Astana sammiti:hüquqi müstəvidə irəliləyiş, praktik müstəvidə durğunluq

 

2010-cu il dekabrın 1-i Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə keçid tarixi oldu. Nəhayət, Ermənistan prezidenti Serj Sərkisyan prezidentlər Medvedyev, Obama və Sarkozinin 2009-cu ilin iyulun 10-da Akvildə və 2010-cu il iyunun 29-da Muskokda imzaladıqları bəyanatların əsasında münaqişənin həllinə razı olduğunu öz imzası ilə təsdiqlədi. Astanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Rusiya Prezidenti Dmitri Medvedyevin, Fransanın Baş naziri Fransua Fillonun, ABŞ-ın dövlət katibi Hillari Klintonun və Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın birgə imzaladıqları bəyanatda deyilir: "Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, habelə prezidentlər Medvedyev, Sarkozi və Obamanın Akvildə 2009-cu il iyulun 10-da və 2010-cu il iyunun 26-da Muskokda verdikləri bəyanatlar əsasında yekun həllini arayacaqlarını təsdiq edirlər".

Astana bəyanatında münaqişənin nizamlanması zamanı 2008-ci il nofabrın 2-də Moskvada, Mayendorfda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyannaməsi və 2010-cu il oktyabrın 27-də Həştərxandakı bəyanatın prinsiplərinin əsas götürülməsi də qeyd edilib.

Bütün bu sadalananlar Azərbaycanın artıq çoxdan razılıq verdiyi prinsiplərdir. Ermənistan isə Minsk qrupu həmsədrlərinin, prezidentlərin Muskokdakı birgə bəyanatında göstərilmiş prinsiplərə əsasən münaqişənin nizamlanmasına etiraz edirdi və buna razılıq vermirdi. Astanadakı birgə bəyanatda isə Ermənistan prezidenti həmin prinsipləri öz imzası ilə rəsmən təsdiq etdi.

Astana bəyanatının daha bir mühüm məqamı isə ondan ibarətdir ki, beş dövlət birgə bəyanat imzaladı. Əvvəllər imzalanmış bəyannamə və bəyanatlar əsasən Fransa, Rusiya və ABŞ prezidentləri və yaxud Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanırdı. İlk dəfədir ki, beş dövlət və hökumət rəhbərləri birgə bəyanata imza atırlar. Bu, artıq münaqişənin mövcud olduğu 21 il ərzində həmsədrlərin və münaqişə tərəflərinin birgə baxışlarını əks etdirən ilk sənəddir.

Nəhayət, birgə bəyanatdakı üçüncü mühüm məqam odur ki, həmsədr dövlətlərin başçıları da, münaqişə tərəfləri də münaqişənin həllinin vaxtının çatdığını bəyan edib və yekun sənədin hazırlanmasını növbəti mərhələ kimi müəyyənləşdiriblər. Bəs birgə bəyanatda sadalanan sənədlərdə münaqişənin həllinə dair hansı prinsiplər öz əksini tapıb.

İyunun 26-da Kanadada 8-lərin sammitində iştirak edən Rusiya Prezidenti Dmitri Medvedyev, ABŞ Prezidenti Barak Obama və Fransa Prezidenti Nikola Sarkozinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair imzaladıqları birgə bəyanatda baza prinsiplər sadalanmışdır.

Birinci baza prinsiplər qrupu: Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağa özünüidarə və təhlükəsizlik zəmanəti verən aralıq status verilməsi, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz;

İkinci baza prinsiplər qrupu: Gələcəkdə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün hüquqi gücə malik iradənin ifadəsi, bütün daxili məcburi köçkünlərə və qaçqınlara əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ, sülhməramlı əməliyyat da daxil olmaqla beynəlxalq təhlükəsizlik zəmanəti.

Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Hillari Klinton Astana sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinin məhz bu altı prinsip əsasında həllinin vacibliyini vurğulamışdı.

Bütövlükdə bəyanatda həyata keçirilməli olan prinsiplərin belə iki qrupa bölünməsi münaqişənin mərhələlərlə həlli variantının ortada olduğunu göstərir. Birinci qrup baza prinsiplərin brinci mərhələdə, ikinci qrup baza prinsiplərin isə ikinci və üçüncü mərəhələlərdə həyata keçiriləcəyi qeyd olunub.

Üç həmsədr dövlət başçılarının Muskok (Kanada) bəyanatında qeyd edilmiş və Astanada qəbul edilmiş birgə bayanata da daxil olunmuş "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün gələcəkdə hüquqi gücə malik iradənin ifadəsi" prinsipi əvvəllər Ermənistan tərəfinin iddia etdiyi kimi referendum ifadəsini özündə ehtiva etmir. Söhbət "iradənin ifadəsi"ndən gedir. İradənin hansı formada ifadəsinin seçilməsi isə məlum deyil. Başqa tərəfdən, "iradənin ifadəsi"nin hansı formasının seçilməsi əvvəla, Azərbaycan Konstitusiyasına uyğun olmalıdır. İkinci tərəfdən isə rəy sorğusuna müstəqilliklə bağlı sual daxil edilə bilməz. Ona görə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimlənməlidir və bu prinsipə zidd olan məsələlər müzakirəyə çıxarıla bilməz. Ona görə ki, hər üç həmsədr dövlət və bütövlükdə BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya Prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Moskvada imzalanmış bəyannamədə də münaqişənin mövcud beynəlxalq hüquq və normalar əsasında həlli təsdiq edilib. Beynəlxalq hüquq və bu sözügedən bəyanatda qeyd edilmiş Helsinki prinsipləri də dövlətlərin ərazi bütövlüyünü əsas götürür. Nəhayət, bu müddəa Dağlıq Qarabağın yekun statusunun gələcəkdə müəyyənləşdirilməsini nəzərdə tutur. Burada da konkret zaman göstərilməyib. Beləliklə, baza prinsiplərdə yekun statusla bağlı iradənin ifadə olunmasına dair müddəada

- Referendum ifadəsi işlədilməyib;

- İradənin ifadəsinin konkret vaxtı göstərilməyib;

- Yekun statusun gələcəkdə müəyyənləşdiriləcəyi qeyd olunub.

Azərbaycan tərəfinin bu məsələ ilə bağlı ifadə olunmuş mövqeyi belədir ki, iradənin ifadə olunması prosesində Dağlıq Qarabağda münaqişəyə qədər yaşamış azərbaycanlı əhali də iştirak etməlidir. Ermənistanın buna etiraz etməsi mümkünsüzdür və həmsədr dövlətlərin də azərbaycanlıların iradəsinin ifadə olunmasına etiraz etmələri mümkünsüz görünür.

Başqa tərəfdən, "iradənin ifadəsi" normal həyatın bərpasından sonra olmalıdır ki, əhali psixoloji təzyiq altında olmasın və öz iradəsini azad ifadə edə bilsin. Yeri gəlmişkən, Minsk qrupunun həmsdr dövlətlərinin prezidentlərinin Muskokdakı bəyanatı daxili məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmasını da nəzərdə tutur. Bu isə Dağlıq Qarabağ ərazisindən qovulmuş azərbaycanlıların da geri qayıtmasını nəzərdə tutan bir müddəadır.

Astana bəyanatında xüsusi istinad edilmiş Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Mayendorf bəyənnaməsinə gəldikdə isə Prezident İlham Əliyev həmin bəyannamənin prinsiplərinin nizamlanmada əsas götürülməsi ilə bağlı məsələni Prezident Medvedyevlə son görüşü zamanı da xatırlatmış və Rusiya Prezidenti bununla razı olduğunu bildirmişdi.

2008-ci il noyabrın 2-də Moskvada imzalanmış Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının bəyannaməsində deyilirdi: "Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik şəraitində konkret şəkildə və dolğun müzakirə edərək,

Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.

Azərbaycan Prezidenti Moskva bəyannaməsi haqda danışarkən dörd əsas məqamı vurğulamışdı. Bunlar:

- Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və bu çərçivədə qəbul edilmiş qətnamə və qərarlar əsasında həlli;

- Münaqişənin mərhələli həlli;

- Münaqişənin tərəfləri kimi yalnız Ermənistan və Azərbaycanın qəbul edilməsi haqda tənzimləmə mexanizmləridir.

Astana bəyanatında istinad edilmiş Moskva bəyannaməsi məhz bu dörd prinsip üzərində qurulub.

Astanada qəbul edilmiş birgə bəyanatda münaqişənin BMT-nin Nizamnaməsi əsasında həlli vurğulanıb.

Beynəlxalq hüququn baza sənədi olan BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində deyilir: "BMT-nin bütün üzvləri beynəlxalq münasibətlərdə güclə hədələmək, yaxud güc tətbiq etmək və istənilən başqa üsullarla istənilən dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı çıxmaqdan və BMT-nin məqsədləri ilə bir araya sığmayan hərəkətlərdən çəkinir".

Astana bəyanatında istinad edilmiş daha bir sənədin - Helsinki Yekun Aktının 4-cü bəndində deyilir: "İştirakçı dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət edəcəklər. Buna uyğun olaraq BMT-nin Nizamnaməsinin prinsip və məqsədləri ilə bir araya sığmayan, başqa iştirakçı dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə, yaxud dövlətin bütövlüyünə qarşı olan bütün hərəkətlərdən çəkinəcəklər. İştirakçı dövlətlər bir-birinin ərazisini hərbi işğal obyektinə çevirməkdən, beynəlxalq hüququn pozulması ilə dolayısı və yaxud birbaşa güc tətbiq etməklə ərazini mənimsəməkdən çəkinməlidirlər. Hər bir işğal və yaxud buna oxşar mənimsəmə qanunsuz hesab ediləcəkdir".

Helsinki Yekun Aktının 8-ci maddəsində isə xalqların öz müqəddəratını təyin etməsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu birmənalı şəkildə qeyd edilib. Ermənistan rəsmilərinin tez-tez istinad etdikləri 8-ci maddədə deyilir:

"İştirakçı dövlətlər dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla BMT-nin məqsəd və prinsiplərinə, beynəlxalq hüquq və normalarına uyğun hərəkət edərək xalqların bərabərhüquqluluğuna və öz taleyini müəyyən etmək haqqına hörmət edəcəklər". Yəni, xalqlar öz müqəddəratını dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edə bilərlər.

Helsinki Yekun Aktının 8-ci maddəsində eyni zamanda, qeyd edilib ki, xalqlar öz müqəddəratlarını kənar müdaxilə olmadan müəyyən etməlidir. Dağlıq Qarabağa dair məqamda isə Ermənistanın kənardan hərbi və siyasi müdaxiləsi ortadadır.

Prezident İlham Əliyevin Astanaya səfəri zamanı 10-dan artıq dövlətin rəhbərləri ilə ikitərəfli görüşü Azərbaycana olan diqqətin daha da artmasının göstəricisidir. Ümid yatağının açılması və Azərbaycanın qaz ehtiyatları ilə bağlı yeni məlumatların ortaya çıxması ölkəmizə marağı daha da artırıb.

ATƏT-in sammitində ümumi bəyannamə qəbul edildi. Qəbul edilmiş bəyannamənin 3-cü bəndində deyilir: "İştirakçı dövlətlər öz təhlükəsizliklərini başqa dövlətlərin hesabına möhkəmləndirməyəcəklər. ATƏT üzvü olan heç bir dövlət, dövlətlər qrupu və yaxud təşkilatın ATƏT regionunda sülh və sabitliyə görə başqalarından üstün məsuliyyəti ola bilməz, yaxud ATƏT regionunun hansısa bir hissəsinə özünün təsir sferası kimi baxa bilməz".

Beləliklə, Astana sammitində hüquqi müstəvidə irəliləyiş və yeni mərhələyə keçid müşahidə olundu. Ancaq bu irəliləyişin münaqişə zonasındakı vəziyyətə təsiri olmadığı üçün praktik müstəvidə durğunluq qalmaqdadır.

 

İbrahim MƏMMƏDOV,

Az.TV-nin İctimai-siyasi proqramlar

baş redaksiyasının baş redaktoru

 

Azərbaycan.- 2010.-9 dekabr.- S.  3.