nəhayət,
Heydər Əliyev Azərbaycana elə bir layiqli siyasi
davamçı bəxş etdi ki, qurduğu dövlət
və yaşamaq haqqı verdiyi millət bu gün Ona - Prezident
İlham Əliyevə alternativsiz inam, etimad ünvanı kimi
yanaşır!
İndi
Heydər Əliyev qurduğu dövlətin,
yaşatdığı və ucaltdığı millətin
əbədi rəhbərinə çevrilib. O,
Azərbaycanın əbədiyyətinə
çevrilməyə layiqli ömür yaşadı və bu
haqqı fəaliyyəti, əməlləri ilə qazandı.
Ona bu haqqı Azərbaycan verdi. Hər kiçik
nailiyyətimizə görə də bizim Ona böyük
borcumuz var. Biz hələ onilliklər sonrası da Onun
təməlini qoyduğu planların bəhrələrini
dadanda bu İnsanın necə böyük Vətəndaş,
Şəxsiyyət, Lider olduğunu dərk edəcəyik. O,
uğurlarda, zəfərlərdə, Azərbaycan tarixində
yaşayacaq!..
Heydər
Əliyevin taleyi, əslində, bir insanın ömür yolu
deyil, bu, Azərbaycanın tarixidir, qurtuluş, inkişaf, milli
tərəqqi salnaməsidir!
Bu taleyi - bu
tarixi indi Prezident İlham Əliyev yaşayır, yaradır!
Dünyanın
ən böyük Azərbaycanlısının
sözüdür: "Nə qədər ki Azərbaycan var,
Mən də varam. Mən isə Azərbaycanda əbədi
olacağam!"
Bu
əbədiyaşarlıq həm də Azərbaycanın milli
intibahının əsas təminatıdır!..
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2010.-9 dekabr.- S. 2.